Modern.az

Problemli krediti olanlar kompensasiyaları bu ŞƏRTLƏRLƏ alacaqlar

Problemli krediti olanlar kompensasiyaları bu ŞƏRTLƏRLƏ alacaqlar

Aktual

19 Aprel 2019, 18:07

Banklar tərəfindən 22 aprel 2019-cu il tarixindən etibarən “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələrək vətəndaşların kompensasiyalarının ödənilməsinə başlanılacaq.


Bu barədə Modern.az-a Azərbaycan Banklar Assosiasiyasından məlumat verilib.

Kompensasiya ödənilməsi ilə bağlı müəyyən edilmiş mexanizmə əsasən, fəaliyyətdə olan bankların müştərilərinə həmin banklar vasitəsilə, bank olmayan kredit təşkilatı və ləğvetmə prosesində olan bankların müştərilərinə isə “Azərpoçt” MMC vasitəsilə ödənişlərin edilməsi həyata keçiriləcək.


Banklar tərəfindən 500 manatdan yuxarı məbləğdə kompensasiyanın verilməsini ödəniş kartlarına köçürməklə, 500 manat və ondan aşağı məbləğdə kompensasiyalar isə pul köçürməsi yolu ilə veriləcək. Kompensasiya ödənişləri məqsədilə fiziki şəxslərdən heç bir komissiya tutulmayacaq.


Kompensasiya ödənişlərinin edilməsi məqsədilə fiziki şəxslər növbəlilik prinsipi əsasında kompensasiyanın veriləcəyi yer, tarix və zəruri sənədlər barədə banklar tərəfindən əvvəlcədən SMS və ya zəng yolu ilə məlumatlandırılacaqdır. Fiziki şəxslər onlara ayrılmış vaxtda müvafiq banka yaxınlaşaraq kompensasiyanı əldə edəcəklər.


Bundan başqa, kompensasiya ödənişi ilə əlaqədar kredit təşkilatlarında vətəndaşların operativ şəkildə xidmət göstərilməsi üçün ayrıca sahə müəyyən olunub və müvafiq əməkdaşlar ayrılıb. Bu müddətdə, banklar xüsusi iş rejimində işləyərək vətəndaşlara xidmət göstərəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi