Modern.az

“Hər bir soydaşımız Ukrayna Azərbaycanlıları Radasını öz evi kimi qəbul edəcək” - Fuad Muradov

“Hər bir soydaşımız Ukrayna Azərbaycanlıları Radasını öz evi kimi qəbul edəcək” - Fuad Muradov

Diaspor

14 Aprel 2019, 17:10

"Dünya azərbaycanlılarının birliyi bizim əsas hədəfimizdir. Cənab Prezident İlham Əliyev etimad göstərib məni Dövlət Komitəsinin rəhbəri təyin edərkən, çox ciddi tapşırıqları oldu. Bunlardan biri soydaşlarımızın birliyinin təmin edilməsi məsələsi idi".

Modern.az xəbər verir ki, bu sözləri Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayında çıxışı zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov söyləyib.

F.Muradov bildirib ki, Ukraynada yaşayan soydaşlarımız dünya ölkələri üçün bir nümunədir, burada güclü diaspor mövcuddur.

“Ukrayna hər zaman Azərbaycanın yanında olub. Ölkə hər zaman dünya xalqlarına qucaq açıb, Azərbaycanı sülhpərvər ölkə kimi tanıyıb. Bu istiqamətdə Ukraynada yaşayan soydaşlarımızın əməyi az olmayıb. İnanıram ki, bütün soydaşlarımız siyasi və sosial mövqeyindən asılı olmayaraq, Ukrayna Azərbaycanlıları Radasını öz evi kimi qəbul edəcək”, - deyə komitə sədri qeyd edib.

F.Muradov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, xaricdə yaşayan soydaşlarımızın birliyi, onların yaşadıqları cəmiyyətə daha yaxından inteqrasiya etməsi, Azərbaycanla əlaqələrinin gücləndirilməsi və digər istiqamətlərdə bütün mümkün olanlar edilir və gələcəkdə də davam etdiriləcək.

“Burada istər Azərbaycanda, istərsə də Ukrayna cəmiyyətində nüfuz sahibi olan bizim çox dəyərli, bacarıqlı, soydaşlarımız yaşayır. Bu qurultayın əhəmiyyəti ondadır ki, belə soydaşlarımız birgə fəaliyyət göstərəcək və bu fəaliyyət daha səmərəli, daha uğurlu olacaq.

Təbii ki, məqsəd yalnız bir ölkədə olan həmvətənlərimizin birliyi deyil, dünyada yaşayan soydaşlarımızın birliyinə nail olmaqdır”, - F.Muradov belə deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi