Modern.az

Rusiyada yaşayan azərbaycanlı jurnalist: “Bizim dövrdə mətbuatda çalışan xanımların çoxu əcnəbi ilə ailə qurub” - MÜSAHİBƏ

Rusiyada yaşayan azərbaycanlı jurnalist: “Bizim dövrdə mətbuatda çalışan xanımların çoxu əcnəbi ilə ailə qurub” - MÜSAHİBƏ

19 Aprel 2019, 08:21

Modern.az saytının xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə silsilə müsahibələri davam edir. Budəfəki həmsöhbətimiz uzun illərdir Rusiyanın Sankt-Peterburq şəhərinə yaşayan həmkarımız Hicran Qurbanlıdır.

- Hicran xanım, Azərbaycanda olarkən bir neçə mətbu orqanda çalışmısınız. Gəlin, o tarixə qayıdaq. Necə xatırlayırsınız o illəri?

- Yada saldığınız üçün təşəkkür edirəm. O illərə qayıtmaq bir az kədərlidir. Çünki hazırda vətəndən və mətbuatdan uzaqdayam. 2004-cü ilə qədər müxtəlif mətbu orqanlarda çalışmışam. Aradan az vaxt kecməyib. Düz 15 il... Az qala bir nəsil dəyişib. Amma qəribədir ki,  vətəndən çıxdığıma görə illərin fərqinə varmıram. Sanki  zaman dayanıb və hələ də içimdə bir inam var ki, nə vaxtsa yenidən  qaldığım yerdən davam edəcəm. Bəzən tarixi yazanda az qala diksinirəm. Bilmirəm, bəlkə də bütün vətəndən uzaqda yaşayanlarda olur bu hisslər, yoxsa mən adaptasiya ola bilməmişəm.

Mətbuat həyatımda təbii ki, xatirələrlə yadda qalıb. Gözəl dostlar qazanmışam. Gözəl insanlarla işləmişəm. İlk dəfə redaksiyaya ayaq basdığım gündən, ilk kiçik informasiyamdan, ödül qazanan yazılarıma, peşəkarlığından dərs aldığım redaktorlarıma, musahibim olan insanlara qədər  hamısını sayğı ilə xatırlayıram. Böyük əksəriyyəti “Feysbuk” dostluğumda var, daha yaxınlarla əlaqələrim də qalır.

- Bəs hansı hadisə baş verdi ki, siz Sankt-Peterburqa getməyə qərar verdiniz?

- Mətbuatdan və ölkədən getməyimin səbəbi ailə qurmağımla bağlı oldu. Həmişə söz düşəndə deyirdim ki, Azərbaycan sərhədindən bir metr belə kənarda yaşamaram, yaşaya bilmərəm. O ki qala Rusiya, bu, heç ağlıma da gəlməzdi. Necə deyərlər,  heç vaxt “heç vaxt”  demə.  Əslində, həyat yoldaşım söz vermişdi ki, uzağı 2-3 ilə ozü də Azərbaycana qayıdacaq və orda yaşayacağıq. Gordüyünüz kimi hələ burdayam. İrad tutanda da deyir, o rəqəmlərin yanında “0” da var idi, sən görməmisən.

- Rusiya azərbaycanlıların ən çox üz tutduğu ölkələrdəndir. Siz ora gedərkən hansı maneə və problemlərlə üzləşdiniz?

-  Rusiya azərbaycanlıların vaxtilə ən çox üz tutduğu olkələrdən biri idi. Son illərdə soydaşlarımız işləmək və yaşamaq üçün artıq başqa ölkələri – Türkiyəni, Avropa ölkələrini seçirlər.  Bununla belə,  Rusiyada  xeyli həmvətənimiz var. Rəsmi rəqəmlərlə desək 600 mindən çox, qeyri-rəsmi 2 milyonadək.  Əksəiyyəti paytaxtda və böyük şəhərlərdə məskunlaşıblar, o cümlədən mən yaşadığım Sankt-Peterburqda. 

Bura gəldiyimdə sanki SSRİ dovrünə qayıtmışdım.  Dünyanın ən boyük şəhərlərindən biri olsa da,  gözəlliyi ilə, insanlarının mədəni səviyyəsi ilə seçilsə də,  Sankt-Peterburq SSRİ -nin dağılmasından sonra dəyişməmişdi sanki. O illərin ab-havası hər yerdə vardı- küçələrdə, idarələrdə, tibb məntəqələrində, dükanlarda və s.  Sovet dovründəki uşaqlıq illərimizi xatırlatdığına görə xoş gəlsə də,  sonradan çətinliklərini də gördüm. Məsələn, ilk aylarda yaşadığımız ərazidə bircə internet klub belə tapa bilmədim ki, Azərbaycanla əlaqə saxlayım.  İnternet provayderleri isə yox dərəcəsində idi. Soruşanda isə adama təəccüblə baxırdılar. Yalnız “Vətənə zəng et” adlı telefon kartları movcud idi ki, az qala yüz rəqəm yığmalı idin - bizim mobil operatorlara düşmək üçün. Vay o gündən zəng elədiyimiz nömrə  məşğul və ya əhatə dairəsindən kənarda ola. Bu zaman rəqəmləri yenidən yığmaq lazım gəlirdi. Həmin dövrdə Azərbaycanda sovet dovründən əsər-əlamət qalmamışdı. İndiki kimi olmasa da, internet istifadəsi hər kəs üçün əlçatan idi. Hər yerdə internet klublar, idarə və müəssisələrdə internet, normal işləyən mobil operatorlar vardı. 

Ona görə də ilk vaxtlar mənə Azərbaycandan fərqli olaraq çətin oldu.  Özümü “Robinzon Kruzo” film-komediyasınıın qəhrəmanı Robinzon kimi hiss edirdim. İnformasiya mənbəyim yalnız yaxınlarımın yazdığı mesajlar, qeyd etdiyim kartlarla zəng etdiyim qohum-əqrəba və ayda-ildə bir dəfə əlimə gəlib çatan “Millətin səsi” qəzeti idi. Bu qəzet Moskvada həmvətənlərimiz tərəfindən nəşr olunurdu və böyük şəhərlərə gəlib çıxırdı. Hər nömrəsi mənə gəlib çatana qədər üstündən bir-iki ay keçmiş olurdu bəzən. Amma mən onu eynilə  Robinzon kimi oxuyurdum. Sonradan internet imkanlarım yarananda qısa müddətli də olsa, həmin qəzetlə əməkdaşlıq etmişdim.

- Niyə orada jurnalist kimi işləmədiniz, sizi bu sahədən uzaqlaşdıran səbəb nə idi?

- İlk illər  “informasiya blokadası”na gorə fəaliyyətimi davam etdirə bilmədim. Sonralar fasilələrlə internet üzərindən muxtəlif qəzet və saytlarla əməkdaşlıq etmişəm. Qaynar.info saytında və “Azadlıq” qəzetlərində köşə yazılarım çıxırdı, müxtəlif saytlar üçün Rusiya mətbuatından informasiya və məqalələr tərcümə edirdim. Sonralar Sankt-Peterburqda  iki dildə nəşr olunan “Azəri”qəzetində Azərbaycan bölməsinin redaktoru kimi çalışdım. Təssüf ki, hazırda bu qəzet fəaliyyətini dayandırıb.

- Hazırda nə işlə məşğulsunuz?

- Hazırda əsas işim uşaqlardır. Onlar bağçaya gedəndə fikirləşirdim ki, bir az böyüsünlər, məktəbə getsinlər, sonra işlərimi davam edərəm. Amma məktəbə başlayandan sonra anladım ki, mənim əsas işim indi başlayır. Düzdür, vaxt tapanda ictimai fəaliyyətə də can atıram. Burada xeyli tanıdığım azərbaycanlı ailələr, xanımlar var.  

Hərdən yığışırıq, uşaqlarımızı biri-birləri ilə tanış edirik. Uşaqlarımız  üçün  milli rəqs  kursumuz var, artıq ikinci ildir fəaliyyət göstərir. Burada məşhur olan və yüksək səviyyədə Azərbaycanı təmsil edən “Çinar” rəqs ansamblı, onun professional rəqqasları var.  “Çinar” 25 illik ansambldır və həqiqətən də Azərbaycanı layiqincə təmsil edir. O ansamblın rəqqasları bizim kursda dərs deyirlər.
Bundan əlavə, azərbaycanlı xanımlar üçün də rus dili kursumuz vardı.  Bu il təəssüf ki, ofis probleminə görə təşkil edə bilmədik.

- Hər halda Rusiya televiziya və mətbuatını izləyirsiniz. Rusiya cəmiyyətini də bu mediada görmək olar. Rusiya cəmiyyətində siz getdiyiniz dövrlə indinin arasında fərq görürsünüzm?

- İndiki dövrdə cəmiyyəti klassik KİV-də deyil, daha çox sosial şəbəkələrdə görmək mümkündür.  

KİV isə hər zaman həqiqəti əks etdirmir və ya əks etdirə bilmir. Ən azından bizdə və Rusiyada belədir. Fərqə gəlincə, təbii ki, var. Burada hakimiyyət “dəyişməz və əbədi “olsa da, cəmiyyət dəyişir, inkişaf edir. Sürətlə dəyişən və inkişaf edən texnologiya əsrində dəyişməz qalmaq mümkünsüzdür. Demək olar ki, dəyişməyən bircə Rusıyanın Azərbaycana qarşı siyasətidir. Bu da tarixdən  məlum olduğu  kimi yəqin ki, dəyişməz qalacaq.  


- Azərbaycanlı həmkarlarınızdan kimlərlə yaxın əlaqələriniz qalıb?

- Yuxarıda qeyd etdiyim kimi, böyük əksəriyyəti “Feysbuk”  dostluğumda var. “Feysbuk” profili yaradanda ilk axtardığım qohum-əqrəba və həmkarlarım olub. Maraqlıdır ki, bizim dövrdə mətbuatda çalışan xanımların çoxu hazırda ölkədən kənarda yaşayır, xarici ölkə vətəndaşları ilə ailə qurub və ya özləri  köçüb gediblər. Az qala hər ölkədə belə həmkarım var.

- Siz Azərbaycanda hər zaman milli təəssübkeş kimi tanınırdınız. Rusiyada ermənilərlə aranızda problem olubmu?

-  Burda azərbaycanlılar kimi  ermənilər də çoxdur.  Ona görə, istər-istəməz hər yerdə qarşılaşırıq. Onlarla problemimiz olmasa da, heç vaxt yaxın münasibətim də olmayıb. Qonşum vardı, Bakı ermənisi, yaşlı qadın idi. Həyətdə görəndə, hər bəhanə ilə yaxınlaşıb Bakı xatirələrini danışır, azərbaycanlıları-ordakı qonşularını tərtifləyir,  səbəbkarları lənətləyirdi. Dediyinə görə, Bakıdan Emənistana köçübmüşlər, amma orada yerli ermənilər  “Türkdən dönmə” deyib sıxışdırdıqlarına görə Rusiyaya gəlməli olublar. O vaxt onunla bağlı reportaj yazmışdım.


- Heç ailəniz haqda məlumat vermədiniz...

- Yoldaşım qarabağlı - ağdamlıdır. Müharibə iştirakçısı olub. Qarabağı, Ağdamı və ev-eşiyini  itirdikdən sonra  Rusiyaya köçüb.  İki övladımız var. Oğlum Teymur 7-ci sinifdə oxuyur. Qızım Jalə isə 2-ci sinfə gedir. Hər ikisi paralel olaraq, musiqi məktəbində təhsil alırlar. Teymur  tarixlə, coğrafiya ilə maraqlanır. Bağça vaxtlarında işi-gücü xəritədə turkdilli ölkələri birləşdirmək olurdu. Yollar axtarırdı, birliklər qururdu öz aləmində.  “Proqnoz” və “siyasi şərhləri”nə saatlarla qulaq asmalı olurdum.  Hətta bir dəfə mənə yaxınlaşıb soruşmuşdu: “Sən türkdilli ölkələri birləşdirə bilərsən?”. Demişdim “ağ eləmə”. 

Jalənin də gələcək üçün “böyük planları” var. Peşə seçimi üçün uzun bir  siyahı tutub. Bir gün balerina olur, səhəri gün pediatr olub bütün xəstə uşaqları sağaldacağına qərar verir, o biri gün  fikirləşir ki, yaxşısı budur veterinar olsun, bütün yiyəsiz heyvanlara sahib çıxsın. Görək də, nə edirik... 

Umidim, arzum və çalışdığım budur ki, böyüyəndə türkdilli ölkələri birləşdirə bilməsələr də, Azərbaycan üçün  gərəkli vətəndaş, dünyanı gəzəlləşdirən insanlardan olsunlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı