Modern.az

Erməni də talan edir, özümüzünkülər də!

Erməni də talan edir, özümüzünkülər də!

Aktual

26 Aprel 2019, 16:41

Aida Eyvazlı “İçərişəhər” ərazisindəki Kiçik Qala küçəsində - Qala divarlarının qarşısında başlanan tikinti işləri böyük ajiotaj doğurub. Qala divarlarının bir neçə santimetrliyində quraşdırlan ağır metal konstruksiyalar qədim tikiliyə hər an zərər vura bilər. Mən əvvəlcə sosial şəbəkədə Qala divarlarına az qala bitişik quraşdırılan dəmir-beton konstruksiyaları görüb, ölkə rəhbərliyinə çox böyük ümid və vətənpərvərlik  hissi ilə məktub ünvanlamışam. İnanıram ki, diqqətə çatdırdığım məsələ öz müsbət həllini tapacaq.  Bilirsiniz, tarixinə yiyə durmayan xalqın tarixinə yadellilər yiyələnirlər.

Bu gün  İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin səlahiyyətlisi  mətbuat konfransı keçirib. Konfransda İçərişəhərin dağıdılması haqqında fikir deyənləri konfransa çağırmır. Niyə o konfransda Şirvanşahlar dövrünün abidələrini öyrənən Tarix İnstitutunun, Arxeologiya İnstitutunun alimləri yox idi. Utanmadan tribunadan deyirlər ki, bu şayiələri yayanlar ölkədə qarşılıqlıq salanlardır. Və yaxud da hardansa maliyyələşənlərdir. Ay qoruq direktoru, gəl sənin də hesab kartını yoxlasınlar, mənim də... Onda görəcəyik ki, xaricdən kim maliyyələşir.

Məni bu ölkədə heç kim qarşılıqlıq salan kimi qələmə verə bilməz. Mən hər zaman dövlətimin və dövlətçiliyimin keşiyində olmuşam. Ölkə prezidentinə ”Xaqan” deyə müraciət edən bir Azərbaycan vətəndaşıyam. Ona xəyanət etmərəm. Prezidentə xəyanət edənlər cidanı çuvalda gizlədənlərdir. Qala divarlarını, İçərişəhəri restorana çevirənlər, bazara çevirənlərdir... İçərişəhərdə kitabxananı ləğv edib qutabxana açdınız.  Biz Şirvanşahlar tarixindən qalan yeganə yadigarın dərdindəyik. Dünyanın harasında görünüb ki, Qala divarı boyunca, tarixi abidə boyunca sement və dəmir konstruksiyadan tövlə tikilsin? Bəli tövlədir, kimlərinsə cibini doldurmaq  üçün tikilən  məişət obyektləridir. Biz restoranlarımızla deyil, tariximizlə öyünməliyik. Ar olsun həqiqəti gizlədənlərə!!! Xalqı aldadanlara!!! Sübut üçün iki şəkil qoyuram. Biri Jok Jakartada çəkilib, Pramban abidəsidir. Həyətində, ətrafında bir dənə də olsun ticarət yeri yoxdur. Digəri isə Bakının İçərişəhəridir. Özünüz qiymət verin, tariximizi sevən dəyərli ziyalılarımız!!!

Bu il 30 iyun–10 iyul  YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. Bu sessiyada iştirak edən  insanların, mötəbər adamların arasında tarixçilər, arxeoloqlar, memarlar, qanun-qayda, tarixi abidələrin qorunması haqqında nizamnamə yazan insanlar olacaq. Onları İçərişəhərə aparanda utanmayacaqlarmı? Birdən o qonaqlardan biri desə ki, niyə Qala divarlarının qarşısında bu qədər restoran və əyləncə məkanı tikmisiniz? Ümumdünya irsi belə qorunmur axı.

Bizim Tarix və mədəniyyət abidələrinin qorunması haqqında AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU  var. Qanunun “Tarix və mədəniyyət abidələrinin qorunması” adlı 1-ci maddəsində  yazılır: Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə, tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir.

Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır.

Qanunvericiliklə icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər

 

Dünyanın bir çox ölkələrində  qədim türk,  xristian və buddist tarixini özündə ehtiva edən  ocaqlarda olmuşam. Bu ocalqarın heç birində tarixi abidələrin  talanını görməmişəm. Yanmış,  yox olmuş abidələri yenidən var edən ölkələr görmüşəm. Biz niyə öz abidələrinizə bu qədər biganəyik? Erməni də talan edir, özümüzünkülər də! Dəhşətdir!!! Acınacaqlıdır!

Yenə də Tarix və mədəniyyət abidələrinin qorunması haqqında AZƏRBAYCAN RESPUBLIKASININ QANUNUndan sitat gətirmək istəyirəm. “ABİDƏLƏRDƏN İSTİFADƏ QAYDALARI” adlı 19-cu maddədə deyilir: - Dövlət və ya bələdiyyə mülkiyyətində olan abidələrdən istifadə qaydaları və şərtləri

Dövlət və ya bələdiyyə mülkiyyətində olan dünya və ölkə əhəmiyyətli daşınmaz abidələrin və ya onların ayrı-ayrı hissələrinin icarəyə verilməsi qadağandır.

Dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla) müqavilə əsasında elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər.

Abidələri və ya onların ayrı-ayrı hissələrini icarəyə götürənlər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurmamalı və təsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol verməməlidirlər. Belə abidələrdə və ya onların ayrı-ayrı hissələrində təmir, konservasiya və bərpa işləri icarəçinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və mütəxəssislərin nəzarəti ilə aparıla bilər.

Abidələrdən və ya onların ayrı-ayrı hissələrindən icarə qaydaları və şərtləri tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən olunur. Müqavilə şərtləri pozularsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqaviləyə xitam verilir və dəymiş ziyan ödənilir.

YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyada isə bunlar yazılıb:

Mədəni və təbii irsin milli mühafizəsi və beynəlxalq mühafizəsi

Maddə 4

Bu Konvensiyanın hər bir tərəf-dövləti ərazisində yerləşən,1 və 2-ci maddələrdə xatırlanan mədəni və təbii irsin aşkara çıxarılmasını, mühafizə edilməsini, qorunub saxlanmasını, populyarlaşdırılmasını və gələcək nəsillərə çatdırılmasını təmin etmək öhdəliyinin ilk növbədə ona həvalə olduğunu etiraf edir. Bu məqsədlə o, həm mövcud ehtiyatlardan maksimum istifadə etmək yolu ilə öz səyləri, həm də, lazım gəldikdə, istifadə edə biləcəyi beynəlxalq yardım və əməkdaşlıq – o cümlədən, maliyyə, bədii, elmi və texniki baxımdan – vasitəsilə hərəkət etməyə çalışır.

Görkəmli yerlər: insan əlinin əməli, yaxud insan və təbiətin birgə əsəri, eləcə də, diqqətəlayiq arxeoloci yerlər daxil olmaqla, tarix, estetika, etnologiya və ya antropologiya baxımından görkəmli universal dəyərə malik zonalar başa düşülür.

Mən bilmək istəyirəm, bəs bu qanunlar mövcud olduğu yerdə, kiminsə “biz Qala divarı ilə tikilinin arasında 50 sm, 1 metr ara qoymuşuq” deməyi uyğun gəlirmi? Bir sualı başa düşmək istəyirəm. Qala divarları ilə bağlı  ortaya atılan məqamlarda Qanun şahdır, yoxsa Qala divarları içərisində tikinti aparan ismi pünhan “X” məmur?!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir