Modern.az

NLP təlimçisi: “Aldığımız məlumatın gücü beşdən az və ya doqquzdan yuxarı olarsa, şüur qapanır” – MÜSAHİBƏ  

NLP təlimçisi: “Aldığımız məlumatın gücü beşdən az və ya doqquzdan yuxarı olarsa, şüur qapanır” – MÜSAHİBƏ    

Media

13 Mart 2019, 09:56

Müasir dövrdə sosial media həyatın bütün sahələrinə inteqrasiya etmiş durumdadır. Bununla yanaşı, o, təkcə yaşama deyil, müxtəlif elm sahələri, ixtisaslaşmalara da təsir göstərir. Bu dəfə sosial media söhbətlərimizin mövzusu müasir elm sahəsi olan Neyro Linqvistik Proqramlaşdırmada (NLP) sosial medianın roludur.

 

Modern.az-ın müsahibi “U-Train” Şəxsi İnkişaf Mərkəzinin direktoru, NLP master təlimçi, professional koç Mirşahin Əlizadədir.

 

- İlk olaraq, müasir dünya sistemində sosial medianın yerindən bəhs edərdiniz.

 

- Ümumiyyətlə, həyatda proseslərin necə getdiyini bilmək üçün sistemin nə olduğuna baxmaq lazımdır. Bəsit formada izah etməyə çalışsaq, sistem mütəxəssisləşmiş bir neçə ünsürün eyni məqsədə doğru gedən yolda müştərək irəliləməsinə deyilir. Atomlardan tutmuş planetlərə qədər bunların hamısı eyni şəkildə işləyirlər. İnsanın özü də bir sistemdir və onun bir sıra alt sistemləri var. Hər bir sistemin məqsədi, ünsürü və aralarındakı rabitələri mövcuddur. İnsan cəmiyyətin bir sistemini əmələ gətirir və onun özü də bioloji, psixoloji və ictimai varlıq kimi fəaliyyət göstərir. İnsanın bioloji, psixoloji, ictimai varlıq kimi inkişafı müəyyən təkamüldən keçib. Bu baxımdan NLP-də “4D” prinsipi var, yəni durum (mühit), düşüncə, duyğular və davranışlar. Keçmişdən indiyədək müxtəlif ünsiyyət vasitələrindən istifadə olunub. Burada dil həm ünsiyyət, həm də adlandırma vasitəsi rolunu oynayıb. Dövr dəyişdikcə ünsiyyət vasitələri də inkişaf edib və XX əsrdə ortaya kütləvi informasiya vasitələri, sosial media çıxıb.

 

- Deməli, sosial media mühit və zamanın tələbi olaraq ortaya çıxdı.

 

- Əlbəttə. Məsələn, Azərbaycanda avtobusa yaşlı biri daxil olduqda cavanlar ona yer verməlidirlər, bu, mühitə görə formalaşmış bir şeydir.

 

- Bəs, sosial medianın qloballığı nədədir?

 

- Sosial medianın qloballığı da mühitə görə dəyişən bir şeydir. Azərbaycan, Avropa, Şərq ölkələrinin hər birində hər şey zamana və məkana görə dəyişir. Məsələn, Qərb ölkələrində Azərbaycana nisbətən sosial medianın yayılması daha erkən baş verib. “4D”-yə qayıtsaq, deyə bilərik ki, bizim mentalitetimizə sosial medianın daxil olması ilə duruma görə düşüncələrimiz dəyişib, həmin düşüncələr qarşısında duyğular yaranıb və bu da davranışlara təsir edib. “Xəritə bölgənin özü deyil” prinsipi ilə yanaşsaq, bizim həqiqət xəritəmizlə bir amerikalının həqiqət xəritəsi arasında sosial medianın da öz fərqi var.

 

- Sosial mediadan əvvəlki insanla sosial mediadan sonrakı insanın psixologiyasında nə dəyişiklik baş verdi?

- İnsan beyini müxtəlif informasiyalar alır, lakin onlardan minimum beş, maksimum doqquzuna diqqət yetirə bilir. Aldığımız məlumatın gücü beşdən az və ya doqquzdan yuxarı olarsa, şüur qapanaraq, şüuraltı dövrəyə girir. Sosial media ilə də insanın aldığı informasiyaların sayı artıb. Bu da şüura öz təsirini göstərib. Məsələn, sosial medianın bizim mentalitetə yeni daxil olduğu vaxtlarda ondan asılı olaraq cütlüklərin arasında konfliktlər meydana gəlirdi. Buradakı əsas faktor qadının ərinin hər hansısa bir davranışını yanlış qiymətləndirməsidir. Onun hansısa bir şəkli bəyənməsi, yaxud başqa bir xanımla dostluq qurmasına fərqli münasibət göstərib. Biz aldığımız informasiyanı olduğu kimi emal etmirik. Qavrama filtrlərindən keçərkən burada üç mərhələ özünü göstərir: silmə, təhrifetmə və ümumiləşdirmə. Yəni, əvvəlcə, aldığımız məlumatın bizə lazım olanlarını saxlayır, olmayanlarını silirik. Sonra müəyyən hissəsini dəyişdirir və ümumiləşdiririk. Necə? Xanımın yoldaşı başqa bir qadınla Facebook bağlantısı qurub. İlkin olaraq xanım özünə lazım olan hissəni saxladı, qalanını sildi. Məsələn, “o xanım yoldaşımın dostu ola bilər” informasiyası silindi. Daha sonra “aralarında, görəsən, nə var?” sualı ilə qavrama filtrləri informasiyanı təhrif elədi və ümumiləşdirmə aparılaraq, keçmiş təcrübəyə əsasən, bir qadınla bir kişinin dostluq etməsi xəyanət kimi qəbul olundu və beyin informasiyanı bu cür qiymətləndirdi.

 

- Deməli, sosial media müəyyən mənada milli-mənəvi dəyərlərin itirilməsinə yol açır. Bəs, bu dəyərlərin itirilməsi də xalqdan-xalqa dəyişir? Yəni mühit fərqliliyi bu məsələdə özünü göstərir?

 

- Bütün kəşflər müəyyən millətlər tərəfindən olunub və onların hər biri mənsub olduğu millətin dəyərlərini özündə əks etdirib. Mən deməzdim ki, sosial media dəyərlərin tamamilə itirilməsinə gətirib çıxarır. Bu, ola da bilər, olmaya da bilər, baxır münasibətimizə. Türkiyədə bir məqalə yazmışdıq: “Üç T-siz axşamlar”. Yəni televizor, telefon və tablet (planşet). Məsələn, uşaq narahat olduğu zaman valideyn ona telefon verir, yaxud televizoru yandırır, ki son zamanlar artıq televizor da uşaqlar üçün maraqsızlaşıb. Valideyn uşağı başından eləmək üçün telefon və ya tablet təklif edir, bu da gələcəkdə asılılıq meydana gətirir. Daha sonra ailədaxili ünsiyyətdə qopmalar özünü göstərir. Avropa ölkələrində isə belə problemlər yaşanmır, çünki texnologiya onların komfort zonalarına daxil olub. Düşünürəm ki, bizim cəmiyyətdə bu kimi anlaşılmazlıqlar da ən qısa vaxtda aradan qaldırılacaq.

 

- Sosial media özündə rəngarəng fikirləri əks etdirsə də, hər kəsin bir “qutunun” içində birrəngli olması paradoksu da ortaya çıxır. Bu, necə həll oluna bilər?

 

- 100 neqativ insan arasında bir pozitiv olmaq çətindir, bunun əksi də eyni vəziyyətdir. Sosial mediaya baxdığımızda, bu, kollektiv şüurun formalaşmasına gətirib çıxarır. Dünyada hər bir sistem güclünün tərəfindən çıxış edir. Məsələn, mən sözükeçən biri olaraq, sosial medianın zərərli olduğunu desəm, mənim yanımdakı da bunu təsdiqləsə, digərləri də artıq buna inanmağa başlayacaq. Ta ki onların arasından bir nəfər bunu özü tətbiq edib və bu cür olmadığı qənaətinə gələnə qədər. O, üsyan edəcək və digərləri də ya onu sakitləşdirəcək, ya da yox. Yəni ya həmin insan sıradan çıxacaq, ya da digərləri onu sakitləşdirənə kimi gözləyəcək və sonra davam edəcəklər.  

İnformasiya paylaşdıqca çoxalır. Məsələn, məndə bir informasiya varsa və siz mənə başqa birini verirsinizsə, məndə iki informasiya olur. Lakin bunu qələm üzərində tətbiq etsək, mən sizə və siz də mənə qələm versəniz, nəticədə iki yox, bir qələmimiz olacaq. Bu baxımdan sosial medianın bir sıra müsbət cəhətləri var. Təfərrüatlarla baxmaq üçün SWOT analizi çıxaraq: sosial media informasiyanı bölüşmək baxımından çox faydalıdır, hər kəs öz fikirini açıq şəkildə ifadə edə bilər, bizim ehtiyacımız olan informasiyaları tez, qısa və məhsuldar şəkildə əldə edə bilərik. İndi isə ziyanlı tərəflərə baxaq: ünsiyyətdə problemlərin yaranması, əlaqələrin qopması–sosial media bizi kilometrlərlə uzaqda olanlara yaxınlaşdırır, eyni zamanda yaxınımızdakılardan uzaqlaşdırır, insanların düşüncə qəliblərinin daralması da baş verə bilər. Tutalım, siz psixoloq, mən həkim, digəri isə dizaynerdir. Beləcə, hər birimiz öz istiqamətimizə uyğun rəqabətdə olacağıq. Məsələn, dizayner sosial mediada həkimi və psixoloqu görsə də, dizaynerlərlə daha çox maraqlanacaq. Bu zaman bir problem də ortaya çıxır. İnsan həyatda ya uğur, ya narahatlıq, ya depressiya, ya da hüzur bölümündə olur. Dizayner sosial mediada özündən daha nəhənglərini gördükdən sonra, o, nə qədər zirvədə idisə, bir o qədər də düşüş yaşayacaq.

 

- NLP insan beyininin, sosial media isə toplumun idarə olunmasıdır yanaşması ilə baxsaq, sizcə, bu proqramlaşdırmalar fonunda insan düzrəngli robota çevrilir?

 

- Sərbəstliyi əsas götürsək, insanın bu baxımdan bir üst, bir də alt limitləri olur. Hər kəs üçün təbii və nizamlayıcı sistemlər var. Biz qarşımıza müəyyən məqsəd qoyuruqsa, əvvəlcə, fərqindəlik olmalıdır, nə istədiyimizi bilməli, hədəf müəyyənləşdirməli, strategiyalar qurmalı və həmin strategiyaları tətbiq etməli, istədiyimiz nəticəni alana qədər də davranışları təkrarlamalıyıq. Tutalım, Nicat adlı oğlan universitetə daxil olub və qrupdakı qızlarla ünsiyyət qurmaq istəyir. Bu zaman yuxarı kateqoriyada Xədicə və Leyla, aşağıda isə Aysel və Nigar var (adlar şərtidir – N.A.). Nicat özündən yuxarı kateqoriyadan çəkinəcək, aşağı kateqoriyadakılar isə ona “pas versə də”, özü baxmayacaq. Qalacaq orta yol. Halbuki Nicat sonradan görəcək ki, Leyla heç onun düşünmədiyi biri ilə birlikdədir. Onun baxış bucağı geniş olmadığına görə, bilməyəcək ki, Nicatın özü üçün təyin elədiyi özəlliklər Leyla üçün önəmli deyil. Bunun formalaşmasında da sosial media mühüm rol oynayır. Çünki, o, yuxarı kateqoriyanın baxışlarını sosial mediadan öyrənib. Burada NLP dövrəyə girir və göstərir ki, digər aspektlərdən də baxmağı bacarmalı, istədiyimiz nəticəni əldə edənə qədər davranışları tətbiq etməli və lazım olarsa, onları dəyişdirməliyik. Davranışların tətbiqi də neyronlardan asılıdır, ola bilər ki, yaxşı bir strategiya yazmısınız, amma onu tətbiq etməkdə çətinlik çəkirsiniz, çünki motivasiya lazımdır. Davamlı motivasiyada isə NLP böyük təsirə malikdir. NLP də, sosial media da insan beyininin məhsuludur və o, hansısa bir sistemi idarə eləməyi öyrənərsə, bunu bütün sistemlərə tətbiq edə bilər. Bu zaman sosial mediadan istifadə məqsədləri, sosial medianın özünün varlığı və məqsədlə sosial media arasındakı necə bir rabitə olması müəyyənləşdirilməlidir, yəni məqsəd, ünsür, rabitə üçlüyü.

 

- NLP dərslərinizdə sosial mediadan xüsusi bəhs edirsiniz?

 

- Xüsusi olaraq xeyr, amma NLP həyatın bütün sahələrinə tətbiq oluna bilən sistem olduğu üçün sosial media asılılığından qurtulmaq və s. məqsədlərdə də faydalı ola bilər. Həmçinin NLP dərslərinin keçilməsinin özündə də sosial mediadan istifadə edirik. Yəni sosial media vasitəsilə məqsədlərimiz üçün xariclə onlayn olaraq əlaqə saxlayırıq.

 

Nurlan AĞA,

BDU Beynəlxalq jurnalistika kafedrası, magistrant

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi