Modern.az

Qalstuksuz həmsöhbət - Deputat Kamilə Əliyeva: “15 ildir çay içmirəm” - LAYİHƏ - VİDEO

Qalstuksuz həmsöhbət - Deputat Kamilə Əliyeva: “15 ildir çay içmirəm” - LAYİHƏ - VİDEO

12 Mart 2019, 08:29

“Bu yaşıma qədər heç zaman broyler toyuqlarından istifadə etməmişəm”


“Basketbolla məşğul olmuşam, fortepianoda, qarmonda ifa edə bilirəm”

Modern.az saytı “Qalstuksuz həmsöhbət” layihəsinə davam edir. Bəri başdan qeyd edək ki, layihənin adı o anlama gəlməsin ki, müsahibələrimiz elə ancaq qalstuk taxan kişilərlə qalstuksuz söhbətlərdən ibarət olacaq. Yəni layihənin məqsədi müsahib olacaq tanınmış simaları qeyri-rəsmi söhbətə çəkməkdir. 

Budəfəki qonağımız xanımdır. Həmsöhbətimiz Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin professoru Kamilə Əliyevadır.

- Kamilə xanım ailədə neçə nəfərsiniz?

- Ailəm 4 nəfərdən ibarətdir. Mən, oğlum, qızım və həyat yoldaşım.

- İctimai şəxssiniz, həm də siyasətin içərəsindəsiniz. Yoldaşınızla buna görə aranızda hər hansı narazılıq olurmu?

- Mənə elə gəlir ki, insan öz yarısını tapanda heç bir problem olmamalıdır. Amma təbii ki, problemsiz ailə yoxdur. Hər bir ailədə hansısa bir anlaşılmazlıq olur. Bu baxımdan hesab edirəm ki, ailədə qadın və kişi ağıllıdırsa, hər ikisi güzəştə getməyi bacarmalıdır. Ailədə bir-birinə inam, sevgi, güzəşt varsa, o ailə hər zaman möhkəm olacaq. Mən öz ailəmi uğurlu ailə sayıram. Həyat yoldaşım dövlət qulluqçusudur. Biz bir-birimizi başa düşürük.

- Siz daha çox güzəşt edirsiniz, yoxsa yoldaşınız?

- Hər iki tərəfdən güzəşt olmalıdır. O ki qaldı bizim ailəmizə, deyə bilərəm ki, bəlkə də mən daha çox güzəştə getmiş oluram.

- Kamilə xanım, kişiləri daha çox xanımların bacarıqları, görə bildiyi ev işləri maraqlandırır. Xanımın yaxşı yeməklər bişirməsi kişi üçün vacibdir. Siz daha yaxşı nələri bişirə bilirsiniz?

- Belə bir deyim var: kişinin ürəyinə gedən yol mədəsindən keçir. Əlbəttə, hər bir kişi, ailə başçısı istər ki, onun mətbəxdən başı çıxan, dadlı yeməklər bişirən həyat yoldaşı olsun. Mən öz mətbəximi heç kəsə həvalə etmirəm. Yeməklərin hamısını özüm bişirirəm. Deyilənə görə, çox dadlı yeməklər hazırlayıram. Ailədə daha çox milli yeməklərə üstünlük veririk. Hərdən də yeni reseptlərdən də istifadə edib yemək hazırlayıram. Əsasən isə qeyd etdiyim kimi, özüm milli xörəkləri daha yaxşı hazırlayıram.


- Ən yaxşı hansı alınır?

- Yaxınlarım, qohumlarım, dostlarım mənim plovu yaxşı bişirdiyimi deyirlər. Plovum xüsusilə dadlı çıxır. Bildirirlər ki, mənim bişirdiyim plovun ləzzəti tamam başqadır.

- Qonşularla münasibətləriniz necədir?

- Həmişə istəyirəm ki, qonşularla yaxşı münasibətlərim olsun. Mən uzun müddət, 17 il Bakı Dövlət Universitetinin kooperativ binasındakı mənzillərin birində yaşamışam. Bizim binada universitetin müəllimləri yaşayırdılar. Hamı bir-birini tanıyırdı, bir-birinin evinə gedib-gəlirdi. İndi isə təzə mənzildə yaşayıram. İki ildir ki, bu mənzildəyik. Qonşularla da münasibətim “salam-sağ ol”dan ibarətdir. Hələ ki, bir-birimizin evinə gedib-gəlmirik. Hər halda salamlaşırıq, hal-əhval tuturuq.

- Övladlarınız nə işlə məşğuldur?

- Övladlarım hələ orta məktəb şagirdləridir. Oğlumun 15 yaşı var. Bakı şəhərindəki 20 nömrəli məktəb-liseydə 8-ci sinifdə oxuyur. Qızım 13 yaşındadır, 132-134 saylı liseyin fransız bölməsində təhsil alır. Qızım 7-ci sinif şagirdidir.

- Genetiksiniz, buna görə də, yəqin ki, orqanik məhsullara daha çox üstünlük verirsiniz. Meyvə-tərəvəz seçimində kaprizli olduğunuzu düşünürəm, bu mənada evə bazarlığı da özünüz edirsiniz?

- İxtisasım genetika olduğuna görə, həmişə yerli, təbii məhsullara üstünlük verirəm. Heç vaxt xaricdən gələn meyvə-tərəvəzlər almıram. Bu mənada övladlarıma da onların uşaqlığından bəri qadağa qoymuşuq. Övladlarıma qutularda olan soklar, şirələr, qənnadı məmulatları demək olar ki, heç zaman verməmişəm. Həmişə təbii, evdə hazırlanan, öz hazırladığım şirələrdən, kompotlardan istifadə etmişik.

Bazarlığa bəzən yoldaşımla çıxıram, lazım olan şeyləri deyirəm. Hərdən də həyat yoldaşım özü bazarlıq edir.


- Broyler toyuqları alırsınız?

- Xeyr. Bu yaşıma qədər heç zaman broyler toyuqlarından istifadə etməmişəm. Mənim yoldaşım da rayon yerində böyüdüyü üçün daim onların həyətlərində özlərinin saxladıqları toyuqlar olub. Bu günə qədər nə mən, nə də övladlarım broyler toyuğundan istifadə edib.

- Kamilə xanım, evdə kişilərin görə biləcəyi hansı işləri bacarırsınız?

- Demək olar ki, hər bir işdən başım çıxır. Heç zaman darda qalmaram, nəsə lazım olsa, şəxsən özüm həll edərəm. Uşaq vaxtından nəyisə müşahidə etməyə, nəyisə öyrənməyə çox böyük marağım olub. Tutaq ki, çəkiclə, mismarla nəsə iş görmək lazımdırsa, nəyisə harasa bərkitmək lazımdırsa, onu edərəm. Lampa yanıbsa, heç zaman gözləmərəm ki, həyat yoldaşım gəlib dəyişsin, özüm dəyişərəm. Xırda, lazım olan işləri özüm görürəm.

- Həm deputatsınız, həm də müəllim. Evinizdə elmi yaradıcılığınıza lazımınca vaxt ayıra bilirsinizmi?

- İstər siyasətçi, istər digər sahədə çalışan xanımlar olsun – onlar vaxt bölgüsünü düzgün nizamlaya bilirsə, hər bir xanım hər bir şeyə zaman çatdıra bilər. Mənim üçün ən böyük itki vaxt itkisidir. Məndə hər şey proqramlaşıb. Hər gün özüm üçün növbəti günün proqramını tuturam. Xüsusi dəftərçəm var, qrafikimi ora qeyd edirəm. İşlər çox olur, onları unutmamaq üçün vaxtımı bölürəm. Bilirsiniz ki, həm də Bakı Dövlət Universitetində professoram. Seçicilərlə görüşlərimiz, səfərlərimiz olur. Bütün bunların hamısı planlı şəkildədir. Vaxtımı elə nizamlayıram ki, övladlarıma da zaman ayıra bilim. Bu qədər işin içərisində olduğuma baxmayaraq, iş saatları bitəndən sonra artıq ev xanımı oluram. Övladlarımla məşğul oluram, ev işlərini görürəm, səhərisi gün üçün yemək hazırlayıram.

Övladlarımın dərsləri ilə də özüm məşğul oluram. Mən hər gün onların gündəliklərinə, sabahkı dərs cədvəllərinə baxıram. Onlar dərslərini bir-biri mənə danışırlar, başa düşmədiklərini soruşurlar, mən də izah edirəm.

Deməzdim ki, bu iş təkcə mənim üzərimə düşür. Bizim ailədə uşaqların təhsili ən vacib məsələ sayılır. Nə qədər işimiz çox olsa da, övladlarımızın təhsili hər şeydən önəmlidir. Buna görə də, onların təhsilinə xüsusilə diqqət yetiririk.

- Fitness salonlarına idman etməyə gedirsinizmi?

- Xeyr.

- Bəs əvvəllər hansısa idmanla məşğul olmusunuz?

- 40 yaşıma qədər idmanın basketbol növü ilə məşğul olmuşam. 40 yaşdan sonra bu idman növündən ayrılmışam. Hazırda isə idmanın hər hansı xüsusi növü ilə məşğul deyiləm. Ancaq hər axşam, ailəmlə birlikdə, şam yeməyi yedikdən sonra dənizkənarı parkda gəzirik. Bu da bir idman növüdür.

- Dediniz ki, mətbəx işlərini heç kimə həvalə etmirsiniz. Bəs digər ev işlərini görmək üçün qulluqçu saxlayırsınızmı?

- Evdə qulluqçu saxlamıram. Amma həftədə iki dəfə evlərin yığışdırılması üçün köməkçi gəlir. Yalnız o məsələdə mənə köməklik edir.


- Bəzənmək üçün gözəllik salonlarına getməyə üstünlük verirsiniz, yoxsa özünüz bəzənirsiniz?

- Elə insanlar var ki, hər gün gözəllik salonuna gedir, mən buna pis baxmıram. Hər hansı şənliyə, toya dəvətliyimsə, mən də gözəllik salonlarına gedirəm. Gündəlik həyat tərzimdə isə sadə geyim, sadə saç düzümü, sadə makiyajlara üstünlük verirəm. Bunu məni tanıyanlar da təsdiqləyər.

- Restoranlardan yemək sifariş verirsiniz?

- Xeyr. Mən toya gedəndə belə, orada yemək yemirəm. Yeməyə kaprizlərim var. Ümumiyyətlə, çox yerə gedəndə orada yemək yemirəm, bu, bəzən mənə problemlər də yaradır. Ancaq tərəvəzə baş aldatmaq üçün əl uzadıram. Mən öz bişirdiyim yeməkləri daha ləzzətlə yeyirəm və bundan böyük zövq alıram. 

- Ad günlərinizi necə keçirirsiniz?

- Özümə ad günü keçirməyi xoşlamıram. Ailədə 4 uşaq olmuşuq – 3 bacı, 1 qardaş. Qardaşım ailədə tək oğlan olduğuna görə, onun ad günləri həmişə xüsusi qeyd olunub. İldə iki gün onun üçün ad günü keçirirdik. Birinci günü qohumlarla, ikinci günü isə onun dostları ilə.

Ad gününü evdə keçirmişik. Mən isə özüm üçün uşaq vaxtından ad günü keçirməyi xoşlamamışam. Hətta yubileylərim olan vaxtlarda belə, doğum gününü xüsusi olaraq qeyd etməmişəm.

Amma indi uşaqlar ad günlərini keçirməyi çox xoşlayırlar. Övladlarım da ad günlərinə önəm verirlər, səbirsizliklə həmin günü gözləyirlər. Onlar üçünsə ad günlərini qeyd edirəm, bu, çox vaxt evdə olur. Yubiley yaşımda isə dostlarımla, rəfiqələrimlə restorana gedirik.

- Bəzi adamlar çaydan imtina edir, siz də beləsiniz?

- Düz 15 ilə yaxındır ki, çay içmirəm. Çay içməməyimin xüsusi bir səbəbi yoxdur. Qış vaxtında limonlu qaynar su içirəm. Yayda isə soyuq limonlu su. Kofe də çox xoşlamıram.

- Sizə elə gəlmirmi ki, kaprizləriniz çoxdur?

- Yemək məsələsində kaprizlərim çoxdur. Bunu etiraf edirəm. Bu, çox vaxt mənə mane olur.

- Bəs yoldaşınızın kaprizləri nədən ibarətdir?

- Yoldaşımın elə bir kaprizi yoxdur. Mən özümün yeməkdə kaprizini görürəm, amma yoldaşımın kaprizini tapa bilmirəm.

- Zövq məsələsində necəsiniz? Məsələn, televiziyada nələri izləməyə üstünlük verirsiniz?

- Siz mənim yaralı yerimə toxundunuz. Sözsüz ki, telekanallarda xəbərlər proqramına baxıram. Xarici televiziya kanallarından isə Rusiya kanallarına baxmağı üstünlük verirəm. Orada məni ən çox maraqlandıran intellektual verilişlərdir. Övladlarım rus bölməsində təhsil aldıqları üçün çalışıram ki, onlar da Rusiya kanallarında verilən intellektual verilişlərə baxsınlar.

Yerli telekanallarda verilən teleseriallar məni heç qane etmir. Səviyyəsi çox aşağıdır. Hərdən onları izləmək istəyirəm, süjet xətti ilə maraqlanıram. Görürəm ki, yaxşı aktyorlar və aktrisalarımız yetişib, onlar rollarını gözəl ifa edirlər.

Amma serialların süjet xətti, quruluşu məni heç qane etmir. Gəlin boynumuza alaq ki, Azərbaycan telekanallarında nümayiş etdirilən yerli seriallar çox zəif çəkilir.

- Bəs özünüz hansısa seriala baxırsınız?

- Gün ərzində Milli Məclisdə, universitetdə, tədbirlərdə oluram. Evə adətən 6-dan sonra gedirəm, telekanalları da o vaxtdan sonra izləyirəm. Etiraf edim ki, bəzi xoşuma gələn seriallara baxmışam.


- Dediniz ki, yemək məsələsində kaprizləriniz çoxdur. İndi bu ifadənizi Milli Məclisin iclası ilə uzlaşdırmağa çalışacağam. Bəzən parlamentin iclasları ikihissəli olur. Bəs fasilədə parlamentin yeməkxanasında yemək yemirsiniz?

- Fasilə zamanı mütləq yeməkxanada yemək yeyirəm. Deyim ki, əgər bir yeməyi xoşlayıramsa və orada bir dəfə qidalanıb ürəyimə yatırsa, mən orada yemək yeyirəm. Milli Məclisdə yeməkləri çox gözəl hazırlayırlar. Mən orada bişirilən şirniyyatları da alıb evə aparıram, övladlarım da çox bəyənirlər. Övladlarım mənə sifariş verir ki, Milli Məclisdə bişirilən şirniyyatlardan alım.

- İndi dəb halını halıb, insanlar şirniyyatı qida rasionlarından çıxarırlar. Siz niyə imtina etməməsiniz?

- Mən şirniyyatı çox sevirəm. Xarici görünüşümə baxsanız görərsiniz ki, pəhriz saxlayan deyiləm, yeməyimə məhdudiyyətlər qoymuram. Bir şeyi xoşlayıramsa, onu yeyəcəyəm. Amma bir şeyə çalışıram ki, saat 7-dən sonra qida qəbul etməyim. Biz evdə şam yeməyini saat 7-də yeyirik. Ondan sonra gəzməyə çıxırıq.

- Avtomobil idarə edə bilirsiniz?

- Bəli. Bu, deputatlıq fəaliyyətindən öncəki dövrə gedib çıxır. Hazırda da avtomobil idarə edirəm. Avtomobilim var. Biləndə ki, ancaq Milli Məclisə ya da universitetə gedib-gələcəyəm, maşını özüm sürürəm. Lakin tədbirlər olanda sürücü vasitəsilə həmin yerə gedirəm.

- Bəs maşın xarab olanda ustaya özünüz müraciət edirsiniz?

- Təəssüf ki, bu işləri bacarmıram. Həyat yoldaşım bu məsələlərə nəzarət edir. Lazım olanda avtomobili ustaya o aparır.

- Evdə kolleksiyanız varmı?

- Uşaq vaxtı marka yığmağı çox xoşlayırdım. Çox böyük marka kolleksiyam var idi. Bundan başqa müxtəlif ölkələrdə istehsal olunan sabun kolleksiyam var idi. Ətir kolleksiyası da yığmışdım. Son 15 ildə isə kolleksiya yığmamışam.

- Velosiped sürə bilirsiniz?

- Təəssüflər olsun ki, bacarmıram. Amma velosiped sürmək çox böyük arzum olub. Övladlarım isə velosiped sürə bilirlər. Bir-iki dəfə cəhd etmişəm ki, mən də öyrənim, amma alınmayıb. Velosipeddə çox qorxu hiss edirəm, elə bilirəm ki, yıxılacağam.

- Yol polisi ilə problem yaşamısınız?

- Xeyr, problem yaşamamışam. Amma saxlayıblar. Adətən adi günlərdə qaydalara riayət edirəm, çox səliqəli maşın sürürəm. Ancaq bəzən elə yerlər olub ki, ora tələsmişəm, buna görə də qaydaları pozmuşam. Bu zaman yol polisi məni saxlayıb. Bildirəndə ki, millət vəkiliyəm və tədbirə tələsirəm, başa düşüblər.

- Heç cərimələnməsiniz?

- Bəli, cərimə ödəmişəm. Ən çox cərimə sürücüm mənim maşınımı idarə edərkən, Zaqatala-Balakən zonasına gedərkən yazılır. Bəzən sürücü sürət həddini istər-istəməz aşıb. Ən çox cərimə yazılan hal rayonlara səfərim zamanı qeydə alınır.

- Bəs özünüz sükan arxasında olarkən ən çox nələrə əsəbiləşirsiniz?

- Maşın sürərkən ən çox əsəbiləşdiyim məqam işıqforda avtomobil qırmızı işıqda dayanarkən arxadakı sürücünün siqnal verməsidir. Qırmızı işığın bitməsinə 4-5 saniyə qalmış arxadakı maşınlar siqnal verməyə başlayırlar. Halbuki, onlar da görür ki, qırmızı işıqdır. Sən o siqnalı basmaqla mən qarşımdakı maşınların üzərindən keçəsi deyiləm ki!

Bəzən də süni surətdə tıxac yaradırlar. Bu, ən çox təsadüf olunan bir şeydir. Özü də bilir ki, yol bağlanacaq, bir az da qabağa sürür, qarşıdan gələn maşınların da hərəkətini məhdudlaşdırır. Hər bir şeydə mədəniyyət olduğu kimi, sürücülərdə də sürücülük mədəniyyəti olmalıdır. Əfsuslar olsun ki, bu məsələdə çatışmazlıqlar var. Hər kəs qayda-qanuna əməl etsə, tıxacların müəyyən hissəsini adlamaq olar.  


- Deyəsən, çox da qızıl-zinət əşyaları taxan deyilsiniz.

- Mən sadəliyə üstünlük verirəm. Hətta toya gedəndə belə qızıl taxmağı xoşlamıram.

- Hər hansı istedadınız varmı? Məsələn musiqi alətlərində ifa etmək və digər bu kimi şeylər...

- Həm də musiqi məktəbini bitirmişəm. Fortepianoda, qarmonda ifa edə bilirəm. Kulinariyada da yaxşıyam. Tibb bacısına xas bütün qabiliyyətlərim də var. Övladlarım bu yaşına çatana qədər heç zaman tibb bacısı çağırmamışam. İynəni də özüm vurmuşam, sistemi də özüm köçürmüşəm.

- Musiqi duymaq qabiliyyətiniz də yaxşı olar. Bu mənada hansı musiqilərə qulaq asırsınız?

- Musiqi həvəskarıyam, bu mənada musiqiyə qulaq asıb dəyərləndirə bilirəm.Əhval-ruhiyyəmin pis vaxtında və yaxşı vaxtında mənə iki şey kömək edir – biri musiqi, biri poeziya.

Mən musiqi və poeziyanın vurğunuyam. Xalq musiqilərini çox bəyənirəm. Estrada musiqilərini isə korifey sənətkarlarımızın ifasında xoşlayıram. Bizim evdə val var idi, həmişə sənətkarlarımızı dinləyirdik.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir