Modern.az

Televiziyalarımızda hansı islahatlar lazımdır?

Televiziyalarımızda hansı islahatlar lazımdır?

Media

30 Mart 2019, 17:14

Bu ilin əvvəlindən etibarən Azərbaycanda ölkə başçısı tərəfindən aparılan əhəmiyyətli islahatların şahidi olduq. Sosial, iqtisadi, mədəni, o cümlədən siyasi sferalarda həyata keçirilən islahatlar əhali tərəfindən rəğbətlə qarşılandı. Bu cür addımların boşluq olduğu iddia edilən bütün sahələrə aid edilməsi arzuolunan məqamlar sırasındadır.

 

Bəs, qeyd etdiyimiz islahatlar fonunda televiziyaların fəaliyyətində hansı dəyişikliklər edilə bilər?

 

Bu barədə Modern.az-a danışan media eksperti Zeynal Məmmədlinin fikrincə, televiziya elə orqanizmdir ki, hər hansı bir sərəncamla, fərmanla qısa bir müddətin içərisində oradakı durumu düzəltmək mümkün deyil.

Z. Məmmədli hesab edir ki, televiziyada çalışan insanlar peşəkarlar olmalıdırlar və özlərini bu işə həsr etməlidirlər:

“Bütün bunlardan başqa ən birinci şərt yaradıcılıq mühitidir. Necə ki, insan oksigen olmasa ölür, televiziyalar üçün də sərbəst yaradıcı mühit elə oksigenə bərbərdir. Bunun ilkin şərti söz və ifadə azadlığıdır. Televiziyaların inkişafı, dəyişməsi hər hansı siyasi menecerdən asılı olmamalıdır. Çünki siyasi menecer üçün özünün siyasi maraqları, vəzifə və hökumət maraqları öndə gedir. Baxın, dövlət demirəm, sırf hökumət maraqlarından söhbət gedir.

 

Televiziyalarda yaradıcı, sərbəst mühit olmasa aydın məsələdir ki, işə qəbul, proqramlaşdırma, verilişlərin hazırlanması necə baş tutacaq. Böyük möcüzə sahibi olmalısan ki, televiziyalardakı problemi qısa müddətdə həll edəsən.

Müəyyən edilmiş çərçivə daxilində də maraqlı nə isə hazırlamaq olar. Məsələn, siyasi məhdudiyyət qoyulsa da uşaqlar haqqında maraqlı veriliş ərsəyə gətirmək mümkündür. Amma bunun da bir ucu gedib siyasətə dayanacaq. “Bu veriliş uşaqların tərbiyəsinə necə təsir edir”, “mənfi tərəfləri var”, “hansısa sətiraltı eyham yer alıb” və s. kimi düşüncələr baş qaldıra bilər. Amma heç olmasa bir dirənmə həddinə kimi davam edəcək şəxslər də yoxdur. Belə addımı ata bilmək üçün professional olmaq lazımdır. Amma baxın bu gün fəaliyyət göstərən peşəkarlara verilə biləcək maaş nə qədərdir?”.

 

Media eksperti bildirib ki, televiziyaların durumunu düzəltmək üçün reklam bazarı mütləq açıq olmalıdır, təyinatla fəaliyyət göstərməməlidir:

“İlkin şərtlər kimi bunlar həll edilməsə, hansı inkişafdan danışmaq olar? Növbəti mərhələdə kadr hazırlığı, televiziyalarda staj keçmək, öyrənmək mərhələsi gəlir. Bu özbaşına alınan məqam deyil, qurulmalıdır.

Qardaş Türkiyədə televiziya 1968-ci ildən mövcuddur. Bizdə isə 1956-cı ildə artıq televiziya var idi. Aramızda 12 il fərq var. Amma baxın, nə xəbərləri, nə siyasi verilişləri demirəm, sırf əyləncə proqramlarına görə Türkiyə televiziyaları bizdən qat-qat irəlidədir. Çünki yaradılan sərbəst mühit, azad reklam bazarı TV-lərin üstünlük qazanmasına şərait yaradır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır