Modern.az

Redaktorlar: “Mehriban Əliyevanın bu çıxışı jurnalistlərə dəstək idi”

Redaktorlar: “Mehriban Əliyevanın bu çıxışı jurnalistlərə dəstək idi”

27 Aprel 2019, 15:18

Ötən gün Birinci vitse-Prezident Mehriban Əliyeva İçərişəhərdə görülən işlərlə tanış olub və insanlarla görüşdə maraqlı açıqlamalar verib.

Mehriban xanımım toxunduğu əsas məqamlardan biri də ictimaiyyətə dolğun və geniş informasiyanın verilməsi məsələsinin vacibliyi ilə bağlı olub.

”İçərişəhərdə hansısa bir bərpa, təmir işinin aparılması nəzərdə tutulubsa, bu işləri başlamamışdan əvvəl biz ictimaiyyətə geniş şəkildə məlumat verməliyik. Onda biz belə halların qarşısını alarıq. Mən çox yaxşı başa düşürəm, insanlar narahat olublar. Çünki 1954-cü ildə dağılmış divarın rəsmlərini qəsdən indi qoyub və bugünkü hal kimi təqdim ediblər. Mən yenə də deyirəm, o insanlar haqqında danışmaq istəmirəm. Amma mən narahat olan o biri insanları çox yaxşı başa düşürəm. Belə hallarla, belə yalanlarla üzləşməmək üçün, biz gərək özümüz bütün informasiyanı dolğun şəkildə ictimaiyyətə təqdim edək. İşlər başlamamışdan əvvəl təqdim edək ki, belə işlər görülməlidir, niyə görülməlidir, necə görülməlidir. O zaman hər şey də yaxşı olacaq”, - deyə Mehriban Əliyeva vurğulayıb.Modern.az məsələnin aktuallığını nəzərə alaraq, bir neçə KİV rəhbəri ilə sorğu keçirib. 

Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının baş direktoru  Elşad Eyvazlı bildirib ki, Birinci  vitse -prezident Mehriban Əliyeva bütün sahələrdə olduğu kimi,  ictimaiyyətin  informasiya təminatı ilə bağlı da vətəndaş mövqeyindən çıxış edərək nümunə göstərdi:

“Hesab edirəm ki, “Biz gərək ictimaiyyətə dolğun, geniş informasiya verək” deməklə birinci xanım həm də məmurlara mesaj verdi ki, görülən işlər barədə jurnalistlərə məlumat versinlər. Jurnalistlərə qapalı olan məmurlar bundan mütləq ibrət dərsi götürməlidirlər. Mehriban Əliyeva bu mesajla həm də jurnalistlərə dəsətək vermiş oldu. Bizim ən çox əziyyət çəkdiyimiz məsələ informasiya ala bilməməklə bağlıdır. Eyni zamanda, məmurlar görülən işlərlə bağlı vaxtında məlumat versələr, sosial şəbəkələrə dedi-qodu tüğyan etməz. Əksər vaxtlar məhz informasiya qıtlığı nəticəsində ciddi problemlər yaşanır. Bəzi qüvvələr isə yaranan bu durumu öz maraqlarına uyğunlaşdırırlar.

Ümumən, biz, Mehriban Əliyevanın bu çıxışını yüksək dəyərləndirir, bunu jurnalistlərə böyük dəstək kimi qəbul edirik. Birinci vitse-prezidentin İçərişəhərdə ona yaxınlaşan jurnalistin sualını anındaca cavablandırması dediyimizin sübutudur”.

 

”Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev  qeyd edib ki, Mehriban Əliyevanın  hadisə yerində  belə bir fikir bildirməsi çox  aktual problemdən xəbər verir:

“Son vaxtlar yaşadığımız bəzi önəmli hadisələr informasiyanın nə qədər vacib olduğunu bir daha üzə çıxardı. İçərişəhər qala divarları barədə sosial şəbəkələrdə başlanılmış kampaniya, onun ətrafında baş verənlər, o cümlədən, Elinanın intihar məsələsi informasiyaya yanaşmağın yeni metodlarının işlənib hazırlanmasını zəruri edir. 2011-ci ildə İçərişəhərlə bağlı çəkilmiş şəkillər sosial şəbəkələrdə trendə çevrildi, insanların böyük marağına səbəb oldu.  ”İçərişəhər”  Qoruq İdarəsi bu məlumat  yayılandan bir gün sonra mediatur təşkil etdi və bu məlumatın həqiqətə uyğun olmadığı əyani şəkildə  nümayiş etdirildi. Hardasa 2-3 il əvvəl idarənin məsələyə bir gün sonra cavab verməsi normal qəbul edilə bilərdi. Lakin son vaxtlar elə bir vəziyyət yaranıb ki, günün ikinci yarısında baş vermiş bir hadisəyə bir gün sonra cavab verilməsi artıq effektiv olmur. Buna görə də dövlət qurumlarının informasiya siyasəti daha da təkmilləşməlidir. Nəzərə almaq lazımdır ki, yeni dövrün yeni tələbləri var. Son vaxtlar dövlət qurumlarının mətbuat xidmətlərinin işinin təkmilləşdirilməsi ilə bağlı xeyli tədbirlər görülür, işə peşəkar kadralar cəlb edilir. Amma yenə də əlavə addımlar atılmalıdır. Proseslər çox sürətli və hərəkətlidir. Buna uyğun da reaksiyalar olmalıdır. Hörmətli Mehriban xanımın İçərişəhərdə olması, orada görülən işlərlə tanış olması və fikirlərini söyləməsi çox yerinə düşdü. Sevindirici haldır ki, Mehriban xanım həm də informasiyanın verilməsi məsələsinə də toxundu. Birinci vitse-prezidentin yanaşması çox yerindədir. Hesab edirəm ki, bu işi yalnız dövlət orqanlarının mətbuat xidmətlərinin üzərinə də qoymaq olmaz. Dövlət qurumlarının rəhbərləri  informasiya işi ilə məşğul olan şəxslərin səlahiyyətlərinin artırılmasına baxmalıdırlar. Onların hadisəyə anında reaksiya vermək imkanları olmalıdır. Bunun üçün onlara rəhbərləri səviyyəsində etimad göstərilməli, texniki  imkanlar yaradılmalıdır. Elə etməliyik ki, faktların təhrif edilməsi ilə ölkədə gərginlik yaratmaq istəyən şəxslər istəklərinə nail ola bilməsinlər, anındaca cavablarını alsınlar”.

 

“Sputnik Azərbaycan”ın redaktoru Natiq Məmmədli  məsələyə belə münasibət bildirib:

”“Biz gərək ictimaiyyətə dolğun, geniş informasiya verək”,- bu, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünən İçərişəhərdə səsləndirdiyi fikirlərdən biridir. Peşə marağından irəli gələrək, bu fikir diqqətimi daha çox cəlb etdiyindən onun üzərində dayanmaq istəyirəm.

Cəmiyyətdə bilərəkdən və ya bilməyərəkdən naşı məlumatlar yayılanda günahı həmişə jurnalistin üzərinə qoyurlar. “Mən elə deməmişdim”, “jurnalistlər səhv yazıblar” - təcrübədə tez-tez rast gəlinən sözlərdi. İnsanlar öz sosial statuslarını nəzərə almadan nə gəldi danışırlar, sonra da məsuliyyət qalır jurnaistin üzərində.

“Feyk”lərin ayaq açmaması üçün nə etməli? İnformasiyada təşəbbüsü ələ almalı. Mətbuatı operativ və düzgün məlumatlandırmaq lazımdır. Bir qayda olaraq “müdrikcəsinə” susmaq və sonradan günahkar axtarışına çıxmaq tendensiyasını tərgitmək gərəkdi.

Çörçilin İkinci Dünya Savaşında Britaniya mətbuatı haqqında dediyi bir fikir var “Biz gərək öz məğlubiyyətlərimiz haqqında hamıdan əvvəl xəbər verək ki, düşmən bundan spekuliyasiya eləməsin”.

Hazırki situasiyada informasiyada təşəbbüsü ələ almaq jurnalistdən daha çox müvafiq dövlət qurumunun funksiyasıdır.

Birinci vitse-prezident də məhz bu amili nəzərə alaraq söyləyib: “...Belə hallarla, belə yalanlarla üzləşməmək üçün, biz gərək özümüz bütün informasiyanı dolğun şəkildə ictimaiyyətə təqdim edək. İşlər başlamamışdan əvvəl təqdim edək ki, belə işlər görülməlidir, niyə görülməlidir, necə görülməlidir. O zaman hər şey də yaxşı olacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi