Modern.az

Tanınmış jurnalist Araz Zeynalov: “Normal bir iş təklifi olsa, düşünə bilərəm” - MÜSAHİBƏ  

Tanınmış jurnalist Araz Zeynalov: “Normal bir iş təklifi olsa, düşünə bilərəm” - MÜSAHİBƏ   

5 Aprel 2019, 13:02

Ötən ilin avqust ayında APA Holdinq fəaliyyətini dayandırdıqdan sonra şirkətin nəzdindəki informasiya saytları da bağlandı. Bir müddət sonra şirkət “ONA” İnformasiya Agentliyi adı ilə yenidən bərpa olundu. Şirkətə daxil olan bir neçə sayt da təkrar fəaliyyətinə davam etdi. Buna baxmayaraq, rusdilli Vesti.az saytının bərpasının şahidi olmadıq. Bu məqam bəzi media nümayəndələrinin, tanınmış jurnalistlərin də təəssüfünə səbəb oldu.

Modern.az-ın əməkdaşı fəaliyyəti dayandırılmış Vesti.az saytının baş redaktoru olmuş tanınmış jurnalist Araz Zeynalovla əlaqə saxlayıb. Əməkdaşımızın suallarını cavablandıran baş redaktor Vesti.az-dan sonra işsiz olduğunu söyləyib.

- Araz müəllim, hazırda hardasa çalışırsınız?

- Hazırda heç bir media orqanı ilə əməkdaşlıq etmirəm.

- Bəs iş təklifləri olmadımı? Siz özünüz media orqanlarına müraciət etmişdinizmi?

- Xeyr, mən özüm heç bir media orqanına işlə bağlı müraciət etməmişəm. Amma mənə iş təklifləri gəlib. Sadəcə bəzi səbəblərdən “yox” cavabı vermişəm.

- Hansı səbəblər?

- Düzü, çoxsaylı iş təklifi almamışam. 1-2 təklif gəldi, mənə uyğun olmadığı üçün təşəkkürümü bildirib, “yox” demişəm. Amma işəgötürənlərin qarşısına hər hansı şərtlər irəli sürdüyüm də olmayıb.

- Vesti.az saytının bərpa olunmaması nə ilə əlaqədardır?

- Bununla bağlı heç bir fikrim yoxdur.

- Amma Vesti.az-ın əhəmiyyəti, bərpasının vacibliyi haqqında media nümayəndələri xeyli müzakirələr açdılar...

- Əlbəttə, Vesti.az əvvəla rus dilində dərc edilirdi. Bu o deməkdir ki, respublikadan kənarda da bir çox millətlərin nümayəndələrinə Azərbaycan həqiqətlərini çatdıra bilirdik. Biz artıq 10 ilə yaxın ifəaliyyət göstərdik və çoxlu oxucu kütləsi topladıq. Ona görə, Vesti.az digər rusdilli saytlarla müqayisədə öndəgedən saytlardan biri idi.

- Keçmiş əməkdaşlardan  hazırda sizin kimi işsiz olanlar varmı?

- Vesti.az-da mənimlə birlikdə fəaliyyət göstərən əməkdaşların bildiyim qədərilə hamısı digər saytlarda çalışırlar. İşsiz olan yoxdur.


- Yenidən bərpa olunarsa, Vesti.az-da çalışmaq istəyərsinizmi?

- Mən ilk gündən həmin saytda olmuşam. Sayt mənim üçün doğmadır.  Yaxşı komanda toplamışdım. Komandam inkişaf edi, ad-san qazandı. Əgər bərpa olunarsa, mənə baş redaktor təklifi gələrsə, “yox” demərəm.


- Ümumiyyətlə, media ilə bağlı, yaradıcılıqla bağlı planlarınız varmı?

- Media ilə bağlı yenilik düşünmək, plan qurmaq üçün gərək medianın içində olasan. Mən hələ ki, dediyim kimi çalışmıram, medianın içərisində deyiləm. Ona görə, planım da yoxdur, sadəcə normal bir təklif olsa, düşünə bilərəm.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi