Modern.az

Deputatlar Elinanın intihar videosunu yayanlara etiraz etdilər  

Deputatlar Elinanın intihar videosunu yayanlara etiraz etdilər   

Parlament

10 Aprel 2019, 13:09

162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharını əks etdirən videogörüntülər sosial şəbəkələrdə  və saytlarda durmadan yayılır. İntihar videosunun yayılması insanlar tərəfindən birmənalı qarşılanmır.

 

Modern.az saytı məsələnin ciddiliyini nəzərə alaraq,  Milli Məclisin deputatlarının mövqeyini öyrənməyə çalışıb .

 

Milli Məclisin deputatı,  Nardarandakı 295 saylı orta məktəbin direktoru Dilarə Cəbrayılova bu cür videoların yayılmasının əleyhinə olduğunu bildirib:

 

“Bu cür hadisələrin mətbuatda, sosial şəbəkələrdə işıqlandırılması doğru deyil. İntiharla bağlı çəkilən videolar dayanmadan yayılır. Bu, yolverilməzdir. Fikir verin. Əgər 10 saytda intiharla bağlı yazılar gedirsə, biri müəllimi, biri direktoru digəri də ailəni günahlandırır. Bu məişət səviyyəsində edilən dedi-qoduya bənzəyir. Halbuki məsələnin tam detallarını bilmirik. Bu işlə məşğul olan aidiyyatı qurumlar var. Bu cür videoların yayılması uşaqların psixologiyasına mənfi təsir edir. Uşaqlar bu videolar barədə danışır. Bir direktor olaraq narahatam. Mənə maraqlıdır ki, sosial şəbəkələrdə oturanlar valideyn deyillər?! Əgər pul xatirinə nəyisə reklam edirəmsə, sabah mənim də övladımın başına gələ bilər. İndiki uşaqlar çox həssasdırlar. Fikrimiz əvvəlki dövrə getməsin. Müəllimləri toplayıb görüş keçirdim və dedim ki, fikriniz əvvəlki dövrün uşaqlarına getməsin. Uşaqlarla mülayim rəftar edin!.

 

Ən dəhşətlisi odur ki, söhbət böyük adamdan yox, 13-14 yaşlı  məktəblidən gedir. Bu cür halların baş verməsində valideynlə yanaşı, məktəb rəhbərliyi də məsuliyət daşıyır. Yaxşı müəllim şagirdinin halını anlamalıdır.

 

Bir məqama da toxunacağam. Bir valideyn, məktəb direktoru olaraq deyə bilərəm ki, məktəblərdə psixoloqlara nəzarət yoxdur. Psixoloqlarımızın  bəzilərinin diplomuna baxsaq görərik ki, 3 aylıq kurs keçiblər. Psixoloqların işindən narazıyam. Əgər məktəblərdə müəllimlər yüksək balla işə götürülürsə, psixoloqlar da o formada işə götürülməlidir. Psixoloq tanıyıram ki, uşaqla danışmaq qabiliyyəti yoxdur. Mütləq şəkildə bu cür videolar sosial şəbəkələrdən yığışdırılmalı və məktəb psixoloqları ilə mütəmadi işlər aparılmalıdır”

 

Deputat Tahir Mirkişilinin sözlərinə görə, bütün cəmiyyətlərdə bu cür intihar hadisələri olur:

 

“Xüsusilə, cəmiyyət və texnologiya inkişaf etdikcə  bu cür hallar kifayət qədərdir. Bir araşdırma apardım. Bu cür intihar hadisələri Amerikada da,  Avropada da var. Bununla bağlı orta məktəblərdə xüsusi kurslar keçirilir. Xüsusi psixoloq peşələri var. Bizdə də məktəblərdə psixoloq ştatlarının açılması ilə bağlı qanuna dəyişiklik də olunub. Bu, yenidir. Düşünürəm ki, bu istiqamətdə işlərin aparılması bu cür halların qarşısını almağa imkan verəcək. Sosial şəbəkələrdə bu tip videoların yayılmasını yanlış hesab edirəm. Bu tipli videoların paylaşılması və sürətlə yayılması özündən daha çox neqativ hadisələrə səbəb olur. Belə halların cəmiyyətdə yayılması onu deməyə əsas verir ki, bunu yayanlar bu cür halları cəmiyyətə təqdir edirlər və hadisələrin daha çox olmasına səy göstərirlər. Düşünürəm ki, insanlarda da məsuliyyət olmalıdır. Çünki hər bir hadisəni qanunla tənzimləmək qeyri-mümkündür. Qanun və qaydalar var. Bu tipli videoların paylaşılmaması belə halların baş verməməsinə səbəb ola bilər. Bu işlərdə hər birimiz məsuliyyətli olmalıyıq”.

 

Deputat Kamilə Əliyeva ümumilikdə kriminal video-görüntülərin  yayılmasının əleyhinədir:

 

“Bir deputat, vətəndaş olaraq bu cür halların yayılmasının əleyhinəyəm. Bu cür informasiyalar insanların psixikasına mənfi təsir edir. Çünki istər saytlar, istərsə televiziyalar olsun, azyaşlı uşaqlardan tutmuş normal və psixoloji durumu yerində olmayan insanlar da baxır.  Bu cür videoların yayılması  hər yaş qurupunda olan insana mənfi təsir göstərir. Düşünürəm ki, bu cür halların qarşısını almalıyıq. Saytlarda, sosial şəbəkələrdə bu cür halları işıqlandırırıqsa, bunun məqsədi olmalıdır. Bunları işıqlandırmaqla qarşısını alırıqmı?! Halbuki bu maarifləndirici iş deyil. Bunun yayılmasında nə məqsəd güdürlər?! Ona görə də tam olaraq yayılmasının əleyhinəyəm”.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı