Modern.az

"Müğənnilərə fəxri ad, ev verilir, dünya kubokunu qazanan kulinarlara isə heç “sağ ol” deyilmir"

"Müğənnilərə fəxri ad, ev verilir, dünya kubokunu qazanan kulinarlara isə heç “sağ ol” deyilmir"

Müsahibə

17 Dekabr 2009, 12:55

Modern.az-ın müsahibi YUNESKO-nun ənənəvi qida komitəsinin dörd qitədən olan sədrlərindən biri, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovdur

-Tez-tez sizin kulinarlar komandanızın tərkibində dəyişikliklər baş verir. Peşəkar kulinarlar komandası yaratmaq asandı, ya çətin? - Bu, həm asandır, həm də çətin. Peşəkar olduğumuza görə, belə bir komandanı asanlıqla təşkil edib yarada bilərik. Lakin onun mövcudluğunu qorumaq lazımdır. Söhbət maddiyyat məsələlərindən gedir. İndi tanınmış kulinarlar, bu sahədəki bacarıqlı gənclər respublikamızdakı tanınmış otel və restoranlarında çalışırlar. Onların bizim komandamızda iştirakı üçün dövlətin maddi dəstəyi, həmin heyətin məşqi üçün lazımi şərait və imkana malik məşq zalı, eləcə də komandanın öz üzvlərinin hazırlığı üçün təcrübəli kadr potensialı, xaricdən tanınmış mütəxəssislərin cəlb edilməsi vacib amillər sırasındadır. Təəssüf ki, biz təcrübəli müəllimlərdən ibarət kadr potensialını yaratsaq da, dövlətin ayırdığı 100-120 manatlıq məvaciblə onları saxlaya bilmirik və nəticədə hamısı maddi təminatın daha geniş olduğu digər iş yerlərinə üz tuturlar. Çünki restoran və otellərdə təcrübəli kulinarlarımıza bizdən qat-qat yüksək məvacib verirlər. Bax bu üzdən komandamızın tərkibi tez-tez dəyişir. -Bəs sizin özünüzə necə, restoranlardan bahalı iş təklifi olubmu? - Bəli. İstəsəydim, çoxdan gedib bahalı restoranların birində kulinariya işinə rəhbərlik edərdim və yaxşı da qazancım olardı. Amma mən getsəydom, onda Milli Kulinariya Mərkəzi yəqin ki dağılacaqdı. İnanmıram məndən sonar kimsə belə bir mərkəzi öz gücü və imkanları hesabına qoruya bilsin. - Sizin kulinarlarınız həmişə xaricdən medallarla qayıdırlar. Amma deyəsən indiyə qədər bir dənə də olsun dövlət mükafatı almamısınız. Niyə? - Mən öz gücümə müəyyən şeyləri edirəm, amma bu, bir insanın deyil, sistemin gücünə bağlıdır. Hansısa müğənni oxuduğu mahnılara görə, yaxud bir idmançı ğöstərdiyi nailiyyətlərə görə dövlət tərəfindən fəxri adla, ev, maşın və ya bu kimi onun maddi durumunu yaxşılaşdıracaq mükafatlarla qiymətləndirilir. Biz kulinarların da, dövlətin qayğı və diqqətinə ehtiyacımız var. Biz də Dünya kubku qazanmışıq. Amma həmin mükafatı qazanan kulinarlarımız, aşpazlarımız müğənni və idmançılara verilən mükafatlardan nəinki məhrumdurlıar, heç adi “sağ ol” belə eşitməyiblər. Bu bir acı faktdır, axı biz kulinarlar da dəfələrlə  dövlətimizin adını dünya ölkələri arasında ən yüksəyə qaldırmışıq, onu tanıtmışıq. - Azərbaycanın zəngin mətbəxi var, niyə bizdə Kulinariya muzeyi yaradılmır? Bildiyimizə görə, hələ 1991-ci ildə Nazirlər Kabineti  Kulinariya Akademiyasının və  Kulinariya muzeyinin yaradılması barədə qərar verib. - Bununla bağlı mən hökumətə və müxtəlif orqanlara o qədər məktub yazmışam ki... Bəlkə də həmin məkrublardan bir kitabxana yaratmaq olar. Həmin qərarın niyə yerinə yetirilməməsi mənə də aydın deyil.

- Tahir müəllim, Azərbaycan kulinariyasının brendi varmı, əgər varsa, o nədir?

- Desəm ki, milli kulinariyamızın elə bir brendi yoxdur, inanmayacaqsınız, yaxud varsa da, yalnız kağız üzərindədir. Azərbaycan dolmasını mənfur qonşularımız özlərinə brend etsələr, biz əks arqument ortaya qoya bilməyəcəyik, çünki bu, hər hansı bir hüquqi sənədlə təsdiq olunmayıb. Bir dəfə biz milli yeməklərimiz barədə belə bir təşəbbüslə çıxış etdik. Nazirliklərdən birindən bizə cavab məktubu gəldi ki, siz bu addımınızla millətlər arası intiriqa, qarşıdurma yaratmaq istəyirsiniz. Mən şəxsən belə insanlara deməyə söz tapa bilmirəm.  Muğamı heç bir millət öz adına çıxa bilməz. Çünki, bu musiqi sənəti Heydər Əliyev Fondunun yorulmaz səyi nəticəsində YUNESKO-da və digər beynəlxalq mədəniyyət təşkilatlarında Azərbaycanın milli musiqisi kimi tanınıb. Bunu milli yeməklərimiz barədə söyləmək mümkün deyil, çünki, dəfələrlə bu məzmunlu müraciətlərimizi Nazirlər Kabinetində qəbul etdirsək də, Maliyyə Nazirliyi cavabsız qoyub. Məsələn, Gədəbəy kartofu  bir brenddir. Çünki, Gədəbəy bozartması yalnız həmin kartofla bişirilməlidir. Naxçıvan limonu özü bir brenddir. Qarabağ kababı da buraya daxildir, çünki, həmin kabab məhz Qarabağ qoyununun ətindən buişirilməlidir. Təəssüf ki, bu heyvan sortu itib-batmaq üzrədir. Lakin bütün bu məhsullar və onlardan hazırlanan yeməklər əvvəlcə bir brend kimi tanınmalı, onlara bir hüquqi status verilməli və beləliklə dünyada tanıtmalıyıq. Bəzən görürsən ki, italyanlar pitza aparatını çox ucuz qiymətə satırlar, lakin əvəzində bu avadanlıqda məhz İtaliya məhsulundan hazırlanmış pitzanın bişirilməsini diktə edirlər. Görün biz öz brendlərimizi dövlət səviyyəsində tanıda, beynəlxalq arenada onlara sahiblik edə bilsək və müxtəlif ölkələrdə milli restoranlar şəbəkəmizi yaratmış olsaq, bununla kənd təsərrüfatımıza, iqtisadıyyatımıza nə qədər xeyir vermiş olarıq... - Azərbaycanda Milli Kulinariya ensiklopediyası nəşr olunub, lakin onun müəllifləri sırasında deyəsən sizin adınız yoxdur. Halbuki, bilirik ki, onu yazanlardan biri sizsiniz. - Bu mənim müəllif hüquqlarımın pozulması deməkdir. Kitab çoxdan satışa çıxarılıb. Mən lazımi yerlərə müraciət elədim. Axı, müəllifsiz ensiklopediya necə ola bilər? Mənə heç nə izah etmirlər, sadəcə cavab verdilər ki, adımın ensiklopediyanın müəllifi kimi həmin nəşrə düşməməsi guya, texniki səhv olub. - Sizin mərkəz niyə tez-tez ofisini dəyişir? - Mədəniyyətimizin daşıyıcısı və beynəlxalq aləmdə təmsilçisi olan Azərbaycan Milli Kulinariya Mərkəzinin bu günədək daimi bina və ya mərkəzi ofisi yoxdur. Bizə yer virmirlər. Ona görə bu gün burda fəaliyyət göstəririrk, sabah  müxtəlif səbəblərdən yerimizi dəyişib başqa ünvana köçməli oluruq. Belə olan kulinarlardan hansı yüksək səviyyəli əməli fəaliyyət, yaxud milli mətbəximizin beynəlxalq müdafiəsi və təmsilçiliyini tələb etmək olar? Bunlara rəğmən, Azərbaycanı düynada layiqincə təmsil etməyə çalışmışıq.

Əlvan Rüstəmov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!