Modern.az

CHP hakimiyyəti ələ ala biləcəkmi? - Elxan Şahinoğlu Türkiyə siyasətini ŞƏRH ETDİ

CHP hakimiyyəti ələ ala biləcəkmi? - Elxan Şahinoğlu Türkiyə siyasətini ŞƏRH ETDİ

Aktual

2 Aprel 2019, 14:21

Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirildi. Seçkilərin nəticələrinə görə Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cumhur İttifaqı” 51,62 faiz səslə birinci, Cümhuriyyət Xalq Partiyası (CHP) ilə İYİ Partiyanın bloku “Millət İttifaqı” 37,56 faiz səslə ikinci oldu. Hakim Ədalət və İnkişaf Partiyası ümumilikdə qalib olsa da, böyük şəhərlərdə CHP qələbə qazandı. İstanbul, Ankara, İzmir, Adana və Antalya və digər 5 böyük şəhərdə CHP-nin qələbə qazanması AKP siyasətində müəyyən durğunluğu göstərir. 

 

Görəsən bu fürsətdən istifadə edən CHP hakimiyyəti ələ ala biləcəkmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bələdiyyə seçkiləri Türkiyə üçün vacibdir.

 

“Çünki bələdiyyələr insanlarla təmasda olur. İnsanlar görəndə ki, bələdiyyələr yaxşı çalışır, daha sonra bələdiyyə rəhbərinin təmsil olduğu partiyaya da səs vermək qərarına gəlir. Təsadüfü deyil ki, Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan  özü şəxsən mitinqlərdə aktiv iştirak edirdi. Belə baxanda prezident, iştirak etməyə də bilərdi, əhalinin səsini toplamaq üçün bu kampaniyaya qoşuldu. Amma bu addım da uğur gətirə bilmədi, Ankara və İstanbul kimi iki əsas şəhəri itirdi”.

 

E.Şahinoğlu deyib ki, hakim partiyanın istədiyi qədər səs qazana bilməməsinin səbəblərindən biri də iqtisadi vəziyyətdir.

“Belə səbəblərə görə hakim partiyaya dəstək nisbətən azalır. Bu gedişlə müxalifət partiyaları, özəlliklə də Cümhuriyyət Xalq Partiyası (CHP) öz mövqelərini gücləndirə bilər.

 

Məsələ burasındadır ki, növbəti seçki 4 ildən sonra keçiriləcək. Bu müddət ərzində AKP və Ərdoğan siyasətini gücləndirib iqtisadi məsələləri həll edə bilsə, öz reytinqini artıra bilər. AKP 2002-ci ildən hakimiyyətdədir, bu da müəyyən mənada insanları yorur, Ərdoğanın xarici siyasəti ola bilər ki, əhalinin xoşuna gəlmir və s. səbəblər insanları müxalifətə səs verməyə yönəldir. Amma ümumilikdə bələdiyyə seçkilərində hakim partiya məğlubiyyətlə üzləşmədi. Səs nisbətinə baxsaq, Milliyətçi Hərəkat Partiyası (MHP) ilə birgə 50 faizdən yüksək səs topladılar. Sadəcə, böyük şəhərləri itirməsi hakim partiyanın imicinə zərbə oldu”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?