Modern.az

İctimai-siyasi xadimlər Allahşükür Paşazadənin yubileyindən danışdılar: Prezidentin sərəncamı ciddi hadisədir

İctimai-siyasi xadimlər Allahşükür Paşazadənin yubileyindən danışdılar: “Prezidentin sərəncamı ciddi hadisədir”

27 Aprel 2019, 13:54

Prezident İlham Əliyev bu il aprelin 9-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.

 

Şeyxülislam bu günlərdə “Real” TV-yə açıqlamasında yubiley tədbirləri ilə bağlı artıq hazırlıqların başlandıını bildirib və yaxın günlərdə dünya dini liderlərinə dəvətnamələrin göndəriləcəyini deyib.

 

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanda din xadiminin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilk hadisədir.

 

Prezident İlham Əliyevin imzaladığı sərəncamla bağlı Modern.az-a danışan tanınmış ictimai-siyasi xadimlər hesab edirlər ki, dövlət başçısının bu təşəbbüsü həm dövlətin  dinə olan münasibətini, həm də din-dövlət münasibətlərinin necə tənzimləndiyini göstərir.

 

“Şeyx din-dövlət münasibətlərinin tənzimlənməsinə böyük töhfə verib”

 

Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı Azərbaycanda dövlət və din münasibətlərinin düzgün qurulduğunu, ölkə başçısının sərəncamının da bunun təsdiqi olduğunu deyir:


”Azərbaycan dünyəvi dövlətdir və bizim ölkədə din dövlətdən ayrıdır. Dövlət insanların dini etiqad və vicdan azadlığına toxunmur. Kim hansı dinə istəyirsə, ona da etiqad edir. Sovet dönəmində dinə qarşı dözümsüzlük vardı. Amma sonrakı dövrlərdə dövlət hər zaman dinə dözümlülük nümayiş etdirib. Məşhur bir məsəl var ki, din qılıncdırsa, dövlət onun qınıdır. Gərək dövlət dini qorusun, ona qayğı göstərsin. Dinin vəzifələrini icra etməsin, amma insanların etiqad etdiyi dinə sayğı göstərsin. Bu baxımdan Azərbaycanda dövlət və din münasibətləri düzgün qurulub. Ölkədə Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kimi qurumlar fəaliyyət göstərir. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə həm Qafqazda, həm də bütün dünya müsəlmanları arasında çox böyük nüfuza və hörmətə sahibdir. Müxtəlif inanc və məzhəblərin təmsilçilərinin bir-birinə yaxınlaşmasında, dünyada dinlərarası dialoqun güclənməsində, dünyada dinin terrordan, qaragüruhdan uzaqlaşmasında onun çox böyük rolu olub”.

 

“Prezidentin Şeyxlə bağlı sərəncamı çox ciddi hadisədir”

S.Rüstəmxanlının fikrincə, prezidentin Şeyxin yubileyi və Şeyxülislam kimi fəaliyyətinin 40 illiyi münasibətilə sərəncam imzalaması çox ciddi hadisədir: ”Bu, həm ölkəmizdə dinə münasibəti, həm də dövlət-din münasibətlərinin qorunduğunu göstərir. Şeyxülislam dünya miqyasında - həm müsəlman, həm  xristian dünyasında tanınan dini liderlərdən biridir. Onun uzun illərdir davam edən səmərəli fəaliyyəti Azərbaycanda din-dövlət münasibətlərinin uğurlu tənzimlənməsinə böyük töhfə verib, eyni zamanda ölkədə radikalizmin inkişafına imkan verməyib.

Biz eyni zamanda Şeyxə Azərbaycanın görkəmli ziyalılarından biri kimi baxırıq. Alimdir, din tarixi ilə bağlı kitabları var. Ziyalı kimi, alim kimi, Qafqazın Şeyxi kimi onun yubileyi qeyd olunmalıdır. Prezidentin sərəncamı bu baxımdan yerinə düşür”.

 


“Bu sərəncam Şeyxin fəaliyyətinə olan qiymətdir”


Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sərəncamı Şeyxin fəaliyyətinə olan qiymət adlandırır: ”Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəridir, alimdir, professordur, ictimai-siyasi xadimdir. Azərbaycan müstəqillik qazanandan sonra dövlət maraqlarının və müsəlmanların müdafiəsində, dövlət-din münasibətlərinin formalaşmasında böyük xidmətləri olmuş şəxsdir.

Bu baxımdan prezidentin məlum sərəncamını çox müsbət dəyərləndirirəm. Yubileyin dövlət səviyyəsində qeyd edilməsi təqdirəlayiq hadisədir. Bunu Şeyxin fəaliyyətinə olan qiymət kimi görürəm. Şeyx həzrətlərinin Azərbaycandakı ictimai-siyasi proseslərdə, dövlətçiliyin formalaşmasında, müsəlmanlarla digər dinlərin mənsubları arasında xoş münasibətlərin qurulmasında rolu böyükdür və sərəncam bütün bunlara verilən qiymətdir”.

 

“Şeyxin 20 yanvar hadisələrindəki tarixi rolunu unutmaq olmaz”

P.Hüseyn hesab edir ki, Şeyxin 20 yanvar hadisələrindəki tarixi rolu da unudulmamalıdır: ”Həmin illərdə ictimai-siyasi proseslərin iştirakçısı, həmçinin Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunan, sonradan Azərbaycanın dövlət rəhbərliyinə daxil olan biri kimi deyə bilərəm ki, həyati əhəmiyyətli hadisələr zamanı Şeyx həzrətləri öndə olub və Azərbaycanın dövlət maraqlarının müdafiəçisi kimi çıxış edib. Taleyüklü hadisələr baş verəndə doğru və düzgün mövqe tutub. Xüsusən də 20 yanvar hadisələri zamanı. Moskva rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı qanlı cinayət törədiləndə etiraz səsini ilk ucaldan şəxslərdən olub. Bu qanlı təcavüzü ört-basdır etmək istəyirdilər. Guya Azərbaycanda din dövlətinin yaradılması təhlükəsi var imiş və qoşun buna görə giribmiş. Mərkəzdən təhrik edilərək törədilmiş hadisələri xristian-müsəlman toqquşması kimi, müsəlmanların dözümsüzlüyü kimi qələmə vermək istəyirdilər. Hətta Moskvadan təklif olunmuşdu ki, Şeyx ölkədə idarəçiliyi öz üzərinə götürsün. Şeyx çox böyük müdriklik göstərərək bu təklifi rədd etmiş və bunun fitnəkarlıq olduğunu bəyan etmişdi. Azərbaycan müstəqilliyini qazanandan sonra Allahşükür Paşazadə bütün Qafqazın Şeyxi kimi, bu regionda ölkəmizə qarşı yönələn məkrli addımların qarşısının alınmasına, dövlətimizin Qafqaz xalqları arasında nüfuzunun möhkəmlənməsinə böyük töhfə verdi. Eyni zamanda qeyri-müsəlmanlar arasında fitnə toxumu səpmək istəyənlərə qarşı mübarizə apardı. Bütün bunlardan sonra bizə Şeyx həzrətlərinə bundan sonra 70 il daha ömür arzulamaq düşür”.

 


“Bir Şeyximiz var, onu dəyərləndirmək lazımdır”


Tanınmış şair, ictimai xadim Vahid Əziz məlum sərəncamı Azərbaycanda dini etiqad və vicdan azadlğına verilmiş dəyər hesab edir: ”Şeyx mənim dostumdur, çox gözəl insandır. Vaxtilə bəzi adamlar onun əleyhinə danışanda mən Şeyxi müdafiə etmişdim. Hətta onu da demişdim ki, heç görmüsünüzmü ki, erməni keşişini lağa qoysun, xristian Papaya dil uzatsın? Bu adam ciddi adamdır, onunla nə işiniz var?! Bir Şeyximiz var, onu dəyərləndirmək lazımdır. Şeyxin əleyhinə çıxan bəzi adamlara gəlincə, onların başqa məqsədləri var. Şeyx dövləti, dövlətçiliyi sevən və dəstəkləyən bir adamdır.

Sərəncamı çox müsbət qiymətləndirirəm. Düzdür, Azərbaycanda dövlət dindən ayrıdır. Amma unutmayaq ki, Azərbaycan bayrağında yaşıl rəng var və bu, birbaşa İslamı tərənnüm edir. Prezidentin din xadimini qiymətləndirməsi, bütün Qafqazın Şeyxinin yubileyi ilə bağlı xüsusi sərəncam imzalaması Azərbaycanda dinə olan münasibətdir, dini etiqad və vicdan azadlğına verilmiş dəyərdir, göstərilən hörmətdir”.

 

”Din-dövlət münasibətlərində ziddiyyətlərin olmamasında Şeyxin rolu böyükdür”


Millət vəkili Vahid Əhmədovun fikrincə, QMİ sədrinin Azərbaycan dövləti qarşısında xidmətləri böyükdür və prezidentin sərəncamı xidmətlərə verilən dəyərdir: ”Şeyxi uzun illərdir tanıyıram. Müstəqilliyimizin qazanılmasında böyük xidmətləri olan, millətini, dövlətini sevən adamdır. Şeyx mənim yaxın dostumdur, ona böyük hörmətim var. Hesab edirəm ki, Şeyxin yubileyinin keçirilməsi ilə bağlı cənab prezidentin imzaladığı sərəncam tamamilə yerinə düşən addımdır. Şeyx hörmətə və diqqətə layiq bir insandır. İnsanlarla xoş rəftarı, hər zaman dövlətin yanında olması, işinin öhdəsindən məharətlə gəlməsi, digər dinlərin rəhbərləri ilə qurduğu xoş münasibətlər, müxtəlif dini icmalar arasında qarşılıqlı etimad mühitinin yaradılmasına verdiyi töhfə onun bu dəyərə layiq olduğunu göstərir. Şeyxin Azərbaycanın dövlət müstəqilliyinin qazanılması ilə yanaşı, qorunub saxlanmasındakı xidmətlərini də unutmaq olmaz. Mən öz adımdan Şeyxi təbrik edirəm. Yəqin ki, yubileylə bağlı təşkil edilən tədbirlərdə bir yerdə olacağıq”.

V.Əhmədovun sözlərinə görə, prezidentin məlum sərəncamı həm də Azərbaycanda din-dövlət münasibətlərinin hansı səviyyədə olduğunu göstərir: ”Biz başqa dövlətlərdəki fərqli nümunələri də görürük. Görürük ki, dinlə dövlət arasında hansı ziddiyyətlər, hansı fikir ayrılıqları olur. Bizdə bu cür ziddiyyətlərin olmamasında Şeyxin rolu böyükdür.  Azərbaycanda din-dövlət münasibətlərinin uğurlu tənzimlənməsində ölkədəki multikultural mühitin, dinlər arasında münasibətlərin yüksək səviyyədə olmasının, eləcə də Şeyxin səmərəli fəaliyyətinin böyük payı var”.



Ağaşirin Məmmədli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi