Modern.az

Kinomuzun bugününə baxış - Bu da FAKTLAR

Kinomuzun bugününə baxış - Bu da FAKTLAR

19 Aprel 2019, 13:53

Cəlaləddin Qasımov,
“SSP Production” şirkətinin rəhbəri,
Şollerin arxivi” filminin quruluşçu rejissoru və baş prodüseri 


Beynəlxalq festivallara dəvət aldıqca, sövqi-təbii, seçilmiş filmlərin siyahısına baxanda, qonşu ölkələrin filmlərini görəndə qəribə hisslər keçirirəm: bəs bizim filmlərimiz nə üçün  siyahıda yoxdur?
Mənə pis təsir edən odur ki, Av­ro­pa, Amerika festivallarında seçilmiş filmlərin siyahısında erməni filmləri ilə tez-tez rastlaşıram. Djibana Abetisyanın Qarabağ mövzusunda çəkdiyi “Son sakin” filmində Xocalı qətliamını tərsinə çəkərək, dünyanı saxta “fakt”lara inandırmağa çalışdıqlarını gördüm.


Bu filmə ilk dəfə Amerika film siyahılarında rast gəldim. Doğrudur, bizim “Şollerin arxivi” bədii filmi qalib oldu, amma onlar da diplom aldı. Kanadada, Torontoda da rastlaşdım, yenə biz qalib olduq, onlar da diplom aldı. Sonuncu dəfə Fransanın “Cannes Mediterranean Film Festival”ında da rastlaşdıq, biz yenə də qalib olduq, amma onlar yenə də diplom aldı.


Bu yaxınlarda “Cannes Mediterranean Film Festival”ı təşkilatçılarından mənə belə bir məktub gəldi: “Siz nə üçün mükafatı almırsız? Biz hansı ünvana göndərək?”

Məktubda o da qeyd edilib ki, “biz “Şollerin arxivi” filmindən sonra Azərbaycanı yenidən tanıdıq və sevdik. Sizin yeni filmlərinizi festivalda görmək istərdik. Festivalın ödəniş rüsumlarından azadsınız”.

Mən “EDAM GÜNÜ” bədii filmini, “NOBELLƏRİN İLK UĞURU”, “STALİNİN QARANLIQ KEÇMİŞİ” sənədli filmlərimizi də sözügedən film yarışmasına göndərdim. Kanndan gələn məktubu, festivalın siyahısını da indi siz, hörmətli oxuculara təqdim edirəm. Bu, uğur əldə etdiyimiz iyirmi beş bey­nəlxalq festivaldan biridir.


Djibana Abetisyanın çəkdiyi, 6 ölkənin (İran, Litva, Yunanıstan, ABŞ, Rusiya və Ermənistanın) aktyorlarının çəkildiyi, Qarabağ savaşından bəhs edən “Son sakin” bədii filmi Tovinar Xaçaturyanın “Gurjevanın sonuncu sakinləri” əsəri əsasında çəkilib. Ssenari müəllifi Masis Baqdasaryandır.   


“ŞOLLERİN ARXİVİ” filmini isə heç bir mad­di dəstək olmadan, necə deyərlər, daxili imkanlar hesabıma çəkmişik. Film kommersiya məqsədi ilə çəkilməyib. Filmi ölkəmizi xaricdə ke­çi­ri­lən beynəlxalq festivallarda tanıtmaq, həqiqətlərimizi göstərmək üçün çəkmişik və buna da nail olmuşuq.


Təvazörkarlıqdan qırağa çıxdısa qüsur saymasanız, deyərdim ki, ermənilərin çəkdiyi filmdən sonra (yeri gəlsə, ona cavab sayılacaq), Qarabağ həqiqətlərindən bəhs edən elə təsirli bir ssenari yazdım ki, beynəlxalq festivallarda ad qoyacağına və dünyanı gəzəcəyinə, uğur qazanaraq, əsl həqiqətləri təbliğ edəcəyinə inanıram. Ancaq bu ssenarini ekranlaşdırmaqçün maddi dəstəyə ehtiyac var. Təəsüf ki, indiyədək xeyli ünvana, bir sıra dövlət orqanlarına müraciət etsək də, hələlik heç bir kömək edən yoxdur.


Prezident İlham Əliyev cənablarının “Azərbaycan kinomatoqrafiyasının kon­sepsiyası”, kinomuzun inkişafı ilə bağlı sərəncamları özəl “prodakşın”lara böyük dəstəkdir. Ölkəmizi, mədəniyyətimizi  beynəlxalq festivallarda təmsil etməyə həvəsləndirir, lakin əlaqədar qurum və quruluşların bu konsepsiya və sərəncamların ruhuna uyğun şəkildə konkret maddi dəstəyinə ehtiyac olduğunu da gizlətmirik.

 

Qeyd etməliyəm ki, “Şollerin arxivi” bədii filmi son 8 ay ər­­zində iyirmi beş bey­nəlxalq festivalda uğur əldə edərək, Azərbaycan kino ta­ri­xi­nin ən çox mükafat qazanan ekran əsəri kimi rekord müəyyənləşdirib. Dünyanın beş qitəsini gəzib, qırx beşə yaxın ölkədə keçirilən festivalda iştirak edərək, neçə-ne­çə beynəlxalq mükafata layiq görülüb.

 


“Şollerin arxivi” filmi dünya film bazarında “Vimeo”, “Amazon” (ABŞ), “Amazon” (İngiltərə), “UDU Digital”, “Hollivud” produserləri ilə əlaqə məkanı olan “iPitch.tv”də, dünyada tanınmış 16 platformada film distribütorları tərəfindən yerləşdirilib. 


***


“Şollerin arxivi” bədii filminin uğurları barədə dünya mediasında yazılar verilib. Sonuncu iki yazı isə Niderlandın “31mag” jurnalının saytında yerləşdirilib. Yazılarda qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamından fərəhlənərək film çəkilib. (Qeyd edək ki, film Niderlandın “European Cinematography Awards” festivalında da “Ən yaxşı dram” kateqoriyası üzrə uğur qazanıb.) 


2018-ci ilin 7 ayı ərzində istehsal etdiyimiz ikinci “Edam günü” tammetrajlı bədii filmimiz 8 ayda 15 beynəlxalq festivalda uğur qazanıb.


Psixoloji triller janrında çəkilmiş “Edam günü” filmində hadisələr Sovet dövrünün son illərində həbsxanada cərəyan edir.


Cari ildə isə daha iki sənədli filmimiz başa çatıb – “Stalinin qaranlıq keçmişi” və  “Nobel qardaşlarının ilk uğuru” filmin istehsalı 17 mart 2019-cu ildə başa çatıb. Film artıq İngiltərədə 4, Avstraliyada isə 1 festivala seçilib və festivalın siyahısına daxil edilib. Başqa bir filmimiz böyük xeyriyyəçi Ha­cı Zeynalabdin Tağıyev barəsindədir. Bu film, Bakı Dövlət Universitetinin Tarix fakultəsində oxuduğum illərdən topladığım arxiv sənədləri, müəllimlərimdən aldığım bilgilər, topladığım faktlar əsasında çəkilir.

Hər iki film 40-dan çox beynəlxalq kinofestivala təqdim ediləcək.


Başqa bir bədii filmimiz arxivlərdən toplanmış bilgilər əsasında Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılov (Armed Mişel) və Fransanın tarixi şəxsiyyəti Şarl de Qoll haqqında çəkiləcək. Filmin ssenari­si Əh­mə­diy­yə Cəbrayılov və Şarl de Qollun dostluğunun tarixindən bəhs edir. Çəkiliş üçün respublikamızla yanaşı, Ukrayna və Belarusda uyğun məkanlar seçilib. Bu film azər­bay­canlılar və fransızlar arasında dostluğa töhfə verəcək, deyə ümid edirik. Onu da vurğulayım ki, Əhmədiyyə Cəbrayılov barədə bəzi yeni bilgilər ilk dəfə bu film vasitəsi ilə ictimailəşəcək.


Cənab Prezident indiyə qədər mədəniyyətimizə çox böyük dəstək olub. İn­cəsənət xadimləri ilə görüş də belə dəstəyin daha bir parlaq ifadəsi idi. Biz də Prezident Administrasiyasına və Mədəniyyət Nazirliyinə müvafiq müraciətlər etmişik. Qeyd etmişik ki, xarici kinofestivallarda Azərbaycanı təmsil edirik. Bizə dəstək olunmasını istəmişik. İnanırıq ki, tezliklə cavab gələcək.

 

//www.mediterraneanfilmfestivalcannes.com/festival-2018-1

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub