Modern.az

Vüqar Rəhimzadə: Antiazərbaycan qüvvələrin çirkin kampaniyasına tutarlı cavab ölkəmizin uğurlu inkişafıdır  

Vüqar Rəhimzadə: Antiazərbaycan qüvvələrin çirkin kampaniyasına tutarlı cavab ölkəmizin uğurlu inkişafıdır  

19 Aprel 2019, 19:05

«Azərbaycanın iqtisadi möcüzələr, ən islahatçı, xoşbəxt ölkə kimi tanınması və nüfuz qazanması düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Son 15 ildə təkmilləşməni, yeniləşməni dövlət siyasətinin əsas xətti kimi qəbul edib, bu istiqamətdə davamlı addımlar atan dövlətimizin başçısı İlham Əliyev bu məqsədi açıqlayır ki, Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunə olmalıdır. Son 15 ilin sosial-iqtisadi göstəricilərinə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna, demokratik dəyərlərin qorunması və inkişaf edirilməsi istiqamətində atılan addımlara və uğurlu nəticələrə diqqət yetirsək, ölkəmizin bu hədəfə yüksək səviyyədə nail olduğunu görərik.»

 

Modern.az xəbər verir ki, bu fikirləri KİV-ə YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə xarici antiazərbaycan qüvvələrin və onlara dəstək funksiyasını yerinə yetirən daxili bədxahlarımızın - «5-ci kolon»nun çirkin kampaniyasına münasibət bildirərkən söyləyib.

 

V.Rəhimzadə qeyd edib ki, bu gün hansı sahəyə diqqət yetirsək, Azərbaycanın davamlı inkişafını görərik: «Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi biri-birindən önəmli enerji layihələrinin uğurlu icrasına, yeni-yeni layihələrin gündəmə gətirilməsinə yol açıb. 2006-cı ildə BTC neft və 2007-ci ildə BTƏ qaz kəmərlərinin istismara verilməsi, bunların davamı olaraq ötən ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas tərkib hissəsi olan TANAP-ın istifadəyə verilməsi və s. kimi mühüm hadisələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artırır, ən əsası xalqları, qitələri birləşdirən ölkə imicinə yeni əlavələr gətirir. Bu gün Azərbaycan, eyni zamanda, tranzit ölkə kimi nüfuz qazanıb. Avropanı Asiya ilə birləşdirən BTQ dəmir yolunun istifadəyə verilməsi regionda sabitliyin, təhlükəsizliyin əsas qarantı kimi dəyərləndirilən Azərbaycan-Gürcüstan-Türkiyə birliyinin təzahürüdür”.

 

V.Rəhimzadə əlavə edib ki, nəzərə alsaq ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır, bu gün Azərbaycanın iqtisadi imkanlarının artması fonunda beynəlxalq aləmdə yerinin və rolunun hansı səviyyədə olduğunu geniş təhlil etməyə ehtiyac yaranmaz: “Azərbaycan öz müstəqil siyasəti ilə regionun və dünyanın aparıcı qüvvəsinə, əsl söz sahibinə çevrilib. Azərbaycanla ikitərəfli əməkdaşlıqda maraqlı olan ölkələrin sayı artmaqda, bir sözlə, dövlətimiz yeni dostlar qazanmaqdadır. Bu uğurlarımızı şərtləndirən əsas amil dövlətimizin xarici siyasətinin qarşılıqlı hörmət və maraqlar prinsipinə söykənməsi, beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlamasıdır. Məhz bunun nəticəsidir ki, dünyanın yeni siyasəti məhz ölkəmizdə müzakirə olundu. Ötən ay Azərbaycanın ev sahibliyi etdiyi, 55 ölkədən 500-dən çox nümayəndənin qatıldığı VII Qlobal Bakı Forumu “Dünyanın yeni xarici siyasəti” mövzusunu müzakirə etməklə 27 ildən artıq müstəqillik tarixinə malik Azərbaycanın bu sahədə də təcrübəsinin nümunə olduğuna işıq saldı. Azərbaycanla Avropa İttifaqı, quruma üzv olan ölkələr arasında da əlaqələrin bugünkü səviyyəsi ölkəmizin artan beynəlxalq nüfuzuna işarədir. Ötən il Azərbaycanla Avropa İttifaqı arasında «Tərəfdaşlığın prioritetləri» sənədi imzalandı, yaxın günlərdə isə strateji tərəfdaşlıq sazişinin yekun mərhələsi başa çatacaq. Bu, Azərbaycanın Avropa üçün önəmini bir daha təsdiqləyir”.

 

Baş redaktor bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri də yüksək səviyyədədir: “Bu il Azərbaycan dünyanın 120-dən artq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrlik edəcək. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmiz 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Bu kimi mühüm hadisələr Azərbaycana inamın, ölkəmizin ədalətli mövqeyinə dəstəyin göstəricisi, diplomatiyamızın uğurudur. Bu uğurlara yol açan əsas amil isə sabitlikdir ki, onun da əsas təminatçısı xalq-iqtidar birliyidir. Həyata keçirilən siyasətə, irəli sürülən təşəbbüslərə xalqın dəstəyi sabaha olan inamı artırmaqla yanaşı, xalq-iqtidar birliyini də möhkəmləndirir, sarsılmaz edir. Ölkə əhalisi hər addımda özunə diqqətin şahidi olur. Aparılan siyasətin təməlində vətəndaş amilinin dayanması onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan da aydın görünür. Təkcə cari ilin ötən aylarında imzalanan Fərman və sərəncamlara diqqət yetirsək, dövlətimizin başçısının bu addımlarının dünya üçün sosial inqilab nümunəsi olduğunu böyük inam və qətiyyətlə qeyd edərik. Uğurlarımız sırasında yer alan 10 milyonluq ölkə sevincimiz də Azərbaycanda həyata keçirilən güclü sosial-iqtisadi siyasətin göstəricisidir”.

 

V.Rəhimzadə qeyd edib ki, Fransanın “Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi sorğu dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə, təkmil islahatlara xalqın dəstəyinin, həmçinin bu və ya digər sahələrdə uğurlarımızın təqdimatı kimi dəyərləndirilir: “Sözsüz ki, xalqın öz Prezidentinə inamının böyük olduğu ölkədə davamlı inkişaf, xoş ab-hava, ruh yüksəkliyi inkaredilməzdir. Uğurlarımıza qısa baxış daxili və xarici antiazərbaycan qüvvələrin çirkin kampaniyalarının nə qədər əsassız olduğunu açıqlayır. Bu danılmaz faktdır ki, Azərbaycanın müstəqil siyasətindən, davamlı uğurlarından narahatlıq xarici antiazərbaycan qüvvələrin əsassız təbliğat kampaniyalarına səbəb olur. Amma hər bir cəhdləri reallıqlarımız fonunda uğursuzluğa düçar olmağa məhkumdur. Diqqət çəkən əsas məqam isə bu ünsürlərin daxili bədxahlarımızdan öz çirkin niyyətlərini həyata keçirmələrində bir vasitə kimi bəhrələnmələridir. Xarici antiazərbaycan qüvvələr, onlara xidmət edən “Trensparency İnternational”, “Amnisty İnternational”, OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. Bu kimi çirkin kampaniyaların daha çox hansı vaxtlarda həyata keçirildiyi məlum olaylardandır. Nəzərə alsaq ki, yaxın günlərdə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi ilə bağlı işlər tamamlanacaq, bu, artıq həmin qüvvələri belə ənənəvi yollarını davam etdirməyə sövqe edir. Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi də belə narahatlıqların artmasında rol oynayır”.

 

V.Rəhimzadə bir daha vurğulayıb ki, ölkəmizə qarşı aparılan belə çirkin və ədalətsiz kampaniyalara tutarlı cavab reallıqlarımızdır. Ən yüksək zirvələri fəth edən, hər bir sahədə beynəlxaq səviyyəli tədbirlər üçün ideal məkan seçilən, ən əsası ədaləti əsas meyar kimi qəbul edən Azərbaycana beynəlxalq baxış artdıqca bu kimi cəhdlər qaçılmazdır. Lakin belə əsassız kampaniyalar heç bir təsir imkanına malik deyil, əksinə, Azərbaycan daha da qüdrətlənir, güclənir, davamlı uğurlara imza atır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır