Modern.az

Qanunsuz parklanmaya görə, protokolu kim yazsın? – “Qanunda boşluq var”

Qanunsuz parklanmaya görə, protokolu kim yazsın? – “Qanunda boşluq var”

26 Aprel 2019, 12:03

Tural Əsgərov  adlı şəhər sakini Bakı Nəqliyyat (BNA) Agentliyinə şikayət yazaraq bildirib ki, vətəndaşların şikayətləri əsasında dayanma-durmanı pozan sürücülərə protokol yazılıb məlumat verilsin.

 

“Dövlət Yol Polisi bu işi çox ustalıqla görür. Qaydanı pozan sürücü haqqında şikayət olunur, İnzibati Xətalar Məcəlləsinin 99.1.3 bəndinə əsasən, iş icraata götürülüb inzibati xəta protokolunun nömrəsi ilə birlikdə vətəndaşa məlumat verir.

 

BNA bunu niyə edə bilmir? Piyada keçidlərinin üzərində duran avtomobillərin videolarını sizə göndərəndə, niyə DYP etdiyi kimi edə bilmirsiniz? Çox istərdim, bu problem aradan qalxsın. İnanın, siz o sübutlar əsasında protokol yazsanız, bu halların sayı azalacaq, büdcənizə daha çox pul getmiş olacaq, vətəndaşlar da rahat olacaq. Sizə də bacardıqca kömək edəcək. Ümid edirəm nəzərə alcaqsınız”.

Tural Əsgərovun BNA-ya ünvanladığı müraciətə qarşı tərəf isə belə cavab verib:

 

“Təklifləriniz üçün sizə minnətdarıq. Məlumat üçün bildirək ki, qanunverciliyə uyğun olaraq BNA-nın qeyd olunan səlahiyyətin icrasını təmin etmək  hüququ yoxdur”.

 

Məsələ ilə bağlı Modern.az-a danışan hüquqşünas Ərşad Hüseynov deyib ki, bunun hüquqi səbəbi var. 

 

“Bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsində göstərilir ki, yol hərəkəti qaydalarını pozan sürücü 3 halda dövlət orqanlarına çağırıla bilər. Bu hallar bunlardır: Yol Polis Xidməti (YPX) əməkdaşı və ya Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşı yerində cərimə yazanda etiraz elədiyi halda; cərimə yazılandan sonra gedib şikayət etdiyi halda; İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verdiyi halda. Digər hallarda sürücünü dövlət orqanlarına çağırmaq qanunla qadağan edilir. Vətəndaşın çəkdiyi foto, kütləvi informasiya vasitələrində gedən foto və məlumat üzrə icraatı həyata keçirmək üçün gərək qayda pozuntusunu aşkarlayan adamla görüşəsən. Əgər fakt təsdiq olunarsa, qayda pozan sürücü haqqında protokol yazıb, bir nüsxəsini də həmin adama təqdim etmək lazımdır”-deyə Ə.Hüseynov bildirib.

Ekspert deyib ki, həmin adam protokolla tanış ola, iradı, şikayəti varsa, qeyd edə,  yoxdursa qol çəkə bilər.

 

“Burada da boşluq var.  Qanun deyir, sürücünü cərimələmək üçün onunla görüşməlisən, bu tərəfdən də qanun deyir ki, onu çağırmaq olmaz. Bəs bununla necə görüşmək lazımdır? Problem qanunda olan boşluqlardadır. Ona görə belə hallar olanda BNA sürücünü məsuliyyətə cəlb edə bilmir”.

 

Ə. Hüseynov bildirib ki, bunun başqa bir yolu var.

 

“Parklanma ilə bağlı qayda pozuntusu bir az uzun çəkə bilər. Kimsə gördüyü anda zəng edə bilər ki, hazırda filan yerdə piyada keçidində park edirlər. Onu operativ qaydada BNA-nın əməkdaşlarına ötürmək olar ki, gedib yerində cərimələsinlər. Həmin problem qanundan irəli gəlir”.

 

BNA-nın  mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, vətəndaşların şikayəti əsasında sürücülərə parklanmaya görə cərimə yazıla bilmir.

 

“Bakı Nəqliyyat Agentliyi hazırda dayanma-durma qaydasını pozan sürücülərə vətəndaşların şikayəti əsasında cərimə yaza bilmir. Bunun üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olunmalıdır”.

 

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da heç bir cavab ala bilmədik. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu