Modern.az

Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayı keçirildi

Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayı keçirildi

Diaspor

14 Aprel 2019, 17:30

Aprelin 14-də Ukraynanın paytaxtı Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (RAU) təsis qurultayı keçirilib. 

Modern.az-ın Kiyevə ezam olunan əməkdaşının verdiyi məlumata görə, qurultaydan öncə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov və qurultay iştirakçıları ümummilli lider Heydər Əliyev adına Parkda Ulu Öndərin heykəlini ziyarət ediblər.

 

Ukrayna və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə açıq elan olunan qurultayda 200 nümayəndədən 178 nəfər iştirak etdiyindən tədbir baş tutmuş elan edilib. Təsis qurultayında Ukrayna Ali Radasının deputatları, Mədəniyyət Nazirliyinin məsul şəxsləri və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və ölkənin ictimai-siyasi xadimləri iştirak ediblər.

 

Qurultayda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, artıq  Almaniya, Fransa, İsveçrə, Finlandiya, Hollandiya, Belçika və ABŞ-da həmvətənlərimiz koordinasiya şuralarında birləşiblər: “Bu ölkələrdə yaşayan soydaşlarımız birgə fəaliyyət göstərir, birgə layihələr həyata keçirirlər. Bunlar Azərbaycan diasporu tarixində bir ilk oldu. Əminəm ki, Ukrayna Azərbaycanlıları Radası da bir çox uğurlara imza atacaq”.

 

Daha sonra keçirilən səsvermə nəticəsində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin Ukrayna Azərbaycanlıları Radasının həmsədrləri seçiliblər. Ukrayna Azərbaycanlıları Radasının baş katibi isə Seyid Qədiməliyev təyin olunub. Eyni zamanda, 3 əsas təşkilatdan 5 nəfər İdarə Heyətinə üzv seçilib.

 

Qurultayın sonunda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır