Modern.az

Aprel döyüşləri - Göz yaşlari içində iftixar hissi  

Aprel döyüşləri - Göz yaşlari içində iftixar hissi   

2 Aprel 2019, 12:34

«Bayrakları bayrak yapan üstündəki kandı,
Toprak - uğrunda ölən varsa vatandı».

Uğrunda ölən varsa – torpaq daha geniş və dərin məna kəsb edir, müqəddəsləşir – canımız, qanımız, anamız dediyimiz Vətən anlamına gəlir.

Torpaq uğrunda ölmək – torpağı müqəddəs yurd yerinə çevirməkdi.

Torpaq uğrunda ölmək – şəhidlik zirvəsinə yüksəlməkdi.
Şəhidlik zirvəsinə yüksəlmək – əbədi məşələ dönməkdi.

Şəhidlik – vətəni azad, müstəqil, firavan görmək istəyən insanların bu istək uğrunda mücadiləsidir.

Bu istək əsrlərdən bəri ulu Dədəmiz Qorqudun «Torpağı əkib-becərmirsənsə qorumağına, qorumursansa əkib-becərməyinə dəyməz» sədasından süzülüb gəlir.

Bu istək məmləkətimizin müqəddəs atributlarından biri olan himnimizin:
«Səndən ötrü can verməyə cümlə hazırız,
Səndən ötrü qan tökməyə cümlə qadiriz…» - nidasından süzülüb gəlir.


Bu istək Məmməd Arazın (ruhu şad!):
«Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim…»
Və:
«Vətən daşı olmayandan,
Olmaz ölkə vətəndaşı…» - inamından süzülüb gəlir.

Şəhidlik torpağını və vətəninin sevən hər bir vətən oğlunun istək və arzusu olsa da, hamıya nəsib olmayan bir xoşbəxtlikdir.

Şəhidlik bir Tanrı istəyi, bir Tanrı qismətidir.

Şəhidin ulu tanrı yanında yeri və dərəcəsi ən ali məqamdır.

Müqəddəs kitabımız «Qurani-Kərim»də buyrulur:
«İnsanların içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda – vətən, torpaq, namus yolunda) şəhid olmuş, kimisi (şəhid olmasını) gözləyir». (Əl-Əhzab, 23)

«Allah (vətən, torpaq, din) yolunda öldürülənlərə (şəhid olanlara) «ölü» deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər…» (Bəqərə, 154).

Ulu Tanrı tərəfindən belə qiymətləndirilən, dəyərləndirilən şəhidin xatirəsini əziz tutmaq, onu ehtiramla yad etmək, adını əbədiləşdirmək, ailəsinə qayğı və sayğı göstərmək hər bir Azərbaycan vətəndaşının, o cümlədən də dövlətin müqəddəs borcudur. Bu məsələ ilə bağlı hərə öz sahəsində əlindən gələn köməyi əsirgəməməlidir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, Məkanları cənnət olsun!

Ruhlarını şad etmək isə bizim əlimizdədir - Sənin, Mənim, Onun - bütün Azərbaycan Xalqının. Allah-taala nəsib etsin!


Rafiq Oday

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU