Modern.az

“Hərbi-psixoloji əhval-ruhiyyə Azərbaycanın lehinə dəyişib” - Deputat

“Hərbi-psixoloji əhval-ruhiyyə Azərbaycanın lehinə dəyişib” - Deputat

Aktual

3 Aprel 2019, 15:44

“Vyana görüşündən dərhal sonra Prezident Azərbaycan Ordusunun xüsusi təyinatlıları ilə görüşdü və danışıqlar masasında öz xalqına, onun güclü ordusuna arxalandığını nümayiş etdirmiş oldu”.

Bunu Modern.az-a Ermənistan və Azərbaycan rəhbərlərinin Vyana şəhərində keçirilən görüşündən sonrakı prosesləri şərh edərkən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu söyləyib:

“Vyana görüşündən sonra Ermənistanın baş nazirinin haraya telefon açdığına diqqət etsək görəcəyik ki , bu şəxs xalqına və ordusuna deyil, elə zəng etdiyi mərkəzlərə arxalanır. Yəni Ermənistan müstəqil dövlət deyil, forpostdur, kiminsə hərbi bazası statusunda olan bir subyektdir. Bu dövlətin rəhbəri elə danışıqlara da sahibindən aldığı təlimatlar əsasında gedir.

Hərbçilər qarşısında çıxış edən Ali Baş Komandanımız bir daha bildirdi ki, müharibə hələ bitməyib, sadəcə ilk mərhələsi başa çatıb. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu fikir əslində işğalçı Ermənistana verilən ciddi ismarıc kimi qiymətləndirilə bilər. Yəni danışıqlar prosesini imitasiya, yaxud manipuliyasiya etmək cəhdlərinizə Azərbaycan sona qədər dözmək fikrində deyil. Dövlətimiz öz torpaqlarını müharibə yolu ilə azad etmək hüququnu özündə saxlayır”.

H.Babaoğlunun fikrincə, ölkə başçısının çıxışı zamanı düşmənə ünvanladığı ismarıclardan biri isə Aprel döyüşlərindən sonra hərbi-psixoloji əhval-ruhiyyənin Azərbaycanın lehinə dəyişməsilə əlaqədar idi:

“Prezident İlham Əliyev bildirdi ki, əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad ediblər. Bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti var. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Bu gün xeyli sayda strateji yüksəkliklərin və rayonların işğal altında olmasına rəğmən, ordumuz bir həmlə ilə mövcud reallığı dəyişə bilər. Buna Ali Baş Komandanın siyasi iradəsi və ordumuzun hərbi gücü qadirdir.

Prezident bir daha bəyan etdi ki, münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bütün bunlar isə belə bir ümumiləşdirmə aparmağa məntiqi əsas yaradır: Azərbaycan bütün üstünlüklərə sahib olan ölkə kimi öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır. Dövlətimiz buna qadir olduğu kimi geostrateji şərtlər uyğun olduqda qəti addımları atacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar