Arxiv
8 mart 2019, 13:46 | MƏDƏNİYYƏT
Həbsxanadan keçən ömür yolu - Rasim Balayevin HƏYAT HEKAYƏSİ  

Tanrının ali məxluq kimi yaratdığı insan ömür boyu yanlışlıqlar edir, səhvlər və onları guya düzəltməyə çalışmaqla keçir ömrümüz. Bir səhvimiz də ondadır ki, sevdiklərimizdən olduqları kimi deyil, bizim istədiyimiz kimi görünmələrini tələb edirik. İnsan övladının hər birində hansısa istedad, qabiliyyət olur. Nə xoş o kəsə ki,  yerindədir.  İndi söhbət açacağım şəxs də istedadlıdır,  illər uzunu öz qabiliyyəti sayəsində sənətinin peşəkarına çevrilə bilib, öz yerindədir, həm də olmaq istədiyi yerdə. Biz isə ondan öz sahəsində deyil, tamam başqa bir istiqamətdə qəhrəman olmasını istəyir və səhv edirik. Bu səhv həm onu itirməyimizə, həm də adamın özünün özünü itirməsinə gətirib çıxara bilər...

Bir az əvvələ qayıdacağam, daha doğrusu keçmişə, Sovet dönəminə. O vaxta ki, insanlar əmək sahəsində böyük uğurlar qazanırdılar və onların əməyi  qiymətləndirilirdi.  Bu başqa söhbətdir ki, onlara verilən stimul yazıqların işlədiklərindən ikiqat artıq çalışmaları üçün hesablanırdı. 

Ağsuda bir qız vardı. Gəncəcik qız əlləri ilə o qədər pambıq yığırdı ki, heç kombayn bu nəticəni verə bilmirdi. Zümrüd adlı bu qız  o vaxtın pambıq qəhrəmanı idi – staxanovçu.  Bu Staxanov şaxtaçı olub, əmək sahəsində elə bir rekord əldə edib ki, onun rekorduna yaxınlaşan adama onun adı ilə staxanovçu deyirlərmiş.

Zümrüd staxanovçu olandan sonra partiya işçisi olan Əhmədlə talelərini birləşdirir, həyat yollarında birgə addımlamağa başlayırlar. Amma Zümrüd daha pambıq yığmır. Əvəzində dünyaya səkkiz övlad gətirir - üç qız, beş oğlan. Bu sahədə də,  maşallah, staxanovçu olur.

Məktəbə tez gedib, onu gec başa vurdu
 

Ailənin böyüyü Rasim boyca hündür olsa da çəlimsizin biri idi,  hətta kiçik bacı-qardaşları ondan böyük görünürdülər, amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki,  5 yaşında artıq əlifbanı bilir, 6 yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. Ona görə də valideynləri qərara gəlirlər ki, Rasimi 6 yaşından məktəbə göndərsinlər. O vaxt qanunla hamı 7 yaşda getməli idi məktəbə, onu götürmək istəmədilər. Atasının partiya fəalı olması işə yarayır bu yerdə. 

“Mənim üçün 1-ci sinif çox maraqsız keçdi. Onlar hərfləri, rəqəmləri öyrənirdilər hələ, mən bunları çoxdan bilirdim,  üzündən sərbəst oxuyurdum”. 

Həmin il, yəni 1954-cü ildə məktəbə gedənlər üçün təhsil ili 11 il oldu. Tərs kimi, adam bir il irəli düşmək istədi, amma elə həmyaşıdları ilə eyni ildə qurtardı məktəbi, çünki növbəti il məktəbə gedənlər yenidən 10 illik təhsillə bitirdilər orta məktəbi. 

Məktəb illərində ədəbiyyat müəlliməsi Nabat müəllimənin sayəsində ədəbiyyatı, sənəti sevdi Rasim:

“Nədənsə mənim şeir deməyim, əsərləri intonasiyalı oxumağım onun xoşuna gəlirdi. Sinifdə dram əsərlərini rollara görə bölüşdürürdü, aramızda səhnələşdirilmiş kimi oxuyurduq əsəri. O vaxt radio-tamaşalar olurdu, onlara qulaq asırdım və bu da sinifdə rolumu yaxşı oynamağıma kömək edirdi”.

Bir də Rac Kapurun o vaxt bütün Sovetlərə yayılan filmləri Rasimdə bu sənətə maraq oyatmışdı, bütün günü dostları üçün Rac Kapurun rollarını oynayardı.

Bir gün xəbər yayıldı ki, Ağsuda “Uzaq sahillərdə” filmi çəkilir: “10 yaşım vardı. Ağsu aşırımında filmin müəyyən kadrları çəkiləndə mən də tamaşa edirdim. Nodar Şaşıqoğlunu çox sevirdim, ürəyim atlanırdı ki, görəsən mən də belə aktyor ola bilərəmmi? Taleyin işinə bax ki, Kino İttifaqın katibi kimi onu öz kabinetimdə qəbul etdim, oturub söhbətləşdik”.


Ana əllərinin nəvazişi üçün getdi,  həbsə düşdü
 

 Artıq orta məktəbin son siniflərində Rasim sənətini seçmişdi. Dostu Səməndər Rzayevin institutdan kəsilmiş, qayıdıb məktəbdə dram dərnəyi yaratmışdı. Bu, Rasimin arzusunu reallaşdırmağa bir az da təkan oldu.

Növbəti il ikisi də Teatr İnstitutunun aktyorluq fakültəsinə qəbul olundular. Nabat müəllimə də onun bu seçimindən və uğurundan çox məmnun qaldı. Ailə də bu addıma zidd getmədi.  

Ümumiyyətlə, rayon Partiya Komitəsində məsul vəzifədə çalışan atanın oğlu çətinlik görməmişdi, atdığı addımlar da həmişə uğurla nəticələnmişdi. Gəncin gözü ayağının altını görmürdü, elə bilirdi ki, elə həyat belədir, hər şey asanlıqla başa gəlir, istədiyin hər şeyi edə bilərsən.

Üçüncü kursda oxuyurdu, möhkəm soyuqlamışdı, qış sessiyası öncəsi rayona gedir ki, anası onu sağaltsın. Neçə ay idi rayona getməmişdi, anasının nəvazişli əlləri ona dəyən kimi sağalacağına əmin idi, amma soyuqlama keçmək bilmədi. Rayonda bir dostu ilə Ağsu xəstəxanasına yollandılar. 

 Xəstəxananın həyətində bir gənc oğlanla dostunun sözü düz gəlmir, dalaşmalı olurlar. Rasim də təbii ki, dostuna kömək etməyə çalışır və dava böyüyür. Onları tutub milis məntəqəsinə gətirirlər. Bu dava isə həmin dövrdə xırda xuliqanlığa az qala terrorizm qədər cəza kəsildiyi dövrə təsadüf edir. Sovet milisi xuliqanlığa görə Rasimi həbs edir.

“100 gün Gəncə həbsxanasında yatdım. Həmin 100 gün mənə bütöv bir həyat dərsi oldu. Çox burnu yuxarı idim, həyat mənim üçün əyləncə idi elə bil. Həbsxana həyatı göstərdi ki, əslində həyat nədir”.

Rasimi həbsxanadan çıxartmaq elə də asan başa gəlmir. Atası vəzifədə olsa da xış kötüyə ilişmişdi. Dostu ilə birləşib döydükləri gənc o vaxtkı baş prokuror Qambay Məmmədovun qohumu imiş.  

Sevdiyi əmi qızı ilə...
 

100 günlük həbsxana həyatından sonra Rasimə məhkəmənin qərarı ilə bir il şərti iş verilir.   

Bu vaxt ərzində onun kurs yoldaşları artıq semestr imtahanlarını vermişdilər. Tələbə yoldaşları yığışıb Teatr İnstitutunun rektoru Rahib Hüseynovun yanına xahişə getdilər.  

“O vaxt beş-altı uşaq götürürdülər kursa və onları yaxşı yetişdirirdilər. İndiki kimi konveyer üsulu ilə aktyor buraxmırdılar. Rahib müəllim kurs işlərimi görüb bəyənmişdi. Dedi, səni ona görə kursa bərpa eləyirəm ki, yaxşı bir aktyoru gələcək mədəniyyətimizdən qopartmayım, amma bir də elə bir hərəkətin olsa heç nəyi nəzərə almayacam”.

Rasimi öz kursuna bərpa edirlər, şərti işin də vaxtı bitir, tələbəlik həyatının da. Rasim institutdan uzaqlaşmır, elə tədris teatrında işə başlayır, bundan başqa institutda dərs də deyir.

İlk baxışdan həyat öz axarına düşmüşdü, Rasim ailə qurmuşdu, sevdiyi əmisi qızı ilə evlənmişdi, işləyirdi. Bakıda bir erməninin evində kirayədə yaşayırdılar, atasının əli də üstlərində idi.  

Bir gün Rasim qayğıkeş atanın ölüm xəbərini aldı. Bu qəfil ölüm onu çox sarsıtdı. Həmin il oğlu Ülvinin dünyaya gəlişi onu qismən bu sarsıntıdan çıxara bildi. Amma həyat rahat deyildi daha, kirayədə yaşamaq, ailənin böyüməsi, məvacibin azlığı…  Bir tərəfdən də dəvət aldığı bütün sınaqlar uğursuz nəticələnir, az qala təsdiq olunduğu rola belə sonda başqasını çəkirlər.

“Bu nə işdir belə, əgər belə istedadsız idimsə niyə Müxlis Cənizadə kimi ustad mənim gələcəyimin parlaq olacağını deyirdi, niyə Rahib Hüseynov məni instituta bərpa etdi? Yox əgər bacarıramsa niyə bacarıqsız kimi kənarda qalıram ? “- kimi suallar ona rahatlıq vermirdi. Ondan bacarıqda geridə olan uşaqlar çəkilirdilər filmlərə, teatrların qapısı üzlərinə açılırdı, amma Rasim üçün bütün qapılar birdən bağlanmışdı elə bil.    

1972-ci ildə sarsıntı, əziyyət o həddə çatır ki, Rasim xəstəxanaya düşür. Həmin vaxt onun ikinci oğlu dünyaya gəlir. Rasim xəstəxanadan xəbər göndərir ki, adını Asim qoyun, ölsəm yalnız “R” hərfini adın əvvəlinə əlavə edərsiniz. Depressiya onu çox pis hala salmışdı. Belə xəstələr adətən həyatlarında yaxşılığa doğru əsaslı dönüş olarsa həyata qayıdırlar.

Bu o dövr idi ki, İsa Hüseynovla Həsən Seyidbəyli Nəsimi axtarırdılar.  Bir gün Həsən Seyidbəylinin yadına Tədris Teatrında gördüyü oğlan düşür və tapşırır ki, ona ssenarini verin oxusun, sınağa gəlsin. Rasim ona xəstəxanada təqdim olunan ssenarini oxumadan qaytarır ki, mənim ömrümə az qalıb, sizi naümid etməyim. İkinci rejissor bu sözləri Həsən Seyidbəyliyə çatdırır. Rejissor həmin anda səhiyyə nazirinə zəng vurur. Bu xahişdən sonra Rasim yenidən müayinədən keçirilir və onu Mərdəkana əsəb sanatoriyasına göndərirlər. Orda müalicə ala-ala Rasim Nəsiminin məşqlərinə başlayır.

1973-cü ildə “Azərbaycanfilm”in Bədii Şurası Rasimin həyatı ilə bağlı çox önəmli bir qərar verir-onu Nəsimi roluna təsdiqləməklə həm də ölümün pəncəsindən qoparır. Rasim  sevindiyindən uşaq kimi hönkür-hönkür ağlayır.

 

Nəsiminin dərisi soyulanda o, öz əlinə  mismar pərçimləyirdi

 


Film Rasim üçün uğurlu başlanğıc oldu. Filmin ilk nümayişinin səhəri Rasim artıq bütün Sovetlər Birliyində məşhur idi -  Rasim Balayev kimi.

Filmin rejissoru Həsən Seyidbəyli deyirmiş: “Hamı məni qınadı ki, elə bir obrazı gənc, təcrübəsiz aktyora həvalə etməklə iflas edərsən, riskə getmə. Getdim, amma inandım ki, bu risk deyil, bu gənc çox istedadlıdır, mənə onda öz istedad və bacarığına inam yaratmaq qalırdı ki, o, Nəsimiləşsin”.

Nabat müəllimənin ona əruzu gözəl öyrətməsi, qiraəti sevməsi də Rasimin köməyinə çatmışdı, hər məşqdən, çəkilişdən sonra Rasimin özünə inamı daha da artırdı, bütün vücudu ilə Nəsimi ola bilirdi. Buna görə də həmin il Beynəlxalq Kino Festivalının tapıntısı Rasim Balayev oldu. Elə Azərbaycan kinosunun da.

Bir dəfə Moskvada, kino festivalı vaxtı Rasim Balayev köşklərdə bir aktyorun şəkillərinin satıldığını görür. Şəkilləri Azərbaycandan gedən başqa sənətkarlar da görüb Rasimə deyirlər ki, öz şəklindən birini də özün al. Rasim elə bilir zarafat eləyirlər onunla, cavab verir ki, hə, mənə yaman oxşayır.  Yaxınlaşıb köşkdən şəkli alır və baxır ki, arxasında Rasim Balayev və onun haqqında məlumat yazılıb. O vaxt aktyor hələ öz məşhurluğunun fərqində belə deyilmiş. Bəlkə heç sonralar da.

Ümumittifaq, beynəlxalq kino festivallarının iştirakçısı kimi Rasim Balayev az qala dünyanın yarısını gəzdi. Uşaqlıq kumiri Rac Kapurla bir səhnədə mükafat aldı.

 Ən yaxşı kişi roluna görə nominasiyanın qalibi oldu. Ömür boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi roluna görə aldı.

O vaxt cəmi 25-26 yaşı vardı. 31 yaşında isə Babəki oynadı.

Ardıcıl 70 filmdə sanballı rollara çəkildi. Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda.

Onu yalnız müsbət qəhrəman kimi sevmədik, həm də cəmiyyətdəki mənfi tipləri gözlərimiz qarşısında bütün çılpaqlığı ilə canlandırdı, məsələn elə “Həm ticarət, həm ziyarət” filmindəki obrazı ilə. İnanıram ki, o obraza tamaşaçı Babəki, Nəsimini, Beyrəyi sevdiyi qədər nifrət edirdi.  

Daha rollarını sadalamayacağam, kinoşünas deyiləm, həm də o rolları hamımız görmüşük, məndən eşitməyiniz yenilik olmayacaq.

Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq Artisti idi.

Çünki Nəsiminin dərisi soyulanda o əzabı simasında verə bilsin deyə ovcunun içində saxladığı mismarı var gücü ilə sıxıb ətinə pərçimləyəcək qədər sənətini sevirdi. Mismar onun ovcunu parçaladıqca Nəsimi dərisi soyularkən yaşadığı cismani əzabı yaşayır və bu, onda təbii alınır.  Yaxud “Qatır Məmməd” filmində  Göyüş onu vurarkən çəmənliyə yıxılır və çabalamaq istəyir ki, bu vaxta qədərki filmlərdə güllə dəyən kimi yıxılıb ölmək olmasın. Axı insan yerə yıxılır, çabalayır və canını tapşırır. Rasim özünü çəmənliyə çırpanda bilməyib ki, otların arasındakı çapıq daş onu necə yaralayacaqsa çabalamağa taqəti qalmayacaq ağrıdan. 

Ömür boyu qəhrəmanları oynayıb, amma bu o demək deyil ki, biz ondan qəhrəmanlıq gözləyək, umaq. Bu barədə özü də deyib:

“Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam”.

Biz ondan umaq ki, nə qədər damarında qan, canında can var, gözəl obrazlar yaratsın və bunun üçün ona şərait yaradılsın. Yoxsa xalqın sevimli, xalqı öz arxasınca aparmağa qadir sənətkarını məqsədli şəkildə gözdən salmayaq. Kinonun daha bir peşəkar aktyorunu xatırladım – Həsən Məmmədovu. O, da belə bir tale yaşadı, çox sevildi, ömrünün sonlarında isə məhrumiyyətlər ucbatından hakim partiyaya sığınmalı oldu və bəziləri buna görə onu qınadı.  

“Mən Qazandan dönmərəm, istər məni, iki parça et”-deyən Beyrək,  “Mən sizinləyəm, insanlar” deyən sərkərdə Babək deyil Rasim Balayev, “ədalətli olmağa, hamıya kömək etməyə  çalışan, yalana, ikiüzlülüyə, riyakarlığa və lovğalığa nifrət edən”  bir sənətkardır sadəcə. Dostların əhatəsində pəsdən səslə oxumağı var, xüsusən onun ifasında “Arxadan zərbə” filmində zümzümə etdiyi mahnı çox gözəl alınır.  Oğlunun toyunda isə məxsusi onun üçün yazılıb, bəstələnmiş mahnı ifa edib.

Gözəl qəzəl deməyini, Alim Qasımovla duetini bir neçə dəfə görmüşük.

Kiminsə siyasi oyununda piyada olacaq qədər sadəlövh deyil, amma sadə adamdır.

Xanımı Sevil deyir ki, Rasimdə məni hər şeydən çox ağır təbiəti, mərdliyi və yaratdığı fövqəladə rollar heyran edir.

Son illər çəkildiyi  “Sübhün səfiri” filminin çəkilişlərində bir daha əmin oldum ki, Rasim Balayev çox peşəkar kino aktyordur. Elə bir aktyor ki, hələ 100 il bundan sonra da kino tariximizdə izi qalacaq.

Çəkilmədiyi rollar isə onu gözləyir, qabaqdadır hələ.  

Bu gün onun həyatında daha bir qara zolaq keçir, lap 70-ci illərin əvvəlində olduğu kimi. Yenə Rasim Balayev depressiyadadır. Günlərlə evə qapanır, içki ilə əsəblərini sakitləşdirməyə çalışır. Dostları, heç Alim Qasımov belə Nəsimi qəzəllərindən zövq almaq üçün çağırdığı məclislərə onu apara bilmir.  

İki dəfə yıxılıb, birində ayağı, ikincisində qolu qırılıb. Hərəsində bir-iki ay gipsdə və müalicələrdə olub. Ayağının baş barmağının ustufca yerə toxunmasından başına gəlməyən oyun qalmadı, barmaq kəsilməsinə qədər gəlib çıxdı, onu da şükür atlatdı. Şəkəri var. Bu yaxınlarda mədəsindəki daxili qanaxmadan hemoqlobini 30-a düşüb. Məlum olub ki, mədəsində xora əmələ gəlib.

Bütün bunların hamısı stress və əsəb gərginliyinin nəticəsidir. 

“İttifaqdan istefa verməyimi çox ağır yaşadım. Heç nə ilə təsəlli tapa bilmirdim. Özümü artıq yararsız hiss edirdim. Bəlkə də səhhətimdə problemlər yaranmasaydı, o dərd məni öldürərdi, elə bil başım qarışdı səhhətimə, canımın hayına qaldım və zaman keçdi”.

Mən şəxsən Rasim Balayevi yalan, riyakar sifətdə görmədim. İstər zarafatla, istər ciddi-ciddi nə dedisə, düz dediyini gördüm.

Nə yazıq ki, qəribə bir şakərimiz var. Birinin üstündən dərhal xətt çəkməyə hazırıq- şəxsiyyətsiz, simasız damğası da vururuqheç ağlımıza da gəlmir ki, o xətt çəkdiyimiz qələmi əlimizin üstündən başqa əl tutur, çəkdirir bizə xətti öz bildiyi istiqamətdə.

Rasim Balayev bu gün aşağı düşmüş qanın, hemoqlobinin və mədə xorasının müalicəsi ilə məşğuldur.  Hemoqlobini qaldırmaq üçün ürəyi istədiyi kimi qidalanmağa mədəsindəki yara imkan vermir, ona görə də iynə-dərmanla müalicə alır, antibiotiklərsə orqanizmi həm də zəif salır.

Bu tale və yaşam mücadiləsində sənətkarımızın arxasında, yanında olaq, ayağının altında başı aşağı vəziyyətdə quyu qazan halda yox. Ondan tezliklə sağalıb kinomuza qayıtmasından başqa heç nə tələb etməyək.  Bu ona ən böyük köməyimiz olar.


Ramilə Qurbanlı,
“33 pərdəli dram”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bibiheybət yolundan XƏBƏR VAR 12 Dekabr 2019, 17:12 Azərbaycan Dünya Bankının kreditindən imtina edib  12 Dekabr 2019, 17:05 Millimizin sabiq futbolçusu həbs edildi 12 Dekabr 2019, 16:50 "Quş qripi" ilə bağlı monitorinqlərə başlanılır 12 Dekabr 2019, 16:44 Diaspor fəalları Kiyevdə Heydər Əliyevi andı - FOTOLAR 12 Dekabr 2019, 16:38 YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq” 12 Dekabr 2019, 16:36 Vasif Talıbov yeni qurum yaratdı 12 Dekabr 2019, 16:30 Tahir Kərimlinin partiyası da seçkilərə gedir 12 Dekabr 2019, 16:23 Bakı metrosunun iş vaxtı uzadıldı    12 Dekabr 2019, 16:16 Əli Əhmədov Zelenski ilə görüşüb 12 Dekabr 2019, 16:10 Ermənilər kilsəyə, məhkəməyə və siyasi partiyalara inamı itirib - SORĞU 12 Dekabr 2019, 16:01 Bakı-Məşhəd istiqamətində birbaşa uçuşlar başlanır 12 Dekabr 2019, 15:55 Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə! 12 Dekabr 2019, 15:50 Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi 12 Dekabr 2019, 15:44 Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb 12 Dekabr 2019, 15:38 “Tərəflərin qarşılıqlı məqbul həll yolu tapması üçün hər şeyi edəcəyik” - Mariya Zaxarova 12 Dekabr 2019, 15:32 Xalq artisti xəstəxanalıq oldu 12 Dekabr 2019, 15:24 “Təəssüf ki, GUAM ciddi bir quruma çevrilmədi” - Ekspert 12 Dekabr 2019, 15:18 Heydər Əliyevin tarixi çıxışı: “Mənə deyiləndə ki, “Jurnalistlərin dostu” seçilmişəm, əvvəl inanmadım”  12 Dekabr 2019, 15:17 Bakıətrafı magistral yollarda hərəkət məhdudlaşdırılacaq 12 Dekabr 2019, 15:12 Heydər Əliyevin abidəsi önündə düşüncələr - Abbas Əliyev YAZIR 12 Dekabr 2019, 14:58 Tarix İnstitutu Heydər Əliyev İnstitutunun yaradılması ideyasını DƏSTƏKLƏDİ 12 Dekabr 2019, 14:53 Diaqnostik qiymətləndirmədən sonra psixoloqların maaşı artacaq? - Nazirlikdən açıqlama 12 Dekabr 2019, 14:49 Gürcüstan parlamentində İNSİDENT – Deputatlar evakuasiya olundu 12 Dekabr 2019, 14:39 Nazir müavinindən direktorlar və təhsil şöbələrinin müdirlərinə XƏBƏRDARLIQ 12 Dekabr 2019, 14:37 Yeni il bayramında məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA 12 Dekabr 2019, 14:29 “Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir” - Türkiyə səfiri 12 Dekabr 2019, 14:26 Polis 90 yaşlı qadına qarşı quldurluq edəni SAXLADI - FOTO 12 Dekabr 2019, 14:16 İrandan Azərbaycana 2 kiloqramdan çox heroin gətirən şəxs saxlanılıb 12 Dekabr 2019, 14:04 Nazirlik Gürcüstanda azərbaycanlı şagirdlərin dərsliklərlə təmin olunmasını öz üzərinə GÖTÜRDÜ 12 Dekabr 2019, 13:57 Azərbaycanda otellərin ulduzlaşma prosesi necə aparılacaq? 12 Dekabr 2019, 13:55 Gəncədə Ümummilli liderin xatirəsi ehtiramla yad edilib - FOTO   12 Dekabr 2019, 13:50 Məmur olmaq istəyənlərin nəzərinə! 12 Dekabr 2019, 13:42 Özünü metroda qatar yoluna atan şəxsin kimliyi məlum oldu - RƏSMİ 12 Dekabr 2019, 13:39 Koçaryan xərçəng xəstəliyindən müalicə alır 12 Dekabr 2019, 13:30