Modern.az

Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında

Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında

Aktual

18 Aprel 2019, 19:23

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Mehdixan Abdullayevin sədrliyi ilə qonşusunu qətlə yetirərək cinayəti 14 ay gizlətmiş şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə,   Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  120.1-ci  maddəsi (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) ilə təqsirli bilinən, 1969-ci ildə anadan olmuş Salyan şəhər sakini Rövşən Cavad oğlu Cavadov  2015-ci il noyabr ayının 11-də öz həyətində qonşusu, 1989-cu ildə anadan olmuş, Salyan şəhəri, Heydər Əliyev küçəsi, ev 46-da tənha yaşayan Qasımov Elçin Mirqələm oğlunu  qətlə yetirərək  cinayəti  gizlətmək məqsədi ilə həyətindəki yarım tikilidə 2 metr uzunluqda çala qazaraq meyiti və cinayətin aləti olmuş bıçağı torpağa basdırıb, üzərini betonlayaraq hamam tikib. Elçin Qasımov izsiz-soraqsız itkin düşdüyü üçün həmin vaxtdan axtarışa verilib. İtkin düşmüş kimi axtarılan Elçin Qasımovun qonşunun həyətində basdırılmış meyiti 14 ay sonra, 28 dekabr 2016-cı ildə aşkarlanıb və qətlin üstü açılıb. Amma cinayəti törədən Rövşən Cavadov ondan bir ay əvvəl, 14 noyabr 2016-cı il tarixdə  ölkədən çıxaraq Macarıstana, oradan isə  Almaniyaya gedərək gizləndiyi üçün cinayət məsuliyyətinə cəlb edilməkdən  bir müddət yayına bilsə də Azərbaycan Respublikası Baş  Prokurorluğunun müvafiq müraciəti əsasında 28.06.2017-ci il tarixdə Almaniya Federativ Respublikasında  tutularaq, 2018-ci il  dekabr ayının 21-də  Azərbaycana ekstradisiya olunub.

 

Qeyd edək ki, 50 yaşlı Rövşən Cavadov 1991-1993-cü illərdə Salyan polisinin post-patrul xidmətində serjant rütbəsində  xidmət edib. 1993-cü ilin yazında  İran İslam Respublikasına alverə gedən Rusiya Federasiyasının Çeçen Respublikası vətəndaşlarının mindikləri avtobusu Salyan rayonunun Noxudlu kəndi ərazisində saxlatdıraraq rüşvət aldığı üçün polis orqanlarından çıxarılıb və şərti olaraq 2 il müddətinə azadlıqdan məhkum edilib. Sonralar  o, Salyan Rayon Məhkəməsinin 04..04 2006-cı il tarixli hökmü ilə  narkotik maddələrin qanunsuz dövriyyəsinə görə də 11 il müddətinə azadlıqdan məhrum edilərək  məhbus həyatı yaşayıb. 2-ci qrup əilidir. Rövşən Cavadov istintaqa verdiyi ifadələrdə Elçin Qasımovu öz həyətinə çağıraraq qısqanclıq zəmnində qətlə yetirdiyini bildirib.

Qətlə yetirilmiş  26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun bir neçə il əvvəl  hər iki valideyni  xəstəlikdən, yeganə qardaşı isə avtomobil qəzasında dünyalarını dəyişdiyindən o, tənha yaşayırmış.

Qətlə yetirildiyi günün səhərisi   ondan bir xəbər olmadığını görən yaxınları Elçinin evinə gedərək  bir xəbər tutmaq istəyiblər. Həyət qapısı bağlı olduğundan qohumları evə hasardan aşaraq keçiblər. Mənzilin işıqları yanılı, elektrik sobası qoşulu olsa da, Elçini evdə tapmayıblar. Onun mobil telefonuna isə zəng çatmırmış. Elə o vaxtdan da Elçin Qasımovun nə öldüsünsən, nə də qaldısından bir xəbər olmayıb. Amma 14 ay sonra  məlum olub ki, o həmin vaxt qətlə yetirilibmiş, meyiti yaşadıqları evin qonşuluğunda basdırılıbmış və üzərundə hamam tikilibmiş...

Virtualaz.org

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır