Modern.az

“Beyləqanda hamı millət vəkili kimi məhz məni görmək istəyir” - Tapdıq Abbas indidən qərar verib

“Beyləqanda hamı millət vəkili kimi məhz məni görmək istəyir” - Tapdıq Abbas indidən qərar verib

Hadisə

19 Mart 2019, 08:36

“Beyləqan əhalisinin təkidi ilə beşinci dəfə parlament seçkilərində iştirak edəcəyəm”.

Bu barədə Modern.az-a “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas bildirib. O fərdi olaraq, siyasi partiya yaradacağı haqqında fikirlərə də münasibət bildirib:

“Mən hazırda qəzetçiliklə məşğulam. Mətbuat Şurasının İdarə Heyətində idim və işlərim çox olduğuna görə, istefa verdim. Baş redaktorluqla bərabər, Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimiyəm. Ona görə də proqramım doludur.

Belə söyləntilər yayılıb ki, yeni partiya yaradacağam. Bu söz-söhbətin heç bir əsası yoxdur. Sadəcə, siyasi dairələrlə dialoqlar aparırıq. Mətbuatda da, siyasi dairələrdə də müəyyən məsələlərlə, indiki proseslərlə əlaqədar mənə müraciət edənlər çoxdur. Müxtəlif partiya liderləri təcrübəli siyasətçi kimi mənim də proseslərə rəy bildirməyimi, bu sahədə iştirkamı istəyirlər. Çünki əvvəl Azad Demokratlar Partiyasını yaratmışdıq. Mən orada Məclis sədri idim”.

Tapdıq Abbas digər şayiələrə - Hafiz Hacıyevin rəhbərlik etdiyi Müasir Müsavat Partiyasına qoşulması söz-söhbətinə də son qoyub. Onun sözlərinə görə, H.Hacıyevlə dostluq münasibətləri qalır, amma onunla əlaqədar fəaliyyəti hələlik yoxdur:

“Hafizin partiyasına qatılmaq niyyətində deyiləm. Hazırda Qarabağ Azadlıq Təşkilatındayam. Təşkilatın sədri ilə müəyyən məsələrlə bağlı əməkdaşlığımız davam edir. Düşünürəm ki, bundan sonra da Qarabağla bağlı olan təşkilatlarla çalışacağam. Təbii, paralel olaraq, mətbuatda fəaliyyətimiz də davam edəcək”.

Baş redaktor beşinci dəfə parlament seçkilərinə qatılacaq:

“Gələn il parlament seçkiləri olacaq. Bölgəm olan Beyləqan zonasından dəfələrlə namizədliyimi irəli sürmüşəm. Rayonla əlaqələrim çox yaxşı olduğundan əhali, tanıyanlar namizəd olmağımı israr etdilər. Mən özüm istəmirəm açığı, amma seçicilər Beyləqanın millət vəkili kimi məni görmək istəyirlər. Mənim qərarsız qalmağımın səbəbi isə seçki mühitinin hələlik istədiyimiz səviyyədə olmamasıdır. Amma çox güman ki, beyləqanlıların istəyini nəzərə alacağam”.

Qeyd edək ki, Tapdıq Abbas Müsavatın üzvü olarkən  2010-cu ildə mərhum eks-prezident Heydər Əliyevin məzarını ziyarət etməsi partiya daxilində birmənalı qarşılanmamışdı. Böyük söz-söhbətlərdən sonra o, 2010-cu ildə Milli Məclisə seçkilər zamanı Müsavatdan getdiyini bəyan edib.  

T.Abbas sonradan Azad Demokratlar Partiyasında Məclis sədri olsa da, 2015-ci ildə öz təşəbbüsü ilə, bitərəf qaydada  deputatlığa namizədliyini irəli sürüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir