Modern.az

“Lenin hamımızın babası olub!” - Tanınmışlar proletariatın rəhbərini belə XATIRLADILAR

“Lenin hamımızın babası olub!” - Tanınmışlar proletariatın rəhbərini belə XATIRLADILAR

Aktual

22 Aprel 2019, 16:34

22 aprel tarixi ilk kommunist dövlətin - SSRİ-nin qurucusu, proletariatın rəhbəri Vladimir İliç Leninin doğum günüdür. Hazırda bu siyasi liderin doğum günü qeyd olunmasa da, SSRİ dövründə tarixi gün kimi təmtəraqla bayram edilirdi.

Yaşlı və orta nəsil həmin günləri yaxşı xatırlayır. Tanınmış müğənni Cavan Zeynallı da Modern.az-a Lenin ad günündən danışıb. Bildirib ki, SSRİ dönəmində bütün ölkə aprelin 22-ni bayram kimi qeyd edirdi:

““Lenin inqilabın atasıdır!” tipli şüarlar yazılırdı. Onun şəkilləri bütün şəhərləri bəzəyirdi. Silsilə konsertlər, əyləncələr, tədbirlər olardı. Xor Leninin ad günü münasibətilə ifalar səsləndirirdi. O zamanlar televiziyalar Lenin haqqında verilişlər yayımlayırdı, filmlər nümayiş olunurdu. Onun “SSRİ xalqının xilaskarı” olması təbliğatı geniş idi”.       

Deputat Fəzail İbrahimli isə hesab edir ki, V.İ.Leninə hər hansı zaman kəsiyində peyda olan rəhbər kimi baxılmayıb:

“O dünyanı iki sistemə bölən ideologiyanın banisidir. Kapitalizm cəmiyyətində təlatümlər başlanan zaman V.İ.Lenin bundan məharətlə istifadə etdi.

O qədər ilahiləşdirilmişdi ki, qadın mətbəxdə yumurtanı sındıranda belə, düşünürdü, onun içərisindən Lenin çıxacaq. Elə obraz yaratmışdılar ki, sanki Lenin möcüzəvi insan olub. Ondan peyğəmbər obrazı yaratmışdılar. İdeologiya o qədər güclü idi ki, insanların inam hissi də var idi. Bunun təbliğatı hesabına Sovet hökuməti 70 il yaşadı, dünya iki sistemə bölündü. Sistemin uğuru ondan ibarət oldu ki, sosializm cəmiyyəti formalaşdırıla bildi”.  F.İbrahimli onu da deyib ki, Leninin ad günü Azərbaycan insanının hər birinin ürəyində sevincli gün kimi yer alıb:

“Müəyyən dövrdə - təxmini 80-ci illərdən, cəmiyyətin nöqsanları üzə çıxanda, Sovet cəmiyyətində problemlər yarandıqda yavaş-yavaş ideologiya çökməyə başladı. Cəmiyyət dağılandan sonra onun nə olduğu dərk edilməyə başladı. Ən əsası Azərbaycan Cümhuriyyətinin dağılmasına rəvac verən məhz həmin fərd olub. Azərbaycan xalqının müstəqilliyini əlinən alan, asılı hala salan komandaya məhz Lenin tapşırıq vermişdi ki, Bakının tutulması vacibdir.  Bu martın 16-da cənub qoşunlarına verilən əmrdə göstərilib. Azərbaycan cəmiyyətinin müstəqilliyinə son qoyan fərd olsa da, Sovet cəmiyyətində o ilahiləşdirilmişdi və ad günü də güclü təm-təraqla qeyd edilirdi”.

Yazıçı Seyran Səxavət də SSRİ dönəmində V.İ.Lenin tərəfdarı olub. O deyib ki, Leninin ad günü elə SSRİ-nin ad günü demək idi:

“O bizim babamız idi. Şəxsən mənim də babam olub. Onun üçün yazılmış şeirlərin birində də deyildiyi kimi “çalışırıq, vuruşuruq, Lenin baba yolunda...”. Biz onu baba kimi o qədər sevirdik ki, atamız evə bir konfet də alıb gətirəndə elə bilirdik ki, onu bizə Lenin baba göndərib. Cəmiyyət dəyişib deyə, adam namərdlik etməz. Mən Lenini müəyyən yaşıma qədər baba kimi sevmişəm. Əslində SSRİ dövründə anadan olmayan gənclərin də babası Lenindir. Əgər atanın babası olubsa, deməli, sən də Leninin nəticəsisən. O yaxşı kişi olub. Bir həyat yoldaşı, bir də özü idi. Hökuməti yeyib, içib, dağıtmayıb. Düzdür, ondan sonra çox şeylər oldu, faciələr baş verdi. Bunun Leninə aiddiyyəti yoxdur. SSRİ dağılana qədər Leninin ad günü qeyd olundu, yazılan poemalar, şeirlər, musiqilər oxundu”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı