Arxiv
23 Aprel 2019, 09:47 | ƏDƏBİYYAT
Xoca Əhməd Yəsəvinin həyatı – I YAZI

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor

Rəvayətlərə görə, Əhməd Yəsəvi Qərbi Türküstanın Çimkənd şəhərinin şərqində olan Sayram qəsəbəsində dünyaya gəlmişdir. Sayram qəsəbəsi lap qədimdən bəri önəmli bir mərkəzdə yerləşmişdir. Bəzi mənbələrdə və Əhməd Yəsəvinin öz şeirində onun Türküstanın Yəsi şəhərində dünyaya gəldiyi qeyd olunmuşdur. Tədqiqatçılardan bəziləri  Əlişir  Nəvaiyə  istinad  edərək  Əhməd Yəsəvinin mənşəyinin, anadan olduğu yerin Yəsi olduğunu qeyd etmişdir. (bax: Ahmed-i Yesevi. Divan-i hikmetten seçmeler. Ankara, 2000, s.7). Onu da inandırıcı  qəbul etmək olar ki, Əhməd Yəsəvinin hikmətləri özündən sonra Yəsəvi dərvişləri və təriqət mənsubları tərəfindən dəyişikliyə uğramış, onun dünyaya gəldiyi yer Yəsi kimi göstərilmişdir. Belə olduğu üçün onun Sayramda dünyaya gəldiyini qəbul edənlər də heç də yanılmırlar.

Əhməd Yəsəvinin doğum tarixi dəqiq şəkildə bilinmir, belə hesab olunur ki, o, XII əsrin əvvəllərində (1103 və ya 1105-ci illərdə) dünyaya gəlmişdir.

Əhməd Yəsəvinin atası Sayramın tanınmış adamlarından olub və adı Şeyx İbrahim olmuşdur. Şeyx İbrahim Həzrəti - Əlinin nəslindən olan bir kişi kimi tanınmışdır. Anası Şeyx İbrahimin xəlifələrindən biri olan Musa Şeyxin qızı Ayişə xatundur. Əhməd Şeyx İbrahimin Gövhər Şahnaz  adlı  qızından  sonra  dünyaya  gələn  ikinci  uşağı idi. O, əvvəl anasını, sonra da atasını itirmiş və bacısı ilə birlikdə yetim qalmışdır. Əhməd atasından, anasından yetim qalarkən yeddi yaşı olmuşdur.

Əhməd atadan və anadan yetim qaldıqdan sonra məlum olmayan səbəbdən bacısı ilə birlikdə Yəsiyə gəlmişdir. Bu zaman Yəsidə Arslan Baba adlı bir türk şeyxinin təmsil etdiyi və yaydığı təsəvvüf ənənəsi mövcud idi. Əhməd ilk təhsili Yəsidə almış və yaşca kiçik olmasına baxmayaraq, gözlənilməyən qeyri-adiliklər göstərməklə bütün ətrafının diqqətini özünə çəkmişdir. Burada ona mənəvi atalıq göstərən Arslan Babanı özünə mürşid seçmişdir. Yeri gəlmişkən, Arslan Babanın kimliyi də maraqlıdır. Hikmətlərin birində Arslan Babanın ərəb əsilli olduğu göstərilmişdir.

 

Sahabeler aydılar Arslan Babadur atıngız

Arablarnı uluğı pakızedür zatıngız

Terbiyet ten farz didi parça salıp yattıngız

Arslan Babam sözlerin işitingiz teberrük

 

Türkiyə türkcəsinə tərcüməsi:

Sahabeler dediler: Arslan Babadır adınız;

Arapların ulusu, tertemizdir zatınız;

Ten terbiyesi farz diyip, parça salıp yattınız;

Arslan Babam sözlərini işitiniz teberrük. 

Rəvayətə görə, Arslan Baba dörd yüz və ya yeddi yüz il yaşamışdır. Arslan Babanın Yəsidə Əhmədi tapması və onun təlim-tərbiyəsi ilə məşğul olması təsadüfi deyildir. Bu, Məhəmməd Peyğəmbərin vaxtilə Arslan Babaya olan tapşırığı və həvaləsi ilə bağlı bir məsələdir. Məsələnin mahiyyəti belədir ki, rəvayətə görə, Məhəmməd Peyğəmbərin ətrafı ac qaldığı üçün onun yanına gəlib yemək istəyir. Məhəmməd Peyğəmbər dua edir və onun bu duası ilə Həzrəti - Cəbrayıl cənnətdən bir tabaq xurma gətirir. Xurmanı yeyən zaman onun bir dənəsi tabaqdan yerə düşür. Bu zaman Həzrəti - Cəbrayıl deyir: “Bu xurma ümmətinizdən Əhməd adlı birinin qismətidir”. Həzrəti - Peyğəmbər ətrafındakılardan bu xurmanın Əhmədə kim tərəfindən çatdırılmasını soruşur. Bu sorğuya heç kəsin cavab vermədiyini görən Arslan Baba bu işi özü yerinə yetirəcəyini söyləyir. Həzrəti - Peyğəmbər mübarək əli ilə xurmanı Arslan Babanın damağına yerləşdirir, Əhmədi harada, nə zaman tapacağını başa salır və təlim-tərbiyəsi ilə məşğul olmasını ona tapşırır. Arslan Baba bu tapşırıqdan sonra Yəsiyə gəlir, Əhmədi axtarır, onu məhəllədə uşaqlarla oynadığı yerdə tapır. Arslan Baba bu məsələ barədə Əhmədə hələ bir söz deməmiş, uşaq (yəni Əhməd) ondan əmanətini (xurmanı) istəyir. Arslan Baba beş yüz il damağında saxladığı, təravətini, təzəliyini  qorumuş xurmanı Əhmədə verir.

 

Babam aydı ey balam teklif kılmadıng manga

Biş yüz yıldur kamımda saklap irdim min sanga

Mezesini siz alıp tılfın birdingiz manga

Arslan Babam sözlərin işitingiz teberrük

 

Türkiyə türkcəsinə tərcüməsi:

Babam dedi: Ey çocuk, külfet vermedin bana;

Beş yüz yıldır damakta saklar idim ben sana;

Lezzetini siz alıp tılfını verdiniz bana;

 Arslan Babam sözlərini işitiniz teberrük.

             (Ahmed-i Yesevi. Divani-i hikmetten seçmeler. Ankara, 2000, s. 128-129).

Arslan Baba Əhmədin təlim-tərbiyəsi ilə bir il məşğul olmuş və bu müddət ərzində onun (Əhmədin) şöhrəti bütün Türküstana yayılmışdır. Əmədin təlim-tərbiyəsi ilə bir il məşğul olduqdan sonra Arslan Baba vəfat etmiş, dünyasını dəyişmişdir. Əhməd Yəsəvi hikmətlərinin birində Arslan Babanın vəfatı  ilə  bağlı  belə  söyləmişdir:

 

Babam aydı ey balam kaşımda tur öleyin

Cenazemni okup köm can tasadduk kılayın

Meded kılsa Mustafa İlliyyinğa kireyin

Arslan Babam sözlərin işitingiz teberrük

 

Türkiyə türkcəsinə tərcüməsi:

Babam dedi: ey yavrum, önümde dur, öleyim;

Namazımı kılıp göm, can sadaka kılayım;

Medet kılsa Musafa, İlliyyine gireyim;

Arslan Babam sözlərini işitiniz teberrük.

 

Yığlap aydım ey Baba yaş kudek min bilmes min

Gurungıznı kavlar min kötrip sala almas min

Hak Mustafa sünnetin kudek min bilelmes min

Arslan Babam sözlərin işitingiz teberrük.

 

Türkiyə türkcəsinə tərcüməsi:

Ağlayarak dedim ki:

Ey baba, genç çocuğum;

Kabrinizi kazarak götürüp defn edemem;

Hak Mustafa sünnetini, çocuğum, bilemem;

Arslan Babam sözlerini işitiniz teberrük.

 

Babam aydı ey balam melayikler yığılğay

Cebrail imam bolup özgeler tabi bolğay

Mikail ve İsrafil köterip gurge koyğay

Arslan Babam sözlerin işitingiz teberrük

 

Türkiyə türkcəsinə tərcüməsi:

Babam dedi: Ey yavrum, melekler toplanacaq;

Cebrail imam olup, digerleri tabi olacaq;

Mikail ve İsrafil kaldırıp mezara koyacaq;

Arslan Babam sözlerini işitiniz teberrük.

 

Kul Hace Ahmed sözüngni nadanlarğa aytmağıl

Sözni aytıp nadanğa puçek pulğa satmağıl

Açdın ölseng namerddin hergiz minnet tartmağıl

Arslan Babam sözlerin işitingiz teberrük. 

 

Türkiyə türkcəsinə tərcüməsi:

Kul Hace Ahmed, sözünü cahillere söyleme;

Söz sözleyip cahile, değersiz pula satma;

Açlıktan ölsen bile, namerde minnet etme;

Arslan Babam sözlerini işitiniz teberrük.

(Ahmed-i Yesevi. Divan-i hikmetten seçmeler. Ankara, 2000, s. 130-131).

Əhməd Yəsəvinin Türküstanda məşhur olmasına bir hadisə də səbəb olmuşdur. Həmin hadisə belə baş vermişdir. Türküstanda Yəsəvi adında bir hökmdar varmış. O, qışı Səmərqənddə keçirər, yaz və yay fəslində isə Türküstan dağlarına ova çıxarmış. Yaz günlərinin birində Karaçuk dağına ov ovlamağa çıxan hökmdar ov ovlaya bilmir. Bunun səbəbi onunla bağlı olur ki, Karaçuk dağı çox sərt, çətin və keçilməzliyi ilə ovçuluğa maneəçilik göstərir. Ona görə də hökmdar ova maneəçilik edən bu dağın ortadan götürülməsinə qərar verir. Bunun üçün hökmdar idarə etdiyi torpaqlarda yaşayan bütün dərvişləri bir yerə topladır və onların duaları ilə dağı yox etmək istəyir. Toplanan dərvişlərin duaları, nəzir-niyazları nəticəsiz qalır. Sonra hökmdar bilir ki, bu toplantıya qatılmayan bir dərviş varmış. Hökmdara anladılır ki, həmin dərviş Şeyx İbrahimin oğlu Əhməddir. Hökmdara söylənilir ki, Əhməd ona görə toplantıya çağırılmamışdır ki, o, uşaqdır. Beləliklə, hökmdar Sayrama adam göndərir, onun toplantıya qatılmasını istəyir. Əhməd bu vəziyyəti bacısına danışır, bacısı öz qardaşına deyir: “Babamızın vəsiyyəti var, sənin zühur zamanın gəlib-gəlmədiyini babamızın türbəsi içində olan bir süfrə təyin edəcəkdir. Əgər o süfrəni aça bilsən, demək zühur zamanı gəlibdir, gedə bilərsən”. Yeri gəlmişkən qeyd edək ki, Əhməd Yəsəvinin atasının (// babasının) Aktür- bət adlanan türbəsi olmuşdur. Atasının türbəsinə gedən Əhməd süfrəni tapmış və açmışdır. Bununla da onun zühur zamanının vaxtı çatdığı anlaşılmışdır. Əhməd süfrəni özü ilə götürüb Yəsiyə gəlmişdir. Yəsidə bütün dərvişlər Əhmədi gözləyirmiş. Əhməd süfrədəki bir parça çörəyi göstərincəyə qədər dərvişlər fatihə oxuyurlar. Əhməd çörək parçasını adamlar arasında bərabər şəkildə bölür. Onun qatıldığı bu toplantıda doqquz min kişi varmış. Bu kəraməti görənlər Əhmədin böyüklüyünə, mövqeyinin  ucalığına  inanmışlar.  Əhməd  isə  atasından  qalmış xirqəyə bürünərək duasının nəticəsini gözləyirmiş. Birdən-birə göy üzündən tökülən sel-su hər yeri suya qərq etmişdir. Dərvişlərin səccadələri su üstündə üzməyə başlamışdır. Əhməd başını xirqəsindən çıxarana qədər sel-su dayanmış, günəş çıxmışdır. Toplananların hamısı görmüşdür ki, Karaçuk dağı ortadan yox oldu. Bunu görən hökmdar Əhməddən adının qiyamətə qədər qalması üçün dua etməsini istəmişdir. Əhməd isə demişdir: “Aləmdə hər kim biri sevərsə, sənin adınla biri yad eyləsin”. Həmin gündən indiyə qədər həm hökmdarın, həm də Əhmədin adı “Əhməd Yəsəvi” kimi anılır. Onu da qeyd edək ki, Sayramda Həzrəti-Məhəmməd və İmam Əli nəslindən olanlara Xoca deyilmişdir. Əhməd Yəsəvi də Xoca silsiləsi ilə bağlı olduğundan o, Xoca Əhməd, Xoca Əhməd Yəsəvi, Kul Xoca Əhməd adları ilə yad olunur.

Əhməd Yəsəvinin atasının Aktürbət adlı türbəsinin olması barədə onun hikmətlərində məlumat verilmişdir:

 

Arzulık min karındaşlık vilayetğa

Uluğ babam ravzaları Ak Türbetğa

Babam ruhı saldı mini bu ğurbetğa

Min bilmes min neçük taksır kıldım muna

 

Türkiyə türkcəsinə tərcüməsi:

Arzuluyum  akrabalık vilayete,

Büyük babam ravzaları Ak Türbete,

Babamın ruhu saldı beni bu gurbete;

Bilmem ki, ben nasıl taksir kıldım işte.

 

Əhməd Yəsəvi atasının türbəsini cənnət bağçası hesab etmiş, qohum-əqrəbalarının və atasının ruhunun bu ərazidə olmasını hikmətində qeyd etmişdir.

Əhməd Yəsəvi Arslan Babanın vəfatından sonra İslam dininin o vaxt mərkəzlərindən biri sayılan Buxaraya getmişdir. Buxara həmin dövrdə Qaraxanlıların idarəsi altında olmuşdur. Buxara mədrəsəsində İslam dini yüksək səviyyədə tədris olunmuş, burada alim və mütəsəvviflər təhsil vermişlər. Onlardan biri də Şeyx Yusif Həmədani olmuşdur. Əhməd Yəsəvi dövrün ən görkəmli mütəsəvviflərindən olan Şeyx Yusif Həmədanidən təhsil almışdır. Şeyx Yusif Həmədani 1048-ci ildə Həmədan yaxınlığında bir qəsəbədə dünyaya gəlmişdir. Gənclik çağında Bağdadda təhsil almış, daha sonra İsfahan və Səmərqəndin məşhur hədis alimlərindən dərs almış, dini bilgilərini artırmışdır. Mərv Herat şəhərlərində irşadla məşğul olmuş, 1140-cı ildə vəfat etmiş və Mərv şəhərində dəfn olunmuşdur. O, bütün ömrü boyu elm və təsəvvüf yolunda çalışmış və xidmət göstərmişdir.

Əhməd Yəsəvi belə güman olunur ki, 1110-cu ildən sonra Şeyx Yusif Həmədani vəfat edənə qədər ondan təhsil almış, İslam dininin incəlikləri, sufiliyin bütün dərinlikləri barəsində ondan öyrənmişdir. Və Şeyx Yusif Həmədanın üçüncü xəlifəsi mövqeyinə yüksəlmişdir.

Əhməd Yəsəvi 1166-cı ildə vəfat etmişdir. Belə rəvayət olunur ki, o, 63 yaşına çatdıqdan sonra öz müridlərinə bir quyu qazdırmışdır. Quyunun dibində yalnız özünün yerləşə biləcəyi həcmdə hücrə düzəltdirmişdir. Ömrünün sonuna qədər bu hücrədə ibadətlə məşğul olmuşdur.

 

DAVAMI VAR... 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu avropa ölkəsi avrodan imtina edir 27 May 2019, 00:57 Ukraynada fövqəladə vəziyyət 27 May 2019, 00:44 Əsəd ordusu bazarı bombaladı 27 May 2019, 00:21 Türkiyə Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib 27 May 2019, 00:02 Bolqarıstanda təyyarə qəzası 26 May 2019, 23:43 Əfqanıstanda 19 terrorçu məhv edildi 26 May 2019, 23:17 Müsavat Partiyası Gənclər Təşkilatının sədri istefa verdi 26 May 2019, 22:57 Məcburi köçkün məktəblərində elektron təhsil resursları təbliğ edildi 26 May 2019, 22:38 Elinanın ölümündə adı hallanan Xalidə Bayramova vəzifəsini itirdi 26 May 2019, 22:34 Ağır qəzada 9 polis yanaraq öldü 26 May 2019, 22:26 Təyyarəyə gecikən nazir istefa verdi 26 May 2019, 22:03 Bakı-Tbilisi-Qars dəmiryolu ilə avqustda sərnişin daşınacaq 26 May 2019, 21:47 NASA adını Marsa göndərənləri açıqladı 26 May 2019, 21:28 Sumqayıtın sabiq icra başçısı vəfat etdi 26 May 2019, 21:21 Mir Şahin gizli videoarxivi açdı - VİDEO 26 May 2019, 21:11 Yararsız estakadadan dənizə düşən balıqçı xilas edildi 26 May 2019, 21:11 Fikrət Qoca adamyeyənlərin arasında da olub... 26 May 2019, 21:02 Üç fransıza ölüm cəzası verildi 26 May 2019, 20:52 Gürcüstanda bayram tədbiri dağıldı - SƏBƏB 26 May 2019, 20:36 Zəlzələ 15 binanı dağıtdı: 1 ölü, 11 yaralı 26 May 2019, 20:19 Bakıdan Qəbələyə dəmiryolu ilə 3 saata çatmaq olacaq 26 May 2019, 20:03 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 26 May 2019, 19:24 “Babam Mədət Qulubəyli Xalq Cümhuriy­yətinin xəfiyyəsi olub” – DTX sədri 26 May 2019, 19:00 Gimnastlarımız Avropa çempionu oldular 26 May 2019, 18:58 Bakıda gənc qız və oğlan özlərini binadan atıblar 26 May 2019, 18:45 Bu qidalar stresi aradan qaldırır – Mütəxəssis açıqlayıb 26 May 2019, 17:57 Gürcüstan baş nazirindən “Keşikçidağ” bəyanatı 26 May 2019, 17:46 Həsən Ruhani İlham Əliyevə məktub göndərdi 26 May 2019, 17:34 “Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm” - Elmar Məmmədyarov 26 May 2019, 17:25 Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçirilir   26 May 2019, 17:17 Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11