Modern.az

Yol polisi deputatın avtomobilini cərimə meydançasına aparıb

Yol polisi deputatın avtomobilini cərimə meydançasına aparıb

Parlament

12 Dekabr 2011, 15:00

 
Bakıda evakuatorların tətbiqi şəxsi avtomobil sahiblərinin yaralı yeridir. Saxladığı maşını bir neçə dəqiqədən sonra yerində tapa bilməyən sürücülər onu evakuatorların apardığı cərimə dayanacağından geri almalı olurlar.
Modern.az saytının məlumatına görə, bu günlərdə Milli Məclisin deputatlarından biri də belə problemlə üzləşib. Əməkdaşımız xəbəri dəqiqləşdirdikdən sonra həmin millət vəkiliə əlaqə saxlayaraq, hadisə barədə daha geniş məlumat öyrənib. 

Qeyd edək ki, avtomobili cərimə duracağına aparılan deputat Fazil Mustafadır. Millət vəkili Modern.az saytının əməkdaşı ilə söhbətdə bildirib ki, hadisə dekabrın 7-də, “Hilton” otelinin yaxınlığında baş verib.

““Hilton” otelində keçirilən tədbirə gəlmişdim. Həmin vaxt orada maşın saxlamağa ümumiyyətlə yer yox idi. Maraqlıdır ki, “Hilton” otelinin qarşısında ora gələn avtomobillərin saxlaması üçün park yeri düzəldiblər, amma parkı bağlayıblar. Yəni heç bir yerdə qaydalar lazimi səviyyədə işləmir. Belədə məcbur olub maşını bir az aralıda - Hökümət Evinin yaxınlığında, hərəkətə mane olmayan bir yerdə saxladım. Tədbirdən çıxarkən gördüm ki, avtomobilimi aparıblar".

Bundan sonra, deputat Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ilə əlaqə saxlayıb və məsələ həll olunub.

Fazil Mustafanın fikrincə, deputatla belə davranış əslində yol polisinin deyil, Milli Məclisin günahıdır və millət vəkilinə münasibətin əksidir.

“Əslində maşını tanımadıqları üçün cərimə meydançasına aparmışdılar. Mən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyilə əlaqə saxladıqdan sonra onlar dərhal məsələyə anlayışlı davrandılar və biz maşını götürdük".

Milli Məclisdə deputataların kateqoriyalara bölünməsinin müşahidə olunduğunu deyən Fazil Mustafa millət vəkillərinə xidməti avtomobil verilməməsindən narazılıq edib.

“Bir qrup deputatlar, komitə sədrləri, Milli Məclisiin sədri və müavinləri belə avtomobillərlə təmin olunurlar. Bir qrup da deputatlar var ki, ayrı-ayrı dövlət qurumlarında yaxud universitetlərdə rəhbər vəzifələrdədir, onların da həmin qurumlardan aldığı xidməti avtomobilləri var. Bir qisim də siyasi və biznes fəaliyyəti olan deputatlardır ki, onların da öz sturukturlarından aldığı maşınları var.
Amma təqribən 30-ya yaxın deputat var ki, bunlar şəxsi avtomobilə sahibdirlər. Bunların da içərisində olan 15-20 nəfər özü avtomobili idarə edir, sürücü saxlamağa imkanları məhduddur”.

Millət vəkilinin fikrincə, şəxsi avtomobilin deputata məxsusluğunu bildirən hansısa tanıtım vəsiqəsinin verilməsi çox önəmlidir ki, onu maşın üzərinə vurub harasa gedərəkən problem yaşanmasın.

“Yol polisləri həqiqətən hörmətlə yanaşırlar və mən bilirəm ki, bu iqtiqamətdə nazir Ramil Usubov da polislərə davranışla bağlı çox ciddi göstəriş də veribdir. Heç vaxt yol poilislərilə bizim aramızda problem yaşanmır. Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov da deputatlarla həmişə münasibətdə normal kontaktın qurulmasına səy göstərib. Amma bütövlükdə bu məsələ öz həllini tapmalıdır. Baş verənlərə görə, mənim polisə aid heç bir iradım yoxdur”.

Fazil Mustafanın sözlərinə görə, işarə qoyulmayan yerlərdən maşınların cərimə müeydançasına aparılması, cərimə müəyyən olunması doğru deyil. Qadağan olunan yerlərdə nişanlar qoyulmalıdır.

“Amma ümumiyyətlə bu münasibət Milli Məclisdən başlamalıdır və Milli Məclisdə şəxsi avtomobili olan deputatlara tanıtım vəsiqəsinin verilməsi vacibdir. Jurnalistin maşınında yazılır ki, bu mətbuat nümayəndəsidir. Deputatın şəxsi avtomobilində belə tanıtım nişanı olmalıdır. Polis haradan bilsin ki, bu deputatın şəxsi avtomobilidir. Qeydiyyatdan keçən bir avtomobil olmalıdır ki, harasa tədbirə gedəndə və lazimi yerdə saxlamayanda polis ən azından bilsin ki, bu millət vəkilinin maşınıdır”.

Millət vəkili məsələnin parlamentin növbəti sessiyalarında qaldıracağını da vurğulayıb.

“Milli Məclisin sədri hörmətli Oqtay müəllimə də bu istiqamətdə öz təklifimi verəcəm. Mən ümid edirəm ki, o da bu təklifə müsbət yanaşacaq və deputatlara bu istiqamətdə köməklik göstərəcək. Burada söhbət 30-40 deputatdan gedir, qalanlarının xidməti avtomobili var və onlar üçün belə bir narahatçılıq yoxdur. Sürücü onları istənilən vaxt da gözləyə bilir və yaxud maşında sürücü olursa, problem yaşanmır. Ona görə də bu ciddi, narahtedici məsələdir. Həm də birinci dəfə deyil ki, bu cür hadisələr yaşanır. Problem mütləq həllini tapmalıdır”.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır