Modern.az

Keçmiş nazirin adam oğurluğunda suçlanan qardaşı azadlığa buraxılıb  

Keçmiş nazirin adam oğurluğunda suçlanan qardaşı azadlığa buraxılıb   

18 Mart 2019, 17:58

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsdə olan qardaşı Əvəz Əhmədov azadlığa buraxılıb. Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.

Ə.Əhmədov CM-in 145 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurdu. Amma Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası ona verilən ittihamları CM-in 322-ci (özbaşınalıq) maddəsinə tövsif edib və sabiq nazirin qardaşını cəmi 2 min manat cərimələyib.

Prokuror Ə.Əhmədova 12 il həbs cəzası istəmişdi.

Martın 18-də hökm elan olunmamışdan öncə Ə.Əhmədov son sözünü deyib. O, qısaca məhkəmədən ədalətli hökm çıxarılmasını istəyib. Ardınca hakimlər müşavirəyə gedib və bir neçə dəqiqə sonra qayıdıb hökmü elan ediblər.

Hökm dərhal icra olunub və Ə.Əhmədov məhkəmə zalından azadlığa çıxıb.

İttihama əsasən, Ə.Əhmədov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti İdarəsinin sabiq rəisi, tibb xidməti polkovniki Hörmət Əsgərova sələmlə 100 min dollar verib. H.Əsgərovdan faizi ilə birlikdə 140 min dollar pulu geri istəyəndə o, qaytara bilməyib. Buna görə də Ə.Əhmədov onu özünün «Park-Plyus» adlı restoran-əyləncə mərkəzinə çağırıb, orada onu döyüb, girov saxlayıb. H.Əsgərov qohumu Rəşad Tahirova zəng edərək, ondan pulun ödənilməsində kömək istəyib. Bundan sonra sabiq nazirin qardaşı artıq R.Tahirovdan pulu tələb etməyə başlayıb, onu və yaxınlarını hədələyib, evlərinin sənədlərini əlindən alıb. Axırda 140 min dolları alandan sonra ondan əl çəkib.

Bu hadisə iki il öncə baş versə də, Ə.Əhmədov qardaşı nazir vəzifəsindən uzaqlaşdırılandan sonra cinayət məsuliyyətinə cəlb olunub.

Əhməd Əhmədov 2000-2017-ci illərdə Naxçıvanın daxili işlər naziri olub.

Ə.Əhmədov özünü təqsirli bilmir. Deyir ki, pulu R.Tahirovun özünə birgə biznes məqsədilə vermişdi və onu tələb edirdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır