Modern.az

Gözlər yoldan yığılarmı... - X YAZI    

Gözlər yoldan yığılarmı... - X YAZI     

10 Mart 2019, 11:19

Nəzirməmməd Zöhrablı

(əvvəli burada)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz" seriyasından yeni bioqrafik sənədli povestin çapına başlayır. Xatırladaq ki, bundan öncə yenə həmin birgə layihə çərçivəsində "Gözlə gələcəyəm" adlı kitab uğurla yekunlaşdırılaraq təqdim edilib. Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika "Xatirə Kitabı"nın redaksiyası və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...

 

Xəqani: “Allah bilir, 3-5 gündən sonra bizlərdən kim dünyada qalacaq, hansımızın başına nə gələcək?!..”

 

Butulkadan çıxan yazı kapitanın uzaq Avstraliyanın cənub sərhədləri istiqamətində saxlandığını təxmin etməyə əsas verirdi”.


Jül Vern “Kapitan Qrantın uşaqları” 

Xəqaninin itkin taleyini araşdımaq istəyərkən indiyədək oxuduğum bir sıra ədəbiyyatlarda, xüsusilə klassik Qərb ədəbiyyatı nümunələrində analoji hallara münasibətləri çözməli oluram. Bax, elə indicə iqtibas etdiyim məşhur “Kapitan Qrantın uşaqları” haqqında məlumatlı olanlar bilirlər ki, bu və buna bənzər hər bir əsərdə, eləcə də tamamilə real axtarışlarda mütləq müəyyən ipucları olur və ya əlahəzrət zərurəti qəflətən ortaya çıxaran təsadüflərə rast gəlinir. Qəribədir ki, bircə Əhməd adlı əsirin dumanlı şəkildə dediklərindən savayı Xəqani haqqında hec bir məlumat sızdırılmayıbdoğmalarına və ictimaiyyətə. Vaxtilə şair Süleyman Rüstəmin qələmə aldığı “Ana və poçtalyon” şeirindəki bir frazada deyilmiş fikir burada tam mənasilə yerinə düşür:

- Ana sordu oğlunu hər cəbhədən gələndən,

Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən.


Xəqani heç vaxt belə bədbin olmurdu

Kəşfiyyat batalyonunun üç üzvünü görüşdürürəm 25 il sonra: Qasım, Cəmaləddin, Vahid.

Əvvəlcə Qasım və Cəmaləddinlə keçmiş döyüş yoldaşları Hüseynin yas mərasimində bir araya gəldik. Hüseynin bizimlə Xəqani barədə danışmaq istəməsi, lakin xəstələnməsi və dünyasını dəyişməsi səbəbindən bu görüşün baş tutmamasından sizləri məlumatlandırmışam. Əslən İrəvanlı olan Hüseyn məhz erməni dilini bildiyindən kəşfiyyat batalyonuna götürülübmüş. Yəni, bu batalyon üçün Hüseyn el dilində desək “göydəndüşmə”, son dərəcə vacib, əvəzolunmaz bir əsgər imiş. Üstəlik, onun yaxşı fotoqraflığı da varmış deyirlər. İndi yazılar boyu əlimizdən tutan, Xəqaninin və döyüş yoldaşlarının əks olunduğu fotoların müəllifi də Hüseyn imiş, batalyonun əsgərlərini dəfələrlə ermənilərlə dil təmaslarına girməklə ölümdən xilas edən də. Çox təəssüf ki, onunla görüşümüzə əcəl aman vermədi. Neyləmək olar?! Bu da Xəqani taleyinin qətiyyən rəvan olmayan, hətta son dərəcə mübhəm qalmasının acı nəticələrindən biri oldu məndən ötrü. Məkanı cənnət olsun neçə-neçə əsgərimizi düşmən caynağından xilas etmiş Hüseynin!

Xəqaninin döyüş yoldaşı Cəmaləddin Allahverdiyevlə aramızda kiçik bir dialoq baş tutdu. O, söhbətimizə qırıq-qırıq dilə gətirə bildiyi xatirələrlə başladı:

- İndi dəqiq xatırlamıram. Amma məncə Xəqaniylə elə onun itkin düşdüyü döyüşə qədər birlikdə vuruşmuşuq, yoldaşlıq eləmişik.

- Bu yoldaşlığınızın ömrü təxminən nə qədər çəkib?

- İki aya qədər olmuşuq bir yerdə - “razvedbatalyon” deyirdilər, kəşfiyyat batalyonunda.

- Siz də Qala qəsəbəsindən bir yerdə getmişdiz onunla?

- Bəli. Hamımız bir yerdə getmişdik.

- Ən çox nə yadınızda qalıb Xəqanidən? Hansısa bir epizod, söhbət və ya döyüş, kəşfiyyat anlarından...

- Çox belə anlar var. Ancaq bilmirəm onun yoxa çıxması ilə bağlıdı, ya nədisə xəyalən Xəqaninin əsl həqiqətə çevrilmiş bir fikrini daim xatırlayıram həmin günlərə dönəndə. Deməli, bütün döyüşçülər dövrə vurub “solyarka peçi”nin (neft məhsulları ilə işləyən soba – N.Z.) ətrafında oturmuşduq. Həm dincəlirdik, həm də qızınırdıq. Xəqani isə heç vaxt özündən böyüklərin sözünü kəsməz, öz yerini bilərdi, buna görə də hamımızın hörmətini qazanmışdı. Amma ürəyinə necə gəldisə, birdən qayıdıb dedi ki, indi burda belə mehriban, deyə-gülə oturmuşuq, amma Allah bilir, 3-5 gündən sonra bizlərdən kim dünyada qalacaq, hansımızın başına nə gələcək?!.. İnanırsınız ki, bu sözlərdən birdən çaşdıraram, ya üç, ya da beş gün sonra həmin döyüş baş verdi, Xəqani Fərhadla birlikdə itkin düşdü. Nəinki itkin düşdülər, bəlkə itkinin də, meyiti düşmən əlində qalmış şəhidin də bir sorağını almaq olur, onlar elə bil bir iynə kimi yoxa çıxdılar. Onun həmin sözlərini onda da xatırlamışdım, indiyə kimi də yaddaşımdan silinmir o sözlər. Hətta bu sözləri söyləyərkən onun çöhrəsində yaranan bədbinlik ovqatını da unuda bilmirəm. Bilirsiniz həm də niyə? Xəqani heç vaxt belə bədbin olmurdu. Əksinə çalışırdı ki, əhval-ruhiyyəmiz daim müsbətə köklənsin. Buna nail olmaq üçün daim xoş sözlərlə kefimizi açmağa çalışırdı. Amma həyatın işinə baxın. 25 il ötüb o gündən, o sözlərdən. İndi də bilmirik ki, onlar ölüblər, ya qalırlar. Ölüblərsə Allah rəhmət eləsin, sağdırlarsa yenə Allah qorusun!


- Bir yoldaş kimi necə xatırlayırsınız Xəqanini?

- Düşünmədən deyirəm, əvvəla qorxmaz, qoçaq bir əsgər, həmçinin çox tərbiyəli, qanacaqlı, öz yerini bilən bir azərbaycanlı kimi. Döyüş bölgəsində olmağımıza, əksərən yorğun olmağına baxmayaraq Xəqani özündən yaşca böyük heç kəsin o çətin şəraitimizdə belə ayaq üstə qalmasına razı olmazdı, mütləq ayağa qalxıb ona yer verərdi. Yəni, bunu ona görə deyirəm ki, hamı bilsin biz onu bugünkü öldüsü-qaldısı bilinməyən taleyinə görə yox, milli-mənəvi dəyərlərimizə hörmət bəsləyən bir azərbaycanlı oğulu olduğuna görə belə sayğı ilə anırıq. Yəni, o az müddətdə Xəqani bu hörməti qazanıb hamımızın gözündə özünü ucalda bilmişdi. O ehtiram indi də qəlbimizdə yaşadır Xəqanini. Tez-tez yadıma düşür. Amma gücüm nəyə çatır?!.. heyfsilənməkdən başqa...

- O çətin günlər yəqin sizi daha sıx bağlayıbmış, doğmalaşdırıbmış bir-birinizə...

- Hə. Çətin gün həm adamı sıxır, ancaq həm də çox bağlayır bir-birinə. Üstəlik də səmimiyyət olanda insan bir-birinə daha çox isinişir. Bizdə də belə olmuşdu.

- Xəqani itkin düşdüyü son döyüşə gedəndə qolu sarıqlı olub, bu yadınızdadı? Hətta əynindəki maykasını cırıb qolunu sarıyıbmış deyilənlərə görə...

- (xeyli fikirləşir). Bəlkə də olub. Onu yadıma sala bilmirəm. Bir də bilirsiz, o şəraitdə əgər ciddi nəsə yara-filan yox idisə, belə şeylər o qədər də diqqətimizi cəlb etmirdi. Yəni, döyüş şəraitində hamımız adi yanaşırdıq belə şeylərə, hətta yüngül yaralanmalara da.

- Bilirsiniz, bunu təsadüfən soruşmuram. 1995-ci ildə əsirlikdən qayıdan Əhməd adlı əsir belə bir adamla Xankəndində görüşdüyünü deyib. Qəribə burasıdır ki, həmin adamın qolu yenə də sarıqlı olub... Əgər bu həqiqətən də Xəqanidirsə və qolundakı sarıq da həmin yaranın fəsadıdırsa, onda bu heç də qeyri-ciddi yara sayıla bilməz. Hər halda, bütün bunları ehtimal kimi qəbul etmək məcburiyyətindəyik...

- Vallah, onu dəqiq xatırlaya bilmirəm.

Söhbətimizin axarında Fərhadla Xəqaninin itkin düşdüyü zaman onların yanında olan, indi adını heç kimin xatırlamadığı ağdamlı oğlan barədə də soruşdum. Cəmaləddin də ağdamlı kimi yaddaşlarda qalan o üçüncü şəxsin adını bilmədiyini söylədi. O da Qasımın dediyini təsdiqləyərək həmin oğlanın əksəriyyəti öldürülüb dağıdılan I batalyondan kəşfiyyat batalyonuna yenicə gəldiyini dedi. Bu zaman söhbətimizə müdaxilə edən Qasım o vədə ixtisasca müəllim olan başqa bir Ağdamlının təklülə tüfənglə gəlib onlara qoşulduğunu və bələdçilik etdiyini də dilə gətirdi:

- Belə bir fədakar adamın da adını indi heç xatırlaya bilmirik. Səbəbi bu adamlarla çox qarışıq vaxtda rastlaşmağımızdır. Bir də cəbhədə elə yarızarafat-yarıgerçək hərəni bir “kliçka” ilə çağırırdıq. Birini doğulduqları bölgələrə uyğun “ağdamlı”, birini “ləzgi”, bax, bu yeznəm Cəmaləddini Gədəbəydən olduğuna görə “ayrım” və sairə deyə çağırırdıq. O dediyiniz ağdamlı da pis oğlan deyildi. İndi, vallah dediyinə görə Xəqanigil o çağırışa gedəndən sonra o əvvəlcə içəri getməyin əleyhinə çıxmışdı, özünü çağıranda isə qəbristanlığa girib qəbirlərin arası ilə qaçıb gəlmişdi. Arxasınca da ki, güllə atıldığını söylədi.

Cəmaləddin:

- Biz öz batalyonumuzun uşaqların yaxşı tanıyırdıq. Çünki on səkkimiz də bir yerdə getmişdik, məktəbdə də bir yerdə yatıb-dururduq, yeyib-içirdik, məşq edirdik.


- Xəqaninin nişanlanmasını qeyd edib birlikdə yeyib-içmisiz. Səhv eləmirəmsə, şəkil də var o qonaqlıqdan...

- Hə, hə. Yadıma düşür o yeyib-içib keflənməyimiz. Başladıq zarafatlaşmağa, güləşməyə. Zelenko da gəldi, soruşdu “çto delaete?”, cavab verdik ki, guya “treniruyem, c armyanami kak budem borotsya”.

- Əslində yeyib-içirdiniz...

- Hə, əslində onun nişanlanmasını qeyd eləyirdik.

Söhbətimiz zamanı Qasım döyüşdə ayağından bərk yaralanmasından, qospitala götürülməsindən, 1941-ci il müharibəsindən qalmış tankı onlara verməklərindən və “beş güllədən artıq atsanız lüləsi şişəcək” deyə xəbərdarlıq olunmasından, guya güllə ardınca getmək bəhanəsi ilə aradan çıxıb geriyə qaçmaq isəyən iki BTR-i saxlamaqlarından, onlardan birinin sürücüsünü ayağından özünün güllələməsindən və bir çox epizodlardan söz açdı. Nəhayət, başsağlığı verərək Hüseynin yas mərasimini tərk edib Xəqaninin digər döyüş yoldaşı, qeydlərimdən xatırlayırsınızsa agent xaxolu vurub əsgərlərin ayağının altına yıxan Vahid Hüseynovu axtarmağa yollandıq.

Yaddaşı korşalmış, qüruru yerində Azərbaycan əsgəri

...Sabunçu qəsəbəsinin 25 il əvvəlki məhəlləsi. Qasım buranı yaxşı yadında saxlayıb. Əsl kəşfiyyatçı kimi. Sabunçu məscidinin yanından azca ötüb sağa buruluruq. Görən kimdən soruşaq?! Vahid sağdımı?! Birdən sağ olmaz!.. İlahi, kaş qarşımıza ailəsindən, doğmalarından kənar adam, amma onu tanıyan birisi çıxaydı. Hiss-həyəcan keçmiş döyüşçüləri tərk etmir. Qasım maşını həyətə sürməyə ürək eləmədi. Bizi küçədə saxlayıb özü ümumi həyətdəki evlər olan yerə getdi. Az keçmədi qayıtdı. Üzünün nisbətən təbəssümlü cizgilərindən Vahidi tapdığını zənn etdik. Yaxınlaşanda döyüşçü yoldaşının sağ-salamat olduğuna görə rənginin durulduğu aydınlaşdı. Vahidinsə məscidə namaz qılmağa getdiyini demişdilər ona. Vahidi görə biləcəyinə uşaq kimi sevinirdi Qasım. Elə Cəmaləddin də...

...Çox keçmədən Vahidlə üz-üzəyik. Saqqallı bir yaşlı kişi. Bizim təbirimizcə məşhur döyüşçü. Cəmaləddin deyir ki, Vahidin gücü yetməyəcək nə isə olmayıb o zamanlar. Elə Qasım da onun qüvvətinə güvənib agent xaxolu vurub yıxmağı ona həvalə edibmiş. Vahidə də ləqəb qoyubmuşlar: “Vaqon”. Güc-qüvvətinə görə təbii. Onların 25 il öncə döyüş bölgəsində çəkdirdikləri fotoları ilə indiki fotodakı əkslərini müqayisə edəndə ortadakı zaman keçiminin fərqini daha yaxşı anlamaq mümkün olur. Əfsuslar olsun ki, indiki fotoda obyektivə baxıb gülümsəyən bizim qəhrəmanımız Xəqani yoxdu... ayrılıqlar da fərqliymiş, deməli. Mərhum yazıçımız Əlibala Hacızadə demişkən:

- Ayrılıq var sonu şirin vüsaldı,

Ayrılıq var sonu yoxmuş, ay aman!..


(Ardı var)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir