Modern.az

Ali Məhkəminin sədri jurnalist İmdad Əlizadənin şikayətini DİNLƏDİ

Ali Məhkəminin sədri jurnalist İmdad Əlizadənin şikayətini DİNLƏDİ

17 Aprel 2019, 12:15

Jurnalist İmdad Əlizadə atası Əli Əliyevin ölümü ilə bağlı işə ədalətli baxılması xahişini edib. Modern.az-ın məlumatına görə İ.Əlizadə Ali Məhkəminin sədri Ramiz Rzayevlə görüşdə məsələ qaldırıb.

R.Rzayev jurnalisti dinləyərək, məhkəmələrdə bütün işlərə obyektiv baxıldığını diqqətə çatdırıb. Eyni zamanda məlumatları dəqiqləşdirərək, işlə maraqlanacağını vurğulayıb.

Qeyd edək ki, hadisə 2016-cı ilin fevral ayının 14-də baş verib. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Qarayev Seymur Vidadi oğlu idarə etdiyi GAC markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub.

Ağır kəllə-beyin travması almış Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Cinayət işinə Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Hökmə əsasən, zərərçəkmişin hüquqi varisi İ.Əlizadənin mülki iddiası qismən təmin edilib. Belə ki, məhkəmə onun 166 min 531 manatlıq mülki iddiasından yalnız 23 min manatını (20 min maddi ziyana, 3 min mənəvi ziyana) təmin edib.

Hökmdən narazı qalan İ.Əlizadə apellyasiya şikayəti verib. O, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, S.Qarayevin cəzasının ağırlaşdırılmasını istəyib. İ.Əlizadə həmçinin mülki iddiasının tam olaraq təmin edilməsini tələb edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsin 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il 6 aya endirilib.
İ.Əlizadənin isə apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, məhkəmə 166 min manat maddi və mənəvi zərər hissəsindən 120 min 931 manat ziyanın ödənilməsi barədə qərar çıxarıb. Bu, Mərkəzi Klinika və "Avrasiya" hospitalında mərhum Əli Əliyevin müalicəsinə sərf olunan hissəyə şamil edilib.

120 min 931 manatın 3 min manatı isə mənəvi təzminat kimi zərərçəkmişin hüquqi varisinə ödənilməlidir. İ.Əlizadə Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olduğu üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. İşə Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə baxılıb. Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası qüvvədə saxlanılıb, mülki hissə isə ləğv edilib, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir