Modern.az

Prezidenti təhqir ediblər

Prezidenti təhqir ediblər

12 Dekabr 2011, 17:02

Rusiya prezidenti Dmitri Medvedevin parlament seçkilərinin nəticələrinə etiraz edən nümayişçi kütləsini Facebook-da sakitləşdirmək cəhdi puça çıxıb. Əksinə, onun öz Facebook səhifəsinə qəzəb və təhqir dolu mesajlar yağdırılıb.

Modern.az BBC-yə istinadən bildirir ki, 10 mindən artıq adam prezidentin Facebook səhifəsinə cavab yazıb və onların çoxu təhqiramiz olub.

Medvedev Facebook-da yazmışdı ki, nümayişçilərin şüarları ilə razı deyil, amma bununla belə, o, səsvermədə saxtakarlıq olub-olmadığını araşdırır.

"Dmitri Anatolyeviç, mən (prezident) seçkilərdə sizə səs vermişdim. Qaytarın səsimi, mən fikrimi dəyişmişəm" – deyə Vitali Mayorov adlı vətəndaş prezidentə yazıb.

"Hiyləgər, hiyləgər və bir daha hiyləgər!" – deyə Sergey Slaykovski yazıb.

Bir çoxları Medvedevin etiraz etdiyi şüarların arasında "Ədalətli seçkilər" şüarının da olduğunu sarkazmla qeyd edib.

"Rusiya prezidenti razılaşmır ki, seçkilər ədalətli olmalıdır? Kədərli haldır" – deyə Mixail Noskov adlı şəxs yazıb.

“Frans Press” agentliyi yazır ki, prezident İnternet istifadəçisi olan seçicilərin rəğbətini qazanmaq üçün Facebook-u nümayişlərə reaksiya tribunası olaraq seçib, amma böyük sayda neqativ şərhlər dekabrın 4-də Dövlət Dumasına keçirilən seçkilərin nəticələrinə müxalifətin nə qədər böyük olduğunu göstərib.

İctimaiyyət hakimiyyətin seçkilərin nəticələrinin saxtalaşdırıldığına dair məlumatlara məhəl qoymamasından qəzəblənib.

Bu arada isə Rusiya baş naziri Vladimir Putinin sözçüsü kütləvi küçə etirazlarına və seçki hakimiyyətinin yoxlamalarına baxmayaraq, seçkilərin nəticələrinin dəyişməyəcəyini söyləyib.

"Bu sübut adlandırılanları bir yerə toplasanız belə, onların hamısı birlikdə ümumi səslərin cəmi 0.5 faizinə bərabər olar" – deyə Putinin sözçüsü Dmitri Peskov “Frans Press” agentliyinə telefonla müsahibəsində deyib.

Bundan əvvəl isə Dmitri Medvedev seçki rəsmilərinə saxtalaşdırmaya dair məlumatları araşdırmağı tapşırıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu