Modern.az

1990-cı ildə Ermənistan Azərbaycana necə hucum etmişdi? - Şeyxin atdığı mandat, deputatların qəzəbli müraciəti - FOTO 

1990-cı ildə Ermənistan Azərbaycana necə hucum etmişdi? - Şeyxin atdığı mandat, deputatların qəzəbli müraciəti - FOTO 

Ölkə

26 Mart 2019, 15:52

29 il əvvəl - 1990-cı ilin martında Azərbaycan ictimaiyyətinin tanınmış simalarının imzaladığı və SSRİ rəhbərliyinə ünvanladığı qəzəbli bəyanat ölkədə geniş rezonans doğurmuşdu.

Qanlı Bakı qırğınından hələ özünə gələ bilməmiş Azərbaycan bu dəfə Ermənistan SSR-in ölkəmizin bütün sərhədboyu kəndlərinə etdiyi planlı silahlı hucumundan qəzəblənmişdi. Naxçıvanın Sədərək kəndindən tutumuş Qazax rayonunun sərhəd kəndlərinə qədər başlanan bu hucumda erməni silahlıları ən müasir avtomatlardan, artilleriyadan istifadə edirdilər.

Azərbaycan ictimaiyyəti xüsusən Qazax rayonunda baş vermiş dəhşətli hucumdan sarsılmışdı. 

1990-cı ilin martın 23-dən 24-nə keçən gecə erməni silahlı dəstələri Qazax rayonunun Bağanıs -Ayrım kəndinə hucum edərək, kəndi işğal etmişdilər. Qabaqcadan təşkil edilmiş plan əsasında hücuma məruz qalan kənd  martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olundu.  Xüsusu strateji əhəmiyyəti olan Bağanıs Ayrım kəndi İcevan–Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndin işğalını xüsusi plan əsasında həyata keçirmişdi. 
İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulub. Kənddə 5 nəfərdən ibarət ailə xüsusi amansızlıqla qətlə yetirilərək, yandırılmışdı. Bundan başqa, 10 nəfər dünyasını dəyişmiş, 15 nəfərdən çox insan yaralanmış. 100-dən  çox evi olan kənd talan olunmuş, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilmişdi. Bununla da Bağanıs Ayrım ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşdü.

Bütün bunlar isə dünyanın ən böyük və güclü dövləti sayılan SSRİ-də baş vermişdi.

Həmin dövrün sənədlərinə baxdıqda Azərbaycan ictimai-siyasi kəsiminin ölkəmizə qarşı birtərəfli qaydada aparılan bu müharibəyə SSRİ rəhbərliyinin laqeyd mövqeyindən necə qəzəbləndiyini görmək  olur.

Bu hucumdan 10 gün əvvəl isə Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov SSRİ Xalq Deputatlarının Qurultayında prezident postuna seçilmişdi. SSRİ prezidentinin andiçmə mətni belə idi: “Ölkəmizin xalqlarına sidq-ürəklə qulluq edəcəyimə, SSRİ Konstitusiyasına, vətəndaşların hüquq və azadlıqlarına qarant olacağıma, SSRİ prezidenti kimi üzərimə qoyulmuş mühüm öhdəlikləri vicdanla yerinə yetirəcəyimə təntənəli sürətdə and içirəm”.

Özünü SSRİ prezidenti postuna seçdirən Mixail Qorbaçov bu təntənəli vədə rəğmən  etnik və sosial problemlər girdabına düşən sovet dövlətini xilas edə bilmədi. Bu baxımdan Kremlin Azərbaycana qarşı siyasəti daha qərəzli və birtərəfli idi.

Azərbaycana sərhədboyu başlanmış bu hucum ölkənin ictimai həyatını daha da dalğalandırdı.  1990-cı il martın 31-də Azərbaycandan seçilmiş SSRİ xalq deputatları prezident Mixail Qorbaçova müraciət ünvanlayaraq, Ermənistanın hucumuna, Bağanıs Ayrım faciəsinə qiymət verməyi tələb etmiş, Qarabağ probleminin həllində Mərkəzin birtərəfli mövqeyinə ciddi etirazlarını bildirmişdilər.


Azərbaycandan olan SSRİ xalq deputatlarının imzaladığı müraciətdə deyilirdi: “Bu il martın 24-də və 26-dək erməni yaraqlıları Ermənistanla bütün sərhəd boyunca Azərbaycan SSRİ ərazisinə silahlı basqın etmişlər. Silahlı hucum zamanı müasir avtomatlar və ağır artelleriya işlədilib. Qazax rayonunun sərhədyanı kəndləri və Naxçıvan MSSR-in Sədərək kəndi top atəşinə tutulub. Erməni terrorçuları Azərbaycan dəmir yolunun Ermənistan SSR-in Mehri rayonu ərazisindən keçən hissəsində partlayış törədiblər. Noraşen-Bakı qatarının sərnişinləri qurban getməli idilər, yalnız xoşbəxtlikdən heç kəsə xəsarət dəyməyib. Aydın deyil ki, Sovet Ordusunun və daxili qoşunların rəhbərliyi nəyə görə terrorçuların azğın hərəkətlərinə fikir vermir? Ermənistan ərazisindən yaxşıca silahlanmış və Azərbaycan SSR-ə qarşı elan edilməmiş müharibə aparan çoxminli ordunun əməllərinə niyə göz yumur?

Azərbaycandan olan SSRİ xalq deputatları sizə müraciət edərək sizə verilmiş bütün prezident səlahiyyətlərindən istifadə edərək təxirəsalınmaz tədbirlər görməyi təkidlə tələb edirlər:
-Ermənistan SSR-də əslində nizami orduya çevrilmiş silahlı dəstələrin dərhal tərksilah edilməsi üçün qoşunlardan istifadə edilsin.

-Zaqafqaziyaya silah, o cümlədən ən müasir silahlar gətirən kanallar təcili sürətdə müəyyən edilsin”.  


Müraciəti  SSRİ xalq deputatı olan Anar, Arif Məlikov, Mirzə İbrahimov, Həsən Turabov, Allahşükür Paşazadə və digərləri imzalamışdı.


Digər bir müraciəti isə Azərbaycanın yeddi ictimai-siyasi təşkilatı qəbul etmişdi. Həmin müraciətdə deyilirdi ki, martın 24-26-da edilən hucumları Azərbaycan SSR-in süverenliyinə və ərazi bütövlüyünə silahlı qəsd kimi qiymətləndirirlər:
“Biz sual edirik? Cəzasızlıq nə vaxta qədər davam edəcək? Nə üçün 7 milyonluq Azərbaycan xalqı DQMV-in 140 min nəfərlik erməni əhalsinin iddialarına qurban verilir? Nə üçün Azərbaycan paytaxtında fövqəladə vəziyyət qüvvədədir, ölkənin ictimai-siyasi, mədəni həyatını iflic edir, amma qanunun cəzaverici qılıncı beynəlxlaq ekstemizimin və terrorizm yuvası olan Ermənistanda kəsərdən düşür?
Erməni millətçilərinə, qanlı münaqişənin təşkilatçılarına qarşı dərhal ən qəti və təsirli tədbirlər görməyi, quldur birləşmələrinin tərksilah edilməsini və cəzalandırılmasını tələb edirik”. 

 


Bu müraciəti “Qayğı” Cəmiyyəti, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi, Qarabağa Xalq Yardımı Komitəsi, Qaçqınlar Cəmiyyəti, Respublika Qadınlar Şurası, “Vətən” Cəmiyyəti, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Şurası, Azərbaycan Ziyalıları Demokratik İttifaqı imzalamışdı.


O ərəfədə daha bir ciddi addım Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə tərəfindən atıldı.  Şeyxülislam Allahşükür Paşazadə SSRİ rəhbərliyinin Azərbaycana qərəzli münasibətinə, Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz əlaməti olaraq, SSRİ Xalq deputatı mandatından imtina etdi.

 

Bundan 2 ay əvvəl - 1990-cı ilin 20 yanvar qırğınına görə Mixail Qorbaçovu sərt ittiham edən Allahşükür Paşazadənin bu mövqeyi bütün dünyada ciddi rezonans doğurmuşdu. SSRİ rəhbəri ordunun şəhərə girməsinin rəsmi səbəbini Azərbaycanda hakimiyyəti ələ keçirmək istəyən “islam fundamentalistləri” ilə mübarizə kimi göstərdi. O, sovet xalqına müraciətində utanmadan bildirdi ki, “Azərbaycanda islam üsul-idarəsinin bərqərar olunmasına cəhd edilib”.

 

O zaman respublika rəhbərliyinin bu ittihamlara heç bir rəsmi münasibət bildirməməsi, müəmmalı sükutu və qorxaq açıqlamaları azərbaycanlıların haqlı qəzəbinə səbəb olurdu.  Məhz bu zaman Allahşükür Paşazadə Kremli, şəxsən SSRİ prezidenti Mixail Qorbaçovu ittiham edən bəyanatla çıxış etdi.  Öz məşhur müraciətində A.Paşazadə qeyd edirdi ki, Sovet Ordusunun Bakıya yeridilməsinə bəraət vermək üçün “islam faktorundan” istifadə olunması yalnız Azərbaycanın müsəlman və xristian vətəndaşları arasında düşmənçilik və qarşıdurma yaratmaq məqsədi daşıyır. Şeyx SSRİ rəhbərini bu qanlı qırğına görə lənətlədi. QMİ sədrinin bu bəyanatı bütün dünyada böyük rezonans doğurdu.

Bu baxımdan Şeyxülislam Allahşükür Paşazadənin yürüdülən bu siyasətə etiraz olaraq SSRİ xalq deputatı mandatından imtina etməsi sovet rəhbərliyinin Azərbaycan xalqı qarşısında məsuliyyətini bir daha dünyaya xatırlatmaqla ona qarşı cəsarətli demarşı idi. 

Yanvar qırğınından sonra Azərbaycanda aparılmış həbslər və repressiyalar ölkənin ictimai-siyasi həyatını iflic etmişdi.  Demokratik hərəkat pərən-pərən salınmış, rəhbərləri ya həbs edilmiş, ya da gizli fəaliyyətə keçmişdilər. Bakıda və bir sıra başqa şəhərlərdə hökm sürən fövqəladə vəziyyət Ermənistanın əl-qolunu açaraq, Azərbaycan torpaqlarına hucumuna şərait yaratmışdı. Buna baxmayaraq, o qanlı ildə  ölkənin ictimai xadimləri və siyasətçiləri SSRİ rəhbərliyinin belə qərəzli və birtərəfli siyasətinə öz etirazlarını nümayiş etdirə bilirdilər. SSRİ xalq deputatlarının müraciəti, digər bəyanatlar bu baxımdan əhəmiyyətli idi.

 

A.Səfərli

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi