Modern.az

Deputat: “Heydər Əliyev Fondu insanların böyük rəğbətini qazanıb” - MÜSAHİBƏ

Deputat: “Heydər Əliyev Fondu insanların böyük rəğbətini qazanıb” - MÜSAHİBƏ

26 Aprel 2019, 09:35

Milli Məclisin deputatı Elşad Həsənov Modern.az saytının suallarını cavablandırıb.

- Elşad müəllim, xatırlayırsınızsa deputat seçiləndən sonra  ilk müsahibəni bizə vermişdiniz. Maraqlıdır, elə deputatlar var ki, seçkiöncəsi vədlər verir. Lakin deputat kimi fəaliyyətə başlayandan sonra heç bir işi gözə çarpmır. Bu müddət  ərzində  seçicilərinizlə mütəmadi olaraq görüşlər keçirə bilmisinizmi?

- Paytaxtın 17 saylı Yasamal 3-cü seçki dairəsindən millət vəkili kimi seçicilərimlə mütəmadi görüşlər keçirirəm. Deputat seçildiyimdən vaxtdan bu günə kimi mən demək olar hər ay seçicilərlə görüşmüşəm və bunu özümə borc bilirəm. Hər seçicinin müraciətinə baxılır və imkan daxilində həllinə səy göstərilir. Deputat kimi mənim qapılarım seçicilər üçün daim açıqdır, onları hər zaman dinləməyə hazıram. Keçirdiyim görüşlər zamanı seçicilər əsas etibarilə məşğulluq, “Sovetski”  sakinlərinin köçürülməyə görə kompensasiyası, mülkiyyət hüququ, sosial və məhkəmə işləri kimi məsələləri qaldırırlar. Müraciət edən seçicilərin problemlərinin həllinə nail olmaq üçün həm deputat səlahiyyətlərimdən, həm  müxtəlif idarə və təşkilatlarla şəxsi münasibətlər imkanından istifadə edirəm. Seçici müraciətlərinin bir hissəsi tibbi preparatların və müalicə xidmət haqlarının qiymətləri, məhkəmə qərarları, təhsil haqqı, əmlak mübahisəsi və digər sahələrə aiddir. Müraciət edən hər bir seçicinin işini nəzərdən keçirir, səlahiyyətim çərçivəsində onlara yardım etməyə çalışıram.

- Əvvələr seçicilər daha çox qaz, işıq problemləri, yolsuzluqdan şikayət edirdilər. Maraqlıdır, indi bunlar arxa plana keçib?

- Vətəndaşlar daha çox sosial-iqtisadi məsələlərlə bağlı müraciət edirlər. Xüsusən də bir neçə il öncə dünya bazarlarında neftin qiymətləri enəndə, bu, sosial amili daha da qabartmış oldu. Lakin bu gün vəziyyətin müsbətə doğru dəyişdiyini söyləyə bilərəm. Ümumiyyətlə, indiki məqamda insanları qayğılandıran sosial məsələlərin həlli prioritetdir. Ölkə rəhbərliyi bu sahəyə xüsusi diqqət və önəm ayırır. Cənab Prezidentin son aylarda imzaladığı sərəncəm və fərmanların əksəriyyəti məhz sosial sahəni əhatə edir. Eyni zamanda, etiraf olunmalıdır ki, bu işə yalnız dövlət qurumları cəlb edilməyib. Bu mənada Heydər Əliyev Fondunun xüsusi rolunu qeyd etmək lazımdır. Bu gün Heydər Əliyev Fondu yalnız elm, təhsil, mədəniyyət və ətraf mühit sahəsində deyil, həmçinin sosial sahədə də geniş fəaliyyət göstərir. Bu fəaliyyət isə əhalinin geniş təbəqələrinin maraqlarına birbaşa cavab verir və sadə insanların böyük rəğbətini qazanıb.

- Son bir neçə aydır ölkədə müxtəlif sahələrdə islahatlar aparılır. Siz bu islahatları neçə qiymətləndirirsiniz?

- Cari ilin əvvəlindən başlayaraq cənab Prezident İlham Əliyevin başladığı sosial-iqtisadi, siyasi və idarəetmə islahatları Azərbaycan üçün son dərəcə mühüm əhəmiyyət daşıyır. Məlum olduğu kimi, bir neçə il öncə dünya bazarlarında neftin qiyməti kəskin enəndə, biz köklü sosial-iqtisadi islahtlar zərurəti ilə üzləşdik. Eyni zamanda idarəetməninin təkmilləşdirilməsi ehtiyacı da meydana çıxdı. Bu günkü islahatlar iqtisadiyyatımızı daha rəqabət qabiliyyətli və enerji amilindən asılı olmayan iqtisadiyyat etmək məqsədi daşıyır. Yerli istehsalın dəstəklənməsi, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, sahibkarlığın stimullaşdırılması əsas hədəflərdəndir. Azərbaycanın vergi sistemində köklü islahatlar aparılır. Bunun nəticəsində büdcə daxilolmalarının yüksək səviyyəsinə nail olunub. Bu gün Azərbaycan iqtisadiyyatı qarşısında duran əsas vəzifə ixracyönümlü qeyri-neft sektorunun yaradılmasını stimullaşdırmaqdır.

Əminəm, bütün bu islahatlar nəticəsində  Azərbaycan vətəndaşının maddi rifah səviyyəsi daha da yüksələcək. Eyni zamanda dövlət aparatı daha şəffaf və daha çevik olacaq. Yəni, cənab Prezidentin bu gün apardığı islahatlar strateji əhəmiyyət daşıyır və Azərbaycanın yaxın gələcəyini müəyyən etməyə hədəflənib. Bu baxımdan,  hər bir kəs bu islahatları dəstəkmələməlidir.

- Parlamentdə ilk dəfədir ki, təmsil olunursunuz. Özünüzü bundan sonra da Milli Məclisdə görmək istərdinizmi?

- Hər bir vətəndaş üçün ali qanunverici orqanda təmsil olunmaq həm böyük məsuliyyət, həm də qürur hissi yaradır. Millət vəkili vətəndaşları təmsil etməklə yanaşı, onların maraqlarını müdafiə edir. V çağırış Milli Məclis səlahiyyətinin bitməsinə xeyli vaxt var. Ona görə bəribaşdan qərar verməyi doğru hesab etmirəm.

- Siz həm də müstəqil, yəni bitərəf deputatsız. Hər hansı partiya üzvü deyilsiz. Belə olanda bəzən növbəti dəfə namizədliyini vermək asan olmur.

- Bir daha qeyd edim ki, ötən  4 il ərzində parlamentdə təmsil olunmaq mənim üçün böyük  şərəf və məsuliyyətdir. 5 il ərzində xalqa xidmət etmək sıradan iş deyil. Seçicilərin qarşısında bu 5 il ərzində hansısa bir nailiyyətin olubsa, buna sevinmək lazımdır. Nailiyyət isə yalnız və yalnız seçicinin sevgisini qazanmaq, dövlətçilik maraqlarından çıxış etmək, bir sözlə, Azərbaycana xidmət etməkdir. Düşünürəm ki, bütün bunlara nəzər yetirib qərar vermək olar ki, sən bu 5 il ərzində layiq oldunmu ki, gələn parlament seçkilərinə namizədliyini irəli sürəsən.

- Sizin deputatlığa namizədliyi irəli sürməyiniz heç də asan olmayıb. Müstəqil deputat olaraq bunun çətinlikləri də var. İki seçkilərdə mübarizəyə qatılsanız da, qalib gələ bilməmişdiniz.

- Bəli, 2005-ci ildə ilk dəfə olaraq öz namizədliyimi irəli sürərkən bir neçə  namizədlə mübarizə aparmışdım. 2010-cu ildə namizədliyimi yenidən irəli sürdüm, amma yenə qalib gələ bilmədim. 2015-də yenidən qatıldım və bu dəfə qalib gəldim. Hər bir insan namizədliyini irəli sürdükdə qərarını öz-özlüyündə verir, fərqi yoxdu sən qalib gəldin və ya qalib gəlmədin. Ümumiyyətlə, təşkilat kampaniyası böyük bir iş deməkdir. Onun ətrafında bir komanda,  ən azından onu tanıyan insanlar olmalıdır. Mən artıq məğlubiyyət hissini də hiss eləmişdim. Bütün komanda istər-istəməz bu məğlubiyyəti hiss eləyirdi. Lakin həmin komandayla bi yerdə 10 il çalışanda nəticə olur. Nəticə də xalqın etimadını qazanmaqdır. Təbii olaraq bu da hər bir insana stimul verir.  Növbəti dəfə seçkilərə qatılsan da, qatılmasan da inamlı olursan. Yasamal rayon  sakiniyəm. Yəni deputat olub-olmamağımdan asılı olmayaraq, məni orada hər kəs tanıyır və mən də hər kəsi tanıyıram. İndiyə kimi də mənimlə seçicilər arasındakı münasibət deputat-seçici münasibətləri deyil, dost münasibəti olub. Mən mütamadi olaraq onlarla görüşürəm.

- Deputat seçilməmişdən qabaq müəyyən qurumlarda çalışırdınız, hüquqi xidmətlər göstərirdiniz. Hazırda o işləri həyata keçirə bilirsinizmi, vətəndaşlar bu işlərlə bağlı sizə müraciət edirlərmi?

- Hüquqi məsələlərlə bağlı müraciət edirlər. Mən də onları müəyyən qurumlara yönəldirəm. Müəyyən məsələlərdə özüm də çalışıram ki, onlara köməkçi olam.

- Milli Məclisdə “parta yoldaşınız” Hacı Salayevdir. Onunla münasibətləriniz necədir?

- Həmişə olduğu kimi, əla.

- Ümumiyyətlə, digər deputatlarla əlaqəniz necədir?

- Hər bir millət vəkilinə hörmətlə yanaşıram və hər bir millət vəkili ən azından minlərlə seçicini parlamentdə təmsil edir. Hesab edirəm ki, hər bir millət vəkili yetərincə ağıllı, zəkalı  insanlardır. Təbii olaraq bu 4 ildə daha çox yaxın olduğum insanlar olub, onların arasında dostlarımız da var. Biz mütəmadi olaraq görüşür, asudə vaxtlarımızı birlikdə keçiririk. Çox xoşbəxtəm ki, bu 4 il ərzində parlamentdə çox dəyərli dostlar qazanmışam.

- Sizdən yaşca böyük deputatlar da var. Məsələn Ağacan Abiyev, Hadı Rəcəbli və digərləri. Parlamentdə böyük-kiçik məsələləri necə tənzimlənir?

- Hər birinə hörmətlə yanaşıram. Biz  böyük-kiçik yerini bilən insanlar olmaqla yanaşı, status olaraq eyni statusu daşıyırıq. Lakin bizim adət-ənənələrimiz var. Onlar oturduğu yerdə biz ayaq üstə dayanmalıyıq.

- Həmin yaşlı deputatlarımızın qapısını döyüb məsləhət aldığınız olubmu?

- Əlbəttə olub.

- Məsələn nəylə bağlı olub?

- Ümumiyyətlə, parlament böyük bir məktəbdir. Bayaq da dediyim kimi, hər bir vətəndaşın öz mövqeyi var. Parlamentdə təmsil olunmaq böyük  şərəfdir. 3 il bundan əvvəl siz məndən müsahibə alanda mən yeni seçilmişdim. Xoşbəxtəm ki, bizdən əvvəl seçilən deputatlar var idi ki, bizi parlament ailəsinə qəbul elədilər. Öncə yoldaş kimi başlanan münasibətlər sonradan dostluğa çevrildi.

- Siz Azərbaycanı nüfuzlu  beynəlxalq qurumlarda Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsində təmsil edirsiniz. Azərbaycanın bu qurumlarda təmsilçilyinin əsas məqsədi nədir?

- Həm AŞ PA, həm ATƏT PA-da, həm də Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsində  Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin əsas qayəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından ibarətdir. Sirr deyil ki, Avropanın bəzi dairələrində Azərbaycanı gözü götürməyən qüvvələr var. Ölkəmiz barədə müəyyən qruplar təhrif edilmiş məlumatlar yaymağa çalışırlar. Bunun qarşısını almaq üçün biz siyasi, diplomatik və informasiya sahəsində ciddi səy göstəririk.

Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyimizi müdafiə etmək əsas prioritetlərdən biridir. Erməni tərəfi ilə vaxtaşırı olan polemikalar zamanı Azərbaycan nümayəndə heyəti olaraq onların tutarlı şəkildə susdurulmasına nail olmuşuq. Erməni nümayəndələrinin yalan dolu çıxışları cavabsız qalmır və qarşısı dərhal alınır. Bu gün Avropalı deputatlar Ermənistan-Azərbaycan münaqişəsinin təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avropa regionu üçün ciddi təhlükə mənbəyi olduğunu anlayırlar.

- Maraqlıdır, beynəlxalq təşkilatlarda olarkən xarici deputatlarla Azərbaycan deputatlarının fərqini necə izah edə bilərsiniz?

- Ümumiyyətlə, ümumi götürəndə onlar da öz xalqını təmsil edən insanlardır. Bizim də əsas məqsədimiz Azərbaycanı  beynəlxalq təşkilatlarda təmsil etməkdir. Bizim üçün indi ən mühüm məsələ Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münqişəsi ilə bağlıdır. Bu təşkilatlarda mütəmadi olaraq Azərbaycan mövqeyini, Azərbaycan həqiqətlərini səsləndiririk. Avropada bizi sevməyən qüvvələr də var. Azərbaycana qarşı müəyyən kampaniyalar aparırlar və bizim ən mühüm məqsədimiz belə kampaniyaların qarşısını almaq, Ermənistan tərəfindən çıxış edən millət vəkillərinin gülünc ifadələrinin qarşısını almaq, onların yalanlarını ifşa etmək və Avropa deputatlarına yalnız və yalnız  Azərbaycanın reallığını,gerçəklərini göstərməkdir.

- Aktiv sosial şəbəkə istifadəçisisiz.  Tez-tez parlament üzvləri, deputatlar tənqid olunur. Hətta bu tənqid təhqirlərlə də əvəz olunur. Bu cür məsələlərə münasibətinizi öyrənmək istəyirdik.

- Ümumiyyətlə, təhqir tərbiyəsizlikdir. Hər bir insan qarşıda duran insana hörmətlə yanaşmalıdır. Tənqidə isə normal yanaşıram. Tənqidsiz heç stimul da olmaz. Tənqid bir stimul verir ki, insan özünü dəyişdirir, söylədiyi ifadələri bir də söyləmir və ya hərəkətini dəyişir, amma təhqir etmək artıq tərbiyyəsizlikdir mən təhqirə çox pis yanaşıram. Hər bir insan  səhv edə bilər. Amma hər hansı səhvin üzərindən danışıb onu şişirdib ondan problem yaradıb təhqirə keçmək olmaz. Bu qarşı tərəfin tərbiyəsizliyidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər