Modern.az

“Nizami Xudiyevə cavab qaytarsan canını alaram”

“Nizami Xudiyevə cavab qaytarsan canını alaram”

1 Aprel 2019, 09:18

Altı il əvvəl Modern.az saytında yayımladığım “Çörəkverən sədrimiz Nizami müəllim” adlı yazım bu sözlərlə qurtarırdı: “...Nizami müəllim, arzu edirəm ki, nəticə oynadan vaxtınızda – 70 yaşınızda mətbuat səhifələrində Sizinlə bir də görüşüm”.

 

O gün gəlib çatdı. Nizami müəllimin 70 yaşı tamam olur. Onu təbrik edirəm. Uzun ömür, can sağlığı arzulayıram. Yaxşı insandır. Hər yüksək vəzifəli şəxsə xas olmayan gözəl xüsusiyyəti var – ÇÖRƏKVERƏN ADAMDIR. AzTV-yə rəhbərlik etmiş ziyalı sədrlərdən bəlkə də sonuncusudur (təki yalançı olum). Mənim on il sədrim olub. Ondan çox şey öyrənmişəm. Unutmaram.

 

70 illik yubileyiniz mübarək, Nizami müəllim!

 

Modern.az saytının rəhbərliyindən isə “Çörəkverən sədrimiz Nizami müəllim” yazımı təkrar yayımlamağı xahiş edirəm. 


Çörəkverən sədrimiz Nizami müəllim



1996-cı il idi. Ailəvi Şamaxıda idik. O vaxtlar işsiz idim. Daha doğrusu xırda bizneslə məşğul olurdum. Axşam süfrə arxasında oturmuşduq. Az.TV-də “Xəbərlər” proqramı başlamalı idi. Bütün diqqətimiz ekranda idi. Əvvəlcə Prezident Heydər Əliyevin sərəncamları oxunurdu. İlk sərəncam isə Nizami Mənaf oğlu Xudiyevin  Azərbaycan Televiziya və Radio Verilişləri  Dövlət  Şirkətinə sədr təyin olunmasıyla bağlı idi. 

Atamın ilk sözü bu oldu ki, “APİ-dən tanıyıram. Nizami həm də şair Hikmət Ziyanın kürəkənidir. Ziyalı adamdır. Mənə daim hörmət və ehtiramın görmüşəm”. (Onu da qeyd edim ki, atam hər adamı tərifləmirdi).

Bu münasibəti bilən kimi qeyri-adi dilləndim: “Papa, məni Az.TV-yə işə düzəlt də...” Əlbəttə ki, həmən rədd cavabı aldım. Çox təkid elədim. Fikrindən dönmədi. Ardınca da əlavə etdi ki, “bacarırsan get özün düzəl”. Söhbət bununla da bitdi.

Üstündən 3 gün keçmişdi. Evdəydim. Şəhər telefonuna zəng gəldi. Dəstəyi götürdüm. Atam idi.

- Nizami Xudiyevin yanındayam. Təbrikə gəldim. Sənin də arzunu dedim. Dedi ki, “bu nə sözdür Qabil müəlim, düzələr”.

Beləcə mən  Az.TV-yə işə düzəldim. Artıq 17 ildir ki, mən filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, 2 çağırış millət vəkili seçilmiş, türkoloq-alim, nəhayət “Şöhrət” ordenli  Nizami Xudiyevi tanıyıram.

Nizami Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Filologiya elmləri doktoru, professordur. “Qızıl qələm” mükafatı laureatıdır. 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvüdür. Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.

Bu Nizami müəllimin qısa tərcümeyi-halıdır. Onun elmi yaradıcılığı haqqında yazmaq, əsərlərini təhlil etmək istəməzdim. Professor, elmlər doktoru haqqında məqalə yazmaq üçün gərək akademik olasan, ya da ki, ən azı onun bütün kitablarını, məqalələrini, haqqında yazdığı insanların yaradıcılığını yaxşı biləsən. Bir də ki, buna ehtiyac da yoxdur. Çünki Nizami Xudiyevin elmi yaradıcılığı göz qabağındadır. Görünən dağa isə bələdçi lazım deyil. Mən  onun 17 illik tanıdığım müddətdə həyat və yaradıcılığına öz prizmamdan nəzər salacağam. Müşahidələrimdən heç onun özünün də xəbəri yoxdur. Qədirbilənlik kimi xüsusiyyəti isə  bütün insanlar yüksək qiymətləndirirlər.                                  


AzTV-nin siması: əsli və məcazi


Nizami müəllim AzTV-yə sədr təyin olunandan  bir həftə sonra məni işə götürdü. Böyük bir vəzifə vermədi. Proqram baş direktorluğunda buraxılış redaktoru idim. Televiziyanın strukturunu öyrənmək, adamları tanımaq, ilk addımlarımı atmaq  üçün yaxşı yer idi.

Həftənin 1-ci günü idi. İşçilərimizdən biri dedi ki, kollegiya zalında iclasdır. Gedək sən də, işçiləri görərsən tanıyarsan. Zala girəndə heç kimi tanımadım. Mavi ekranda gördüklərimdən heç kim yox idi. Onda başa düşdüm ki, televiziyanı idarə edənlər, söz sahibləri  ekranda gördüklərimiz, tanıdıqlarımız yox, tanımadığımız adamlardır. İclas başladı. Nizami müəllim bu rəhbər işçilərə müraciətlə “yeni verilişlər, layihələr lazımdır” tələbini ortaya qoydu. Onlar bir-bir durub dedilər ki, bəs “yeni verilişin ərsəyə gəlməsi üçün uzun müddət, 1-2 il vaxt lazımdır”. Mən də televiziya işindən başı çıxmayan adam durub qulaq asırdım. Fikirləşirdim ki, görəsən ömrü boyu müəllim işləmiş, filoloq-alim, indi isə 10-15 gün olar  ki, televiziyaya rəhbərliyə gətirilən adam bu “köhnə qurdlara” nə cavab verəcək. Nizami müəllim onlara təmkinlə qulaq asdı və:

- Mən də Sizinlə razıyam. Yeni bir şeyin ərsəyə gəlməsi üçün 1-2 il vaxt lazımdır. Mən bəs nə deyirəm? Deyirəm ki, gör neçə illərdir ki, burada işləyirsiniz. 1-2 il bundan qabaq fikirləşməyə başladığınız, fikrinizdə tutduğunuz verilişləri gətirin qoyun ortalığa, tamaşaçılar baxıb feyziyab olsunlar.

Cavab tutarlı olmuşdu. Şahmat dilində desək, baş redaktorlar “pat” vəziyyətindəydilər. Daş qayaya rast gəlmişdi. Maliyyə-təsərrüfat  məsələlərinə baxanların isə heç səsi çıxmırdı. Bir müddət sonra onların əksəriyyəti gözə dəymədi. Mənəm-mənəm deyənlər praktik, yeni fikirli adamlarla əvəz olundular.

Bir müddət sonra Nizami müəllim bir əmr verdi: Az.TV-də işləyən xalq və əməkdar artistlərin, o cümlədən diktorların stavka maaşları 300 faiz qaldırılsın. Soruşdum ki, əcəba bu nə deməkdir?. Əvvəllər nə idi, indi necə oldu? Dedilər ki, əvvəllər xalq artisti bir veriliş mətni oxuyub 5 min manat, yəni indiki pulla 1 manat alırdısa, indi bu məbləğ 3 - 4 dəfə artırılırdı. Əvvəllər diktorlar ancaq proqram oxuyurdularsa, indi verilişlərə cəlb olunurdular. Əmək haqqının azlığı ucbatından efirə eyni paltarlarda çıxırdılarsa, onların hər biri  üçün ildə 2 dəfə mövsümə uyğun paltarlar almaq üçün 1200 dollar pul ayrıldı. (1996-cı ildə 100 dollarla bir ay yaşamaq olardı. Maaşımız 10 dollar idi). Prezident çəkilişlərinə cəlb olunan bütün işçilər- texniki işçilər də daxil olmaqla o vaxt məşhur “Centlemen” mağazasından alınmış kostyum, köynək, qalstuk, ayaqqabı ilə təmin olundular. Necə yəni, axı onlar AzTV-nin təmsil edirdilər, AzTV-nin siması ididlər. AzTV-yə layiq də geyinməliydilər. Həm də bu, sədrin öz adı demək idi.


Ssenarist


Bir müddət keçəndən sonra Nizami Xudiyevi senarist kimi də tanımağa başladıq. İşlədiyi 10 il ərzində 10-larla filmə həyat vəsiqəsi verdi. Bu filmlərdə siyasətçi və türkoloq kimi özünü bir daha təsdiq etdi. “Əbədiyyət elçisi”, “Əbədiyyət ünvanı”, “Fenomen”, “Xilaskar”, “Müstəqillik yollarında”, “Sabaha inamla” kimi filmlərdə müstəqil Azərbaycanın ən yeni tarixinin , böyük siyasətçi Heydər Əliyevin siyasi fəaliyyətinin canlı salnaməsini  yaratmaqla yanaşı, “Heydər Əliyev və Azərbaycan dili”, “Həsən bəy Zərdabi”, “Aşıq Veysəl”, “Türk dünyası qitədən qitəyə” kimi filmləriylə ictimaiyyətə özünü türkoloq alim kimi yeni prizmadan  tanıtdı. 


Pedaqoq


Nizami müəllim bizim üçün sədrdən daha çox müəllim idi. Bir səhv buraxanda başımıza oyun gətirirdi, töhmət verirdi, hər iclasda, toplantıda bu səhvi başımıza vururdu, amma “2” yazmırdı, yəni işdən çıxarmırdı. Heç kimin çörəyinə dəymirdi. İşlədiyi dövrdə bir təqaüdçünü də işdən uzaqlaşdırmadı. Qarğış yiyəsi olmadı. Hər dəfə aprelin 1-də atam zəng çalaraq onu ad günü münasibətilə təbrik edirdi. Həmişə də eyni sözləri  təkrar edirdi: “Sən Mahirin xeyirxahısan. Ona çörək vermisən”. Bu sözlər onda mənə pis təsir edirdi. Amma indi bu sözlərin mənasını daha yaxşı başa düşürəm. Maddi cəhətdən bu gün hər şey yaxşıdır. Lakin insanları tanımaq, nanəcibi nəcibdən ayırmaq baxımdan atamın bu sözləri etalona çevrilib. Yaxşı ki, indiki durumumda “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, İTV-nin keçmiş sədri İsmayıl Ömərov, jurnalist Qulu Məhərrəmli, Mülatif Adurov, kinorejissor Vaqif Mustafayev  kimi köhnə kişilər hələ də var.


“Gördünüz?”


“Xəbərlər” proqramında redaktor işləyirdim. Əliağa adlı bir operatorla çəkilişdə sözüm çəp gəlmişdi. O da içində material olan kasseti  gizlətmişdi. Baş redaktorum Həsən müəllim, baş redaktorun müavini Mülatif müəllim məsələdən hali idilər. Bilirdilər ki, mən haqqam. Lakin Əliağa kasseti qaytarmırdı ki, qaytarmırdı. Necə deyərlər təzə olduğumu görüb “xod gedirdi”. Bir gün keçdi, ikinci gün keçdi, 3-cü gün Nizami müəllim yanına çağırdı. Bədii rəhbər Vaqif Ağayev və baş operator Fazil Hadıyev də kabinetdə  idilər. Deyəsən sədrin qulağına söz çatmışdı:

- Bala, necəsən? İşlərin necə gedir?
- Yaxşı.
- İncidən zad yoxdu ki..?
- Yox.
- Mənə sözün-zadın olar?
- Hər şey qaydasındadır.
Yanında oturanlara baxdı. Nəzərlərindən bir onu oxudum ki... “gördünüz?”
- Bala, yeni kitabım çıxıb, avtoqraf yazıram, dədana verərsən.

Səhəri gün işə gələndə kasset artıq stolun üstündəydi. Bu özbaşınalığa görə Nizami müəllim ikimizi də işdən çıxarmalıydı ki, digərlərinə görk olsun. Amma böyük insan idi, bağışlamağı bacarırdı.


“Cavab qaytarsan canını alaram”


Uşaqlıqdan “Mauqli” multfilmini çox sevirəm. Orada bir pələng var, adı “Şirxan”dır. Meşədə gəzəndə əzəmətli görünür. Ətrafında isə çaqqal-çuqqal fırlanaraq onu digər heyvanlara qarşı qaldırır, onu tərifləyə-tərifləyə tora salırlar. Əlbəttə ki, bu əsərə indi uşaq gözüylə baxmağım sadəlövhlük olardı. Yəqin ki, Nizami müəllim də bir filoloq kimi bu əsəri oxuyub. Bunu yada salmaqda məqsədim var.

Sədrliyinin son illərində AzTV-nin həyətində tez-tez gəzirdi. Kabinetə qayıtdıqdan sonra Nizami müəllimi tanımırdıq. Bir anda xırdaçılıqlara varırdı. Kollektivlə xırda hislərə qapılırdı. Onu hörmətdən salmaq istəyənlərin dəyirmanına su tökürdü. Mənə də bir-iki dəfə belə “iradlar” tutmuşdu. Mən də söhbət əsnasında atama demişdim. Atam da:

- Dəxli yoxdur. Əcəb eləyir. Bilmərsən cavab qaytararsan a... canıvı alaram.

Elə bilməyin ki, Nizami müəllim sadəlövh  adamdır. Sadəcə olaraq sadə adamdır, insanlara inanır, şair qəlbli insandır, ziyalıları sevir, onlara qiymət verir, ərk eləyir. Onların içində yaxşıların və ya pislərin olması isə onun işi deyil. Bu həyatın axarı  və sınaqlarıdır. AzTV-nin keçmiş kollektivi də indi onu daha yaxşı tanıyır. Bir vaxtlar onları incik salan sözlərin haradan qaynaqlandığını indi daha yaxşı başa düşürlər. Mən də başa düşürəm.

Vəzifədə olanda müdir haqqında məqalə yazmaq, onu tərifləmək çox da qeyri-adi görünmür. Nə qədər səmimi yazırsan yaz Azərbaycan mühitində bunu çox vaxt yaltaqlıq, yarınmaq, ummaq kimi qiymətləndirirlər. Lakin vəzifədən çıxandan sonra, özü də heç bir sifariş olmadan, bir vaxt 2 min işçisindən biri olmuş bir insanın yazı yazması bu həmin vəzifəli adamın alicənablığından  xəbər verir. Yadıma gəlir. 1999-cu il idi. Nizami müəllimin 50 yaşı tamam olmuşdu. Deyirdi ki, ”mənim indi nəvə oynadan vaxtımdır e”. 
İndi isə yaşı 65–i ötüb. Nizami müəllim, arzu edirəm ki, nəticə oynadan vaxtınızda – 70 yaşınızda mətbuat səhifələrində Sizinlə bir də görüşüm. Kötükcə oynatmağınızı onda danışarıq.


Hörmətlə keçmiş işçiniz MAHİR – QABİLİN OĞLU                       

 01.09.2013

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?