Arxiv
13 Aprel 2019, 21:21 | HADİSƏ
70 yaşlı Şeyxülislamın “40-cı qapısı” - Prezidentin sərəncamı hansı mesajı daşıyır?

Ötən həftənin diqqətçəkən xəbərləri sırasında Prezident İlham Əliyevin imzaladığı iki sərəncam xüsusi ilə maraqlı oldu.

Prezident Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi və Bakıda keçirilməsi nəzərdə tutulan “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi üçün Təşkilat Komitəsinin  yaradılması haqqında sənəd imzaladı.

Bu sərəncamlar dövlət başçısının bütün dünyaya elan etdiyi tolerantlıq siyasətinə sadiqliyini bir daha təsdiq etməklə yanaşı, Azərbaycanda dövlət və din münasibətlərinin uğurlu tənzimlənməsinin bir mesajı kimi baxılmalıdır. 

Sərəncamlar bir çox amil baxımından Azərbaycanın ictimai- siyasi həyatında dövlət - din münasibətlərini tarixini bir daha təhlil etmək və geridə qalmış dövrün öz hədəfinə çatmış prioritetlərini süzgəcdən keçirməyə imkan yaradır.

 

195 yaşlı QMİ-nin “qırxıncı qapısı”

Qafqaz Müsəlmanları İdarəsinin son 40 illik tarixi ictimai-siyasi həyatımızda baş vermiş miqyaslı hadisələrlə  sıx bağlıdır. Allahşükür Paşazadə SSRİ-nin qüdrətli bir dövründə -1979-cu ildə Qafqaz Müsəlmanları Ruhani İdarəsinə sədr seçilərkən sovet ateizm siyasətinin sərt təpkilərinin bütün ağırlığını yaşamışdı. Sərt sovet reallığı ondan əvvəlki şeyxülislamların Azərbaycanın ictimai-siyasi həyatına təsirinə imkan vermirdi. Yalnız dindarların dar çərçivəsində məhdud ritualları həyata keçirən hörmətli və dini cəhətdən savadlı olan şeyxülislamlar hər fürsətdə bütün gücləri ilə sovet ateizminin milli köklərə bağlı azərbaycanlılar arasında yayılmasına mane olmağa çalışmaqla təsəlli tapırdılar. 

Sovet Azərbaycanın  o zamankı dini cameəsi də çox məzlum halda idi. Rəqəmlərə baxdıqda bunu bir daha aydın görmək olur: 1985-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş cəmi 18 məscid və 53 dini icma fəaliyyət göstərirdi. 1982-ci ildə aparılmış rəsmi qeydiyyata əsasən, ölkədə cəmi 123 molla vardı. Onlardan yalnız 16 nəfəri dini təhsil almışdı. Buxaradakı “Mir Ərəb” mədrəsəsinin və Daşkənd İslam Universitetinin məzunları olan bu ruhanilərin hamısı Qafqaz Müsəlmanlar İdarəsində və Bakı şəhərinin azsaylı məscidlərində işləyirdilər. Bu şəxslərdən biri də Allahşükür Paşazadə idi.

Məhz onun sədrlik postuna seçilməsindən sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsi özünün fəal dövrünə qədəm qoydu.  80-ci illərin ikinci yarısından etibarən SSRİ-də baş qaldırmış siyasi aktivlik bütün zümrələri əhatə edən böyük bir demokratik hərəkata çevrilməkdə idi.

Azərbaycan da bu sırada öz yerini tuturdu.

1988-ci ildə erməni separatçılarının fitvası ilə başlayan Qarabağ münaqişəsi həm də Azərbaycanda müstəqillik uğrunda milli hərəkatın alovlanması üçün istinad yeri oldu. Allahşükür Paşazadənin tutduğu qətiyyətli mövqe QMİ-ni də bu ictimai –siyasi həyatın aparıcı fiquruna çevirdi. 

Aparılmış bir sıra təhlillərə görə, SSRİ-də başlanmış demokratik proses, müttəfiq respublikalarda yüksələn azadlıq hərəkatları birmənalı olaraq Sovet İttifaqının müsəlman respublikalarında yaşayan insanların islam dininə üz tutmasını stimullaşdırdı. On illərlə ateist sovet cəmiyyətində yaşayaraq özünün dini - mədəni köklərindən ayrı salınmış milyonlarla azərbaycanlı üçün dini intibah fürsəti, köklərinə qayıdış arzusu QMİ-ni istər-istəməz siyasi proseslərin axarına saldı.  Həmin dönəmdə SSRİ xalq deputatı seçilən A.Paşazadə bununla bütün sovet xalqının diqqət kəsildiyi böyük siyasi proseslərin iştirakçısına çevrildi. 

1990-cı ilin 20 yanvar qırğını Azərbaycan vətəndaşının dünənə qədər inandığı ideologiyaya inamını sarsıtmaqla ölkəmizdə prosesləri dəyişdirən məhək daşı oldu. Sovet ordusunun Bakıda törətdiyi qanlı qırğın nəticəsində yüzlərlə günahsız adam həlak oldu.  
 

Yanvar şəhidlərinin dəfni dini mərasim libasından çıxaraq, azərbaycanlıların SSRİ hakimiyyətinə, onun rəhbəri Mixail Qorbaçova sonsuz nifrətinin və etirazının nümayişinə çevrildi. Şəhidlərin dəfni üçün küçəyə çıxmış milyonlarla insanın qatıldığı nəhəng izdihamı qansız-qadasız idarə etmək  məsuliyyəti Şeyxülislam Allahşükür Paşazadənin çiyinlərinə düşmüşdü. Bakı küçələrində sovet vəhşiliyinə qarşı etirazın önündə QMİ sədri ilə birgə digər dinin nümayəndələri - rus pravoslav kilsəsi və yəhudi icması da addımlayırdı. Kremlin Azərbaycanda arzuladığı dini təfriqə baş tutmadı. Qoşunların Bakıya güya “islam fundamentalistləri” ilə mübarizə üçün girdiyi barədə dünyaya və sovet xalqına yalan danışan  Mixail Qorbaçov rüsvay oldu.
 


Respublika rəhbərliyinin qaçıb gizləndiyi, hakimiyyət maşının iflic olduğu bir zamanda Allahşükür Paşazadənin Moskvanı, şəxsən SSRİ prezidenti Mixail Qorbaçovu ittiham edən sərt bəyanatı bütün dünyada böyük rezonans doğurmuşdu.  Şeyx qorxmadan SSRİ rəhbərini bu qanlı qırğına görə lənətlədi.
 

Bu, SSRİ tarixində din xadiminin sovet rəhbərini ittiham edən ilk belə bəyanat idi.
 

Bundan iki ay sonra Allahşükür Paşazadə Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz edərək SSRİ xalq deputatı mandatından imtina etmişdi.
 

Bütün bu illər ərzində QMİ Azərbaycan üçün fövqəladə dərəcədə mühüm olan tarixi günlərdə hadisələrin mərkəzində yer tutub. Şeyxin Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizəni dəstəkləməsi, siyasi böhran anlarında tutduğu qəti mövqeyi ilə kütləvi rəğbət qazana bilmişdi.  Onun Qarabağda sülhün əldə olunması üçün erməni katalikosu ilə görüşləri, bu prosesdə tutduğu mövqeyi Azərbaycanın humanizm prinsiplərinə sadiqliyinin nümayişi saymaq olar.  “Dini liderlərin münaqişənin həllinə töhfə vermək imkanları var. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Müharibə də Azərbaycan ərazisində gedib. Azərbaycan torpaqları işğal olunub”- deyə Şeyxülislam Qareginlə görüşündə ona demişdi.

QMİ sədrinin öz nufuzundan istifadə edib Azərbaycanı hələ sovet vaxtında böyük müsəlman ölkələrinin ali yığıncağı olan İslam Əməkdaşıq Təşkilatına üzv etməklə qurumu erməni təcavüzü ilə üz-üzə qalan respublikamız üçün mühüm dəstək faktoruna çevrdi.

Həmin dövrdə informasiya blokadasına məruz qalan ölkəmizin mövqeyinin islam dövlətləri tərəfindən dəstəklənməsi və dünyaya  çatdırılması çox vacib məsələlərdən idi. Elə bunun nəticəsidir ki,  Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin yekdil və birmənalı mövqeyi formalaşıb. İKT bu gün Azərbaycanın öz haqlı mövqeyinin dünyaya çatdırılmasında və müsəlman aləmi ilə əlaqələrində güvəndiyi məkandır. 

Bu gün Azərbaycan Qafqazın təhlükəsizliyinin formalaşmasında mühüm dövlətdir.  Bu məqamın əldə olunması Azərbaycana asan başa gəlməyib. Qafqaz xalqlarının təcavüzə məruz qaldığı mürəkkəb zamanda Bakı qorxmadan öz səsini ucaldıb və bu qanlı müdaxiləyə etiraz edib. Bu sırada Şeyxülislamın mövqeyi də xüsusi rol oynayıb.

 

Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri postunu tutan A.Paşazadənin  Prezident İlham Əliyevin tolerantlıq siyasətinin regionada təbliği etməsinə müxtəlif  maraqlı qüvvələr həmişə müqavimət göstəriblər.  Onlar ölkəmizin Qafqazdakı avanqard  mövqeyini zəiflətmək,  bölgədəki müsəlmanlar arasında dövlətimizin nufuzunu sarsıtmaq üçün daim müxtəlif planlar hazırlayıblar.

 

Mürəkkəb region sayılan Qafqazda hörmət olunan din xadiminə çevrilmək üçün vacib olan şərtlərdən biri dövlətin din sahəsində apardığı tolerant  prinsiplərə söykənən doğru siyasətidir.  Məhz belə siyasət Azərbaycanı dünyanın multikultural vitrinində ən cazibədar ölkəyə çevirir, ona etimad və hörmət gətirir. QMİ Azərbaycanın haqq işinin müdafiəsi üçün Qafqazın dini cameəsində etibarlı baza qura bilib.  




Bakı dinlərarası münasibətlərin platsdarımına çevrilir 

Prezident İlham Əliyevin Bakıda “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə bağlı sərəncamının köklü əsasları var. Artıq Bakı neçə illərdir ki, nufuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib.

Bu baxımdan Azərbaycanın multikultural dəyərlərin təbliğinin təşəbbüskarı olaraq çıxış etdiyi “Bakı prosesi”ndə dini liderlərin toplaşdığı mötəbər tədbirlər də əhəmiyyətli yer tutur. Dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlıq və dialoq platforması olan “Bakı prosesi” qlobal xoşməramlı çağırışıdır. QMİ də bu prosesə öz töhfələrini verir.

Elə ötən ilin sonlarında QMİ-nin təşkilatçılığı ilə İspaniya, Almaniya, Türkiyə, Avstriyada keçirilmiş beynəlxalq konfranslar bu baxımdan əhəmiyyətlidir.  Noyabr ayında Madriddə keçirilən və dünyanın nufuzlu dini liderlərinin  toplaşdığı “Dinlərarası dialoqun sülhə və həmrəyliyə verdiyi töhfə” mövzusunda beynəlxalq konfrans Azərbaycanın tolerantlıq ideyalarının Avropada təbliği baxımdan mühüm tədbir oldu.

60-dan çox islam, xristian və yəhudi dini liderlərin toplaşdığı bu konfransda ruhani başçıların dünyada birgəyaşayış üçün çalışmaq çağırışları bugünkü gərgin münasibətlərin fonunda böyük dinlərin bəşəriyyətə miras qoyduğu tolerant ənənələrin mühüm nümayişi idi.  Eyni ölkənin 3 müxtəlif dini konfessiyasının liderləri ilə konfranslara qatılan Azərbaycan nümayəndə heyətinin tərkibini elə dini həmrəyliyin dünyada arzu olunan tablosu saymaq olardı. Şeyx buradakı çıxışlarında bugünkü dünyada dini zəmində gedən qorxunc proseslərdən danışaraq, konfrans iştirakçılarının diqqətini dini və milli zəmində dözümsüzlük, qarşıdurma halları, ekstremizmin tüğyan etməsinə çəkmişdi.

Ölkəmizin müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşməsi Azərbaycan dövlətindən xüsusi həssaslıq tələb edir. Dinləri bir-birinə qarşı qoymaqla dünyada geopolitik dividend qazanmaq istəyənlərin at oynatdığı bir vaxtda tolerantlıq prinsipləri və birgəyaşayış böyük əhəmiyyət kəsb edir. Odur ki, dini münasibətlərdə sabitliyi təmin etmək üçün dövlətin əldə etdiyi nailiyyətlərin təbliği mühümdür.

A.Paşazadənin əsası çox illər bundan əvvələ gedən dünyanın tanınmış dini xadimləri ilə dostluq əlaqəsi, əldə etdiyi nüfuzu hazırda  Azərbaycanın bu yöndə siyasət yürütməsinə çox kömək edir.

QMİ sədrinin bu əlaqələri böyük bir arealda Azərbaycanın irəli sürdüyü prioritetlərin təbliği üçün unikal müstəvdir. A.Paşazadənin istər İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, istərsə də xristian dininin rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri həm də dünyada Azərbaycanın bu dəyərlər üçün bir körpü rolunu oynamasına imkan yaradır.

QMİ və onun sədri Prezident İlham Əliyevin tolerantlıq siyasətinin təbliği üçün dövlətin mühüm rıçaqlarından biridir.  Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsi bu uğurlara rəvac verən məqamlardandır. Bu sırada dövlət rəhbərlərinin, ictimai və dini qurumların liderlərinin birgə əməkdaşlığı vacib yer tutur.

Hörmət qoyulan din xadiminə çevrilmək üçün vacib olan şərtlərdən biri dövlətin din sahəsində apardığı tolerant  prinsiplərə söykənən doğru siyasətidir. Məhz belə siyasət ölkəni dünyanın multikultural vitrinində ən cazibədar ölkəsinə çevirir, ona etimad və hörmət gətirir.

Prezident İlham Əliyevin bu sərəncamı şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinə verilən qiyməti bir daha nümayiş etdirir.

QMİ sədri Azərbyacan prezidentinin bu günkü qarmaqarışıq dünyada elan etdiyi birgəyaşayış və tolerantlıq ideyalarının təbliğində mühüm rol oynamaqla məzhəbləri özündə birləşdirən bir dini lider olaraq tolerantlıq numunəsi yarada bilib. Ölkə müsəlmanları və dünya dini rəhbərləri arasında “eşidilən səs”ə çevrilmiş Şeyxülislamın fəaliyyəti xalqlar arasında daha da yaxşı münasibətlərin qurulması üçün yaxşı bir imkandır.

Prezident sərəncamında da qeyd olunduğu kimi, Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərib, yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirib. O, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlər göstərməkdədir.


A.SƏFƏRLİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AŞPA-da Azərbaycanda yeni çağırışlardan danışıldı 26 İyun 2019, 22:44 Avropa Şurasına  yeni baş katib seçildi - FOTO 26 İyun 2019, 22:25 Putin İnquşetiyaya yeni rəhbər təyin etdi 26 İyun 2019, 22:16 Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR 26 İyun 2019, 15:02 Kəmaləddin Heydərov və Eldar Əzizov yanğın baş verən yerə getdi - FOTOLAR-YENİLƏNİB 26 İyun 2019, 15:00 Qayınatasının evinə atəş açdı, polis tutdu 26 İyun 2019, 14:54 Səhiyyə Nazirliyindən yeni narkotik növü ilə bağlı XƏBƏRDARLIQ   26 İyun 2019, 14:40 Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə müzakirə apardı 26 İyun 2019, 14:38