Modern.az

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”

23 Mart 2019, 12:24

Pakistan İslam Respublikasının Milli Günü münasibətilə Pakistanın Azərbaycandakı səfirliyində bayraqqaldırma mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva da iştirak edib. Çıxış edən Pakistan səfiri Səid Xan Mohmand Pakistanın qurulmasının tarixindən, eləcə də Pakistan-Azərbaycan əlaqələrindən danışıb.

 

Səfir bildirib ki, Azərbaycan və Pakistan bir çox sahələrdə əməkdaşlıq edir. “Əlaqələrimiz hər gün daha da inkişaf edir. Pakistan və Azərbaycan qardaş dövlətlərdir. Pakistan Azərbaycana dəstək verdiyi Azərbaycanda hər zaman Pakistana dəstək verir. İki ölkə arasında ticarət və turizm sahəsində ikitərəfli münasibətlər, eləcə də ölkə liderləri səviyyəsində əlaqələr çox yaxşıdır. Müşahidələr göstərir ki, Pakistandan Azərbaycana gələn turistlərin sayında da artım olur".

 

Jurnalistlərə açıqlama verən deputat Qənirə Paşayeva deyib ki, Pakistan Azərbaycan üçün qardaş ölkədir. "Pakistan hər zaman Azərbaycanın yanındadır. Biz dəfələrlə Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri olaraq Pakistanda olmuşuq. Pakistandakı bütün görüşlərdə eyni mesaj verilib.

 

Bu mesaj müdafiə nazirimiz Zakir Həsənovun Pakistana səfərində bir daha səsləndi ki, Pakistan torpaqların işğaldan azad olunması məsələsində hər zaman Azərbaycanın yanındadır. Pakistan Ermənistanı bir dövlət olaraq tanımır, heç bir diplomatik münasibətlər qurmur və bütün beynəlxalq platformalarda birmənalı olaraq Azərbaycanın yanındadır. Ədalətin müdafiəsi, qardaşlıq, dostluq elə bunu ehtiva edir.

 

Önəmli günlərdə, hadisələrdə hər zaman Azərbaycan dövləti qardaş Pakistanın yanında olub. Ümummilli liderimiz Heydər Əliyevin dövründən başlayaraq indiyəqədər də bu siyasət davam etdirilir. Pakistan Xocalı soyqırımını tanıyıb, bununla bağlı sənədlər qəbul edib, Ermənistanla heç bir əlaqə qurmur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir