Modern.az

Danışıqlar nə qədər uzun olsa da, axırı gəlib Moskvadan keçəcək

Danışıqlar nə qədər uzun olsa da, axırı gəlib Moskvadan keçəcək

Aktual

16 Aprel 2019, 19:59

Azərbaycana gələn rəsmilərin - "Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həlli yoxdur" deməkdən başqa "əllərindən-dillərindən" bir iş gəlmir

 

Mübariz Azərbaycanlı, 
müstəqil jurnalist



Qarabağın qara taleyi ilə bağlı Moskvada baş tutan Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri, həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşündən onsuz da heç kim əsaslı bir dəyişik olacağını gözləmirdi. Çünki Azərbaycan cəmiyyəti illərdir ki, belə çətin görüşlərə və asan ayrılıqlara bir növ adətkar olub.

 

Mətbuata açıqlama verən Azərbaycan xarici idarəsinin rəhbəri Elmar Məmmədyarovun bu görüşün faydalı olması və indiyə qədər irəliləyişin olmasına imkan verməyən məsələlərin müzakirə edilməsi barədə dediyini, sıradan olan heç bir kəs qəbul edə bilmir. Axı, necə qəbul etsinlər ki, Mnatsakanyanla Məmmədyarovun bəzi problem yaradan məqamların nə olduğunu ətraflı və daha dərindən başa düşülməsini hələ özləri indi anlayırblar.

 

Problemin aradan qaldırılması üçün, Azərbaycan diplomatı Dağlıq Qarabağın statusu və təhlükəsizliyi ilə bağlı Ermənistan tərəfinin məsələ qaldırdığını, Azərbaycan tərəfinin isə ilk növbədə işğal altındakı torpaqlardan Ermənistan qoşunlarının çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini ortaya qoyduğunu qeyd edir. Necə deyərlər "Köhnə hamam, köhnə tas". 

 

Əslində hamı yaxşı bilir ki, Qarabağ problemi başlandığı ilk gündən hayların min-bir oyunu tək Dağlıq Qarabağı Ermənistana birləşdirməsinin üstündədir. Yəni, Xanın səsləndirdiyi "Qarabağ şikəstəsi"ndən fərqli olaraq, hayların şikəst hala saldıqları Qarabağla bağlı indi səsləndirdikləri "status" havası, köhnə "birləşmə" havasından başqa bir şey deyil.

 

Bu üzdən də Mnatsakanyan hələ Moskvaya "uçmazdan" əvvəl əldədüzəlmə "dqr"-nın xarici işlər naziri ilə görüşü zamanı "Artsax"ın status və təhlükəsizliyini Ermənistan respublikası üçün prioritet məsələ olduğunu bildirmişdi. Hətta problemin sülh yolu ilə tənzimləməsi baxımından konfliktin əsas subyekti kimi "Artsax"ın həlledici səsini və danışıqlara cəlb edilməsini də əsas elementlərdən biri olduğunu vurğulamışdı.

 

Bütün bu gedişlər dolayısı ilə erməni rəsmilərinin özlərini tərəf kimi deyil, məhz Qarabağın elçisi kimi göstərməsi deməkdir. Yəni, əgər sabah İrəvan Qarabağa Azərbaycanın ərazisi çərçivəsində qalmasına razılıq vermiş olsa, "dqr" onunla razılaşmaya bilər. Belə olan halda Azərbaycan rəsmiləri, eyni zamanda Azərbaycan xalqı  bu danışıqlardan ümidverici hal kimi nə gözləsin? Bu açıqcasına o deməkdir ki, nazirlər nə qədər görüşsələr də, bu sevda baş tutası deyil.

 

Sözsüz ki, İrəvan tərəfindən Bakının qarşısına qoyulan "status" və "təhlükəsizlik" tələbləri erməniləri Qafqaza gətirib onlara dövlət quran "İkibaşlı qartalın" hər iki başına sərf edir. Birincisi Dağlıq Qarabağa "xüsusi status" verilməklə İrəvanın könlünü xoş edib öz strateji məkanına - forpostuna nə qədər qayğıkeş olduğunu sərgiləmək, ikincisi isə güya burada yaşayan hayların təhlükəsizliyini təmin etmək adı aıtında özünün "məramı sülh" olan işğalçı ordusunu yenidən Azərbaycan ərazisinə dürtməkdir. Belə olan halda hərçənd Azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışı daha təhlükəli olacaq, nəinki orada yaşayan ermənilərin.

 

Baxın, bu arada hələ heç bir şey olmamış artıq "dqr" prezidentinin mətbuat katibi David Babayan iki ölkə diplomatının Moskva görüşünü qənaətbəxş sayaraq, onların razılığa gəldikləri bir sıra təkliflərə - tərəflərdə olan əsir və girovların öz yaxınları ilə görüşü, təmas xəttinə yaxın kəndlərdə tarlada işləyən kəndçilərə atəş açılmaması, hər iki ölkənin media nümayəndələrinin bir-birinin ölkəsinə getməsi və digər məsələlərə toxunaraq,xüsusənəsir və girovlarla bağlı məsələyə  həyasızcasına münasibət bildirərək "Əgər Azərbaycan tərəfi bu addıma qarşılıqlı addım atsa, onda Artsax bunu etməyə hazırdır. Bizim heç bir qorxacaq və gizlədək yerimiz yoxdur. Bu, bizim gücümüzü və sivil olduğumuzu göstərir" - deyir.

 

Babayan öz sözünə utanmadan davam edərək, burada Dilqəm Əsgərovla, Şahbaz Quliyevi nəzərdə tutub "Artsax ərazisində iki Azərbaycanlı dustaq var və onların hər ikisi terrorçudur. Onlar cinayətkar qruplaşmanın üzvləridir və bir neçə il bundan öncə Artsax ərazisinə soxulub cinayət törədiblər" deməklə, həm girov götürdükləri mülki şəxsləri şərləyir, həm də "dqr"nı legitim tərəf kimi dünyanın gözünə soxur.

 

Bu biri tərəfdən də erməni politoloq Levon Şirinyan da deyir ki, "Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə həll ediləcək. Proses bizim təhlükəsizliyimizin möhkəmlənməsi istiqamətində getməlidir. Heç kim indiyə qədər danışıqlarla əraziləri verməyib, yaxud almayıb" deyərək, o, müharibənin başlayacağı təqdirdə erməni hərbi birləmələri Kür-Araz çaylarına qədər əraziləri tutacaqları ilə Azərbaycanı hədələyir.

 

İndi siz deyin, belə hoqqabazlarla danışıq yolu ilə Qarabağı azad etmək mümkündürmü? Əlbəttə ki, yox. Amma üzünü Azərbaycana tərəf tutub gələn hər azan-tezən tutuquşu kimi bir söz deyir: "Münaqişənin hərb yolu ilə həlli yoxdur". Amma maraqlı orasıdır ki, nədən olmadığını heç kim dilə gətirib açıq demir.

 

Buyurun, elə bu yaxınlarda Azərbaycana səfərə gələn Rusiya federasiyası şurasının sədri Valentina Matviyenko da Dağlıq Qarabağ problemi ilə bağlı Rusiyanın mövqeyini dilə gətirərək - "Münaqişə yalnız sülh və diplomatik yolla öz həllini tapa bilər. Rusiya kompromisin əldə olunması üçün əlindən gələn hər şeyi edir. Münaqişənin həlli böyük diplomatik uğur olardı" - deyib çıxıb getdi. Amma ki nə fayda, 25 ildir gəlirlər, yazırlar gedirlər. İstər Rusiya rəsmisi, istərsə də digər ölkələrdən Azərbaycana gələn rəsmilərin - "Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həlli yoxdur" sözünü deməkdən başqa sanki "əllərindən-dillərindən" bir iş gəlmir. Artıq neçə illərdir onların dediyi bu kimi sözlər nəinki sıradan olan hansısa bir təhsilsiz Lələkişini, hətta cibində diplomat diplomu olan Azərbaycanın baş diplomatını da mat vəziyyətə qoyub.

 

Belə baxanda da Valentina xanımın nə vecinədir ki, Səmərrux nənə Qarabağda qoyub gəldiyi isti yuvasına qayıda biləcək, ya yox... Onun üçün əsas olan odur ki,   danışıqlar nə qədər uzun olsa da, axırı gəlib Moskvadan keçəcək.

 

Cənablar, bir şeyi bilin ki, Azərbaycan da qan istəmir, o zaman buyurun dediyiniz o həmin sülh yolunu "qırrayıb" torpaq yoldan asfalt yola çevirin. Ədaləti işə salıb Helsinki Yekun Aktı və BMT-nin qətnamələrini Ermənistan rəsmilərinin gözünə soxub qandırın ki, siz qonşu "bağına" girmiş oğrularsınız. Eybi yox, əvvəl səhv etmisiniz, nə olar, indi yığışdırın top-tüfənginizi keçin öz tərəfinizə. Biz də Azərbaycanı dilə tutaq ki, bu neçə illər ərzində onlara dəymiş maddi və mənəvi ziyana görə sizdən təzminatı az istəsinlər...

 

Nə isə, Dağlıq Qarabağ düyününü əllə, dillə, hətta dişlə də çözmək mümkün deyil. Onu yalnız topla vurub dağıtmaqdan başqa yol yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir