Modern.az

Nəsiminin əsərlərinin mükəmməl izahlı lüğəti HAZIRLANACAQ

Nəsiminin əsərlərinin mükəmməl izahlı lüğəti HAZIRLANACAQ

5 Aprel 2019, 09:55

“Nəsimi ili” çərçivəsində Nəsimi adına Dilçilik İnstitutunda şairin anadilli əsərlərinin mükəmməl izahlı lüğəti hazırlanacaq.

 

Bu barədə Modern.az-a institutun direktoru Möhsün Nağısoylu məlumat verib. O qeyd edib ki, cari ildə həyata keçiriləcək tədbirlər bununla yekunlaşmır:

 

“Nəsiminin yaradıcılığında rast gəldiyimiz elə sözlər var ki, sufi, hürufi, müstəqil, birbaşa  mənaya malikdir. Sözlərdən ərəb-fars və ya türk mənşəli olanları ayırd etmək gərəklidir. Bütün bunları geniş, izahlı lüğətdə toplayacağıq. Lüğət hazırlanması filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərovanın öz təşəbbüsü ilə başlandı. Düşünürəm ki, bu, böyük hadisə olacaq. “Tək Nəsimi ili”nə töhfə kimi deyil, Nəsimi irsinə böyük elmi araşdırma kimi də söz açdığım lüğət əhəmiyyətli elmi mənbə rolunu oynayacaq.

 

Bizim institutda indiyə qədər 4 nəfər dissertasiya işində Nəsimi irsi ilə əlaqədar dilçilik araşdırması aparıb. Həmin dissertasiyalarla bağlı iki kitabımız işıq üzü görəcək. Birincisi, Nəsiminin əsərlərinin dili və Azərbaycan dialektləri, ikincisi isə Nəsiminin dilinin leksik-üslubi xüsusiyyətləri, frazeologiyası, qrammatikası haqqındadır”.

 

M. Nağısoylu onu da diqqətə çatdırıb ki, təşəbbüs göstərərək, bu il iki nəfər doktorluq üzrə namizədə dissertasiya işini həvalə edib:

“Onlardan biri Nəsiminin yaradıcılığında ismin kateqoriyaları, ikincisi isə Nəsiminin əsərlərində tabeli mürəkkəb cümlənin xüsusiyyətləridir. Nəsiminin Azərbaycan ədəbi dilinin zənginləşməsində xidmətləri əvəzsizdir. Bizim dilimizi ədəbi dil çərçivəsində divan ədəbiyyatı səviyyəsinə yüksəldən ilk böyük türk şairi Nəsimi olub. Nəsimiyə qədər bir çox şair və yazıçılar dilimizin zənginliyi üçün çalışıblar. Amma dilimizin zənginliyini, poetikasını, axıcılığını Nəsimi səviyyəsində ortaya qoyan ikinci şair yoxdur. Ona görə, biz hamımız Nəsimiyə olan borcumuzu Nəsimi ilinə töhfələrimizlə ödəməyə çalışmalıyıq.

 

Mənim üçün “Nəsimi ili”ndə sevindirici hal ilin əvvəlindən bir çox tədbirlərdə iştirak etməyimdir. Milli qvardiyanın əsgər-zabit heyətinin qarşısında, Şamaxıda Sabir məktəbində, YAP-ın Gənclər komitəsinin təşkilatçılığı ilə gənclərin qarşısında uzun müddət çıxışlar etdim və Nəsiminin böyüklüyündən, yaradıcılığından danışmaq imkanım oldu”.

 

Bütün tədbirlərlə bərabər bu il Dilçilik İnstitutunun təşkilatçılığı ilə Nəsimi ilə bağlı respublika konfransı keçiriləcək:

“Bunu sentyabrın axırında təşkil etməyi düşünürük. Oktyabr ayında isə Ədəbiyyat İnstitutu beynəlxalq konfrans təşkil edəcək. Bunda da bizim payımız var.

 

Mən düşünürm ki, Nəsimini təbliğ etməyə, tanıtmağa ehtiyac var. Mən gənclər qarşısında çıxışlarımda onların necə maraqla bu şairin yaradıcılığına yanaşdığını gördüm. Təkcə alimlər, araşdırmaçılar, dilçilər deyil, bütün Azərbaycan Nəsiminin yaradıcılığı ilə yaxından tanış olmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu