Modern.az

Ağlayan otaqlardakı küskün eksponatlar - Hüseyn Cavidin ev-muzeyindən REPORTAJ

Ağlayan otaqlardakı küskün eksponatlar - Hüseyn Cavidin ev-muzeyindən REPORTAJ

Reportaj

13 Aprel 2019, 09:19

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının harada olduğunu yəqin ki, çoxları bilir. Bu, öz yerində. Bəs Əlyazmalar İnstitutunun içində ev muzeyi olmağından necə, xəbəriniz varmı? Elə mən də təsadüfən oradan keçdiyim zaman bundan xəbər tutdum.

 

Modern.az üçün reportaj hazırlamağı qərara aldım.

 

Ev-muzeyinin sahibinin əsərlərini o qədər sevirdim ki, muzeyə necə daxil olduğumu unutdum. Bir də gördüm ki bələdçiylə söhbət edirəm.

 

Haqqında danışdığımız bina 1898-1901-ci illərdə Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə tikilərək, Qızlar Giminaziyası üçün nəzərdə tutulub. 1920-1930-cu illərdə binanın birinci və ikinci mərtəbələri “Darülmüəllimlər giminaziyası” kimi fəaliyyət göstərib. Həmin məktəbin müəllimlərinə isə binanın üçüncü mərtəbəsində qalmaq üçün yer verilib.

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavid də məhz o məktəbdə dərs deyən müəllimlərdən biri idi.
Cavid ailəsi ilə birlikdə 1920-1937-ci illərdə bu binada yaşayıb. Dahi Hüseyn Cavid yaradıcılığı bu gün Azərbaycan ədəbiyyatının ən tükənməz sərvətlərindən biridir. Təəssüflər olsun ki, bu böyük insanın ömrü vaxtsız tükəndi. 1882-ci ildə Naxçıvan şəhərində anadan olan Hüseyn Cavid əsassız iddialar və türkçülük ideyasının təbliğində ittiham olunaraq, məhz bu evdən gecə radələrində aparılıb, iki il Bayıl və Keşlə həbsxanasında saxlanılıb. 1939-cu ildə isə Sibirə sürgün olunub. Hüseyn Cavid gecə evdən aparıldığı zaman yataq otaqlarında olan saat həyat yoldaşı Müşkünaz xanım tərəfindən elə həmin vaxtda  dayandırılıb. Bu ailənin həyatında olan xoşbəxtlik və səadət də, o saatla birlikdə dayanıb.

 

1918-ci ildə ailə həyatı quran Hüseyn Cavidin həyat yoldaşı Müşkünaz xanımın heç bir təhsili olmayıb. Hüseyn Cavid xanımına söyləyib ki,  “istəyirəm  ilk oxucularımdan biri sən olasan” və ona təhsil verməyə başlayıb. Hüseyn Cavidin ömür-gün yoldaşı Mişkünaz xanım ona biri oğlan - Ərtoğrul Cavid və biri qız - Turan Cavid olmaqla iki övlad bəxş edib.
1976-cı “Cavidi xatırlayarkən” adı ilə işıq üzü görən kitabda Mişkünaz xanımın Hüseyn Cavid haqqında olan bütün fikirləri çap olunub.

 
Solğun otaqlardakı küskün eksponatları gördükdə mənə elə gəldi ki, sanki eksponatlar hələ də Hüseyn Cavidin kədərli taleyinə ağlayırlar.

 

Oqtay Sadıqzadə tərəfindən çəkilmiş Mişkünaz xanımın portretində olan kədərli gözlər bir an olsun belə məndən uzaqlaşmırdı, sanki hara getsəm mənə baxırdı. Kədərli gözlərin ünvanlandığı masanın üstündəki məktublar həmən dəqiqə diqqətimi çəkdi. Solğun məktublara toxunduqda bələdçi bildirdi ki, bunlar Hüseyn Cavidin Sibirdə sürgündə olarkən öz ailəsinə yazdığı məktublardır. Məktubların bir hissəsi ailəsinə məlumat ötürməsin deyə xüsusi xidmət orqanları tərəfindən  cırılarmış. Elə məhz bu orqan tərəfindən cırılan təkcə məktublar deyil, Hüseyn Cavid arzuları və taleyi idi.

 

Hüseyn Cavid hər məktubunun sonunda yazarmış ki, Turandan muğayat olun. Bununla o,  qızı Turanın timsalında Turan ellərini nəzərdə tutarmış. Qonaq otağından asılmış ailənin hər bir üzvünün təsvir edildiyi süjetli xalçaların müəllifi xalçaçı rəssam- Afaq Kərimovadır.

Muzeydə diqqət çəkən eksponatlardan biri də, mərhum şairin əl əsası və öz əlləri ilə yazdığı “Azər” poemasından bir parça idi. Əgər bu gün Hüseyn Cavid yaradıcılığı ədəbiyyatımızdan silinməyibsə, bunun üçün öncə onun qızı mərhum Turan Cavidə, daha sonra isə qonaq otağındakı masada olan gizli siyirmələrə borcluyuq. Dahi Cavidin evində axtarış edilən zaman əsas məqsəd onun bütün əlyazmalarının toplanılması və məhv edilməsi olsa da, masanın gizli siyirməsi olduğunu unudublar. İnsanın müdrüklüyü onun öz gələcəyini görə bilməsindədir. Müdrük Hüseyn Cavid də öncədən onu hansı taleyin gözlədiyini hiss edərək, öz əlyazmalarını məhz bu siyirmələrdə saxlayardı və heç kimi onların yerini dəyişdirməyə qoymazdı.


Hazırda əlyazmaların  orijinal versiyaları “Hüseyn Cavid fondunda” saxlanılmaqdadır.

 

Daha sonra daxil olduğum otaq ədəbiyyatımızda mənzum faciənin banisi olan Hüseyn Cavidin faciə otağı idi. Hüseyn Cavid taleyinin faciəsinin məhz yataq otağından başladığı üçün qızı Turan Cavid böyük ədibin yataq otağını “faciə otağı” adlandırıb. Məhz bu otaqdan asılmış “Qara yazı” adlı tabloda repressiyaya məruz qalmış Azərbaycanın ziyalı sənət adamları - Hüseyn Cavid, Pənah bəy Qasımov, Abbas Mirzə Şərifzadə, Seyid Hüseyn, Əhməd Cavad, Mikayıl Müşfiq represiyada nömrələndikləri sıra nömrələri ilə təsvir olunublar. Tablo nəinki orada təsvir olunmuş böyük sənət adamlarının, eyni zamanda belə böyük sənət adamlarını itirən Azərbaycan incəsənətinin qara yazısı idi. Tablo Oqtay Sadıqzadə tərəfindən hazırlanıb və muzeyə hədiyyə edilib.


Muzeydə Hüseyn Cavidin oğlu, gənc yaşlarda vəfat etmiş Azərbaycan bəstəkarı - Ərtoğrul Cavidə aid eksponatlar da saxlanılır. Ərtoğrul Cavidin öz sevimli müəllimi Azərbaycan klassik musiqi məktəbinin banisi - Üzeyir Hacıbəyliyə yazdığı məktublara toxunduqda, bu ailənin acı taleyinə kövrəlməmək olmur. Xalq düşmənin oğlu kimi damğalanan və İkinci Dünya Müharibəsində ağır tunel işlərində işlədilən Ərtoğrul Cavid Üzeyir bəyə yazırdı: ”Hörmətli müəllimim Üzeyir bəy. Mən buradan anam və bacıma heç cür kömək edə bilmirəm. Ailəmiz başsız qalıb. Ailənin maddi ehtiyaclarını qarşılamaq üçün sizdən xaiş edirəm ki, bacım Turan Cavidi işlə təmin edəsiniz”.

 

Məktubu oxuduqdan dərhal sonra Üzeyir bəy Turan Cavidi radioda işlə təmin edir. Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun” qəzəlinə mahnılar bəstələyən, İkinci Dünya Müharibəsi başlarkən “Şeyx Sənan”, “Məshəti” operaları və bir sıra instrumental əsərləri yarımçıq qalan Ərtoğrul Cavidin həyatı da əsərləri kimi yarımçıq qaldı.

O, 1943-cü ildə gənc yaşda tutulduğu ağır xəstəlikdən vəfat edib. Ərtoğrul Cavidin əsərləri və yarımçıq əlyazmaları “Hüseyn Cavid fondu”  tərəfindən toplanaraq kitab halında çap edilib, əsərlərindən ibarət disk işıq üzü görüb.


Muzeyin ən maraqlı otaqlarından biri də hazırda Hüseyn Cavid ailəsinin eksponatlarının sərgiləndiyi darülmüəllimlərin direktoru, repressiya qurbanı Pənah bəy Qasımovun otağıdır. Bu otaqda Ərtoğrul Cavidə aid olan sekretar masa muzeyə gələn hər kəsin diqqətini xüsusi cəlb edir. Otaqda həmçinin Müşkünaz xanımın Hüseyn Cavid ocağında istifadə etdiyi mətbəx əşyaları da sərgilənməkdədir.
Divardan asılan çox maraqlı bir tabloda “İblis” operasının hazırlanma prosesi zamanı - Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Hənəfi Terequlov, Pənah bəy Qasımov və Müslüm Maqomayev təsvir olunublar.

"Bakı bağları” adlı portretdə isə Hüseyn Cavid, Ənvər Məmmədxanlı və onun bacıları, Azərbaycan ədəbiyyatının digər böyük nisgili şairi Mikayıl Müşfiq təsvir olunub. Bu portretə baxdıqdan sonra ilk düşündüyüm isə mərhum Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri oldu. “İsti qum, yaşıllıqlarla dolu sərin bağ – Yenə yığışaraq siz, o bağa dönəydiniz”.

Muzeyin bələdçisi Aytən Cəfərlinin səsiylə xəyal dünyamdan ayrılıb yenidən muzeyə qayıtdım. Düzü bu qədər qəmgin talelərə bələd olub, kövrəlib daha sonra Bakı bağlarına gedib, yenidən muzeyə qayıtmaq mənim üçün heç  asan olmasa da, amma qayıtdım...

Daha sonra isə muzeyin direktoru,  filologiya elmləri doktoru, əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı ilə görüşüb, onu dinləmək istədim.



Direktor deyir ki, Hüseyn Cavidin ev-muzeyinin yaradılması haqqında 1981-ci ildə mərhum Heydər Əliyev tərəfindən sərəncam imzalanıb.

 

“Heydər Əliyev həmin dövrdə Hüseyn Cavid irsinin qorunmarsına böyük dəyər verirdi.
Qızı Turan Cavid atasının ev-muzeyinin məhz onun bir vaxtlar yaşadığı evdə olmasını istəsə də, Hüseyn Cavidin mənzilini muzeyə verməmişdilər, çünkü muzey Mədəniyyət Nazirliyinin nəzdində yaradılmışdı, ev isə Elmlər Akademiyasının tabeliyində idi. Bu vəziyyət 15 il davam etdi.

 

Turan Cavid bir çox qurumlara bu barədə müraciət etsə də, heç kim ona kömək etmirdi. 1995-ci ildə Turan Cavid mərhum prezident Heydər Əliyevlə görüşərək, bu məsələni onun diqqətinə çatdırdı. Elə həmin ildə Nazirlər Kabinetinin qərarı ilə Hüseyn Cavidin ev-muzeyi Mədəniyyət Nazirliyinin tərkibindən çıxarılaraq, Milli Elmlər Akademiyasına verildi.

Hüseyn Cavidin ev-muzeyi Azərbaycanda yeganə muzeydir ki, Milli Elmlər Akademiyasının nəzdində bir müəssisə kimi fəaliyyət göstərir. Bura ev-muzeyi olmaqdan daha çox tədqiqat mərkəzi kimi fəaliyyət göstərir. Bu yaxınlarda 10 cildlik “Cavidşünaslıq” kitabı çapdan çıxdı.

 

“Cavidşünaslıq” kitabları elmi məqalələr toplusudur. Müxtəlif əlifbalarda müxtəlif dövrləri əhatə edir. Bunlar müxtəlif mətbuat orqanlarında çap olunmuş multidistiplinar Cavidşünaslıq materiallarıdır. Ona görə multidistiplinardır ki, biz Cavidşünaslıq dedikdə öncə ədəbiyyat nəzərdə tutulur. Lakin Cavid yaradıcılığında digər elmlər də vardır. Filosoflar, tarixçilər, filoloqlar, sənətşünaslar, teatrşünaslar öz məqalələrində Cavid yaradıcılığının çoxşaxəli elmlərlə əlaqədar olduğundan yazıblar. Ədəbiyyatşünaslığın bütün problemləri Cavid yaradıcılığında əks olunub”.


Gülbəniz xanımın sözlərinə görə, muzey iki əsas istiqamətdə fəaliyyət göstərir:

“Biri elmi tədqiqat işləri, digəri isə toplamaq, qorumaq və təbliğ etməkdir. Bu istiqamətdə eksponatları toplayıb pasportlaşdıraraq qoruyuruq.

 

Bu yaxınlarda Hüseyn Cavid poeziyası ilə bağlı bədii qiraət müsabiqəsi təşkil olunmuş və qaliblərə xüsusi mükafatlar təqdim olunmuşdur. Həmçinin muzey tərəfindən sözləri Hüseyn Cavid poeziyasına aid olan səsli disk ictimayyətə təqdim olunmuşdur. Dövlətimiz, filoloqlarımız və cəmiyyətimiz Cavid yaradıcılığının təbliğində bizə yaxından kömək edir. Muzey yarandıqdan sonra həyatının son gününə - yəni 2004-cü ilə qədər ona Hüseyn Cavidin qızı Turan xanım rəhbərlik edib”.


“Turan Caviddən sonra muzeyə rəhbərlik etmək sizə çətin olmadı ki”
sualına Gülbəniz Babaxanlının cavabı belə oldu:

 
Bu həqiqətən çox məsuliyyətli bir iş idi. Turan xanımdan sonra biz onun bütün ideyalarını həyata keçirdik. Arzusunda olub görə bilmədiyi işlləri gördük. Həmişə düşünürəm ki, başımın üstündə Turan Cavidin gözləri var və etdiyim hər bir işə nəzarət edir. Muzeydə olan eksponat və əlyazmalara Turan xanım bütün ömrünü qoyaraq, onları ən ağır məşəqqətlərdən çıxarmışdır.

 

Biz Turan xanımın arzusunda olduğu “Cavidşünaslıq”ı çap etdik və əsərlərini fransız və ingiliscəyə tərcümə etdik. Fransadakı Azərbaycan Mədəniyyət Mərkəzində o kitablardan 50 nüsxə saxlanılır. O kitabları Fransaya cənab prezidentimiz İlham Əliyev öz əlləri ilə aparıb”.


- Muzeyin maliyyələşməsi necə həyata keçirilir?

 

- Biz dövlət qurumuyuq və bizi dövlət maliyyələşdirir. Hər zaman çalışırıq ki, bizə göstərilən etimadı layiqincə qoruyub saxlayaq.

 

Leyla Əsədullayeva

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır