Modern.az

ASAN Xidmətə yeni sədr müavini təyin edildi - DOSYE

“ASAN Xidmət”ə yeni sədr müavini təyin edildi - DOSYE

19 Mart 2019, 16:27

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ceyhun Salmanov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin olunub.

 

Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, Ceyhun Akif oğlu Salmanov 22 dekabr 1986-cı ildə anadan olub. Ceyhun Salmanov 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində iqtisadi kibernetika ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ABŞ-ın Corciya Dövlət Universiteti ilə müştərək həyata keçirilən MBA (Biznesin təşkili və idarəedilməsi) istiqaməti üzrə magistr təhsili alıb. Həmçinin 2015-2016-cı illərdə Birləşmiş Krallığın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) İnformasiya Sistemləri və Rəqəmsal İnnovasiyaların İdarə olunması ixtisası üzrə magistr təhsilini davam etdirib. 

2010-2012-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Aparatının Dövlət aparatının maliyyəsi şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 

19 noyabr 2012-ci il tarixdən 27 avqust 2013-cü il tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial innovasiyalar və strateji araşdırmalar şöbəsinin Strateji araşdırmalar sektorunun müdiri, 27 avqust 2013-cü il tarixindən isə Dövlət Agentliyinin Elektron hökumət və rəqəmsal innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Həmçinin 20 iyun 2018-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri vəzifəsinə təyin olunub. 

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin olunub. İngilis, rus dillərini bilir. Ailəlidir, 2 övladı var. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər