Modern.az

Bakıda su sayğaclarının oğurluğu kütləvi hal alıb  

Bakıda su sayğaclarının oğurluğu kütləvi hal alıb   

11 Aprel 2019, 14:34

Son zamanlar Bakıda və şəhərətrafı qəsəbələrdə fərdi evlərdən su sayğaclarının oğurlanması halları artıb. Bunu Daxili İşlər Nazirliyinin gündəlik kriminal xəbərləri də təsdiqləyir.

Məsələn, DİN-in 7, 8, 9 aprel tarixli məlumatlarında vətəndaşlar Ə.Çələbiyevin və R.Quliyevin sayğac oğurlamalarından bəsh edilib. Onların ətrafında Suraxanı RPİ 32-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə rayon ərazisində üst-üstə 29 evin su sayğaclarını oğurlamaları müəyyən edilib.

Bu yaxınlarda Hökməli qəsəbəsinin Binəqədi rayonuna düşən hissəsində - 40-cı Polis bölməsinin ərazisində isə 2 gün ərzində 10 fərdi həyət evinin su sayğacı naməlum şəxslər tərəfindən oğurlanıb və hadisədən xeyli vaxt ötməsinə baxmayaraq, oğrular hələ də tapılmayıb.

Sayğacların quraşdırılması, qeydiyyata alınması “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətində olduğundan, sayğacların kənar işlərdə istifadəsi mümkün deyil. Bəs maraqlıdır, vətəndaşlar bu sayğacları niyə və hansı məqsədlə oğurlayırlar?


“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Modern.az-a bu barədə danışıb. O qeyd edib ki, sayğacların oğurlanması faktları baş verdikdə, hüquq-mühafizə orqanları məlumatlandırılır:


“Dəfələrlə bu əməllərə yol verən şəxslər cəzalandırılıb. Sayğacların oğurlanmasının məqsədi onun içərisindəki əlvan metalları satmaqdır. Cinayəti törədən şəxslər oğurladıqları sayğacı sökür,  sındırır, içərisindəki əlvan metalı qəbul məntəqələrinə satırlar. Amma sayğacın özünü satmaq, hər hansı məqsədlə istifadə etmək mümkün deyil. Su sayğacları nömrələnib, “Azərsu”da qeydiyyatdan keçirilib. Bir sakinin evindən sayğacını oğurlayıb, başqasına satanda, evində quraşdıranda sistemə məlumat gəlir. Ona görə, oğurlanan sayğaclar ancaq içərisindəki materiallarla işə yarayır”.

Oğurlanan sayğacların yenisi ilə əvəzlənməsinə gəldikdə isə A. Cəbrayıllı deyib ki, bəzi evlərdə bu “Azərsu”nun hesabına, bəzilərində isə vətəndaşların öz hesabına təmin edilir:

“Su sayğaclarının evlərin bayır hissəsində quraşdırılmasında məqsəd əməkdaşlarımızın qeydiyyat aparmasına şərait yaratmaqdır. Çünki həyət evlərində sayğacı içəri quraşdırdıqda, çox zaman vətəndaşlar “Azərsu” işçilərini həyətə buraxmırlar. Ona görə, bir qisim evlərdə sayğac içəridə, bir qisimdə isə bayırda quraşdırılıb. Ən  çox oğurluq halları isə həyət evlərində deyil, pilləkan qəfəslərində yerləşdirilən su sayğacları ilə bağlı baş verir. Suraxanıda, Sumqayıtda, Abşeronda, Nizami rayonunda və s. ərazilərdə bu hallara daha çox rast gəlirik. Həyət evlərində sayğacın işlək olmasına, yenilənməsinə vətəndaşlar, pilləkan qəfəslərində isə “Azərsu” ASC məsuliyyət daşıyır”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi