Modern.az

Müxalifət əfv sərəncamından razı qalıb? - Partiya sədrlərinin AÇIQLAMALARI  

Müxalifət əfv sərəncamından razı qalıb? - Partiya sədrlərinin AÇIQLAMALARI   

19 Mart 2019, 15:04

Ölkə başçısının bir neçə gün əvvəl Novruz bayramı münasibətilə imzaladığı əfv sərəncamı müxalifət liderləri tərəfindən də dəyərləndirilib.


Modern.az
-a bu barədə danışan sabiq deputat, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını alqışlayıb:

“Gözəl xanım Bayramlı daxil olmaqla bu gün azadlığa çıxan bütün məhbuslara “həmişə azadlıqda” deyirəm. Bu anda heç bir əlavə şərh vermədən bir qrup siyasi məhbusun azad olunması addımını alqışlayıram və bütün siyasi və vicdan məhbuslarının dərhal azad olunmasını istəyirəm. Allah qalanlarının da bağlı qapılarını açsın!”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə əfvi normal qiymətləndirir:

“Əfvə düşən şəxsləri təbrik edirik. Həmişə ev-eşiklərində olsunlar. Amma bu addım hamıya şamil olunmalı idi. İçəridə qalan məhbuslar kifayət qədər çoxdur. Keşkə onlar da əfvdən yararlana biləydilər”.


Azadlıqdan məhrum edilmiş şəxslərin azadlığa çıxmasını müsbət dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu azad olunan bütün məhbusları təbrik edib:


“Azadlıq insanların təbii hüquqlarına aiddir. İnsanların günahsız şəkildə həbsxanalarda yatması təbii hüquqlarından məhrum edilməsi deməkdir. Ona görə, mən bütün azad olunan məhbusları təbrik edirəm və əfv addımını müsbət qiymətləndirirəm. Azad olunanların içərisində siyasi məhbusların, uzun illərdir  beynəlxalq təşkilatların azad olunmasını tələb etdiyi şəxslərin olması cəmiyyətdə də müsbət fikirlər yaradır. Həmçinin, beynəlxalq ictimaiyyətin Azərbaycanla bağlı mövqeyinin dəyişməsinə də məhz bu addımlar səbəb olur”.

Bununla belə S.Cəlaloğlu siyasi məhbus problemininin bütövlükdə həll edilməməsindən təəssüflənib: “Siyasi məhbuslardan bəziləri həbsxanada qalmaqdadır”.

ADP sədri deyib ki, hüquq-mühafizə sistemində islahatlar aparılmasına ehtiyac var: “Məhkəmələr müstəqil deyil, istintaq prokurorluqdan ayrılmayıb, prokurorluq dövlətin adından çıxış edir, vəkillər institutu dövlətə məxsusdur və s. Müstəqil vəkillər yoxdur və vətəndaşların məhkəmələrdə effektiv müdafiə sistemi olmadığından hakimlər, prokurorlar istənilən sifarişi yerinə yetirirlər. Yalnış qərarlar çıxaran hakimlərin cəzalandırılmaması bu halların artmasına şərait yaradır. Ona görə, hüquq sistemində ciddi islahatlar aparılmadan siyasi məhbus problemi həll edilməyəcək”.

S.Cəlaloğlu deyib ki, ADP İdarə Heyətinin iclasında hökuməti siyasi məhbus məsələsinin köklü həlli ilə bağlı islahatlara getməyə çağırıblar:
“Bu islahatların bəzilərini sadaladıq. Bura istintaqın prokurorluqdan ayrılması, prokurorluğun dövlət adından çıxış etməsinin qarşısının alınması, müstəqil vəkillik institutunun yaradılması, Azərbaycan məhkəmələrinin Avropa Məhkəməsi tərəfindən ləğv edilən qərarlarını çıxarmış hakimlərin cəzalandırılması kimi təkliflər aiddir”.


Müsavat Partiyasının sədri Arif Hacılı da həbsxanalarında hələ də günahsız məhbusların qalmasaından təəssüfləndiyini vurğulayıb:

“Məhbusların sayının az olması cəmiyyətin xeyrinədir. Bu mənada siyasi məhbusların bir hissəsinin azadlığa buraxılması müsbət hadisədir. Lakin onların tam şəkildə azad edilməməsi bu addımın yarımçıq addım kimi qalmasına səbəb oldu. Eyni zamanda, istər ölkəmizin özündə, istərsə də beynəlxalq birlik tərəfindən ciddi müdafiə olunan, azadlıqları tələb edilən jurnalistlər əfvə düşmədilər. Seymur Həzinin, Əfqan Muxtarlının, Fuad Əhmədovun, Azad Həsənov və başqaları da azadlığa buraxılmalı idilər”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı