Modern.az

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi

19 Aprel 2019, 16:35

Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman İmzalayıb. Modern.az-ın məlumatına görə, Fərmanda deyilir:

 

"1. “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

 

2. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (bundan sonra – Mərkəz) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

 

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Mərkəzin nizamnaməsinin təsdiqi;

2.1.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

2.1.3. icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.1.4. Mərkəzin yenidən təşkili və ləğvi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.2.1. Mərkəzin illik maliyyə hesabatlarının təsdiq edilməsi;

2.2.2. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

2.2.3. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

2.3. Mərkəzə:

2.3.1. inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və fəaliyyət planlarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirilməsi;

2.3.2. strukturunun Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Mərkəzin işçilərinin say həddini və əməkhaqqı fondunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Mərkəzin inzibati bina ilə təmin olunması və maddi texniki bazasının möhkəmləndirilməsi üçün müvafiq tədbirlər görsün;

3.5. bu Fərmanın 3.4-cü bəndinə uyğun olaraq Mərkəzin balansına verilən dövlət əmlakının qiymətləndirilərək onun nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini Mərkəz dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

4. Mərkəz:

 

4.1. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç  gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanla təsdiq edilmiş Nizamnamənin 5.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi