Modern.az

“Hazırkı operativ oxucu tələbatını nəzərə almağa məcburuq” - “Yeni Azərbaycan”ın baş redaktoru

“Hazırkı operativ oxucu tələbatını nəzərə almağa məcburuq” - “Yeni Azərbaycan”ın baş redaktoru

10 Aprel 2019, 14:46

Bu gün "Yeni Azərbaycan" qəzetinin fəaliyyətə başlamağının 26 ili tamam olur.

Qəzetin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu təəssüratlarını Modern.az-a bölüşüb. O qeyd edib ki, "Yeni Azərbaycan" qəzeti ölkədə müstəqil mətbuatın yeni formalaşdığı illərdə - 1993-cü ildə işıq üzü görüb və media həyatına ideoloji qəzet kimi başlayıb:


“Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi orqanı olan bu qəzet ötən illər ərzində ölkəmizin ən çox oxunan və sevilən ictimai-siyasi qəzetlərindən birinə çevrilib. Qəzet fəaliyyət göstərdiyi illər ərzində ölkəmizdəki ictimai rəyin düzgün əsaslarda formalaşması işinə özünəməxsus töhfələr verib. Eyni zamanda, "Yeni Azərbaycan" qəzeti milli mətbu orqanlarımız içərisində obyektivliyi və milli-mənəvi dəyərlərimizi geniş təbliğ etməsi ilə seçilib, dünyada baş verən hadisələri analitik təfəkkürün süzgəcindən keçirərək Azərbaycan ictimaiyyətinə ötürmə missiyasını uğurla aparıb. "Yeni Azərbaycan" hazırda Yeni Azərbaycan Partiyasının sayı 730 mindən çox olan üzvləri ilə bərabər, həm də bütövlükdə Azərbaycan xalqının qəzetdir. Qəzet ümumi-kütləvi auditoriyaya müraciət edən çoxtirajlı qəzetlərdən, milli media nümunələrindən biridir".


Baş redaktor bildirib ki, "Yeni Azərbaycan" qəzetinin bu cür populyarlıq qazanması və özünəməxsus ciddi imic formalaşdırması YAP rəhbərliyinin, İcra katibliyinin tövsiyələri əsasında baş tutub:

"Bu gün milli media təkcə xəbər ötürücüsü deyil, eyni zamanda, milli və informasiya təhlükəsizliyini təmin edən əsas vasitələrdən biridir. YAP sədri, Prezident İlham Əliyev deyir ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsidir. Bu mənada "Yeni Azərbaycan" qəzeti də digər milli mətbu nümunələrimiz kimi üzərinə düşən bu missiyanı yerinə yetirməyə çalışır. Bu gün Azərbaycan mediası məhz Azərbaycan Prezidentinin hərtərəfli diqqəti və qayğısı ilə əhatə olunub. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli mətbuatımıza diqqət və qayğı siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Jurnalistlərin peşə nüfuzunun artırılması üçün tədbirlər görülür, onların məişət və maddi problemlərinin həlli, redaksiyaların maddi-texniki təminatının gücləndirilməsi, media təmsilçilərinin peşəkarlığının artırılması istiqamətində ardıcıl işlər görülür. Eyni zamanda, siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan mediasının bütün nümunələri medianın inkişafı ilə əlaqədar ixtisaslaşmış xüsusi qurum olan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə ciddi şəkildə maliyyələşdirilir. Bütün bunlar belə bir obyektiv fikri ifadə etməyə imkan verir ki, Azərbaycan Prezidenti İlham Əliyev medianın böyük hamisi və qayğıkeşidir. "Yeni Azərbaycan" qəzeti də 26 yaşında digər media nümunələri kimi bu gün də o qayğını hiss edir".


H.Babaoğlu, həmçinin "Yeni Azərbaycan" qəzetinin gələcək planlarından da danışaraq qeyd edib ki, bu gün milli mediamız öz missiyasını təkcə kağız üzərində deyil, internet resursları üzərində də həyata keçirir:

"Əlbəttə ki, əgər qəzet dünyada baş verən proseslərlə ayaqlaşmaq istəyirsə, mütləq mövcud texnologiyaların imkanlarını, hazırkı operativ oxucu tələbatını nəzərə almalıdır. "Yeni Azərbaycan" qəzeti də hazırda elektron səhifəsi olan internet qəzetlərdən biridir. Həmçinin, sosial şəbəkələrdə səhifələri fəaliyyət göstərir. Gələcək planlarımıza gəldikdə isə, bu hər bir milli media nümunəsi kimi millətimizin informasiya təhlükəsizliyinin keşiyində durmaqdan, partiyamızın, dövlətimizin, xalqımızın maraqlarını informasiya mübarizəsi rəqabəti platformasında həyata keçirməkdən ibarətdir. Ən əsası isə hazırda qlobal informasiya məkanında milli informasiya məkanımızı təhdid edən bu və digər informasiya məhsullarına qarşı mübarizə aparmaq və onlara qarşı öz auditoriyasını maarfləndirməkdir. Çünki bu gün milli təhlükəsizliyin ən əsas komponentlərindən biri məhz informasiya təhlükəsizliyidir. Eyni zamanda, "Yeni Azərbaycan" qəzeti olaraq kifayət qədər rəngarəng olan milli media məkanında oxucu auditoriyasının tələblərinə cavab verən məqalə və analitik yazılarımızla ictimai-siyasi proseslərin düzgün təhlili, ölkəmizin bütün sferalarda qazandığı nailiyyətlərin obyektiv şəkildə işıqlandırılması işində üzərimizə düşən vəzifəni bundan sonra da layiqincə yerinə yetirməyə çalışacağıq".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır