Modern.az

Ermənistanlı gənclər Qarabağda ölmək istəmirlər - “Azərbaycan vəziyyətdən istifadə etməlidir”

Ermənistanlı gənclər Qarabağda ölmək istəmirlər - “Azərbaycan vəziyyətdən istifadə etməlidir”

25 Mart 2019, 12:47

Ermənistanda hərbi üsyanlar artmağa başlayıb. Etirazların əsas səbəbi əsgərlərin valideynlərinə xəbər vermədən işğal altında olan Dağlıq Qarabağda hərbi xidmət çəkməyə göndərilməsidir. Ermənistandakı bu etirazların miqyası böyüyəcəkmi? Azərbaycan bu vəziyyətdən necə istifadə etməlidir?

Məsələ ilə bağlı Modern.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanda əvvəllər də belə etirazlar olurdu:
 

“Robert Koçaryanın, Serj Sarkisyanın zamanında da əsgərləri heç bir məlumat vermədən Dağlıq Qarabağa göndərirdilər. Hətta buna görə Yerevanda “Əsgər Anaları Cəmiyyəti” yaranmışdı. Onlar da hər dəfə oğullarının Dağlıq Qarabağa göndərilməsinə etiraz edirlər.  Paşinyan hakimiyyətə gələndən sonra artıq bunu gizlətmək olmadı ki, erməni gənclər Dağlıq Qarabağda xidmət etmək istəmirlər. Onsuz da gənclərin sayı azalıb, ölkəni tərk edib qaçırlar. Ermənistanda hərbi xidmətdən yayınma halları həddindən artıq çoxalıb. Amma Azərbaycan gəncləri böyük həvəslə gedib cəbhə xəttində hərbi xidmətini çəkir. Azərbaycan gənci qarşısına məqsəd qoyur ki, torpaqlarımızı işğaldan azad edəcəyiq. Ancaq Ermənistanda  doğulan gənc gedib Dağlıq Qarabağda ölmək istəmir. Son zamanlar Ermənistanda belə aksiyaların miqyası genişlənib. Hətta onlar cəbhə xəttinə göndərməyə gənc tapmırlar. Təmas xətti çox uzun məsafədir, hərbi qüvvələr yerləşdirilməlidir, Azərbaycanın buna gücü də çatır, maliyyəsi də var. Amma Ermənistanda bunların heç biri yoxdur. İnsani potensialda getdikcə azalır. Buna görə də düşünürəm ki, Ermənistanda etirazların miqyası artacaq”.

Politoloq deyib ki, Paşinyanın oğlunu Dağlıq Qarabağa hərbi xidmət çəkməyə göndərməsi piar üçün atılan addımdır.

“Paşinyan bu piar aksiyası ilə demək istəyirdi ki, mən oğlumu Dağlıq Qarabağa göndərirəmsə, istənilən Ermənistan vətəndaşı öz övladını Qarabağa göndərsin. Amma bu piarın da erməni gənclərinə  elə bir xeyri, müsbət təsiri olmadı. Bilmirik ki, Paşinyanın oğlu necə əsgərlik çəkir, bəlkə də sakit bir yerdədir, onu təmas xəttinə də buraxmırlar.  Çünki cəbhə bölgəsində vəziyyət gərgindir, hər an vəziyyət dəyişə bilər”.



E.Şahinoğlu bildirib ki, Ermənistan ordusun başqa problemlər də var:

“Orduda ərzaqla bağlı çox ciddi problemlər var, münasibətlər sistemi çox bərbad vəziyyətdədir. Öz aralarında atəş açıb bir-birlərini qətlə yetirirlər. Belə hallar da etirazların artmasına səbəb olur. Bir var Ermənistanda xidmət edəsən, bir də var ki, valideynlərinin xəbəri olmadan onları Dağlıq Qarabağa göndərirlər. Bütün ermənilər bilir ki, Azərbaycan işğalla barışan deyil, hər an müharibə başlaya bilər. Bu risqə görə Ermənistanda doğulan gənclər Dağlıq Qarabağda xidmət etmək istəmir”.

E. Şahinoğlu deyib ki, Azərbaycan bu vəziyyətdən istifadə edib təzyiqi artırmalıdır.

“Onların itkiləri artdıqca qorxuları da artacaq, vəziyyət daha da gərginləşəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir