Arxiv
11 Aprel 2019, 08:34 | ƏDƏBİYYAT
O, müdrik bir insan, canlı ensiklopediya idi...

Bugünlər sumqayıtlıların unudulmaz müdrik ağsaqqalı, əsl ziyalı etalonu olan Zəbi Abdullayevin 100 illik yubileyidir

 

Bu il özünün 70 yaşını qeyd etməyə hazırlaşan Sumqayıtın ziyalı nuruna qərq olmuş böyük və çox maraqlı bir Zəbi Abdullayev dövrü olub. O Zəbi müəllim ki, hər zaman sumqayıtlılar üçün böyük bir örnək, həyat müəllimi, qayğıkeş, səmimi bir insan, yaxın, sədaqətli dost, müdrik ağsaqqal, çətin günlərin məsləhətçisi, yol göstərəni olub. O, dünyanın gəliş-gedişini yaxşı dərk edən və dövrü, zamanı özünəməxsus, fərdi təhlili ilə seçilən tarixçi-filosof, həmsöhbətlərini o vaxtkı SSRİ-nin və digər dövlətlərin siyasi elitalarının yaratdığı çaxnaşıq, labirint məqamlardan baş çıxartmağa sövq edə bilən, dünyada və ölkədə baş verən hadisələrə fərdi, orijinal yanaşma tərzi olan obyektiv, dərin analiz qabiliyyətinə malik unikal bir şərhçi, beynəlxalq səviyyəli siyasi icmalçı idi. 


Odur ki, şəhərdə hansı tədbirdə, hansı məclisdə olsaydı, qoca-cavan - hamının diqqəti istər-istəməz ona yönələrdi. Zəbi müəllimin - o müdrik ağsaqqalın cəmiyyətlə və ya ölkədəki hansısa bir hadisə, yeniliklə bağlı yalnız ona məxsus orijinallıqla çatdıracağı sözü-fikri, Sumqayıtın və bütünlükdə respublikanın sosial-iqtisadi həyatının mövcud  mənzərəsinə və inkişafının perspektivlərinə baxışını, dünyada baş verən hadisələrə münasibətini hamı bilmək istəyər, onu səbrlə, maraqla dinləyərdilər.

Onun bütün yüksək keyfiyyətləri isə Vətənə, xalqa, doğma Sumqayıta olan hədsiz, böyük sevgidən və əsl ziyalılığından irəli gəlirdi. O, çoxlarına bu gün də nümunə ola biləcək əsl vətənpərvər, əsl ziyalı idi! 



Z
əbi Abdullayev 17 mart 1919-cu ildə - Azərbaycan Demokratik Respublikasının yaranmasının ilk ildönümü ərəfəsində qədim Xızı diyarının Tıxlı kəndində dünyaya gəlmişdi. Cəmi bir il sonra Rusiyanın Azərbaycanı yenidən işğal etməsi ilə onun həyatının sonrakı illəri Sovet dövrünə düşdü. Xızıda orta məktəbi bitirməsi ağır repressiya illərinə təsadüf etsə də, hələ kiçik yaşlarından elmə-biliyə böyük həvəsi, marağı olan  Z.Abdullayev uğurla imtahan verərək, Bakı Pedaqoji Texnikumuna qəbul olunur. 1937-ci ildə oranı bitirdikdən sonra Xızı orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayaraq, kənd uşaqlarının, həmçinin yaşlı adamların  maariflənməsi üçün səylə, bacarıqla çalışır. O dövrün yaşayışı ağır olsa da, çox çətinliklərlə üzləşsə də, bir müəllim kimi daha geniş bilik əldə etməsi üçün imkan tapdıqca gecələr məşhur rus yazıçısı M.Qorki kimi kerosin lampasının zəif işığında kitab oxumaqda, dünya görüşünü artırmaqda davam edir. Gənc müəllimin yüksək biliyə və natiqlik məharətinə, aydın təfəkkürə malik olması, ictimai fəallığı rayon rəhbərliyinin diqqətindən yayınmır və o, çox keçmədən rayon Komsomol Komitəsinə siyasi məsləhətçi kimi işə qəbul edilir. Lakin orda gənclik eşqi ilə işə başlayan Zəbi müəllim bir müddət sonra öz adi müəllim geyimini hərbi forma ilə əvəz etməli olur... 


Xızıdan olan gənc müəllim Kursk, Dnepr döyüşlərində 
 


O da bir çox yaşıdları kimi 1941-ci ildə "Stalin uğrunda!" şüarı ilə alman faşistlərinə qarşı vuruşmaq üçün cəbhəyə yola düşsə də, arxada yalnız Moskva və Stalinqraddan  başqa bütün varlığı ilə sevdiyi doğma Azərbaycan, Xızı elləri olduğunu, ilk növbədə onları qorumağı şərəf işi bilərək, düşmənə qarşı hiddət və nifrətlə vuruşur. Boylu-buxunlu, canlı-cüssəli olmasa da, cəbhə dostları ilə birgə əlində silah ağır döyüşlərdə, həmçinin 1943-cü ilin iyul-avqust aylarında Kursk çarpışmalarında iştirak edərək, düşmənin geri oturdulmasında bir azərbaycanlı əsgər kimi qüvvəsini əsirgəmir. Kurskdakı mühüm qələbədən sonra Sovet ordusu Ukraynanın düşmən əlində olan şəhərlərini, ən başlıcası isə Kiyevi azad etmək üçün daha da irəliləyərək, geniş miqyaslı döyüşləri davam etdirir. Dneprin sağ sahilində möhkəmlənmiş Sovet qoşunları alman faşistlərinin qarşı sahilə yaxınlaşmasına yol verməmək üçün bütün qüvvələri həmin sahilə atmağa çalışır. Düşmən tərəfinin güclü müqavimətinə, hücumu hər tərəfdən genişləndirmək səylərinə, Qızıl Ordu mövqelərini bombardmançı "Messerşmitt" və "Yunkers" təyyarələri ilə bombalamalarına baxmayaraq, sovet ordusu böyük itkilər versə də, ağır artilleriyanın, zəhmli "katyuşa"ların aramsız atəşi ilə faşistlərin irəliləməsinin qarşısını ala bilir. Komandanlıq minlərlə əsgərin düşmən atəşi altında gecə-gündüz çalışaraq, Dnepr üzərində qurduqları ağac körpülərlə ağır hərbi texnikanın, taxta sallarla isə döyüşçülərin çayın o biri sahilinə keçməsinə nail olur. 750 km məsafədə uzanan Dnepr cəbhəsi boyunca döyüşlərə hər iki  tərəfdən ümumilikdə 4 milyona yaxın döyüşçü cəlb edilmişdi. O 4 milyonun içində igid Azərbaycan oğulları, o cümlədən azğın düşmənə qarşı mərdliklə, şücaətlə vuruşan gənc döyüşçü Zəbi Abdullayev də vardı. Dörd ay davam edən həmin iri miqyaslı, topların atəşi ilə torpağın, suyun göylərə sovrulduğu, hər tərəfdə od-alov qopan döyüşlərin birində o, qolundan ağır yaralanaraq, xeyli qan itirir. Qospitalda uzun müddətli müalicədən sonra 1944-cü ilin əvvəllərində 2-ci qrup əlil kimi, lakin sinəsindəki döyüş orden və medalları ilə ordudan tərxis olunaraq Azərbaycana, dədə-baba yurdu Xızıya qayıtmaq məcburiyyətində qalır. 



Məktəb direktoru, qəzet redaktoru, rayonun "ikinci" adamı 
 


Doğma kəndi Tıxlı qanlı döyüşlərin getdiyi yerlərdən uzaq olsa da, müharibənin acı nəfəsi burda da duyulurdu. Cəbhədən gələn ağır xəbərlər, çörək qıtlığı... Ancaq, çətin də olsa, həyat davam edirdi. Və Zəbi müəllim yenidən Xızıdakı orta məktəbdə müəllimlik fəaliyyətinə davam edir, çox keçmədən isə həmin təhsil ocağına direktor təyin olunur. Onun nəinki məktəblilər, eləcə də kənd camaatı arasında böyük hörmət-nüfuz qazandığını, geniş dünya görüşlü və təşəbbüskar bir ziyalı olduğunu görən Xızı rayon rəhbərliyi ona daha yüksək vəzifə - rayon İcraiyyə Komitəsinin məsul katibi vəzifəsini təklif edir. Sonralar “Qızıl ulduz” rayon qəzetinin redaktoru kimi çalışan Zəbi müəllim 1949-52-ci illərdə Ali Partiya Məktəbində oxuyur və Azərbaycan Dövlət Pedaqoji İnstitutun tarix fakültəsində ali təhsil alır. 1952-ci ildə o, Xızı rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinədək yüksəlir (məhz həmin dövrdə Azərbaycanın "ağası", xalqın "repressiya rəhbəri" Mircəfər Bağırovla görüşməli olur). 


Xızıdan Sumqayıta aparan tale yolu
 


Xızı rayonunun inzibati-ərazi vahidi kimi 1956-cı ilin dekabrında ləğv edilməsindən məyus olan, lakin ruhdan düşməyərək, öz bitib-tükənməyən gənclik enerjisi ilə iş dalınca Azərbaycanın yeni ucaldılan şəhərinə - o vaxtkı SSRİ-nin hər yerindən minlərlə gəncin axışıb gələrək, qurub yaratdıqları, adına nəğmələr qoşulan Sumqayıta üz tutur. Gənc şəhərin rəhbərliyi müharibənin odundan-alovundan keçərək bərkimiş, rayon miqyaslı yüksək vəzifələrdə sınaqdan keçmiş Zəbi Abdullayev kimi təcrübəli, ali təhsilli gənci hörmətlə qarşılayaraq, ona ilk əvvəl "Sosialist Sumqayıtı" qəzetinin redaktoru olmağı təklif edir. Lakin sonda Azərbaycan KP MK-nın nomenklaturasında olduğu nəzərə alınaraq, Sumqayıt şəhər Partiya Komitəsinə təlimatçı vəzifəsinə götürülür. Birdən-birə kənd rayonundan sürətlə böyüməkdə, inkişaf etməkdə olan 7 yaşlı gənc şəhərin qaynar həyatına atılan Zəbi müəllim burda yeni metallurgiya, kimya və energetika müəssisələrindəki əmək coşqunluğundan, inşaat meydançalarında gecə-gündüz aparılan tikinti işlərindən ruhlanaraq, həmişəlik olaraq Sumqayıtda yaşayıb-yaratmaq qərarına gəlir. Elə bu arzu-istəklə də 1957-ci ilin fevralında ailəsi ilə birgə bu şəhərə köçür. Zəbi müəllimin kabinet adamı olmadığını, bütün günü sənaye müəssisələrində, orda-burda qaynayıb-coşan tikinti meydançalarında "itib-batdığını" görən şəhər rəhbərliyi onu 1 №-li Tikinti trestinin kadrlar şöbəsinə rəis təyin etməli olur. Burda da o, bütün günü rahatlıq bilmədən kimya və metallurgiya müəssisələrində yeni sex və istehsalatların, şəhərin yaşayış binalarının tikintisinə baş çəkir, böyük ruh yüksəkliyi ilə, coşqunluqla çalışan inşaatçıların qurub-yaratmaq əzmindən fərəhlənərək, hər biri ilə yaxından tanış olub, söhbət edir, qayğı və problemləri ilə maraqlanır, sonra isə Trestin o vaxtkı rəhbəri, əmək adamını hər zaman yüksək dəyərləndirən Sosialist Əməyi Qəhrəmanı Məzahir Abdullayevin köməyi ilə fəhlələrin iş və yaşayış rahatlığının təmin edilməsinə çalışır və hökmən də istəyinə nail olurdu.

Öz diqqət və qayğıkeşliyi ilə inşaatçıların və şəhərin digər sahələrindən olan əmək adamlarının hörmətini qazanan, onlarla tez-tez görüşən Zəbi müəllim bəzən gənclərin öz el-obalarından uzaq düşərək, doğmalarından nigaran qaldıqlarını, darıxdıqlarını hiss edib, onlara məsləhət görürdü ki, kimin kənddə atası, qardaşı, başqa bir qohumu Sumqayıta gəlib işləmək, yaşamaq istəyirsə, buyurun, dəvət edin, gəlsinlər, onlar üçün iş də tapılacaq, yataqxanada yer də. Bununla Zəbi müəllim həm onların istək-arzusunu yerinə yetirir, həm də Sumqayıta daha çox işçi qüvvəsinin cəlb edilməsinə nail olurdu.

Məhz səmimiyəti və sadəliyi, yüksək mədəniyyəti, ziyalılığı, həm də işgüzarlığı, təşkilatçılıq bacarığı ilə seçilən Zəbi müəllim çox keçmədən sumqayıtlıların əsl sevimlisinə, dostuna çevrilir. Onun bir şəxsdə cəm olunmuş müsbət xüsusiyyətlərini müstəsna bir amil daha da dəyərli edirdi. Məntiqli, tərbiyəvi və düşündürücü söhbətləri, mühakimələri ilə o, həm də gözəl bir natiq idi. Ucadan, pafosla danışmazdı, asta, ürəyəyatan səslə, ancaq çox inandırıcı danışardı - istər hansısa bir auditoriyada, istər inşaat meydançasında, istərsə də müxtəlif sahələrin müxtəlif səviyyəli adamları ilə söhbətlərində. Onun bütün varlığına hakim kəsilən böyük bir sevgi var idi - Azərbaycanın gənc, çox sürətlə inkişaf edən şəhəri Sumqayıta, onun gecə-gündüz, yorulmaq bilmədən qurub-yaradan adamlarına - bütün sumqayıtlılara!

Təsadüfi deyildi ki, az bir müddətdə şəhərin əmək adamlarını yaxından tanımağı bacaran, onlar haqqında geniş məlumatı olan, Sumqayıtın sürətli sosial-iqtisadi, mədəni inkişafı ilə öyünən Zəbi müəllim bu gənclik şəhərinə gəlişinin heç üç ili də tamam olmamış onun yaranmasının 10 illiyinə - ilk yubileyə həsr edilmiş "Sumqayıtın gənc mübarizləri" adlı ilk kitab hazırlayıb, nəşr etdirmişdi.  Həmin kitab bu gün və gələcək üçün həm də ona görə maraqlı və əhəmiyyətlidir ki, orda Sumqayıtı qurub-yaradanlar haqqında adlar, aylar-illər və faktlar göstərilməklə kifayət qədər məlumatlar var - 60-70 il əvvəlin məlumatı! Zəbi müəllimi bu mühüm işi yerinə yetirməyə sövq edən kimsə yox, onun Sumqayıta və sumqayıtlılara olan böyük sevgisi idi. O, şəhərdə yaradılan hər bir yeni sex və istehsalata, təzə inşa edilən mədəniyyət ocağına, məktəbə, uşaq baxçasına və s. görə çox sevinir, öyünür və Sumqayıtın gələcəkdə daha yüksək, daha geniş planlı inkişaf edəcəyinə, respublika iqtisadiyyatında olduqca mühüm yer tutacağına böyük inam bəsləyirdi. 10 ildən də çox şəhərin ən böyük tikinti trestində kadr siyasəti ilə yaxından məşğul olan bir adamda bu inam heç də əsassız deyildi. 


Gəlişi hər yerdə intizarla gözlənilən siyasi mühazirəçi, Universitet rektoru
 


Zəbi müəllim özünün geniş dünya görüşü, yüksək erudisiyası, natiqlik məharəti, adamlarla səmimi və etibarlı ünsiyyət qurmaq bacarığı sayəsində uzun illər - ömrünün sonunadək respublika "Bilik" cəmiyyətinin ən fəal üzvü olmuşdu. Sovetlər dövrünün 1960-80-ci illərini xatırlayanlar yaxşı bilirlər ki, həmin vaxtlarda "sovet düşüncəli" yeni "sovet adamı" formalaşdırmaq məqsədilə hərbi hissələr də (ilk növbədə!) daxil olmaqla bütün idarə və təşkilatlarda ayda ən azı bir dəfə sonralar "Lenin cümə günü" adlandırılan mühazirə günü keçirilirdi. Həmin tədbir formal xarakter daşıdığından o qədər bayağılaşdırılmışdı kİ, o mühazirələrə nəinki "sovet tərbiyəsi" görmüş sıravi fəhlələr, hətta rəhbər işçilər, "leninçi" kommunistlər, çox zaman mühazirəçilərin özləri belə ciddi maraq göstərmir, müxtəlif bəhanələrlə həmin tədbirlərdən yayınmağa çalışardılar. Sumqayıtın müəssisə, idarə və təşkilatlarında bəlkə də yalnız bir nəfər mühazirəçinin - Zəbi Abdullayevin gəlişi intizarla gözlənilər, mühazirələri maraqla dinlənilərdi. Çünki o, şablon mövzu və fikirlərdən qaçaraq, daha çox dinləyiciləri maraqlandıran mövzular ətrafında danışardı. Sovetlərin Ameika, kapitalizm əks-təbliğatına "öz təbliğatını" da qatar, hər bir müsəlmanın ağrısı-dərdi olan Əfqanıstan və İraq müharibəsi, digər Yaxın Şərq faciələri, ö cümlədən Fələstin, Kipr, Kəşmir problemləri barədə Sovet ideologiya sisteminin dili ilə yox, özünün şəxsi, real düşüncələrinin "dili" ilə danışar, bununla da dinləyicilərin xüsusi diqqət və marağına səbəb olardu. Hətta xüsusi olaraq tapşırılmış, konkret mövzu ilə bağlı danışmalı olduğu vaxtda belə hökmən haşiyə çıxaraq, bu və ya digər mövzuyda özünün qeyri-standart, həm də daha obyektiv olan fikir və düşüncələrini də dinləyiciyə çatdırardı. Ona görə də "Bilik" cəmiyyətinin digər  mühazirəçilərindən fərqli olaraq Zəbi müəllimin mühazirə saatlarına ordan-burdan adam tutub-gətirməyə ehtiyac qalmırdı. Həm də maraqlı idi ki, Zəbi müəllimin həm cəmiyyətlə bağlı, həm də beynəlxaq, siyasi xarakterli mühazirələrini idarə və müəssisə rəhbərləri də "könüllü olaraq", maraqla dinləyərdilər.


Təsadüfi deyil ki, hələ də söz düşəndə bir çoxları xüsusi bir fəxrlə deyirlər ki, "mən Zəbi müəllimin mühazirələrini dinləmişəm". Ona görə fəxr edirləır ki, Zəbi müəllimin mühazirələri tamamilə başqa bir aləm, başqa bir kurs, özü isə ayrıca, əlahiddə bir məktəb idi - həqiqət, obyektivlik, düzlük, insanlıq, humanistlik, kişilik məktəbi! 


Və o da təsadüfi ola bilməzdi ki, SSRİ-nin, həmçinin Azərbaycan əhalisinin,  o cümlədən sumqayıtlıların daha savadlı, dünyanın "axar-baxarından" baş çıxarda bilən, cəmiyyətdə baş verən hadisələri saf-çürük etməyi bacaran adamlar kimi formalaşması, onların ictimai həyatda fəallığının artırılması məqsədi ilə yaradılmış Marksizm-Leninizm Universitetinin Sumqayıt filialının ilk direktoru məhz "heç bir elmi dərəcəsi olmayan alim, heç bir yaradıcılıq birliyinin, elmi təşkilatın üzvü olmayan filosof, istənilən mövzuda mühazirə oxuya bilən politoloq, siyasi icmalçı, böyük zəka sahibi" (fikirlər şair Əşrəf Veysəllinindir) Zəbi Abdullayev təyin edilmişdi. 



Hardan idi Zəbi müəllimdə hərtərəfli istedad, filosofluq, dərin zəka?

 
Zəbi müəllim hələ məktəb illərindən meylini kitab-dəftərə salmışdı. İlk təhsil aldığı Xızı məktəbinin kitabxanasında oxumadığı kitab qalmamışdı. Tələbəlik illərindən başlayaraq isə özünün zəngin şəxsi kitabxanasını yaratmışdı. Orada Azərbaycanın dahi yazıçı və şairlərindən tutmuş Qərb klassiklərinin əsərlərinədək oxuduğu yüzlərlə kitab vardı - ədəbiyyatla, fəlsəfə ilə, siyasətlə, görkəmli adamların həyatı ilə (rusca o kitablar "ЖЗЛ - жизнь замечательных людей" seriyasından Moskvada, sonralar isə tərcümə olunaraq Azərbaycanda da nəşr edilirdi), hətta texniki elmlərlə bağlı kitablar toplanmışdı. Bununla kifayətlənməyən Zəbi müəllim hər gün Azərbaycanın və Moskvanın dövri mətbuatını da gündəlik olaraq izləyərdi. Sovet dövründə qəzetlərin çıxmadığı bazar ertəsi günü onun üçün ən darıxdırıcı gün olardı. Onda başını hökmən təzə əldə etdiyi kitablarla qatardı. Həftənin ikinci günü - qəzetlərin yenidən çıxmağa başladığı gün isə Sumqayıtın mətbuat yayımı şöbəsinin ("Soyuzpeçat"ın) qabağını ilkin kəsdirən Zəbi müəllim olardı. Vay o gündən ki, Moskvada və ya Bakıda keçirilən hansı rəsmi tədbirləsə bağlı qəzetlər gecikəydi... Elə olanda o, Sumqayıtın Nizami və M.Əzizbəyov küçələrinin kəsişməsində yerləşən "Soyuzpeçat"ın qarşısında nigarançılıqla, əsəbiliklə var-gəl edərək, qəzetləri gözləməli olardı (bəzən lap bir, hətta iki saatdan da çox!). Və digər qəzet həvəskarları hələ uzaqdan görəndə ki, Zəbi müəllim orda var-gəl edir, bilirdilər ki, qəzetlər hələ gəlməyib. O isə təəccüblə, sanki öz-özünə danışırmış kimi söylənərdi ki, "görəsən, qəzetlər niyə gecikib? Belə də iş olar?" - deyə gözünü "Soyuzpeçat" maşınının gəldiyi yola dikərdi. Elə ki, qəzetlər gəlirdi, Maarif adlı satıcı ilk növbədə Zəbi müəllimin 12-15 qəzetini seçib, səliqə ilə bükərək, intizarla qəzetlərə baxan daimi müştərisinə verərdi (o, Zəbi müəllimin hansı qəzet-jurnal aldığını dəqiq bilirdi). Yalnız qəzetləri əlinə alanda "ürəyi yerinə gələn" "1 №-li oxucu" həvəslə qəzetlərin bir-ikisini elə yerindəcə vərəqlədikdən sonra ordan uzaqlaşardı.


Z
əngin mütaliəsi olan Zəbi müəllim həssas qəlbli, şair təbiətli adam idi. O, Azərbaycanın poeziya nəhəngləri, dahi şairlərimiz Nizaminin, Füzulinin, Nəsiminin, həmçinin son dövr şair və yazıçılardan Rəsul Rzanın, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, M.Şəhriyarın əsərlərilə yanaşı dünya klassiklərinin də yaradıcılıqları ilə dərindən maraqlanar, yeri gəldikdə onlardan misallar da çəkərdi. O, Sumqayıtın vurğunu olaraq, şəhərin sosial-iqtisadi inkişafından fərəhləndyi, iftixar duyduğu qədər də əsl ziyalı kimi şəhərin istedadlı şair və yazıçıları, mədəniyyət və incəsənət xadimləri ilə də fəxr edər, vaxtaşırı onlarla görüşər, yaradıcılıqları barədə böyük məmnunluqla, şövqlə fkir və mülahizələrini söyləyərdi. Sumqayıtda böyüyüb-yetişmiş istedadlı şair, sonralar SSRİdə ilk dəfə olaraq Sumqayıtda Poeziya Klubu yaratmış, M.Qorki adına Ümumittifaq mükafatı laureatı, Respublika Ədəbi Birliyinin sədri olmuş Vaqif İbrahimlə yaxın qonşuluqda yaşayan Zəbi müəllim aralarındakı böyük yaş fərqinə baxmayaraq, onunla yaxından dostluq edərdi. 1967-80-ci illərdə çox vaxt işə eyni yolla gedib-gəldiklərindən tez-tez görüşərdilər. Zəbi müəllim onun poeziyasının vurğunu idi, hərdən Vaqif İbrahimin şeirlərindən nümunələr də söyləyərdi, onun gələcəyinə böyük ümidlə baxardı (heyf ki, amansız tale o gözəl, istedadlı şairin ömrünü 1983-cü ilin payızında yarımçıq qoydu).  


Ümumiyyətə, Zəbi müəllim yaxşı, mənalı şeirə heç vaxt biganə qala bilmirdi. Bir dəfə "Sosialist Sumqayıtı" qəzetində bir nəfərin şeiri dərc edilmişdi. Ordakı fikir, məna çox xoşuna gəldiyindən redaktora zəng edərək, həmin gözəl şeiri dərc etdiklərinə görə redaksiyaya və tanımadığı müəllifə təşəkkürünü bildirmişdi. Vaxtilə qismətinə C.Cabbarlı kimi qüdrətli bir dramaturqu, M.Müşfiq kimi ilhamlı bir şairi görmək, Altıağac meşəsində ov zamanı S.Vurğunla tanış olmaq xoşbəxtliyi düşmüş Zəbi müəllimin yeni nəslin yaradıcılığına diqqət yetirib, qiymətləndirməsi, əlbəttə ki, təqdirəlayiq idi. 

Bir dəfə isə o, Vaqif İbrahimin şəhər qəzetində "uğurlu yol" yazaraq, oxuculara təqdim etdiyi gənc şairin belə bir şerini oxumuşdu:

 

"Rentgenoloq dedi mənə:

- Böyrəyində daş var, qardaş...

Söylədim ki, qorxum yoxdur

böyrəyimdə olan daşdan,

Mən qorxuram ürəkləri daş olandan..." 


Şeirdə  qeyri-adi deyil, məlum bir fikir  səslənsə də, Zəbi müəllim Vaqif İbrahimdən xahiş etmişdi ki, onu həmin gənc şairlə görüşdürsün. Elə həmin "Soyuzpeçat"ın qarşısında Vaqif müəllimin təqdim etdiyi həmin gənc şairlə Zəbi müəllim çox səmimi görüşərək, şeirlə bağlı təəssüratını bölüşmüş, ona xoş  arzularını bildirmişdi. Yəqin ki, Zəbi müəllim şeirdən daha çox, ordakı fikri ("Mən qorxuram ürəkləri daş olandan...") bəyənmişdi. Çünki insan laqeydliyi, soyuqqanlılığı onun təbiətinə, ruhuna əzəldən yad olduğundan bu 5-6 misralıq şeir ürəyindən xəbər vermişdi. 



"Eyruz, çox sağ ol! Sən gənclərimizin gələcəyinə mənim ümidimi sönməyə qoymadın!"
 


Tanınmış yazıçı-publisist, respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədov bir dəfə Zəbi müəllimlə bağlı maraqlı bir fakt danışdı. Dedi ki, istedadlı kinorejissor dostu, mərhum Davud İmanovla birgə çəkdikləri, ermənilərin Sumqayıtda törətdikləri təxribatlarla bağlı "Sumqayıtın əks-sədası" ("Exo Sumqaita") filminin ilk seriyası televiziyada nümayiş etdirildikdən sonra geniş rezonans doğurmuşdu. "Ona görə də biz Bakıda 20 Yanvar qırğınının səbəbkarları - xalqımızın qatı düşməni, özü və arvadı daşnaklara satılmış M.Qorbaçovdan, Sovet İttifaqı marşalı, cəllad D.Yazovdan, o vaxtkı SSRİ Daxili işlər naziri Bakatindən və digərlərindən Moskvada müsahibə götürərək, ikinci seriyanı da başa çatdırdıq və filmin 2-ci seriyası da televiziyada göstərildi".


- Zəbi müəllim adətən həftədə bir dəfə bizim redaksiyaya baş çəkər, hal-əhval tutar, qəzetdə verilmiş yazılarla bağlı öz fikrini söyləyər, "ehmalca", hiss etdirmədən bəzi tövsiyələrini də bildirərdi, - deyə Eyruz müəllim şəhərin hamı tərəfindən sevilən ağsaqqalını hörmətlə yada salır. - Adətən o, mənimlə sadəcə əl tutub görüşərdi. Bir dəfə isə, otağa daxil olan kimi məni qucaqlayıb, bağrına basdı. Dedi ki, Eyruz, düzü, mən son vaxtlar bədbinklə düşünürdüm ki, gənclərimiz artıq cırlaşıb, istedadlı uşaqlar azalıb. Ancaq sizin "Sumqayıtın əks-sədası" filminin 2-ci seriyasına baxdıqdan sonra yanıldığımı gördüm. Çox sağ ol! Sən gənclərimizin gələcəyinə mənim ümidimi sönməyə qoymadın!"


Bəli, Zəbi müəllim hər zaman istedadlı adamları, yaxşını qiymətləndirməyə tələsər, daha böyük uğurlara ruhlandırar və sanki bundan özü də bir zövq alar, rahatlıq duyardı. 


"Partkomissiya" sədri
 


Z
əbi müəllim uzun müddət həm də Sumqayıtda Partiya Komissiyasının sədri olmuşdu. Bu, o zamanlar üçün çox məsuliyyətli, "güclü" bir vəzifə idi, bir növ "partiya prokuroru" demək idi.  Ötən dövrün adamları yaxşı bilirdi ki, keçmiş Kommunist partiyası sistemində müəyyən vəzifələrə təyinatda bəzən şəxsi münasibətlər və digər "amillər" rol oynasa da, Partiya Komissiyası sədri seçilməsinə çox ciddi tələbkarlıqla, obyektivliklə yanaşılar və bu vəzifəyə yalnız mənəviyyatca təmiz və vicdanlı, xalq arasında xüsusi hörmət və nüfuza malik adamlar təyin edilərdi. Sumqayıtın "bəxti" onda gətirmişdi ki, keçən əsrin 70-ci illərində şəhərin bütün sferası üzrə səlahiyyətli "partiya prokuroru" rolu məhz Zəbi Abdullayev kimi mənən saf və zəngin, prinsipial, obyektiv bir adama etibar edilmişdi. O zamanlar lazım gələrdisə, "Partkomissiya" sədrinin hətta 1-ci katibin "məsələsini" komissiya yığıncağına çıxartmaq və onu partiya xətti ilə cəzalandırmaq səlahiyyəti də vardı. Belə bir məsuliyyətli missiya sahibi olsa da, Zəbi müəllim heç vaxt özünü "yuxarıdan" aparmır, hamı ilə münasibətdə sadə və səmimi olmağa üstünlük verirdi.


...Bir dəfə tabeliyində olanlardan birinin hansısa qisasçılıqla "işini dolaşdırdığı" bir müəssisə direktorunun az qala cinayət xarakterli "məsələsinə" baxılırdı. "İş" həqiqətən elə dolaşdırılmışdı ki, "düyün"ü açmaq, kimin haqlı, kimin haqsız olduğunu ayırd etmək heç də asan deyildi. Sənədlərlə "sübut olunan" donosa inanılası olardısa, direktor nəinki vəzifədən çıxarılmalı, hətta cinayət məsuliyyətinə cəlb edilməli idi. Məsələ ciddi xarakter almışdı. Baxmayaraq ki, şəhərdə hamı həmin müəssisə rəhbərini yaxşı, təmiz bir adam kimi tanıyırdı, "faktlar" onun əleyhinə idi. Zəbi müəllim də onu qüsursuz, problemsiz bir adam kimi tanıyırdı. Ona görə də iş komissiyada müzakirəyə çıxarılmazdan bir-neçə gün əvvəl həm direktorla, həm də onu çoxdan "ilişdirməyə" çalışan müavini ilə görüşüb, söhbət eləmişdi (müəssisə rəhbəri şəhər Sovetinin deputatı olduğundan onun "işini" dərhal məhkəməyə və ya prokurorluğa vermək olmazdı).


Direktor öz "bağışlanılmaz" səhvini etiraf edərək bildirmişdi ki, məhsul ixracı və satışı, maliyyə məsələləri ilə bağlı bütün işləri həmin müavininə etibar etmişdi, o isə bu etibardan sui-istifadə edərək öz mənfəəti üçün yararlanmağa çalışmışdı. Həmin müavinlə görüşəndə Zəbi müəllim çox həssaslıqla hiss etmişdi ki, o, qurduğu "plan"ın baş tutacağına o dərəcədə əmin idi ki, özünü az qala direktor kürsüsündə görür, bunun daxili sevincini keçirirdi. Hər ikisi ilə söhbətdən, bilavasitə müəssisədə bir sıra işçilərlə görüşdükdən sonra məsələ Zəbi müəllim üçün tam aydın olmuşdu. Və "partkomissiya" yığıncağında gözlənilməz suallar və faktlar qarşısında qalan müavin çarəsizliklə günahını boynuna almağa məcbur olmuşdu. Buna baxmayaraq, satış və maliyyə məsələlərini nəzarətsiz qoyduğuna görə direktora partiya töhməti verilmiş, müavinin müəssisəyə vurduğu maddi ziyan isə ona tam ödətdirilmiş və saxtakarlığa yol verdiyi üçün iş prokurorluğa göndərilmişdi...


Zəbi müəllimin "partkomissiya" sədri kimi prinsipiallığından, eyni zamanda obyektivliyindən çox misallar gətirmək olar. Ancaq yəqin ki təkcə bu fakt da onun xarakterinin mühüm bir ştrixi kimi kifayət edər. 


"Bir pislik et, əvəzi çıxsın..."
 


Sumqayıtlıların poeziyasını sevərək, böyük hörmət bəslədikləri şair Əşrəf Veysəlli Zəbi müəllimlə bağlı xatirələrində onun necə xeyirxah, təmənnassız bir insan olduğunu təsdiq edən bir-çox maraqlı faktlardan söhbət açır. Bildirir ki, Sumqayıta ilk dəfə 1963-cü ildə gəlmişdi. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin fars dili şöbəsini bitirsə də, müvafiq iş tapa bilmirdi. Bir dəfə onun şəhər qəzetində dərc edilmiş şeirləri Zəbi müəllimi çox xoşuna gəlir. Onu axtarıb, taparaq, şeirlərinə görə ona təşəkkür edir və işi-gücü ilə maraqlanır. Biləndə ki, Əşrəf müəllim işsizdir, onun şəhərdəki texniki-peşə məktəblərindən birinə direktor müavini təyin edilməsinə nail olur. Əşrəf müəllim bu təmənnasız, gözəl insana necə təşəkkür edəcəyini bilmir.

Günlərin bir günü Zəbi müəllimin əlinə Əşrəf Veysəllinin ürək dağlayan bir şeiri keçir:

 

İlanın evi var, qurdun evi var,

Görəsən, evsiz də insan olarmı?

Əngin səmalarda süzən durnalar

Gecələr evinə qayıtmırlarmı? 

 

Mən evsiz qalmışam, nədəndir, ey dost?

Yoxsa dəmirəm mən, yoxsa daşam mən?

Ev özü bir kiçik Vətəndir, ey dost,

Deməli, Vətənsiz vətəndaşam mən.

 


Zəbi müəllim şeiri oxuyan kimi, Əşrəf müəllimin dostu Aydın Əliyevə deyir ki,"Əşrəfi tap, göndər yanıma". O vaxt Zəbi müəllim hələ 1№-li tikinti trestində kadrlar şöbəsinin rəisi idi. Sabahısı günü Əşrəf Veysəlli onun yanına gedir. Şair dostunu görən kimi Zəbi müəllim onun şeirindən elə bu parçaları əzbər söyləyir. Sonra da deyir ki, "ispolkomun sədri ilə sənin ev məsələn barədə danışmışam. Gedək onun yanına".   Zəbi müəllimlə, onun şair dostu ilə səmimi görüşən şəhər İcraiyyə Komitəsinin sədri, ədəbiyyatın-incəsənətin vurğunu Kamal Axundov (Azərbaycanın məşhur birinci katibi Vəli Axundovun qardaşı) poeziyadan söhbət açaraq, hörmətlə ulu Şəhriyarın adını  çəkir. Belə olduqda Əşrəf Veysəlli ustad Şəhriyarın məşhur "Azərbaycan" şeirini həm azərbaycanca, həm də farsca söyləyir. Təzə tanış olduğu şair qonağına təşəkkür edən Kamal müəllim ona kağız-qələm uzadaraq deyir ki, tez mənim adıma bir ərizə yaz.


Ərizəni yazdıqdan sonra Zəbi müəllimlə Əşrəf Veysəlli şəhərin meri ilə sağollaşıb çıxırlar. Əşrəf müəllim işlədiyi texniki peşə məktəbinə çatar-çatmaz direktor Kamal müəllimin təcili olaraq onu yanına çağırdığını deyir. Əşrəf müəllim indicə onun yanından gəldiyini bildirir. Məlum olur ki, Kamal müəllim məktəbə 5 dəqiqə əvvəl zəng edib. Təzədən geri qayıdan şair Kamal müəllimin "Əşrəf, sənə ispolkomun ehtiyat fondundan 3 otaqalı mənzil ayırmışam, get orderini götür" deyəndə o, heyrətindən az qala şoka düşür. Axı, necə ola bilər ki, təzəcə yazdığın, hələ "suyu qurumamış" ərizəylə (heç bir saat keçməmiş) mənzil verələr, özü də 3 otaqlı?


Bu, nağıla, əfsanəyə bənzəsə də, həqiqət idi və elə sabahısı günü Əşrəf müəllim xanımı ilə birgə təzə mənzilə köçmüşdü (düzdür, mənzil işinə baxan adam çox prinsipial bir şəxs olduğundan, qanunla 3 yox, 2 otaqlı mənzil düşdüyünü bildirmişdi, şair isə buna görə Kamal müəllimi yenidən narahat etmək istəməmişdi).

Bir-neçə gündən sonra Zəbi müəllimlə görüşən Əşrəf Veysəlli ona elədikləri yaxşılıqların əvəzini necə çıxacağını bilmədiyini deyir. Çox hazırcavab və müdrik insan olan Zəbi müəllim zarafatla qayıdır ki, "çox asan. Bir pislik edərsən, tam əvəzi çıxar!" İkisi də gülmüşdü. Ancaq Zəbi müəllim ömrünün sonuna kimi Əşrəf müəllimdən heç bir pislik, üzüdönüklük görmədi. Özü üçün çox əziz, doğma adam bildiyi Zəbi müəllim dünyadan köçəndə isə qəlbindən göz yaşı kimi süzülən bu misraları yazmışdı:

 

Hanı o bəstəboy, saçları bəyaz,

O müdrik ağsaqqal, de, hanı, ey dost?

Bir də dərdlərimə dərman tapılmaz,

Öldü dərdlərimin dərmanı, ey dost!..

***

 

Zəbi müəllim  2002-ci il oktyabrın 13-də dünya ilə həmişəlik vidalaşıb. Qoynunda doğulduğu Tıxlı kəndindəki məzarlıqda uyuyur...

Allah Sənə min rəhmət eləsin, ey müqəddəs, nurlu İNSAN - əziz, unudulmaz Zəbi müəllim!

 

Rəhman ORXAN,

Azərbaycanın Əməkdar jurnalisti,

Osman Mirzəyev adına

Respublika mükafatı laureatı 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin İnquşetiyaya yeni rəhbər təyin etdi 26 İyun 2019, 22:16 Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR 26 İyun 2019, 15:02 Kəmaləddin Heydərov və Eldar Əzizov yanğın baş verən yerə getdi - FOTOLAR-YENİLƏNİB 26 İyun 2019, 15:00 Qayınatasının evinə atəş açdı, polis tutdu 26 İyun 2019, 14:54 Səhiyyə Nazirliyindən yeni narkotik növü ilə bağlı XƏBƏRDARLIQ   26 İyun 2019, 14:40 Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə müzakirə apardı 26 İyun 2019, 14:38 Daha bir güləşçimiz "Minsk-2019"un 1/4 final mərhələsinə yüksəldi   26 İyun 2019, 14:33 Deputat: “Prezidentin diqqəti qüdrətli bir ordunun formalaşmasına xidmət edir” 26 İyun 2019, 14:02