Arxiv
9 Aprel 2019, 09:56 | MÜSAHİBƏ
İlahiyyatçı:Asif Ata Azərbaycanı istəməyənlərin proyekti idi” - MÜSAHİBƏ

“Tövratın, İncilin orijinalı ortaya çıxdığı halda ziddiyyət olarsa, Quran təkzib edilə bilər”

Vüsal Hətəmov Azərbaycandakı ateistləri hədəfə aldı

 

Modern.az saytının dini mövzularda müsahibələri davam edir. Budəfəki həmsöhbətimiz  şərqşünas, ilahiyyat elmləri üzrə araşdırmaçı-yazar Vüsal Hətəmovdur. Onunla müsahibəni təqdim edirik.
 

- İslam dini 7-ci əsrdən bu yana gəlib çıxıb. Amma 1400 ildə din təkcə enişlərdə olmayıb, yoxuşlarda da qərar tutub. İlk sualım belə olacaq, dinlə bağlı problemlər nədən qaynaqlanır?

- Din təkcə nəzəriyyələrdən ibarət olmadığı üçün bu problemlər ikinci tərəfdən baş verə bilir. Burada ikinci tərəf kimdir? Nəzəriyyə Allahdandır, onun daşıyıcısı insandır. İnsan da kamil varlıq əsasında yaradılıb, lakin kamilliyə doğru özü də enişli-yoxuşlu yollar getdiyi üçün problemlər yaranır. Məsələ budur ki, dindarlıqdan qabaq adamların gərək insanlığı olsun. Bunun üçün də bir sıra kateqoriyalar var – dünyagörüşü, təhsil və sairə. Əgər dindar insan imanı ilə yanaşı, həm də elmli olarsa, o, dinini yaxşı yaşadacaq. Həmin insan Şah İsmayıl Xətai kimi dini lider olarsa, bu zaman daha uğurlu nailiyyətlərə imza atılacaq.Yox, əgər Abbasilər dövründəki, Mötəsim, Məmun dövründəki kimi baş eyş-işrətə, kefə qarışanda dinin tənəzzül dövrü başlayacaq. Yenə də din daşıyıcısı olan insanların şəxsi keyfiyyətlərinə qayıdırıq. Kimsə elm və din adamıdırsa, bu zaman din inkişafa doğru gedəcək. Çünki dini yerdə Allah-Təala yox, insanlar aparır. Dediklərim təkcə İslam dininə aid deyil, digərlərində də belədir.

Hər bir dinin saxtakar daşıyıcıları olub. Ən pisi odur ki, onlar hakimiyyətdə olarkən din adından danışıblar. Renessans dövrünə qədər Avropada hakim nəzəriyyə xristianlıq dini idi. Dində yoxdursa, həmin adam susmalı idi, əks təqdirdə isə öldürülürdü. Niyə o zaman Avropada din elmə qarşı idi? Çünki onların təhrif olunmuş kitabları demişdi ki, Yer yumru deyil. Quran isə Yerin Günəş ətrafında dövr etməsini, kürə şəklində olmasını demişdi, xristianlığın əvvəlki kitabında da belə olub. İndi, həmin dindən uzaqlaşmaq lazım idi ya yox?!

Bu zaman İslam dünyasında müharibələr gedirdi. Avropada isə çap maşını ixtira olunmuşdu, kitablar çap edilirdi. İslam dünyasının geri qalmasının səbəblərindən biri də budur.

Çar Rusiyası dövründə saxta din yaradıldı, pirlərə sitayiş önə çəkildi. Axundov, Cəlil Məmmmədquluzadə ortaya atıldı və onlar dini baltalamağa başladılar. Saxta din baltalandı. Çar Rusiyası saxta din yetişdirdi, sonra saxta dini vuran şəxsiyyələr yetişdirdilər. SSRİ dönəmində isə saxta dinə görə dinin qarşısına ateizmlə çıxdılar. İnsanlar ateizmi artıq rahat şəkildə qəbul etdilər.

- Sizə elə gəlmir ki, dinə elm kimi yanaşmaq elə probleminin əsas qaynaqlarından biridir? Din siz dediyiniz elmi bizə verə bilirmi?

- Din bəşəriyyətə Allah tərəfindən göndərilib. Dində təkcə əxlaq kodeksi yoxdur, həm də ictimai münasibətlər, siyasi nizamnamə, iqtisadiyyat, ailə-məişət məsələləri var. Bir sözlə, dində bütün sferaları əhatə edən elmlər mövcuddur. Allah dini təkcə əxlaq üçün göndərməyib. Düzdür, Allah buyurur ki, bütün işlərin arxasında əxlaqlı insan durmalıdır. Baxın, Enşteyn elmli adam idi, nüvəni dinc məqsədlər üçün kəşf etmişdi. Amma sonda hərbi təyinatla istifadə olundu. Buna görə də, əxlaq vacibdir. Məsələ odur ki, həmin kəşf olunan şey kimin əlində olanda nələr baş verir. Baxın Enşteynin kəşf etdiyi ilə bəşəriyyəti məhv etdilər, halbuki, Enşteynin məqsədi başqa idi.

Biz elmi dindən ayırsaq, din əxlaq kodeksi yaradan təbəqənin əlində bir vasitə olacaq, onlar deyəcəklər ki, sırf bu tərzdə yaşamaq lazımdır. Enşteyn demişkən, elmsiz din şikəst, dinsiz elm kordur.

Məhəmməd peyğəmbərin də bir hədisi var. Deyir ki, elmsiz iman odla pambıq kimidir. Bunlar elə olmalıdır ki, bir-birinə yol göstərsin, dəstək versin.



- Vüsal müəllim, gəlin etiraf edək ki, din elmə yol göstərə bilməz. Çünki elmin məqsəd və predmeti tamamilə fərqlidir. Eyni zamanda elm də dinə bəzi məsələlərdə yol göstərə bilməz.

- Bütün fəlsəfi nəzəriyyələrdə elm üçün göstərişlər, tövsiyələr var. Bunun içərisində yeganə olan İslam dinidir ki, elm üçün heç bir məhdudiyyət qoymur. Din “kim, nə vaxt, harada” suallarına cavab axtarır. Yəni insan, zaman, məkan. Məhəmməd peyğəmbərin hədisi var. Buyurur ki, elm Çində də olsa, ardınca gedin. Burada “Çin” deməklə əslində məkan məhdudiyyəti götürülür. Elm qadına da, kişiyə də eyni dərəcədə vacibdir. Deməli, burada cins kateqoriyası məhdudiyyəti də aradan götürülür.

“Beşikdən qəbrə qədər öyrənin” – bu deyimlə zaman məhdudiyyəti aradan qaldırılır. Yəni insan heç zaman “elmdə sona çatdım” deməməlidir.

Deməli, İslam qədər məhdudiyyət kateqoriyalarını aradan qaldıran bir nəzəriyyə yoxdur. Quranın özünün də ilk ayəsi “Oxu” ilə başlayır.

- Təzadlı bir məqama gəldik. Ərəb dilinin daşıyıcısı olan, dini, hədis və kəlamları yaxşı bilən bəzi simalar elmə qarşı fətvalar verirlər, “elm” deyərkən ancaq Quranda yazılanları nəzərdə tuturlar. Bu, ana kitabın özünün onlara təlqin etdiyi fikirlərdən qaynaqlanmır?


- Bunun hamısı savadsızlıqdan qaynaqlanır. Quran deyir ki, insanlara fayda verən bütün elmləri öyrən. Quran “mən müqəddəsəm, Allah var” üçün gəlməyib. Quran bəşəriyyət üçün endirilib, insanlara çağırışlar edir. Bunun bir irfani mənası da var. Gəlin baxaq görək, Quran elmi təkcə özündə olan səhifələrlə məhdudlaşdırırmı? Xeyr. Quranda riyaziyyat, kimya, astronomiya, fizika, biologiya, tibb elmləri ehtiva olunub. Quranla yetişmiş şəxsiyyətlərə nəzər yetirək, müqayisə aparaq. Nəsirəddin Tusinin Quran elmlərinə aid nə qədər kitabları var. Tusi dövrün bütün elmlərini bilib. İndi də Tusinin hesablamalarından istifadə edilir. Ya da İbn Sinanı götürək. Onun tibb sahəsində dedikləri bu gün də özünü doğruldur. Bugünkü tibb elmi sübut edir ki, qoyun əti mal ətindən daha keyfiyyətlidir, mal əti ilə müqayisədə həzmə 2 dəfə tez gedir.

İbn Sinanın əlyazmalarının surətinə baxdım. İbn Sina da mal əti ilə qoyun ətini fərqləndirir və mal ətinin yarada biləcəyi xəstəliklərin hamısını orada sadalayır. İbn Sina bütün fikirlərini həm dünya elmindən, həm də İslamdan götürüb.

Biz necə deyə bilərik ki, Tusi də, İbn Sina da alimdir, cihad adı ilə insanları baş kəsməyə, dinc insanları məhv etməyə dəvət edənlər də! Alim bütün elmləri bilən şəxsə deyilir. Sokrat deyib: “Mən indi bildim ki, heç nə bilmirəm”. Həzrət Əli isə qeyd edib: “Mən bilmədiklərimi ayağımın altına qoysam, başım göylərə dəyər”.

Yəni, bilmədiklərimiz daha çoxdur. İnsan bildikcə, oxuduqca, alim olduqca görür ki, heç nə bilmir. Maraqlıdır, əgər İslamda hansısa şəxs özünə alim deyirsə, deməli o bilmir. İnsan bildikcə cahilliyini dərk edir.

- Kimiləri dini araşdırıb ateist, kimiləri də araşdırıb iman əhli olur. Bu o demək deyilmi ki, ateizm və ilahiyyat insanlardakı boşluqları tamamlayır?


- Müasir dövrdə ateizmin inkişafı İslamı daha da inkişaf etdirir. 70 illik SSRİ dönəmində dinlər təkzib edilməklə, dinlərin özünü təsdiq etməsinə rəvac verildi. Quranda belə bir ayə var: “Şimşəyin sizə xeyri də var, ziyanı da”. 100 il bundan əvvələ qədər elə bilirdilər ki, şimşəyin ancaq ziyanları var. Təfsirdə isə deyilir ki, şimşək çaxdıqca, atmosferdə olan bir sıra maddələr yanır və torpağa təbii gübrə gəlir. Əsl alim istəyir ki, Tusi, Əl-Biruni, İbn Sina kimi kəşflər etsin.

Ateistlərə gəlincə, onları da iki qrupa bölmək olar. Birincisi, dünya  ateist dünyagörüşünün daşıyıcıları, ikincisi isə Azərbaycanda özlərinə ateist deyənlər. Çox təəssüflər olsun ki, həmvətənlərimiz olan ateistlər hələ də Avropa ateist kitablarının çərçivəsindən kənara çıxa bilmirlər. Çünki bizim özümüzdə bir kitab yoxdur, bizə Qərb ateistlərinin fikirləri lazımdır. Bədbəxtçilik budur ki, bizdəki ateistlər nə Quranı, nə hədisləri, nə də İslam tarixini oxuyublar. Ancaq Avropanın ateizm məktəbindən çıxış edirlər və deyirlər ki, İslam dinini bilirlər. Bu gün Azərbaycanda ziyalı ateistlər də var. Dini tənqid edirlər, amma əxlaqla davranaraq qarşı tərəfə hörmət edirlər.

Onlar “mən bilmədiyim üçün Allahı inkar edirəm, onu sübut edin” deyir. Demir ki, Allah yoxdur. Hansısa ateist “yoxdur” deyib və onun üstündə durursa, bu, inkarçı mövqedir. Bu, radikalizmin ən böyük nümunəsidir. İnsan bilir və tanıyırsa, deməli o, biləndir. İnsan bilmir, tanımır və inkar edirsə, buna necə “elmi ateizm” deyə bilərik.


- Dediklərinizdən aqressiya duymamaq mümkün deyil. Ümumiyyətlə, dindar cameənin düşüncəsi budur ki, hətta bir ateist dini yaxşı bilib və yenə ona qarşı gedirsə, deməli düzgün mövqedə deyil. Sizin dedikləriniz itaətə çağırışdır.

- Xeyr, bu, itaətə çağırış deyil. Ziyalı ateistlər var ki, universitetlərdə dərs deyib. Onlar kommunizm fəlsəfəsi ilə böyüyüb və sonda heç onu da qəbul etməyib. İslam dini ilə, dini kitablarla rastlaşmadığı üçün “sübut edin ki, Allah var” deyir. Qarşı tərəf də bunu sübut edə bilmir. Ona görə ki, Azəraycanda uzun illər bu mövzuda bir mütəxəssis olmayıb. Bu cür ateistlər narazılığını da normal şəkildə bildirirlər.

- Daha çox “var” deyən sübut etməli deyil? Çünki bir şeyin varlığını iddia edirsən. Ancaq təzada baxın, dindarlar ateistlərdən isbat tələb edirlər.

- Allahın olması fikri əvvəldən var.

- Baxın, dediyiniz kimi, fikir var. Amma bu fikir dəlil, sübut kimi götürülə bilməz.

- Sizin məntiqlə, qarşı tərəf də “bəs siz nəyi inkar edirsiniz” deyir. Olmayan bir şeyi necə inkar etmək olar. Tarixən dinlər öz kitabları ilə gəlib. Hamısı da Allahdan gəldiyini deyib. Hamısı da ortaya məntiqli kitab qoyub. O kitablar həmin dövrün insanlarının beyinlərinin fövqündə duran informasiyalarla dolu olub. Quranda elə informasiya var ki, 7-ci əsrin insanı heç cür onu bilə bilməzdi. İncil, Tövrat müəyyən qədər təhrif olunub. Bununla belə, bu kitabların da bəndlərində də insan beyninin fövqündə olan məlumatlar var. Din insanları işıqlığa doğru aparır, yol göstərir. Amma ateistlər bunu inkar edirlər. Din “Heç kimin haqqını yeməyin”, “oğurluq etməyin”, “sizə hücum olmayınca hücum etməyin”, “heç kimin malını tərəzidə aldatmayın” və sair kimi çağırışlarla doludur. Din nə deyir ki, biz onu təkzib edirik?


- Vüsal müəllim, ateistlərin də çoxu dində əxlaqi tərəflərin, gündəlik davranışlarımızı tənzimləyən, ictimai münasibətlərə müsbət təsir edən məqamların olduğunu etiraf edir. Məsələ başqadır, odur ki, din ilahidən gəlibmi ya yox!

- Bütün bəşəriyyət eyni fikirdədir. Hamısı insan cəmiyyətini qoruya biləcək dövlətdən, əxlaqdan, rifah tərzindən danışır. Fərq ondadır ki, ateistlər materiyanı əsas götürürlər. Dindarların Allahı isə maddi aləm deyil. Dindarlar ateizmin təqdim etdiyi “Allahı” görə bilir, bu, materiyadır. Amma ateistlər dindarların təqdim etdiyi Allahı görə bilmirlər. Hələ də bunun çaşqınlıq yaradan fəlsəfəsi ortaya çıxmayıb. “İxlas” surəsində bildirilir ki, Allah doğmayıb, doğulmayıb. Allah məkansızdır. Bunlardan birində bu zamana qədər bədii, fəlsəfi cəhətdən səhvlər olsaydı, ateistlər əllərində bayraq edərdilər.

Deməli Allah-Təala, dinlərin təqdim etdiyi Yaradıcı maddi olmadığı, mücərrəd olduğu üçün onu 5 hiss orqanı ilə hiss etmək mümkün deyil. Ateistlər bizə “Allahı göstərin” deyəndə, sübut edirik ki, bu sual artıqdır. Çünki Quran Allahın maddi olmadığını bəyan edir. Ya da “Allah haradadır” deyə sual edirlər. Allah əlbəttə ki, laməkandır. Quran bunu deyir. Kainat da Allahın içərəsində ehtiva olunub. Biz dünən “kainat Allahdır” desəydik, yanlış olardı. Çünki elmi cəhətdən başqa kainatların mövcudluğu da kəşf edilir. Bu gün sübut olunub ki, fiziki insandan da kənarda aləm var. Nəsimi “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyir. Allahı bəsirətlə, əminliklə, imanla, ruhla “görmək” olur. Allah insanların qəlbindədir. Qəlb burada məcazi mənadadır, Allah deyir ki, mənə eşqlə çata bilərsiniz. Dindar insanlar “olum, ya ölüm” yol ayrıcındadırlar. Olum olsa, kiminsə haqqını tapdalayacaq. Ölüm məsələsini seçməklə heç kimin haqqını tapdalamır. Söhbət intihardan getmir. Məsələn, şəhidliyi buna nümunə kimi çəkmək olar. İnsanı şəhidliyə çəkən nədir? Həmin o eşq, ürəyindəki Allahdır. Allah olmasa, bəs nəyi seçəcək? Təbii ki, olumu. Necə ki, Nitşsenin fəlsəfəsində var ki, ancaq güclülər yaşaya bilər. Din, Allah isə bunu demir.

İkinci bir məsələ, bəşəriyyət yaranandan Allah Adəm peyğəmbər vasitəsilə ilk nizamnaməni göndərib. “Nə yeməlidir, nə içməlidir” deyə. Bütün dindarların əlində istinad etdiyi bir kitab, orqan, mənbə var. Biz onun vasitəsilə nəyi yeyib, nəyi yeməmək olduğunu bilirik. Yaxşı, ateistlər, bəs sizə kim o hüququ verdi ki, onları yeyəsiniz? Deyəcəklər ki, ağıl. Sən də ağlını mənə göstər.



- Ağlın psixologiya, elmlə təsbit olunan bəlli tərifləri var.

- Biz deyirik ki, ağıl ruha aiddir. Televizor var, fərz edək ki, həmin televizor insanın bədənidir. Bir də televizordakı enerji var, bu da fərz edək ki, ruhdur. Televizor nə qədər mükəmməl olsa, enerji ondan daha mükəmməl bir vəziyyətlər ortaya çıxaracaq. İnsan da fiziki cəhətdən nə qədər mükəmməl olsa, ruhu da yaxşı özünü ifadə edəcək. Enerjini televizordan ayırsaq, o, dayanacaq. İnsan da belədir.

Bugünkü elm tam şəkildə inkişaf etməyib ki, mücərrəd bir aləmi görsün. Biz onu ancaq nəzəri cəhətdən əsaslandırırıq. İslam dini 2 cür elmi qəbul edir – elmi və nəqli. Elmi odur ki, kəşflə, ixtira ilə olur. Nəqli odur ki, özü ona çata bilmir, amma Allahın elçiləri vasitəsilə qəbul olunur. Buna metafizik elm deyirlər. Materialistlər ancaq fiziki elmdə ilişib qalıblar. İlahiyyat elminin ardınca gedənlər isə deyirlər ki, fiziki hadisələrdən də yuxarıda bir elm var.

- Dindarların istinad etdiyi kitablardan danışdınız. Ateistlərin isə vahid bir kitabı yoxdur ki, onlara konkret yol göstərsin. Siz elə düşünmürsünüz ki, bu, ateistləri daha çox araşdırmağa və daha çox şeyləri öyrənməyə vadar edir, nəinki dindarları?

- Çox maraqlıdır, niyə ateizmin kitabı yoxdur? 

- Ateizmin kitabı ola bilməz, bu, külliyat deyil.

- Ateizmin ona görə kitabı yoxdur ki, vahid konsepsiyası yoxdur.

- Dinlərdə konsepsiya var, bəs hər şey yaxşımı olub?

- Konsepsiya ehkamçılıq, radikallıq deyil. Sadəcə, ateizmdə müddəalar yoxdur. Ateistlər materiyaya istinad edir. Bu da milyon yarım il öncə tarixdə  yaşamış Oldovay dərəsindəki insan sümüklərinə gedir. Bu da müasir insan sümüklərindən çox fərqlənir. Meymunabənzər insanlar. Quranda da yazılıb ki, hansısa bir dövrdə insanları meymunlara çevirdik. Din də deyir ki, dünya altı gündə yaranıb. Və o gün bizim indi başa düşdüyümüz 24 saatlıq gün deyil. 100 il bundan qabaq olsaydı, biz o fərqi sübut edə bilməyəcəkdik. Amma indi sübut olunub, Günəş ətrafında fırlanan elə planet var ki, onun bir ili bizim 265 Yer ilinə bərabərdir. Din əvvəldən olub, din özünə müasir demir.

Qarşı tərəf, yəni ateistlər deyir ki, onlar dini elmi şəkildə təkzib edirlər. Təkzib olunan nədir? Var olan şeyi təkzib edirsiniz də!

Ateistlər özlərinə müasir deyirlər, halbuki, ateizm nəzəriyyə cəhətdən dinlərdən də qabaq mövcud olub. Amma ateistlərin heç zaman bir kitabı olmayıb. Çünki dünən dedikləri bu gün dəyişir.

- Elmdə də dünən deyilən şey bu gün təkzib oluna bilər, bu, çox normaldır. Deməli ki, ehkamçılıq yoxdur. Lakin dinlərdə ehkam var.

- Dinlərdə dünən deyilən bu gün inkişaf edir, itmir. Din konsepsiyaları radikal şəkildə verir. Məhəmməd peyğəmbərin hədisi var: “Dırnaqlarınızı tutun, altına şeytan yığışır”. Şeytan burada məcazi mənadadır. Bu gün həmin fikir inkişafa doğru dəyişir. Lakin ateistlər deyirlər ki, şeytan yoxdur. Bununla belə sübut olunub ki, dırnağın altına mikroblar yığışır. İmam Əlinin də bir hədisi var. Deyir: “Mənə imkan versəydilər, sudan sizə bir nur yaradardım”. Bu gün də sudan elektrik enerjisi alınır. Baxın, dinin dediyi müddəalar inkişafa doğru dəyişir, təkzib olunmur.


- Ateizmin məqsəd və hədəfində vahid bir kitab yazmaq yoxdur.

- Niyə kitabdan qaçırlar?

- Bir kitab çərçivədir.

- Kitab büt olarsa, çərçivədir. Quran büt olarsa, o zaman çərçivədir. Biz desək ki, ancaq Quranı oxuyun, təbii ki, bununla qabağa getmək olmaz. Quran deyir ki, məni oxuyursansa, digər elmləri də oxumalısan.

- Deyirsiniz ki, Quranda yazılanlar bu gün inkişafa doğru dəyişir. Quranda “Göyün 7 qatı” ifadəsi keçir.  Bu isə tam olaraq dində yazıldığı kimi təsdiqini tapmayıb.

- Ona qalsa, deyə bilərik ki, 7 rəqəmi sirlidir. Bəlkə də, 7 rəqəmi ilə 7 kainatı nəzərdə tutur. Quranda belə bir ayə var ki, “göylərdə və yerdə olanların..”. Deməli, Yerdən başqa yerlərdə də yaşayış var.

- Müsahibədə İncil və Tövratın təhrif olunduğunu vurğuladınız. Yaxşı, təhrif olunduğunu necə sübut edəcəksiniz? Orijinalı varmı ki, tutuşdurub müqayisə edəsiniz və təhrif edildiyini bildirəsiniz? Bu sual, təkcə sizə yox, ümumiyyətlə əksər din adamlarına ünvanlana bilər.

- Tövratda deyilir ki, Lut peyğəmbərin qövmü azğınlaşmışdı. Və Allah onları cəzalandırır. Lut peyğəmbər də qızlarını götürüb gedir, bir mağarada yatır. Qızları atalarını içizdirir və onunla cinsi münasibətdə olurlar. Tövratdan sonra gələn səmavi kitablar deyir ki, bu, təhrif olunub. Təbii ki, bizim əlimizdə bunun əsası yoxdur.

Quranın özündə də Lut  qövmündən yazılıb. Lut ərəb dilində “livat” kəlməsindən törəyib. İki kişinin cinsi münasibəti mənasında işlədilir. Lut peyğəmbərlə bağlı məsələnin təhrif olunub-olunmamasını sonrakı səmavi kitablar deyir.

- Dindarlarda müşahidə etdiyim bir halı qeyd edəcəyəm. Fərz edək ki, bir misal çəkirsən, deyirlər, bu, Quranda var. Sən də deyirsən ki, bu, Qurandan qabaq İncildə, Tövratda yazılıb. Deyirlər ki, bu kitablar ilahidir, bir-birini tamamlayır. Ancaq deyəndə ki, Tövrata görə, İbrahim peyğəmbər İsmayılı yox, İshaqı qurban kəsməyə aparıb, həmin dəqiqə bildirirlər ki, Tövrat təhrif olunub. Məntiqlə sonradan gələnin təhrif etmək ehtimalları daha çoxdur. Başqa nümunələrə keçmədən sual edək. Biz haradan bildik ki, Tövratdakı təhrif edilib?

- Əslində, İshaq və İsmayılla bağlı məsələlər həmişə  mübahisə mövzusu olub. Bəzi mühəddislər də bunu deyir. Amma Quran İsmayılın üzərində durur. Dövrlə, yaşla sübut edir ki, İsmayıl qurban kəsilmək üçün aparılıb.


- Sualım budur ki, yaxşı, bəs təhrif olunan hansıdır?

- Biz sonradan gələnə təhrif gözü ilə baxa bilmərik. Sonradan gələn Quran deyir ki, özündən əvvəlki səmavi kitablar təhrifə məruz qalıb. Bu gün o kitabların orijinalları olsa, biz hansının təhrif edildiyini deyə bilərik. Hələ ki, sonradan gələn və sonuncu Qurandır, o zaman biz ona istinad etməliyik. Tövratın, İncilin orijinalı ortaya çıxdığı halda ziddiyyət olarsa, Quran təkzib edilə bilər.

- Tutaq ki, bu kitabların orijinalı əlçatan oldu və orada Qurandakıların əksini gördük. Bu zaman İslamdan imtina edərsiniz? 

- Bu sual məntiqi cəhətdən düzgün deyil. Çünki bizim kitab deyir ki, özündən əvvəlki səmavi kitabların təsdiqləyicisidir. Yəni onların Allahdan gəlməsini təsdiqləyir. Amma siz verdiyiniz sual sofistcəsinədir. O kitablar orijinalda gəlib Quranı necə təkzib edə bilər? Hər halda olmayan bir şeyin üzərində oyun qurmaq, mübahisə etmək məntiqsizdir.

- Vüsal müəllim, Quranın orijinalı da əlimizdə yoxdur!

- Quran hafizlər tərəfindən yazılıb. O dövrün özü orijinal dövrdür. Peyğəmbər Quranı hafizlərə əzbərlədirdi və kitabı da həmin hafizlərə yazdırırlar. Sonradan tutuşdururlar və təzad yaranmır.

- Peyğəmbər vəfat edib. Hansısa ayənin orijinal olmasının yeganə təsdiqləyicisi isə peyğəmbərdir. Hafizlər də ayələri kitaba salarkən, hansına şübhə yaranırsa, onu peyğəmbərdən soruşmalı idilər. Amma yeganə istinad nöqtəsi artıq vəfat etmişdi. Bu zaman, təsdiqləyici mənbənin olmadığı halda, Qurana mübahisəli məsələlər salına bilməzdimi?

- Hafizlər Quranı əzbər biliblər. Quranı yazan hafizlər dəfələrlə sınanmışdı. Məhəmməd peyğəmbərin sağlığında hafizlər dəfələrlə yoxlanılır. Hədislər var ki, o dövrdə insanların bir-birinə Quran oxuması, Quran öyrətməsi buyurulur. Deməli, Quran artıq əllərdə var imiş, sadəcə, dərilərin, ağacların üstündə yazılmış şəkildə. Hafizlər də ağacların, dərilərin üzərinə yazılan surələri yığıb gətirdilər. Onlar özlərindən durub nəyisə əlavə etmədilər.


- Şeytan Allaha itaət etmədiyi üçün lənətlənib. Yaxşı, Allah küll ixtiyar sahibidirsə, Şeytanı niyə dizə gətirə bilmədi?

- Bu mövzu kəlam elminin mövzusudur. Bilirik ki, Allaha gedən yolda 2 cür nəzəriyyə var – fəlsəfi yolla, irfani yolla. Bəs necə oldu ki, Şeytan Allahın yolundan sapdı? Burada bir mütilik də hiss oluna bilər, əgər Allah ixtiyar sahibi deyilsə. Yox ixtiyar sahibidirsə, o zaman Allah özünə dost və düşmən seçir. Bu suallara irfan cavab verir. İrfan nümayəndələri deyirlər ki, Allah üçün sevgili dostlar lazım idi.

Bağban bağda bütün ağacları sulayır, amma içərisində ən gözəl ağaclar ona qalır. Digərləri isə məhv olur. Bu müqayisə ilə də Allah ən yaxşılarını seçir. İrfan bu cür cavab verir.

Mövlanə Rumi bunu yaxşı izah edib: “Təkəbbür Şeytanı xar etdi və o, cəhənnəmə düşdü”. Allah deyir ki, qarşımda böyüklük etmək mənə qarşı müharibədir. Allah deyir ki, ən şərəfli varlıq insandır. Sən ona səcdə etmirsənsə, mənə də səcdə etmirsən (Şeytanı nəzərdə tutur).

Azərbaycanlı alim Əllamə Təbatəbai qeyd edir: “Maraqlıdır ki, dini mövzularda ən az işlənən mövzu “Şeytan” mövzusudur. Halbuki, bütün bəşəriyyətin qarşısında 2 yol var – Allah və ya şeytan”.

 

- Vüsal müəllim, həm də nəsimişünassınız. Bu, çox müzakirə olunur. Nəsimi “iki cahan” deyib, yoxsa “ikən cahan”?

- Məndə əlyazmanın surəti var. Orada “iki” yazılıb. Keçək onun fəlsəfəsinə. Nəsimi çox yerdə “iki aləm” sözü işlədir. Bu, onu göstərir ki, Nəsimi dindar imiş, o dünya, bu dünya anlayışı varmış. Nəsimi şeirlərində Məhəmməd peyğəmbərə, İmam Əliyə də yer verib. Nəsimi əhli-beyt şairi olub. Nəsimi o dünya və bu dünyanı bildirir. O deməkdir ki, insan kamilləşdisə, Allahla vəhdəti-vücuddadır. Bu birləşmə fiziki deyil. Kəsrətdən vəhdətə doğrudur. Nəsimi deyir ki, yaradılışda bütün insanlar çoxaldı və Allahdan uzaqlaşdıq. Amma əslində, Allahla vəhdətdəyik. Bildirir ki, iki aləmin özü vəhdətdə yerləşə bilir, bəs bu vəhdət iki aləmə necə yerləşə bilər?

“İkən” sözünü Sovet dönəmində ortaya atdılar. SSRİ vaxtı Azərbaycan ədəbiyyatını məhv etmək istədilər. Amma gördülər ki, məhv etsələr, heç kim qalmır – Nəsimi, Füzuli və digərləri. Başladılar bunu kurs, diplom işlərinə salmağa. Dedilər ki, dini şəxsiyyət olmalarını kənara qoyun. Başladılar çətin anlaşılan fəlsəfi şeirlərini ortaya qoymağa.

Əslində, “ikən” sözü rəhmətlik Bəxtiyar Vahabzadədən gələn fikirdir. Ola bilsin ki, Bəxtiyar Vahabzadənin qarşısına şərt qoymuşdular ki, “ikən” yazılsın. Bəxtiyar Vahabzadədən başqa heç kim “ikən” yazmayıb.


- Asif Atanı tənqid edənlərdən olmusunuz. Nəyini bəyənmirdiniz?

- Mən kiməm ki, kimisə bəyənim, ya da bəyənməyim. Sadəcə,  o fəlsəfəni qəbul edə bilmirəm ki, orada ziddiyyət yaşanır. Asif Ata ocağının siyasi çalarları da var. SSRİ dağılandan sonra bizdə bəzi qüvvələr, ateizm dövründən qalan başlar dedilər ki, yeni bir şəxsiyyət yetişdirək. O nə din olsun, nə də materiya. Getdilər Asif Ata adlı bir adam tapdılar. Bəlkə də, onu yoldan çıxardılar ki, o cür yazsın. Asif Ata sanki Allahı inkar edir, müqəddəs dinləri təkzib edir. Amma Nəsimini, Babəki, Nizamini, Füzulini təsdiqləyir. Halbuki, həmin şəxslər özləri dindar olublar.

Müstəqil olduqdan sonra bəzi qüvvələrin əlləri-qolları daha da açıldı. Saxta peyğəmbərlər ortaya atıldı. Bir sözlə, düşmən bizə hər tərəfdən hücum etdi.

- Yəni düşünürsünüz ki, Asif Ata düşmənin proyekti idi?

- Asif Ata Azərbaycanı istəməyənlərin proyekti idi. İnanmıram ki, bu, savadsız insanların proyekti olsun. Eyni zamanda, savadlı insanların da layihəsinə oxşamırdı. Sovet dönəmi bizdən dini alsa da, yaxşı təhsil verirdi. Bu mənada ziyalılarımız daha uğurlu bir şəxsiyyəti ortaya qoyardılar, nəinki Asif Ata kimi. Asif Ata dini qəbul etmirdi, amma özü təzad yaradırdı. Bir adam qeyri-adi söz deməklə ondan ideoloq çıxarmı?

Allahı, dini inkar edir, Amma Asif Ataya inam ocağı yaradılmışdı. Necə olur bu, özün təkzib edirsən, amma özün insanları sənə inanmağa çağırırsan?! Bunun özü cəhalətə aparır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident hərbçilərin aylıq pul təminatını artırdı 18 İyun 2019, 19:42 Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırılır 18 İyun 2019, 19:38 Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları 20 faiz qaldırıldı 18 İyun 2019, 19:35 Minimum aylıq əməkhaqqı artırıldı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55 “İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır” - VİDEO 18 İyun 2019, 17:45 Rövşən Rzayev vətəndaşları qəbul edib 18 İyun 2019, 17:23 Azərbaycandan 128 kiloqramdan çox narkotik keçirmək istədi... 18 İyun 2019, 17:22 Manat və dolların məzənnəsi   18 İyun 2019, 17:16 Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çıxdı 18 İyun 2019, 17:05 Media nümayəndələri Kooperasiya Universitetində imtahanları izlədi 18 İyun 2019, 17:01 Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb   18 İyun 2019, 16:58 Yadlar arasında özgə olmaqdansa... 18 İyun 2019, 16:51 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu 18 İyun 2019, 16:51 Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir” 18 İyun 2019, 16:49 Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28 Dövlət əmlakları özəlləşdirildi 18 İyun 2019, 16:15 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü 18 İyun 2019, 16:03 4-5 danışan deputat var, ancaq onlar söyülür - Gülünc olmayaq... 18 İyun 2019, 16:01 Məktəb direktoru  işdən çıxarıldı 18 İyun 2019, 15:38 Azərbaycanlı turistlərin ən çox getdiyi xarici ölkələr - SİYAHI 18 İyun 2019, 15:36