Modern.az

Dünyanın tanınmış üşgüzar qadını: “Azərbaycanda biznes qura bilmərəm..." (MÜSAHİBƏ)

Dünyanın tanınmış üşgüzar qadını: “Azərbaycanda biznes qura bilmərəm..." (MÜSAHİBƏ)

12 Dekabr 2011, 15:42

Alisia Morqa: “Bir qadının uğur qazanmasının ilk meyarı inadkarlıqdır”

“Amerikadakı sahibkar xanımlarla çox oxşar həyat tərzi olan xanımlar gördüm”


Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının tərkibində fəaliyyət göstərən “Qadın jurnalistlər klubu”nun suallarını bu dəfə  Reflete.com onlayn tətbiqi proqramının təsisçisi və icraçı direktoru, “iPone” üçün gottaFeeling adlı tətbiqi proqramın yaradıcısı, texnologiya sahəsində ən nüfuzlu qadınlardan biri, 2011-ci ildə Dünya İqtisadiyyat Forumu tərəfindən Gənc Qlobal Lider adına layiq görülən Alisia Morqa cavablandırıb.

- Bildiyimizə görə, siz əslən latın amerikalısınız. Maraqlıdır, Amerikaya neçə yaşında gəlmisiniz?

- Valideynlərim 60-cı illərin sonunda Meksikadan Amerikaya köçüb. Mən Amerikada doğulmuşam.

- Amerikada təhsil almısınız, orda da biznesə başlamısınız. Nədən belə bir addım atmağa ehtiyac duydunuz?

- Biz çox kasıb idik, bunun nəticəsində mən Amerikada uşaq evlərində böyüdüm. Düşünürdüm ki, həyat şəraitimizi dəyişdirmək üçün təhsil almaq lazımdır. Ona görə də fikrimi Stanford Universitetinin üzərində cəmləşdirdim. Universitetin bakalavr, Stanford Hüquq Məktəbinin hüquq elmləri üzrə doktoru dərəcəsini aldım və bir neçə işdə işlədim. Daha sonra öz biznesimə başladım.

- Sizcə, qadının biznesdə uğur qazanması üçün ilk şərt nədir?

- Mənə elə gəlir ki, bir qadının biznesdə uğur qazanmasının ilk meyarı inadkarlıqdır. Yəni nə olursa olsun, mütləq başladığınız işi davam etdirməniz lazımdır. Siz çox səhv edəcəksiniz, çox uğursuzluqla, çətinliklə qarşılaşacaqsınız, amma bayaq da dediyim kimi, nə olursa olsun, başladığınız işi davam etdirməniz lazımdır. Bundan başqa, yaxşı lider olmaq üçün özünüzü anlamanız gərəkdir. Siz nəyi yaxşı, nəyi zəif bacardığınızı ayırd edə bilməlisiniz. Sizin üçün vacib, yaxud az əhəmiyyətli olan şeyləri bilməlisiniz. Bilirəm, bu, çox sadə səslənir, amma səsləndiyi kimi sadə deyil.

- Biznesdə uğur qazanmaq üçün qadın nədən başlamalıdır? Və ideal yaş neçədir?

- Məncə, biznesə ilk növbədə sevdiyiniz işdən başlamaq lazımdır. Ümumiyyətlə, biznesə başlamaq çox çətin bir işdir, amma bu sizin sevdiyiniz iş olsa, məsələni daha da asanlaşdırır. Biznes qurmaq üçün ideal yaşın olub-olmadığını bilmirəm. Əmin olduğum sadəcə bir şey var, bu işə başlamamışdan öncə təhsiliniz olmalıdır.

- Siz neçə yaşınızda biznesə başlamısınız?

- 32 yaşımda. Keçmiş işlərimdə əldə etdiyim maaşları yığdım və biznesimə elə həmin kapitalla, birotaqlı evim, kompyuter və özümlə başladım. Çox çətinliklə üzləşdim. İlk müştərimi tapana kimi yüzlərlə zənglər edib, məktublar yazdım. Hətta işçilərimi işə götürməkdə də çətinliklər çəkmişəm. Bəziləri mənim liderliyim altında işləməkdən çəkinirdilər. Onlara göstərirdim ki, mənim biznesim böyüyür və onlar mənimlə işləsələr nələr əldə edə bilərdilər. Etiraf edirəm ki, bunu onlara sübut etmək uzun müddət tələb edirdi.

- Sıfırdan başlamaq çətin deyildi ki? Və siz uğur qazanacağınıza əmin idinizmi?  Bu uğurun təməlində nələr durur?

- Bilirsiniz, sıfırdan başlayanda sizin itirməyə də heç nəyiniz olmur. İstər heç nə ilə, istərsə də əlinizdə hansısa imkanla başlayırsınızsa başlayın, fərq etməz, bu, hər bir halda çətindir. Məncə, uğurun təməlində səbir, həvəs və inadkarlıq durur.

- Dünyanın ən varlı adamları siyahısında heç vaxt qadın adı olmur. Niyə qadın təkbaşına maqnata çevrilə bilmir? İş qadını maksimum hara qədər uğur qazana bilər?

- Mən düşünürəm ki, istər mənim, istərsə də başqa ölkələrdə qadın sahibkarların uğurunun limiti yoxdur. Amerikada Marta Stüard və Opra Vinfrey kimi uğur qazanmış xanımlar var. Onlar xanımların sahibkarlıq işində uğur qazana biləcəklərinə dair ən yaxşı misallardır. Mən daha çox texnologiya biznesi ilə məşğul olan qadınların sayının artmasını istərdim. Amerikada texnologiya sahəsi tamamilə kişilərin dominantlığı altındadır.

- Bir kişinin və ya hansısa dəstəkçinin köməyi olmadan qadın özü bunlara nail ola bilərmi?

- Mən düşünmürəm ki, hər bir kəsin uğuru tamamilə onun öz işidir. Dəstək həm kişilərdən, həm də qadınlardan gələ bilər. Amma dəstək də müxtəlif cür ola bilər. Dəstək deyəndə təkcə pulu nəzərdə tutmuruq. Bəzən bizə lazım olan sadəcə bir dostdur ki, ideyalarımızı eşidib, başını yelləyə bilsin. Mən biznes fikirlərimi həyata keçirmək üçün bu cür dəstək almışam. Eyni zamanda da özümə qarşı məhz texnologiya sahəsində kişilərdən müxalif fikirlər eşitmişəm. Ancaq mən bu müxalif qüvvələrdən yan keçmək üçün yollar tapa bilmişəm. Müşahidələrimdən belə qənaətə gəldim ki, kişilər adətən kişilərlə işləməyi sevir. Ona görə ki, onlar daha çox tanıdıqları adamlarla işləməyə üstünlük verirlər. Mən də onlarla əlaqə qurmağın başqa yolunu tapdım. Və bu əlaqənin özəyini adətən bizim oxuduğumuz universitet təşkil edir. Çünki onlar biləndə ki, eyni universitetin tələbələri olmuşuq, onda mənimlə işləməyə daha çox meyil göstərirdilər. Bu,  gələcəkdə öz biznesini başlamaq istəyən insanlara təhsilin önəmini göstərən daha bir misaldır.

- Bildiyimizə görə, siz azərbaycanlı biznesmen qadınlarla görüşlər keçirmisiniz. Amerikadakı biznesmen qadınlarla müqayisədə bizim sahibkar qadınların oxşar və fərqli cəhətləri hansılardır?

- Bəli, mənim burda bir neçə regiona -  İsmayıllı, Şəki, Quba, Gəncə, Şirvan, Xaçmaz - getmək şansım oldu. Oralarda uğurlu, gənc sahibkar xanımlarla qarşılaşdım. Azərbaycandakı və Amerikadakı xanım sahibkarlar arasında oxşarlıq çoxdur. Amerikada biznesmen qadınlar da kapital əldə etmək üçün mübarizə aparırlar. Bir çox xanım sahibkar ya özünün yığdığı pullardan, ya da kimdənsə - dostlarından, qohumlarından aldıqları pullardan istifadə edirlər. Çünki çox vaxt bankdan pul götürmək onlar üçün çətin olur. Bir çox xanım sahibkar öz ailəsinin narazılığı ilə qarşılaşır. Ona görə bu baxımdan biz çox oxşarıq.

- Qadın sevdiyi işlə məşğul olmalı, yoxsa pulu, kapitalı olan işin dalınca getməlidir?

- Məncə, bu sualın cavabı çox fərqlidir. Yəni bu, hər kəsin özündən asılıdır. Bu, daha çox həmin şəxsin həyatda nəyi necə qiymətləndirməsi ilə bağlıdır.

- Kapital sizə işinizi sevdirdimi?

- Mən, ümumiyyətlə, inanmıram ki, pul kiməsə, nəyisə sevdirə bilər.

- Əgər sirr deyilsə , kapitalınız həcmi nə qədərdir?

- Bu, sirdir.

- Azərbaycanda öz biznesinizi qura bilərsinizmi?

- Yox, düşünmürəm, çünki mən burdakı biznes mühitini bilmirəm. Məncə, bunu etməli olan adam da mən deyiləm. Ümid edirəm ki, rast gəldiyim sahibkar qadınlardan kimlərsə bunu mütləq edəcəklər.

- Dünyada qadının “zəif cins” adlandırılması ənənəsinin bitməsi üçün hansısa bir çevriliş lazımdırmı? Sizcə, nə etməli? 

- Mənə elə gəlir ki, bu cür mühakimələrə qarşı mübarizə aparmağın ən yaxşı yolu əks görünüş yaratmaqdır. Əgər istəmirsiniz ki, sizi zəif görsünlər, onda güclü kimi hərəkət edin.

- Kifayət qədər həyat və iş təcrübəsinə sahibsiniz. Sizcə, uğurlu iş qadını olmaq üçün qadın nəyə pul xərcləməməlidir? Nədə qənaət etməlidir?

- Qazandığım pullara hər zaman qənaət etmişəm. Mənim dostlarım qazandıqları pula bahalı maşınlar, paltarlar alanda, mən yığırdım. Elə biznesimi də yığdığım o pullarla qurdum. Nəyə pul xərcləməməlidir? Məncə, bu hər bir qadın üçün fərqlidir. O, öncə ona vacib olanı dəqiq müəyyənləşdirməli, daha az əhəmiyyətli olana pulunu xərcləməməlidir.

- Bloqqer fəaliyyəti  ilə məşğul olursunuz. Hansı mövzuda yazırsınız?

- Asudə vaxtlarımda “Fast Company” jurnalının liderlik bölməsinin mütəxəssis bloqqeri kimi fəaliyyət göstərirəm. Eyni zamanda da müxtəlif internet resurslarına esseler təqdim edirəm. Mən öz həyatım, dünyaya baxışım və yeni texnoloji trendlər haqqında yazıram. Əlbəttə ki, Azərbaycana səyahət barədə də yazacağam.

- Sosial şəbəkələrdə varmısınız?

- “Twitter”də Alisia Morqa adı ilə axtarışa verin və məni asanlıqla tapa bilərsiniz.

- Ali təhsil almısınız, gözəl iş qurmusunuz. Maraqlıdır, həyatınızda daha nələrin olmasını istəyirsiniz?

- Həyatımda ən birinci lazım olan mənim sağlamlığımdır.

- Ailə qurmaq barədə fikirləşirsinizmi?

- Əlbəttə ki, bir gün ailə qurmaq istəyirəm. Amma ailə qurmasam belə, yenə də xoşbəxtəm.

- Asudə vaxtınızda başqa nələrlə məşğul olursunuz?

- Uşaq vaxtında müntəzəm olaraq idmanla məşğul olurdum. Elə indi də qaçmağı çox xoşlayıram.

- Biznesdəki uğurlarınız kimi idmanda da uğurlarınız varmı?

- Mən yarışı çox sevirəm.

- Dediniz ki, Azərbaycan haqqında yazacaqsınız. Amerikaya qayıdandan sonra amerikalılara Azərbaycanı necə təqdim edəcəksiniz?

- Əslində, mən özümü burda çox fərqli mədəniyyət görməyə hazırlamışdım. Davranışın, geyim tərzinin çox fərqli olacağını düşünürdüm. Amma düşündüklərimin əksinə olaraq burda Amerikadakı sahibkar xanımlarla çox oxşar həyat tərzi olan xanımlar gördüm. Azərbaycan isə gözəldir, yeməkləri çox dadlıdır, insanlar çox qonaqpərvərdir. Hətta sakit dayananda, elə bilirdilər mən azərbaycanlıyam.

- Həyatın bütün çətinliklərini görmüsünüz. Hətta ailənizin imkanı olmadığından uşaq evində böyüməyə belə məcbur olmusunuz. Bir sahibkar xanım olaraq xeyriyyəçilik işləri ilə məşğul olursunuzmu?

- Amerikada uşaq evlərində böyüyən uşaqlara kömək edirəm. Eyni zamanda, biznesə yeni başlayan xanımlara dərslər keçirəm. Qeyd edim ki, məhz elə xanımlar üçün elektron formatlı “Fövqəladə İPhone Tətbiqi Proqramların Yaradılması: Qeyri-Peşəkarlar üçün bələdçi” kitabını yazmışam. Həmçinin dövlət məktəbləri sistemində də işləyirəm.

- Latın Amerikası üçün nələr etməyi planlaşdırırsınız?

- Birləşmiş Ştatlarda yaşayan ispan mənşəli insanlara müəllimlik edirəm. Onlara tövsiyə edirəm ki, təhsil alsınlar. Çünki həmin insanlar məktəbi yarımçıq tərk edənlər siyahısında yüksək yerlərdən birində qərarlaşırlar. Həmçinin “Adotas”, “DM News” , “MediaPost” kimi xəbər portallarına məqalələr təqdim edirəm. Çünki mənim kimi insanların mətbuatda da təmsilçiliyi azdır.

- Alisia xanım, bəlkə də bilmirsiniz, amma bizdə Latın Amerika serialları çox məşhurdu.

- Doğrudan? Onlar çox pisdir. Hətta dəhşətli dərəcədə pisdir.

- Sizcə, o seriallarda əks olunan əxlaqsız, yüngül həyat tərzini ekrana gətirməyə nə məcbur edir?

- Mənə elə gəlir ki, bir çox insan əyləncəli həyat hekayələrində maraqlıdır. Çünki bu onlara öz həyatlarının reallıqlarından qaçmağa kömək edir. Bu, dünyanın hər yerində hər kəsə şamil edilə bilər. Ordakı həyat reallıq deyil.

- Amerikada Azərbaycanın Qarabağ problemi haqda eşitmisinizmi? Bir həftə ərzində sizə bu haqda bilgi verilibmi?

- Qəzetləri oxuyuram, məlumatım var, amma bura gəlişimin məqsədi bu barədə şərh vermək deyil.

- Bu gün bütün dünya qadınlara qarşı zorakılıqla  mübarizə aparır. Bu mübarizədə qadınlar daha çox üstünlük təşkil edir. Siz bu səpkili layihələrdə iştirak edirsinizmi?

- Bəli, mən də bu istiqamətdə çalışıram. Bilirəm ki, bu, çox böyük problemdir. Və qadınlar belə şəraitdə olan münasibətlərdə olmamalıdırlar. Bunu həmişə onlara tövsiyə edirəm.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir