Modern.az

Kənd təsərrüfatında pərakəndəlik - Nazirlik rəsmisi: “Tənzimlənməsinə ehtiyac var”

Kənd təsərrüfatında pərakəndəlik - Nazirlik rəsmisi: “Tənzimlənməsinə ehtiyac var”

16 Aprel 2019, 16:09

Bu gün kənd təsərrüfatı sahəsində pərkəndəlik hökm sürür. Dedi-qodu üzərinə qurulan, planlaşdırılmadan əkilən məhsul növləri sonda fermerlərin ziyana düşməsinə səbəb olur. İnişil soğan, keçən il də sarımsaq dəyər-dəyməzinə satıldı. Amma diqqətçəkən məqam inişil kiloqramı 20-30 qəpiyə təklif edilən soğanın bu il ərzində 1 manat 40 qəpiyədək bahalaşmasıdır. Soğanla eyni aqibəti kələm və kartof da yaşayır. Elə bu səbəbdəndir ki, hökumət adıçəkilən məhsullara ixrac rüsumu tətbiq etmək qərarına gəldi.


Bəs kənd təsərrüfatı məhsullarının planlı şəkildə yetişdirilməsi üçün hansı addımlar atılır? Kənd Təsərrüfatı Nazirliyi-fermer münasibətləri bu müstəvidə hansı şəkildə tənzimlənir?

 

Modern.az-ın bu qəbildən olan suallarını Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə cavablandırıb.

F.Fikrətzadə bildirib ki, pərakəndəliyin aradan qaldırılması üçün planlaşma olmalıdır:

“Məsələnin köklü şəkildə həlli üçün iki istiqamətdə iş aparılır. Birincisi, elektron kənd təsərrüfatının tətbiqilə fermerlərlə bağlı informasiya sistemi tam qurulur. Bu sistemin qurulması hesabına müşahidə edə bilirik ki, fermerlər tərəfindən hansı regionda hansı məhsullar yetişdirilir. Məlumatlar ilin sonunda bazaya oturanda bunu daha dərindən təhlil etmiş olacağıq. Bildiyiniz kimi,  rəsmi statsitika ilin sonunda bəlli olur. Amma bu məlumatlar fermerlər səviyyəsində yalnız elektron kənd təsərrüfatı vasitəsilə formalaşacaq. Nə əkilir, kim tərəfindən əkilir, nə əkilməsi gözlənilir suallarının cavabı üçün adekvat informasiya bazası formalaşmaqdadır”.

Müşavirin sözlərinə görə, bazarın tənzimlənməsinə də ehtiyac var:

“Problem həm də müəyyən qədər bazarın tənzimlənmə sisteminin olmamasından irəli gəlir. Starteji yol xəritəsinə əsasən, bazarın əlverişsiz şərtlərində müxtəlif intervensiya tədbirlərinin həyata keçirilməsi, idxal tənzimlənməsində fərqli yanaşmaların tətbiqilə bağlı instutsional sistem formalaşdırılır. Bunun özü də vacib faktdır ki, bazarın əlverişsiz şəraitində müdaxilə olunandan sonra hər hansı məhsulun əkinində təcrübəsi olan fermerlər kənara çəkilməyəcəklər ki, burda boşluq yaransın, gələn il ixtisaslaşmayan fermer də bu sahəyə daxil olsun. Bu iki istiqamətdə işlər paralel aparılır. Önəmli olan odur ki, qısa müddətdə bazara müdaxilə etməklə vəziyyətdən çıxa bilsin”.

Sistemin işə düşməyinə gəlincə, nazirlik rəsmisi qeyd edib ki, çox yaxın vaxtlarda “bu il soğan bahadır, gələn il soğan əkim, yaxud kələm bahadır, kələm əkim” trendi aradan qalxacaq:

“Ümid edirəm ki, çox qısa müddətdə hamımız bunun şahidi olacağıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir