Modern.az

Azərbaycanın Suriyadakı ilk səfiri: “Suriya müftisi Nəsiminin qətlinə görə xalqımızdan üzr istədi” - MÜSAHİBƏ

Azərbaycanın Suriyadakı ilk səfiri: “Suriya müftisi Nəsiminin qətlinə görə xalqımızdan üzr istədi” - MÜSAHİBƏ

24 Aprel 2019, 09:39

Mahir Əliyev: “Nəsiminin məzarı yerləşən ərazidə Azərbaycanın Mədəniyyət Mərkəzi açılacaqdı” “Suriyanın xanım mədəniyyət naziri “təhlükə olarsa, Nəsiminin qəbrinin Azərbaycana köçürülməsini həyata keçirə bilərik” demişdi” Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli şair və mütəfəkkir, Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olmuş İmadəddin Nəsiminin şərəfinə 2019-cu il “Nəsimi ili” elan olunub. Bu il dahi mütəfəkkirin 650 illik yubileyi qeyd olunacaq. Məlum olduğu kimi, Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir. Müharibə bölgəsi olan Hələb şəhərindəki məzarın taleyi Azərbaycanda da narahatlıq doğrur. Azərbaycanın hazırda Suriyada diplomatik korpusu fəaliyyət göstərmir. Amma 2008-2015-ci illərdə Suriyada səfirliyimiz vardı. O zaman Dəməşqdəki diplomatik missiyaya hazırda Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev rəhbərlik edirdi. Modern.az saytının əməkdaşı səfir Mahir Əliyevlə “Nəsimi mövzu”sunda söhbətləşib. Onunla müsahibəni təqdim edirik.    Mahir Əliyev 2008-2015-ci illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub. 2015-ci ilin mayında Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. 2019-cu ilin əvvəlindən ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki diplomatik korpusuna rəhbərlik edir.

- Cənab səfir, 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olduğundan  belə qərara gəldik ki, söhbətimizi bu istiqamətdə aparaq. Bir qədər əvvələ qayıtmaq istərdik. Suriyanın sakit dönəmlərində adıçəkilən ölkədə ilk dəfə səfirliyimiz açıldı və siz səfir təyin olundunuz. Həmin günləri necə xatırlayırsınız?

- 2008-ci ilin fevralında cənab prezident İlham Əliyevin sərəncamı ilə Suriyaya səfir təyin olundum. Hər bir dövlət başçısının səfir təyin etdiyi ölkə ilə bağlı  tapşırıqlarının, tövsiyələrinin olması mütləqdir. Səfir göndərilən şəxsin həmin ölkədə hansı işləri görməsi, diplomatik əlaqələrdə nələrə diqqət etməsi çox önəmlidir. Bu formada cənab prezident gələcək səfirə tövsiyələr verir. Həmin vaxt cənab prezident İlham Əliyevlə söhbət edərkən ilk başladığı cümlə belə oldu:  “Suriyada hər şeydən öncə dahi Nəsiminin qəbri var. Bunu sənə prezident kimi yox, Azərbaycan vətəndaşı kimi deyirəm. Çox arzu edərdim ki, Nəsiminin qəbri Azərbaycana gətirilsin. Birinci tapşırığım ondan ibarətdir ki, Nəsiminin qəbri ilə məşğul ol. Maraqlan, gör biz nə edə, hansı işləri görə bilərik”. Bu, çox ciddi tapşırıq idi.

- Belə çıxır ki, Suriyada səfirlik açılmazdan öncə Nəsimi məsələsi cənab prezidentin nəzərində olub.

- Əlbəttə. Prezident İlham Əliyevin söhbətə Nəsimi barədə başlaması böyük diqqət idi. Bu o deməkdir ki, səfirlik açılmazdan öncə də Nəsimi məsələsi cənab prezidentin nəzərində olub. İlk olaraq Azərbaycanın Suriyadakı səfirliyini də biz açdıq. 5-6 nəfərlik komanda ilə Suriyaya yollandıq.

- Suriyaya yollanan nümayəndə heyətimizi Dəməşq hökuməti və prezident Bəşər Əsəd  necə qarşılamışdı?

- Təbii ki, çox normal və yüksək səviyyədə qarşılanma oldu. Elə ilk tanışlıq zamanı cənab prezident İlham Əliyevin  tapşırığını yerinə yetirmək istədim. Prezident Bəşər Əsədə bildirdim ki, Nəsiminin Hələbdəki qəbrinin, məqbərəsinin hansı vəziyyətdə olduğunu öyrənmək üçün səfir kimi ora getmək istərdim. Bəşər Əsəd  məsələyə dərhal reaksiya verdi. Administrasiya rəhbərinə tapşırıq verdi ki, mədəniyyət naziri və Hələbin qubernatoru ilə əlaqə saxlasın, Azərbaycan səfirinin bir-iki günə ora getməsi təmin olunsun. Nəsə problem yaranarsa, birbaşa administrasiya rəhbəri ilə əlaqə saxlamağımı məsləhət gördü. Görüş bitəndən sonra evə gəldim. 2 saatdan sonra Suriyanın mədəniyyət naziri mənə zəng etdi. “Xoş gəlmisiz, cənab səfir! Nə vaxt Nəsiminin qəbrini ziyarət etmək istəyirsizsə, biz hazırıq” söylədi. Sabah da olmasa, birisi gün getməyə hazır olduğumu bildirdim. Bir az keçdi. Axşam olardı. Hələbin qubernatorunun köməkçisi zəng etdi. Xəbərin necə ildırım sürəti ilə çatdırıldığını təsəvvür edin. Bu qədər diqqətdən sonra fikirləşdim ki, məsələni uzatmaq olmaz. Səhəri cənab prezident İlham Əliyevin köməkçiləri ilə danışıb məsələni izah etdim. Getmək istədiyimi söylədim. O zamanlar səfirliyin birinci katibi Elnur Məmmədzadə idi  (Hazırda Xarici İşlər Nazirliyində şöbə müdiridir), çox savadlı və bacarıqlı diplomatdır. Onunla  Hələbə getdik. 

- O zaman Nəsiminin qəbrini ziyarət edərkən hansı mənzərə ilə qarşılaşdınız?

- Öncə Hələbin qubernatoru ilə görüşüb danışdıq. Daha sonra qubernatorun müavini, vitse-qubernator Məhəmməd Qudi ilə görüşdük. Vitse-qubernator sufi alim olmaqla yanaşı, Nəsimini də gözəl anlayan şəxs idi. Uzun sözün qısası, Nəsiminin qəbri olan yerə getdik. O yerlər bizim İçərişəhər kimi bir ərazidir. Ərazidə Hələb qalası da var. Bir versiya var ki, Nəsiminin dərisini soyandan sonra  Hələb qalasından həmin yerə atıblar. Nəsiminin qəbri, məqbərəsi Hələb qalasına baxır. Təmirsiz və normal görkəmdə olan orta həcmdə türbədir. Türbənin içinə daxil olduq. Qubernatorun müavini Şeyx Məhəmməd Nəsimi adlı şəxsi çağırdı. O, İmadəddin Nəsiminin mənsub olduğu təriqətin ağsaqqalı, təkyənin qoruyucusu idi. Tanış olduq. İnsanlar da ora toplaşdı. Çünki Azərbaycan dövlətinin təyin etdiyi səfirin ora getməsi görünməmiş hadisə idi. Çoxlu şəkillər çəkdik. Çünki məsələləri ətraflı formada cənab prezident İlham Əliyevə məruzə edəcəkdik. Ərazi çox böyük idi. Sanki orta əsrlər dövrünə səyahət etmisən təsiri bağışlayırdı. Həmin ərazidə tarixilik hökm sürürdü. Azərbaycan dövlətinə layiq şəkildə Nəsiminin qəbrinin formaya salınmasını müzakirə etdik.

- Bəs qəbrin yenidən bərpasının mümkünlüyü barədə hansı nəticə hasil olundu?

- Qədim şəhər qoruğunun rəisi ilə danışdıq və o, orada daşı daş üstünə qoymaq ixtiyarlarının olmadığını bildirdi. “Bunun üçün mütləq YUNESKO ilə razılığa gəlinməlidir” dedi.  Çünki qəbirin yerləşdiyi ərazi YUNESKO-nun maddi-mədəniyyət irsinə daxil edilib. Ərazi tarixi abidə kimi qorunur. Ancaq onların razılığı ilə bu məsələyə baxmaq olardı. Bu zaman biz təkliflərimizi bildirdik. Çəkdiyimiz şəkilləri Bakıya göndərdik. Biz şəkillərdə hər yeri ayrı-ayrılıqda dəqiqliyinə qədər təsvir etmişdik. Aradan bir müddət keçəndən sonra bir də Hələbə qayıtdım. Qubernatorun humanitar məsələlər üzrə müavini Məhəmməd Qudi ilə görüşərkən belə qərara gəldik ki, Hələbdə Suriya və Azərbaycan olmaqla müştərək Nəsimi elmi-bədii konfransı keçirək. Biz 2008-ci ilin iyununda  Suriyaya getmişdik. Oktyabrda isə konfrans keçirildi.  O zaman rəhmətlik akademik Bəkir Nəbiyev başda olmaqla bir qrup alim, Mədəniyyət Nazirliyindən və Arxitektura Komitəsindən nümayəndə heyəti Suriyaya gəldi. Konfransımız çox möhtəşəm keçdi. Yerli türkmanlar  dediyimiz azərbaycanlılar da, Hələbin müftisi də  konfransa qatıldı. Və bu ənənənin bünövrəsini qoyduq.  

- Sonrakı görüşlərdə qəbrin bərpası ilə bağlı sizə nə deyildi?

- Yerli - suriyalı arxitektorlar məsələni öz aralarında müzakirə etdilər. Təxminən belə bir plan cızıldı. Məqbərəni dəyişdirmək olar, ancaq çox hündürə qaldırmaq olmaz. Çünki məqbərənin YUNESKO tərəfindən qəbul edilmiş ölçüləri var. Memarlıq abidələrini ortaya incəsənət əsərləri kimi çıxartmaq olmaz. Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev administrativ qrupun rəhbəri idi. Bir az keçəndən sonra cənab prezidentin məsələ ilə bağlı sərəncam imzaladığı və qəbrin bərpası üçün maliyyə vəsaiti ayırdığı xəbəri verildi. Ardınca ikinci konfransı Azərbaycanda keçirtdik. Eyni formada Suriyadan rəsmi şəxslər, Suriya müftisi Azərbaycana gəldi. Konfrans Azərbaycanda keçiriləndə mən qatıla bilməmişdim. Mənə dedilər ki, müfti konfransda çox maraqlı çıxış edib. Müftinin dediyi o söz hələ də yadımdadır: “Nəsimi Suriya ərazisində öldürüldüyünə görə  500 ildən sonra Azərbaycan xalqından üzr istəyirəm. Nəsimini suriyalılar öldürməyib. Heç istəməzdim ki, Nəsiminin ölümündə suriyalılar günahkar hesab edilsin. Çünki suriyalılar günahkar olsaydı, 500 il ərzində onun qəbrini  qoruyub saxlamazdılar. Nəsimini onun paxıllığını çəkənlər öldürüb”. Suriya müftisi ölkəsində Azərbaycanda şeyxülislam olduğu kimi böyük nüfuza malik din xadimidir. Nəsiminin ölümündən sonra hakimiyyət dəyişiklik nəticəsində idarətmənib başına ağıllı sultan gəlib və şairin basdırıldığı yerdə məqbərə, təkyə tikdirib.

- Restavrasiyadan sonra növbəti dəfə Nəsiminin qəbrinə baş çəkdinizmi?

- Hələ restavrasiya olmamışdı. Proyekt hazırlanırdı. Nəsiminin qəbrinin yenidən bərpası elə şairin öz taleyi kimi qəliz oldu. Səfir olduğum müddətdə tez-tez ora gedib baş çəkir, qubernatorla görüşürdüm. Orada turistlər üçün marşrutlar vardı. Hələb qalasını ziyarət edib Nəsiminin qəbrinə də baş çəkirdilər. Ancaq Suriya hökumətinin qərarına əsasən, həmin marşrut xətti dəyişdi. Turistlər marşrut xətti ilə Nəsiminin qəbrindən start  götürüb sonra Hələb qalasına yol alırdılar. Bu, böyük bir iş idi. Ölkəyə səyahət edən turist Nəsimini ziyarət edib onu tanıyandan sonra qalaya tərəf gedirdi. Suriya dövləti turistlərdən gəlir də əldə edirdi. Bir məqamı da qeyd edim. Həmin ərazidə birmərtəbəli binalar, kafelər də vardı. Suriya hökuməti bizə dedi ki, “bu evlər, kafelər sökülür və bu ərazilər Azərbaycan hökumətinə bağışlanır. Bundan sonra bura siz cavabdehsiz”.

- Eyni zamanda, Suriyada “Azərbaycan Mədəniyyət  Mərkəzi”nin açılacağı da gözlənilirdi. Bu barədə nə deyə bilərsiiniz?

- Belə bir məsələ vardı. 2009-cu ildə prezident Bəşər Əsəd Azərbaycana səfər etmişdi. Suriya prezidenti Bakıya səfər edərkən cənab prezident İlham Əliyevin belə bir təklifi oldu.  Hələbdə “Azərbaycan Mədəniyyət Mərkəzi” açılsın. O Mədəniyyət Mərkəzi ki, Nəsiminin məqbərəsinə yaxın yerdə olacaqdı. O ərazidəki tikililər götürüləcək, məqbərənin ətrafındakı məscid yenidən bərpa olunacaq, məqbərənin həyəti abadlaşdırılacaqdı. Çünki binalar söküləndən sonra “Azərbaycanın Mədəniyyət Mərkəzi” açılacaqdı. Azərbaycanın üçrəngli bayrağı dalğalanacaqdı. Bildiyiniz kimi, Hələbdə güclü erməni diasporu da fəaliyyət göstərir. Məhz bu işlərin sonunda erməni diasporuna qarşı dura biləcək  Azərbaycan bayrağı dalğalanacaqdı.

- Qeyd etdiyiniz kimi, Suriya  ermənilərin sıx yaşadığı ölkələrdən biridir. Azərbaycanın bu cür işlər həyata keçirməsinə necə reaksiya verirdilər?

- Onlar bu işlərin həyata keçirilməsinə paxıllıq edirdilər. Onlar indi də aktivdirlər. O zamanlar başladığımız işlər həm də erməni təbliğatının  qarşısını almaq və Azərbaycanı tanıtmaq üçün vacib məsələ idi. Nə isə... Bütün işlər görülür və proyektlər hazırlanırdı. Cənab prezident İlham Əliyev 2011-ci ilin 12 aprelində Suriyaya rəsmi səfər etməli idi. Rəsmi protokollar razılaşdırılmışdı. Təəssüf ki, həmin ilin fevralında Suriyada vəziyyət dəyişdi, ölkədə qarışıqlıq baş verdi, vətəndaş müharibəsi başladı. Martda bu hadisələrin miqyası daha da genişləndi və təhlükə yarandı. Ona görə də cənab prezidentin səfəri təxirə salındı.

- Cənab səfir, bir məsələyə də aydınlıq gətirmənizi istərdik. Nəsiminin qohumlarının olduğunu insanlar qəbul edə bilmir. “650 ildən sonra qohum qala bilərmi? deyə kinayə edirlər. Siz bu barədə nə deyə bilərsiniz?

- Təbii ki, “Nəsiminin qohumları” dediyiniz müasir insanların qanında Nəsimiyə aid nəsə qalmayıb. Ancaq onun dahiliyini dərk edirlər. Ona görə də məqbərəni daha yaxşı mühafizə edirlər. 2012-ci ildə Suriyadan Livana səfir təyin oldum. Bu müddət ərzində ayda bir dəfə Hələbin qubernatoru və rəhmətlik təkyə ağsaqqalı Şeyx Məhəmməd Nəsimi ilə danışırdım. Şeyx Məhəmməd Nəsimi Bəşşar Nəsiminin böyük qardaşıdır. Onların vasitəsilə məqbərənin durumunu xəbər alırdım. Onlar mənə deyirdilər ki, İŞİD terror qruplaşması heç bir qəbri tanımaq fikrində deyil. Bu məsələlərdə çox aqressiv idilər. Suriyanın hər yerində müharibə gedirdi. Hazırda məqbərənin bərpası işləri dayandırılıb. Suriyanın daha yaxşı günlərinin gəlməsini gözləyirik. 2018-ci ilin sonlarında Azərbaycanda “Nəsimi festivalı” keçirildi. Festivaldan öncə Nəsiminin qohumları ilə əlaqə saxlamaq mənə tapşırılmışdı. Çünki onları çoxdan tanıyıram və əlaqələrim də sıxdır. Festivalın keçirilməsi böyük hadisə idi. Nəsiminin nəslinin davamçılarından da kimlərinsə iştirak etməsi böyük əhəmiyyət kəsb edirdi. Biz bu görüşü təşkil etdik. Şeyx Məhəmməd Nəsimi və anası Bakıya gəldi. Məhəmməd Nəsiminin anası elə Bakıda dünyasını dəyişdi. Onu da deyim ki, Azərbaycan hökuməti onun bütün dəfn xərclərini qarşıladı. Bu səfər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdi. Hətta Şeyx Məhəmmədə anasının Şamaxıdakı Şeyx Xəndan qəbiristanlığında dəfn edilməsi təklif olundu. Aydın məsələdir ki, onlar buna razı olmazdı.  Şeyx Məhəmməd Nəsimi belə bir cümlə işlətdi: “Mən öləndə gətirib burada dəfn edərsiniz”. 2019-cu ilin yanvarında mənə Şeyx Məhəmməd Nəsiminin telefonundan zəng gəldi. Açanda bacısının  səsini eşitdim. Ağlaya-ağlaya “Şeyx  Məhəmməd Nəsimi rəhmətə gedib” dedi. Sonra Bəşşar Nəsimi mənə zəng etdi. “Artıq ailə yığılıb və Nəsiminin məqbərəsinə mənim nəzarət etməyim rəsmiləşdirilib” dedi. Təkyənin hazırkı qoruyucusu Bəşşar Nəsimidir.

1973-cü ildə Nəsiminin 4 günlük yubileyi keçiriləndə YUNESKO tərəfindən təşəbbüskar mərhum ümumilli lider Heydər Əliyev olub. SSRİ zamanında bunu etmək çox çətin idi. Azərbaycan müstəqil dövlət deyildi ki, sərbəst formada YUNESKO-ya çıxa bilsin. O zaman Nəsimiyə heykəl qoyuldu. Tale elə gətirdi ki, Hələbdə Nəsiminin adına küçə verildi. Bu işləri SSRİ zamanında ancaq dahi Heydər Əliyev edə bilərdi.

- Cənab səfir, Nəsiminin qəbrinin Azərbaycana köçürülməsi barədə bir çox fikirlər səsləndirilib. Alimlər, din xadimləri bunun qeyri-mümkün olduğunu düşünür. Siz necə fikirləşirsiniz?

- Nəsiminin qəbrinin Azərbaycana köçürülməsi çox həssas məsələdir. Bu barədə konkret nəsə söyləyə bilmərəm. Bir haşiyə çıxım. “Ərəb baharı” adlandırılan hadisələr başlayanda Suriyanın xanım mədəniyyət naziri ilə görüşdüm. O, belə bir cümlə işlətdi. “Məqbərə dövlətin nəzarətindədir. Əgər nəsə təhlükə olarsa, Nəsiminin qəbrinin Azərbaycana köçürülməsini həyata keçirə bilərik. Çünki qəbrin mühafizəsi bizim üçün də çox önəmlidir”.

- “Ərəb baharı” başlayana qədər Suriyada azərbaycanlılar da yaşayırdı. Onların aqibəti necə oldu?

- Suriyada iki kateqoriyalı azərbaycanlılar vardı. Türkman deyilən yerli kökənli azərbaycanlılar - yəni Atabəylər dövlətindən qabaq Kərkükdən gələnlər. Onlar Azərbaycandan gəldiklərini deyirlər. Hamısı öz dillərində danışırlar. Azərbaycan dilinin ağır ləhcəsində danışsalar da, başadüşüləndir. Onların mahnılarına, bayatılarına, şeirlərinə qulaq asanda Azərbaycan dilindən fərqlənmədiyinin şahidi olursan. İkinci kateqoriyaya  daxil olan azərbaycanlıların sayı isə az idi. Mədəniyyət sahəsində çalışanlar, suriyalı ilə ailə qurmuş qadınlarımız və s. Konsul uçotunda olub Azərbaycan vətəndaşı kimi orada yaşayan 100-dən artıq adam var idi. Aralarında tələbələr də vardı.

- “Ərəb baharı” başlamazdan öncə Suriyaya oxumağa gedən tələbələrin əsasən dini təhsil aldıqları deyilirdi. Bu doğrudurmu?

- Tələbələr də iki kateqoriyaya bölünmüşdü. Suriyada qeyri-ərəblər üçün ərəb dili institutu vardı. Orada azərbaycanlı tələbələr oxuyurdu. Hamısı ağıllı gənclər idi. Digərləri isə özəl xətlərlə gedib dini təhsil alırdılar. Onların dövlətə aidiyyatı yox idi. Buna baxmayaraq müharibə başlayanda bütün azərbaycanlıları oradan çıxartdıq. Müharibə başlayanda bir qadının itməsi ilə bağlı mənə zəng gəldi. Vəziyyət elə həddə idi ki, Suriyaya daxil olmaq qeyri-mümkün idi. Cənab prezidentin göstərişi belə idi ki, Suriyada bir nəfər də olsun Azərbaycan vətəndaşı qalmamalıdır. Suriya ərazisində qalan qadının nə adı, nə də soyadı bəlli idi. Qadın insult olmuşdu. Uzun axtarışlardan sonra o, xarabalıqların içərisində yatmış vəziyyətdə tapılmışdı. Sonra həmin qadını xəstəxanaya yerləşdirdik. Sağalandan sonra Azərbaycana qayıtmasını təmin etdik.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir