Modern.az

Elmə, həyata, insanlara sevgi dolu bir ömür

Elmə, həyata, insanlara sevgi dolu bir ömür

Ədəbi̇yyat

31 Mart 2019, 17:00

Qısa arayış: Şəfəq Əlibəyli 1949-cu ildə Bakı şəhərində görkəmli şair, radio və televiziya xadimi, müəllim, jurnalist Ənvər Əlibəylinin ailəsində göz açıb. 190 saylı orta məktəbi bitirdikdən sonra o, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars dili üzrə təhsil alır. Tələbəlik illərində də dərin zəkası, bacarığı ilə seçilən Şəfəq xanım həmçinin Lenin təqaüdünə layiq görülür, 1971-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirir. 1971-1973-cü illərdə isə tale bu gənc mütəxəssisi Əfqanıstanın Kabil şəhəri ilə bağlayır və o buradakı  Kabil Politexnik İnstitutunda tərcüməçi kimi işə başlayır. Bir neçə ildən sonra artıq yüksək ixtisaslı, təcrübəli bir dilçi kimi ölkəsinə qayıdan Şəfəq xanım uzun müddət AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində elmi araşdırmalarını davam etdirir və filologiya elmləri doktoru, professor dərəcələrinə layiq görülür.

 

2004-cü ildən bu günə qədər professor Şəfəq Əlibəyli Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Komparativistika və bədii tərcümələr” şöbəsinə uğurla rəhbərlik edir.

 

Xoşbəxtlik ...

 

“Mənə elə gəlir ki, mən xoşbəxt insanlardanam. Çünki elə bir ailədə doğulmuşam ki, orada bizə insanlara məhəbbəti, sadəliyi öyrədiblər, etinasızlıqdan uzaq olmağı aşılayıblar”. Bu sözlərin müəllifi müsahibim, tanınmış şərqşünas, professor Şəfəq Əlibəylidir. Alim yeniyetməlik illərini yada salarkən deyir: “İndi başa düşürəm ki, şair Ənvər Əlibəylinin ailəsində doğulmaq böyük bir xoşbəxtlikdir. Anam hüquqşünas idi. Çox gözəl xanım idi. Atamın sözlərinə Rauf Hacıyevin bəstələdiyi “Sevgilim” mahnısı da anama həsr olunub. Mənim elmə üz tutmağımda bilavasitə atamın təsiri olub. Əvvəllər mən 173 nömrəli məktəbdə oxuyurdum. Üçüncü sinifdə oxuduğum zaman atam məni 190 nömrəli məktəbə keçirtdi. Səbəbini soruşanda isə mənə dedi ki, sənə sonralar anladaram. Mən bunu yadımda saxlamışdım. Beşinci sinifdə oxuyanda bizə fars dili tədris etməyə başladılar. Atam bir gün dedi ki, qızım, gəl mən sənə o vaxt verdiyin sualın cavabını söyləyim. Bizim  Xaqani, Nizami, Məhsəti kimi bir çox klassiklərimiz var. Onlar öz əsərlərini fars dilində yazıblar. Səbəbini soruşanda o, mənə başa saldı ki, əvvəllər müsəlman Şərqinin poeziya dili, nəzm dili, şeir dili fars dili olub. Onun arzusu idi ki, mən klassiklərimizin fars dilli əsərlərinin dili və üslubu ilə məşğul olum.

 

 

Elmə gəldikdə məni atam istiqamətləndirdi və universitetin şərqşünaslıq fakültəsinə daxil oldum. Elmə həvəsim elə tələbəlik illərindən başlayır. Gözəl müəllimlərimiz var idi. Dildən Təhminə Rüstəmova, Rəhim Sultanov və ədəbiyyatdan Mübariz Əlizadə kimi görkəmli alimlərimiz dərs deyirdilər. Onların mühazirələrinə qulaq asıb elm dalınca getməmək qeyri-mümkün idi”.

 

Şəfəq Əlibəyli ali təhsilini başa vurduqdan sonra 3 il Əfqanıstanda tərcüməçi işləyib. O bildirir ki, dilin möhkəmləndirilməsi üçün praktik təcrübənin çox böyük əhəmiyyəti var. “Mən artıq fars dilinin incəliklərini öyrəndikcə farsca düşünməyə də alışırdım. Həmin illərdəki yüksək səviyyəli tərcüməçilik fəaliyyətimə görə Ümumittifaq Gənclər İttifaqının Fəxri Fərmanı ilə təltif olundum”-deyə o əlavə etdi.

 

Ş.Əlibəyli Kabildə işlədiyi dövrdə bir texniki lüğət də çap olunub. Həmin lüğətin hazırlanmasında o da yaxından iştirak edib. 1985-ci ildə Azərbaycanda Şərq dilləri üzrə Dilçilik Şurası olmadığından Gürcüstan Dövlət Universitetində  “Fars dilində antonimlərin struktur-semantik təsnifatı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Maraqlı taleyi var bu dissertasiyanın.  İş Azərbaycanda yazılıb, xarici rəyə Ermənistanа göndərilib, opponent Rusiyadan dəvət olunub, Gürcüstanda müdafiə edilib.

 

Şərqşünaslıqda yeni bir cığır

 

AMEA Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu Şəfəq Əlibəylinin fəaliyyətini qısaca olaraq belə xarakterizə edib: “Şəfəq xanım Əlibəyli bizim şərqşünaslıqda, filologiyada özünəməxsus bir cığır açdı- klassiklərimizin farsca olan “Divan”larının dil və üslubunun tədqiqinə başladı”.

 

Ş.Əlibəyli deyir ki, mənim dissertantlarım da Möhsün müəllimin qeyd etdiyi cığırla gedirlər.  Məsələn, Zəncan Universitetindən Müştəba Şüai mənim dissertantım olub. Elmi işini uğurla müdafiə edərək, Zəncan Universitetində dərs deyir. O, Şəhriyarın farsca “Divan”ının leksikasını tədqiq etdi. Doğrudan da, Şəhriyarın farsca “Divan”ını araşdırdıqca, onun türklüyünü daha aydın görürsən. Hazırda dörd dissertantım  klassiklərin farsdilli “Divan”larının dil və üslubunu tədqiq edirlər.

 

Tədqiqatımın bir hissəsi də mənzum lüğətlərlə bağlıdır. XIX əsrin əvvəllərində yaşamış azərbaycanlı alim Əli ibn Hacı Mustafa Badkubinin “Təcridü-l-lüğət” adlı farsca - azərbaycanca olan mənzum lüğətini çapa hazırlayıram.  Lüğətin haşiyəsində müəllif yazır: “ Türk danışığı zabitəli və möhtəşəmdir. Onda hərzə sözlər olmur. Bu dil şücaət və qəhrəmanlıq dilidir. Türk kəlmələri bilməyən qeyri-türklər belə vuruşlarda bu dildən istifadə edir. Çünki bu sözlər qılınc kimi təsir edir. Bunu görənlər də var, eşidənlər də...” Soruşa bilərsiniz ki, o dövrdə lüğətlər niyə şeirlə yazılırdı? Bilirsiniz ki, müsəlman şərqində əzbərçilik qabiliyyəti çox güclüdür. Ona görə də, həmin dövrün insanları dili şeirlə daha yaxşı yadda saxlayırdılar. Azərbaycanda bir neçə mənzum lüğət var. Onların nüsxələri Əlyazmalar İnstitutunda saxlanılır. Qismət olsa həmin lüğəti də nəşr etdirmək fikrindəyəm. Doğrudur, artıq şeirlə lüğətlər tərtib olunmur. Amma əvvəllər riyaziyyat, coğrafiya və başqa dərsliklər şeirlə yazılırdı. Bu gün həmin lüğətlərdən istifadə olunmasa da, onların araşdırılmasını vacib sayıram.

 

Pedaqoji fəaliyyət mənə çox şey öyrətdi

 

Şəfəq Əlibəyli elmi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olub. 1992-2007-ci illərdə Bakı İslam Universitetində fars dili və ədəbiyyatı müəllimi işləyib. Alimin söylədiyinə görə bu ali təhsil ocağının tələbələri digərlərindən fərqlənir. Onlara dərs demək daha çox məsuliyyət tələb edirdi. Çünki tələbələr Quranı, dini ənənələrimizi çox gözəl bilirdilər. Mən orada çalışdığım müddətdə başa düşdüm ki, Şərq ölkəsində, müsəlman şərqində tam ziyalı olmaq üçün mütləq  İslam dininin əsaslarını bilməliyik, Qurandan xəbərimiz olmalıdır. Yalnız bu zaman biz özümüzü şərqli bir ziyalı hesab edə bilərik.

 

 

Tələbələrlə tərcümə ilə çox məşğul olurduq. Öz tərcümələrimlə də onları tanış edirdim.Tərcümə haqqında belə bir fikir var: tərcümə də insan kimi qocalır. Bəzən əvvəlki tərcümələrə müasir gözlə baxdıqda, doğrudan da, nəyisə dəyişməyə ehtiyac duyursan. Əlbəttə bunu birbaşa tərcüməçinin diqqətsizliyi kimi qiymətləndirə bilmərəm. Zamanın tələbindən, rejimin diqtəsindən meydana gələn yalnışlıqlara da rast gəlinir. Doğru deyiblər ki, tərcümə qocalar kimi müdrik, qadın kimi kövrək, uşaq kimi şıltaq bir işdir. Sevindirici haldır ki, indiki mütərcimlər bu nüansı nəzərə alırlar. Bu gün imkanlar daha genişdir. Zəngin  elmi ədəbiyyat mövcuddur. Müxtəlif klassiklərin əlyazmalarının orijinalını əldə etmək mümkündür. Bu da son məqamda tərcümənin keyfiyyətinə müsbət təsir göstərir.

 

Pedaqoji fəaliyyətimdə bir məqamı da qeyd etmək istərdim. Mən həm də Bakı Dövlət Universitetinin   Şərqşünaslıq fakültəsinin II və III kurs tələbələri üçün olan dərsliyin ixtisas redaktoruyam.

 

Elmi fəaliyyəti yeni istiqamətdə davamı

 

Şəfəq Əlibəyli 2004-cü ildən çalışdığı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindəki fəaliyyətinə toxunaraq dedi: “Muzeyin arxivində tədqiqatlar aparmaq üçün nə qədər qiymətli materiallar var. Mənim rəhbərlik etdiyim şöbə “Komparativistika və bədii tərcümələr” şöbəsi adlanır. Adından da bəlli olduğu kimi komparativistika dedikdə müqayisəli tədqiqat metodu nəzərdə tutulur. Şöbəmiz Azərbaycan - türk, fars, ərəb, Avropa dilləri və ədəbiyyatı ilə bağlı müqayisəli tədqiqatlar aparır. Şöbəmizin əməkdaşlarının məqalələri xarici mətbuatda da dərc olunur. Bundan başqa əməkdaşlarımız bədii tərcümə ilə də məşğul olurlar. Həmin tərcümələr muzeyimizin nəşri olan “Şərq” toplusunda dərc olunur.

 

Alim Nizami Muzeyində işə başladığı günü belə xatırlayır: “Muzeyə işə dəvət alanda çox tərəddüd edirdim. Sabit Rəhmanın qızı rəhmətlik Afət xanım mənə demişdi: “Şəfəq, bilirsən necə möhtəşəm bir yerə işə gedirsən? O binada kimlər olub, kimlər işləyib? Böyük bir şərəfdir sən hər gün o binaya girəcəksən və oradan evə qayıdacaqsan”. Doğrudan da, bu gün mən iş yerimə gedəndə böyük qürur hissi keçirirəm. Axı burada Əziz Mirəhmədov, Həmid Araslı, Abbas Zamanov, Bəkir Nəbiyev və digər elm fədailəri çalışmışlar.

 

Şöbənin elmi istiqaməti  “Nizami Gəncəvi dünya dillərində” dir. Şöbə bu mövzuya aid izahlı ensiklopedik tərcümə antalogiyası hazırlayır. Bu antalogiya 3 cilddə olacaq.  Antalogiyada Nizami Gəncəvi haqqında dünya dillərində dərc olunan bütün elmi məqalələrin, kitabların adı çəkilməklə yanaşı, eyni zamanda həmin əsərlərin qısa xülasəsi də təqdim ediləcək.

 

Nəsimi ili böyük mütəfəkkirin yaradıcılığına dair yeni  baxışlar ortaya qoyacaq

 

Söhbət əsnasında Şəfəq xanım 2019-cu ilin “Nəsimi ili” elan olunması haqqındakı sərəncamın da əhəmiyyətini xüsusi vurğuladı. Alim onu da qeyd etdi ki, dahi mütəfəkkirin zəngin irsinin dünya ictimaiyyətinə tanıdılması yolunda bu çox mühüm bir addımdır. Professor qeyd olunan məsələ ilə bağlı fikirlərini belə ifadə etdi: “Mən doktorluq işimi hazırlayarkən Füzulinin  farsca “Divan”ı ilə tanışlıqdan sonra Nəsiminin də farsca “Divan”ını oxumağa başladım. Bu əsərləri təkrar-təkrar oxuduqca iki böyük söz ustadının əsərlərində xeyli ortaq məqamlara rast gəldim. Füzuli ilə Nəsiminin nəzmdə doğmalığını, söz həmahəngliyini duydum.Türkiyədə Nəsimi ilə bağlı Beynəlxalq Konfransda çıxışım zamanı bu məsələni diqqətə çatdırdım və “Nəsimi və Füzuli nəzmində ortaq məqamlar” adlı çıxışım konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı. Onların nəzmindəki ortaq məqamlardan biri də  qoşa sözlərdən çox istifadə etmələridir. Nəsiminin farsca “Divan”ında bəzən bir qəzəlin hər misrasında qoşa sözlərə rast gəlirik. Hazırda bu mövzuda məqalə hazırladığım üçün daha ətraflı məlumat verməyə ehtiyac yoxdur. İnanıram ki, “Nəsimi ili”ndə şairin yaradıcılığı yeni baxış bucağından tədqiqata cəlb ediləcək, samballı əsərlər çap olunacaq, maraqlı məruzələr dinləniləcəkdir. Mən də öz növbəmdə şairin farsca “Divan”ının dil və üslub xüsusiyyətləri, tərcümədə öz əksini tapa bilməyən məqamlar haqqında söz deməyə cəhd edəcəyəm.

 

“Elm günü”nün təsis edilməsi bu sahəyə dövlət qayğısının daha bir təzahürüdür

 

Şəfəq Əlibəyli elm gününün təsis olunmasına münasibət bildirərkən aşağıdakıları dedi:


-Həzrət Əli əleyhissalamın gözəl bir sözü var: “Elm bağçası cənnət bağçasıdır”. Mənə elə gəlir ki, bu bağçaya girənlər, doğrudan da xoşbəxtdir. Elm şövqü də Allah vergisidir. Bu yolu tutanlar daima kamilliyə doğru gedir. İndiki gənclərimizin əlində böyük imkanlar var. İnternet, kompüter, müasir texnoloji avadanlıqların köməyi ilə asanlıqla istədikləri materialları tapa bilərlər. Elmlə məşğul olmaq istəyənlər daima çalışmalıdırlar.

 

Filologiya üzrə problem  şurasının üzvü kimi, gənclərlə tez-tez ünsiyyətdə oluram. Bu şura çalışdığım Nizami adına Ədəbiyyat Muzeyində akademik Rafael Hüseynovun rəhbərliyi ilə fəaliyyət göstərir. Burada elan olunan bütün elmi tədqiqat mövzuları diqqətlə nəzərdən keçirilir və müzakirə olunur. Çalışırıq ki, kənarda qalan sahələr olmasın. Həm klassik, həm də müasir dövr  tədqiqata cəlb edilsin. Şura eyni zamanda gənc tədqiqatçıların fəaliyyətinə istiqamət verir. Müşahidələrimə görə son dövrlər elmə maraq göstərənlərin sayı artır. Amma nədənsə bu sahəyə üz tutanların əksəriyyəti xanımlardır. Arzu edərdim ki, bəylər də bu sahədə fəal olsunlar. Bir də ki, gənclərə arzum budur ki, işlədikləri mövzunu sevərək tədqiq etsinlər. Yalnız sənəd almaq xətrinə deyil, elmi bir əsər yazmaq, kitab hazırlamaq niyyəti ilə işləsinlər. Bu zaman onların ortaya qoyduqları əsərlərin bədii siqləti də, elmi keyfiyyəti də yüksək olacaq.

 

Elmi işin çoxluğuna, bütün yorğunluğuna baxmayaraq Şəfəq xanımın qələmi bədii-poetik yaradıcılığa da doğmadır. Onun farsdilli ədəbiyyatdan etdiyi tərcümələr bir sıra konfranslarda səslənmiş, müxtəlif məcmuələrdə işıq üzü görmüşdür. Bu bədii nümunələr hələ kitab halında çap olunmasa da onların bəziləri artıq nəğmə sözləri kimi məşhurdur.

 

Müsahibimin genişmiqyaslı tədqiqatının bəhrəsi olan doktorluq işinə gəldikdə isə bu “Füzulinin farsca divanı: linqvo-poetik özəllikər” adlı əsəridir. Müəllif qeyd edir ki, bu mövzu dilçilik üslubiyyatına aid bir məsələdir. Burda həm dili, həm də ədəbiyyatı dərindən bilmək tələb olunur. Dilçilik üslubiyyatı çox böyük bir sahədir və Azərbaycan filologiyasında bu sahədə tədqiqata cəlb olunası çox məsələlər var.

 

-Bildiyiniz kimi, klassilərimiz farsdilli əsərlərində ərəb qrafikası ilə bağlı  müxtəlif poetik fiquralar yaratmışlar. Lakin tərcümədə görürsən ki, bu öz əksini tapmır. Yalnız sözün mənası tərcümə olunur. Ancaq şeirin şəkli, o qrafik yazılar üzərindəki mənalar gizli qalır. Yaxud bəzən tərcüməçinin hansısa söz xoşuna gəlmir, o sözü əvəz edirlər. Məsələn, çox vaxt rast gəlmişəm, şair orijinalda “milçəyin qanadları” deyir. Lakin tərcümədə onu “arının qanadları” kimi verirlər. Əlbəttə, bu şairin ilkin mənada tutduğu fikri əvəz edə bilməz. Milçəyin qanadları günəş şüası düşdükdə yeddi rəngə çalır və şair həmin fikri oxucuya çatdırmaq istəyir. Arının qanadlarında isə bu proses baş vermir.   Daha bir nümunə göstərək. Qəzəllərdə “köpək” sözü çox işlənir. Tərcüməçinin “köpək” sözündən xoşu gəlmədiyi üçün bu sözü “qul” sözü ilə əvəz edir. Şair nəzərdə tutur ki, qapımda uzanan “köpək” kimi. Tərcümədə isə verilir “qui kimi”. Belə nümunələri çox gətirmək olar. Linqvo-poetik təhlil bunları üzə çıxarır.

 

Professor Şəfəq Əlibəyli   “Fars dilində antonimlər” (rusca),  “Füzulinin farsca divanı: linqvo-poetik özəllikər”, “Farsca-rusca-Azərbaycanca müxtəsər lüğət” adlı elmi əsərlərin, iki yüzə qədər elmi məqalənin müəllifidir. Klassiklərimizin farsdilli əsərlərinin dil və üslub məsələlərini tədqiq edən alim, dəfələrlə xarici ölkələrdə beynəlxalq konfranslarda məruzələrlə çıxış edib, Fəxri Fərmanlarla təltif olunub. O, ölkənin elmi inkişaf sahəsində fəal iştirak edən alimlərdəndir. Görkəmli şərqşünas uzun illər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının  filologiya üzrə Ekspert Şurasının üzvü, “Türkologiya” jurnalında Şərq dilləri üzrə sahə redaktoru olmuşdur. Hazırda Şəfəq Əlibəylinin “Nizami “Xəmsə” sində akustik obrazlar” adlı əsəri çapa hazırlanır.

 

Şəfəq Əlibəyli elmi fəaliyyətinə görə 2014-cü ildə “Avropa Nəşr Mətbu Evi” tərəfindən Qızıl medalla, 2018-ci ildə Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə, “İlin alimi” ali media mükafatı ilə təltif olunmuşdur.

 

Müsahibimiz Şəfəq Əlibəyli tanınmış şərqşünas alim olmaqla yanaşı eyni zamanda qayğıkeş anadır. Oğlu Tural Qahirənin  Ayn Şams Universitetinin dilçilk fakültəsinin layiqli yetirməsidir. Babaları Gəray Fəzli və Ənvər Əlibəylinin poeziya bulağından su içərək  gözəl şeirlər yazır. Alimin qızı isə nənəsinin yolunu davam etdirib. O hüquqşünasdır.

 

Şəfəq xanım söhbətimizi Ənvər Əlibəylinin bir şeiri ilə tamamladı.

 

Elə xoşbəxtəm ki

Bu gün elə xoşbəxtəm ki,

Sanki qanadl quşam.

Elə bil ki, anadan,

İndicə doğulmuşam.

Bu gün mən bilmirəm ki,

Nədir qüssə, nədir qəm.

Axı əziz dost, bu gün,

Səninlə görüşmüşəm.

 

Şəfəq Əlibəyli ilə söhbət, doğrudan da, insanda müsbət emosiyalar oyadır, sabaha nikbinlik aşılayır. Sanki o şeridə deyildiyi kimi, qüssə, qəmin nə olduğunu bilmir. Həyat yoldaşı Qabil müəllimin dünyadan vaxtsız köçməsi də, həyatda aldığı zərbələri, ağrı-acıları da dilə gətirmədi. Ömrünün 70-ci baharını yaşayan Şəfəq xanım bu gün də gənclik illərində olduğu kimi, həvəslə, yorulmadan elmi fəaliyyətini davam etdirir. Qarşıdan gələn 70 illik yubileyi münasibətilə alimi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

 

Qabil YUSİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub