Modern.az

Azərbaycan demokratiya yolunda inamla irəliləyir

Azərbaycan demokratiya yolunda inamla irəliləyir

18 Mart 2019, 21:35

Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin növbəti əfv Sərəncamı humanizmin daha bir təzahürüdür

 

“Demokratik dəyərlərə sadiqlik, insan hüquq və azadlıqlarının qorunması üçün mükəmməl qanunvericilik bazasının yaradılması hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən dövlətimizin siyasətinin prioritetləri sırasındadır. Demokratiya təcrübəsi dünyaya nümunə olan Azərbaycanın humanizm prinsiplərinə sadiqliyi beynəlxalq aləmdə də yüksək dəyərləndirilir, 1995-ci ildən bəri imzalanan əfv sərəncamları və qəbul olunan amnistiya aktları demokratiyanın inkişafına xidmət edən mühüm addım kimi şərh olunur. Ümumilikdə, atılan hər bir addım insan amilinə verilən dəyərin aydın ifadəsidir”. Bu fikirləri Modern.az-a YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin  Novruz bayramı ərəfəsində imzaladığı növbəti əfv Sərəncamını şərh edərkən bildirib.

 

V.Rəhimzadə qeyd edib ki,  son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin insan hüquqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində atdığı addımlar göz önündədir: «Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Milli Konstitusiyamızın qəbulundan ötən  24 ilə yaxın müddət ərzində  sənədə əlavə və dəyişikliklərin edilməsi məqsədilə  keçirilən 2002, 2009 və 2016-cı illər ümumxalq səsverməsinə çıxarılan  dəyişikliklərin  bir qismi  idarəetmə sistemində təkmilləşməyə xidmət edirsə, digər əsas hissəsi  insan hüquq və azadlıqlarının  qorunmasına yönəlib.  «Dövlətin ali məqsədi» maddəsinə edilən əlavə insan amilinə verilən dəyərin bariz nümunəsidir. Belə ki, həmin əlavədə bildirilir ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması, həmçinin onların yüksək həyat səviyyəsinin təmin edilməsidir.  Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə  18 iyunun ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilməsi də deyilənlərin bariz nümunədir».

 

Baş redaktor bildirib ki, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsi olan humanizm prinsiplərinə hörmət və dəyər ölkə Prezidenti İlham Əliyevin  siyasətində də öz prioritetliyini saxlayır: «Cənab Prezident İlham Əliyevin  əlamətdar günlər ərəfəsində  əfv sərəncamları imzalaması  əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir.   1995-ci ildən bu günə 60-dan çox əfv sərəncamı imzalanıb  və 11 amnistiya aktı qəbul olunub. Nəticədə  on minlərlə  insan azadlığa qovuşub.  Qeyd edək ki, 32 əfv sərəncamı və 7 amnistiya aktı 1995-2003-cü illərdə həyata keçirilib. Ölüm hökmünün ləğv olunması, əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu ilə  məhkumların  azadlığa qovuşub cəmiyyət üçün faydalı şəxsiyyətə çevrilmələrinə  şəraitin  yaradılması Heydər Əliyev siyasətinin mühüm istiqamətlərindən biridir. Son amnistiya aktlarından 4-nün təşəbbüsçüsü  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır.  Qəbul olunmuş hər bir amnistiya aktını humanizm prinsiplərinin, ideyalarının qələbəsi kimi dəyərləndirən Mehriban xanım Əliyeva daim bildirir ki, əsası ulu öndər  Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulmuş bu siyasət nəticəsində minlərlə insan azadlığa buraxılaraq normal həyata qayıdıb və bu gün də bu ənənələr davam edir. Hər bir insan ləyaqətlə və azad yaşamağa layiqdir. Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, bağışlayıb cəmiyyətimizə qaytarmaqla  onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini başa düşüb doğru yola qayıtmağa kömək edilir. Mərhəmətlilik, geniş qəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilib”.

 

V.Rəhimzadə bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin  16 mart 2019-cu il tarixli «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» Sərəncamı  ilə  yüzlərlə məhkumun əfv olunması humanizm prinsiplərinə sadiqliyinin  bir daha təsdiqidir. “Bu Sərəncam 431 nəfər məhkuma şamil olunub. Onlardan 399-u cəzasının çəkilməmiş hissəsindən azad edilib, həmçinin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir neçə nəfərin cəzası yüngülləşdirilib. Bu mühüm məqamı da unutmayaq ki,  əfv Sərəncamı təkcə  431 nəfərə deyil,  həmin şəxslərin hər birinin ailəsinə, övladlarına, valideynlərinə bəxş olunan sevincdir ki, bu da ümumilikdə  yüzlərlə insanın sevinci deməkdir.

 

Baş redaktor əlavə olaraq vurğulayıb ki, bütün hüquqlarımız dövlət tərəfindən qorunur: “Hüquqlarımızla yanaşı, vəzifələrimizin də olduğunu unutmamalıyıq. Dövlətimiz  üzərinə düşən məsuliyyəti qəbul etdiyi mühüm əhəmiyyətli dövlət proqramları, qanunlarla, imzalanan Fərman və sərəncamlarla gerçəkləşdirirsə, ölkə vətəndaşları da onların icrasına verdikləri töhfələrlə cavablandırmalıdırlar. Azərbaycan demokratiya yolunda inamla irəliləyir. Demokratik dəyərləri dünəninin, bu gününün və sabahının əsası kimi dəyərləndirən Azərbaycan davamlı addımları ilə bu reallığı da diqqətə çatdırır ki, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, uğurlu gələcək üçündür.  «Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan  istifadə etdiyi cəmiyyət qururuq» fikri ilə prioritetləri açıqlayan möhtərəm Prezidentimiz  İlham Əliyev, eyni zamanda, bildirir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir, biri digərsiz mümkün ola bilməz”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?